Müəllif: Namiq MAYILOV
Özbəkistan baş nazirinin müavini Əziz Abduhakimovla ötən il Daşkənddə, 24-cü «İpək Yolunda turizm» beynəlxalq turizm yarmarkasının açılışında tanış olmuşduq. O zaman Abduhakimov bizə ölkəsinin turizm sektorunda aparılan islahatlarla bağlı çox maraqlı söhbətlər etmişdi. O, bu sahədə Azərbaycanla təcrübə mübadiləsi və əməkdaşlıq planlarından da bəhs etmişdi.
Bu yaxınlarda baş nazir müavini ilə yenidən söhbətləşmək imkanı qazandıq. Əziz Abdukaxaroviç UNESCO-nun Ümumdünya İrsi Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasına qatılmış qonaqlar arasında idi. Fürsətdən istifadə edib, onun haqqında danışdığı miqyaslı planların icrasının vəziyyətilə maraqlandıq.
- Əvvəlcə ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin hazırkı səviyyəsi haqda soruşmaq istərdik. Mövcud vəziyyət sizi qane edirmi?
- Birincisi, onu deyim ki, Özbəkistanda Azərbaycanı çox sevirlər. Biz Azərbaycana yaxın, qardaş ölkə kimi yanaşırıq. Bizi ümumi tarix, dil, din birləşdirir. Biz vahid türk dünyasının tərkib hissəsiyik və bu, çox vacib məqamdır. Daha bir önəmli məqam ölkələrimiz rəhbərliyi arasında yaxın, qardaşlıq münasibətlərinin olmasıdır. Gördükdə ki, rəhbərlərimiz qarşımıza belə yüksək hədəflər qoyur, biz də hər gün əməkdaşlıqla məşğul olur, iqtisadi, mədəni-humanitar əlaqələrimizi gücləndiririk. Bunun üçün isə kifayət qədər böyük potensial var.
Azərbaycan Özbəkistan üçün Qafqazın əsas ölkəsidir. Bu gün biz bir çox maraqlı birgə layihələr həyata keçiririk.Ölkələrimiz arasında birgə hökumətlərarası əməkdaşlıq komissiyası fəaliyyət göstərir. Hazırda komissiyanın növbəti, 11-ci sessiyasına fəal hazırlıq gedir. Bildiyiniz kimi, ötən il baş nazirimiz Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminə qatılmışdı. Bu, qarşılıqlı münasibətlərimiz üçün vacib impuls olub.
- Bəs, qarşılıqlı əməkdaşlığın mövcud göstəriciləri mövcud imkanlara cavab verirmi?
- Qarşılıqlı ticarətin həcmi artır. 2018-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 46,5%, bu ilin ilk 4 ayı ərzində isə ötən ilin analoji dövrü ilə müqayisədə daha 45% artıb. Bu, çox pozitiv dinamikadır.
Bu gün Özbəkistanda Azərbaycan investisiyası ilə 80-dən artıq müəssisə, o cümlədən 70 birgə müəssisə fəaliyyət göstərir. Onlar ticarət, maşınqayırma, metal emalı, maliyyə, energetika, qida sənayesi, yüngül sənaye, İKT və digər sahələrdə çalışır.
Azərbaycanda isə bir sıra Özbəkistan şirkəti var. Məsələn, «Özbəkistan hava yolları», «Ravon» avtomobillərinin istehsalı ilə məşğul olan «Uzavtoprom» Aqrosənaye Kompleksi, elektrotexnika məhsulları istehsalı üzrə ixtisaslaşmış «Artel».
Mədəni-humanitar əlaqələr, elm, təhsil və idman sahəsində əməkdaşlıq da genişlənir. Yəni biz bütün sahələri əhatə etmişik.
Bütün bunlarla yanaşı, göstəricilər ölkələrimizin real potensialını əks etdirmir. Odur ki, Özbəkistan və Azərbaycanın biznes dairələri arasında fəal əlaqələr qurulur, yeni birgə müəssisələrin yaradılması istiqamətində iş aparılır. Azərbaycanda Özbəkistan Ticarət Evinin açılması da gündəmdədir.
Azərbaycan və Özbəkistan İşgüzar Şurasının yaradılması üzərində də iş gedir. Bu, çox vacib platformadır və şuranın ilk iclası artıq bu il Bakıda baş tutmalıdır.
Əminəm ki, Özbəkistanla Azərbaycan nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığa diqqəti artırmaqla, bundan ciddi dividend götürə bilərlər. Hər halda, bu gün Mərkəzi Asiyadan Xəzər dənizindən keçməklə, Qafqaz vasitəsilə daşıma yolları xüsusi aktuallıq qazanıb.
- Bildiyimə görə, bu, Bakıya ilk səfərinizdir. Paytaxtımız haqda nə düşünürsünüz?
- Bəli, Bakıya ilk dəfə gəlmişəm və buranı çox bəyəndim. 46 ölkədə olmuşam. Azərbaycan çox xoşuma gəldi. Bütün dostlarıma Bakıya baş çəkmələrini tövsiyə edəcəyəm. Cəmi 2 saatdan bir qədər artıq uçursan və möhtəşəm mətbəxi, dənizi, tarixi mərkəzi, ən əsası isə gözəl insanları olan ölkədəsən. Bizim üçün heç bir maneə yoxdur – özbək dilində də danışırsan və səni anlayırlar. Elə bir mədəniyyət formalaşdırmalıyıq ki, insanlar qarşılıqlı olaraq tətillərini Azərbaycanda və Özbəkistanda keçirsinlər. Bunun üçün xüsusi proqramların icrasına da başlamaq olar. Məsələn, Azərbaycanın turizm şirkətlərilə razılığa gələ, onlara endirimlər edə bilərik. Bunu təcrübədən keçirmişik.
- Yeri gəlmişkən, siz Azərbaycanla «Modern Silk Road Tour» («Müasir İrək Yolu turu») birgə turizm məhsulu çərçivəsində əməkdaşlığı da istisna etmirsiz. Bununla bağlı, artıq Özbəkistanla Qazaxıstan arasında danışıqlara başlanılıb. Bu layihənin vəziyyəti necədir?
- Hazırda bu layihə üzərində fəal iş gedir. Artıq Qazaxıstanla «Silk Visa» zonasının tətbiqilə bağlı hökumətlərarası saziş də imzalamışıq. İlk addım kimi, ölkələrimizin viza rejimini və vizasız ölkələrin siyahısını unifikasiya etmişik.
Eyni zamanda hüquq-mühafizə, xüsusi xidmət orqanlarımız, gömrük və turizm strukturlarımız texniki məsələlərin həllilə məşğuldur. Yəni turizm vahid elektron formanı doldurmaqla, Özbəkistana vizasız daxil ola, yenə də viza dərdi çəkmədən, Qazaxıstana yollana bilər. Elektron viza sahəsində Azərbaycanın da böyük təcrübəsi var. Odur ki, bu layihə çərçivəsində əməkdaşlıq haqda düşünmək olar.
Bu səfərimin gedişində biz bu məsələni baş nazirin müavini Əli Əhmədov və Turizm üzrə Dövlət Agentliyinin sədri Fuad Nağıyevlə də müzakirə etmişik. Layihəyə böyük maraq var. Hesab edirəm ki, qarşılıqlı əməkdaşlıq sayəsində birgə turizm məhsullarının yaradılması imkanları ortaya çıxacaq. Azərbaycan tərəfinin istəyi və lazımi siyasi iradəsi olarsa, biz danışıqlar prosesinə başlaya bilərik. Hələliksə layihənin iki ölkə arasında reallaşdırılması daha az vaxt tələb edir. Bu, sonradan ona başqalarının da qoşula bilməsi baxımından da əhəmiyyətlidir.
- Belə başa düşürəm ki, artıq belə birgə turizm məhsullarının yaradılmasının tam zamanıdır. Həm Azərbaycanın, həm də Özbəkistanın turizm sektorunda geniş islahatlar aparılır…
- Tamamilə haqlısınız. Prezidentimizin təşəbbüsü sayəsində Özbəkistan dünyaya açılıb. Fikrimcə, Özbəkistan viza rejiminin liberallığı baxımından Gürcüstandan sonra ikinci yerdədir. Gürcüstan 110 ölkə ilə vizasız rejim tətbiq edibsə, bizdə belə ölkələrin sayı 65-dir. Daha 77 ölkə ilə isə elektron viza tətbiq olunur.
Digər yandanAzərbaycanda qonaqların yerləşdirilməsi sisteminin nə qədər inkişaf etdiyini görürük. Başqa sözlə, burada kifayət qədər mehmanxana, hostel, qonaq evi var. Biz də hostellərin yaradılması prosedurunu son dərəcə sadələşdirmişik. Əgər əvvəl onların fəaliyyətə başlaya bilməsi üçün 28 tələb var idisə, indi söhbət cəmi 6-7 tələbdən gedir. Bunlar isə qonaqların təhlükəsizliyi, xidmət səviyyəsi və sairlə bağlıdır.
Uzaq dağlıq ərazilərdə də qonaq evlərinin yaradılmasına böyük tələbat var. Bu üzdən, biz bu sahədə də vəziyyəti xeyli sadələşdirmişik. Bu gün belə evlərin yaradılması çox asandır – kənd evləri cəmi bir neçə gündə milli üslubda bəzədilir, hamam, mətbəx lazımi səviyyəyə gətirilir, evə kondisioner quraşdırılır, ev sahibinə mikrokredit ayrılır, onun ailəsinə isə bir neçə həftə ərzində baza səviyyəsində ingilis dili, informasiyaların internetə yerləşdirilməsi, qonaqlara xidmət qaydaları öyrədilir. Əlavə xidmətlər kimi, yerli peşə ilə məşğul olan insanların ziyarət olunması, dağlarda, çayların ətrafında gəzinti, şəlalələrə yollanmaq, birlikdə milli yeməklərin hazırlanması və sair var. Bir sözlə, turistin özünü özbək məişətində hiss etməsi üçün hər şey edilir.
- Özbəkistan hökuməti turizm sektoruna investisiya cəlb etmək üçün hansı imtiyazları tanıyır?
- İmtiyazlar çoxdur. Məsələn, prezidentimizin təşəbbüsü ilə investorların mehmanxana tikintisi xərclərinə dövlət büdcəsindən dəstək verilir. Bu, orta hesabla, 3 ulduzlu hoteldə 1 nömrə üçün 4 min, 4 ulduzlu hoteldə isə 1 nömrə üçün 8 min dollardır. Beynəlxalq təcrübədən çıxış edərək, o cümlədən Özbəkistanda tikintinin ucuz başa gəldiyini nəzərə alsaq, ölkəmizdə 3 ulduzlu bir hotel nömrəsi yerləşdiyi regiondan asılı olaraq, 20-25 min dollara başa gəlir. 4 ulduzlu hotel üçün bu, 35-45 min dollardır. Demək, investorun hotel tikintisinə xərcinin, təxminən, 20-25%-ni dövlət ödəyir. Bu, əlavə 50 min nömrənin tikintisi məqsədilə edilir və bu məqsədlə dövlət büdcəsindən 100 milyon dollar ayrılıb.
- Üstəlik, investor hansısa müddətə vergidən də azad olunur?
- Bəli, investorlar yatırdıqları pulun həcmindən asılı olaraq, 3-10 il müddətinə vergidən azad olunur. Bu, onlar üçün çox sərfəlidir. Məhz bu üzdən, hazırda Özbəkistanda mehmanxana bumu yaşanır. Ən əsası isə biz turistlərə xidmət səviyyəsinin artırılması üçün sərmayədarın xarici franşizalara xərclərinin kompensasiya olunması mexanizmi tətbiq etmişik. Əsas odur ki, bu, 3 və 4 ulduzlu brend olsun. Özbəkistanda ən çox tələbat məhz onlaradır.Biz xarici franşizalar üçün 3 ulduzlu hoteldə bir nömrə üçün büdcədən 200, 4 ulduzlu hoteldə isə 400 dollar ödəyirik. Bu, görünməmiş imtiyazdır. Bu xərclərin ödənməsi üçün artıq dövlət büdcəsində konkret məbləğ nəzərdə tutulub. Bununla biz dünyanın məşhur brendlərinin Özbəkistana gəlişini stimullaşdırırıq. Çünki onların öz xidmət standartları var.
- Özbəkistanın turizm sektoruna Azərbaycan investisiyalarının cəlbilə bağlı vəziyyət nə yerdədir? Bununla bağlı konkret planlar varmı?
- Hazırda ilkin mərhələ kimi, Azərbaycanın turizm şirkətləri bizim bazarda kifayət qədər fəallıq göstərir. Onlar avropalı turistlərə, həmçinin ərəb ölkələrindən gələn turistlərə birgə turizm məhsullarımızı təklif edir. Düşünürəm ki, bu məsələdə böyük problem azərbaycanlı investorların məlumatsızlığıdır. Ümid edirəm ki, mətbuatın, o cümlədən sizin nəşrinizin də dəstəyilə Azərbaycan investorları Özbəkistanda yaradılmış imkanlardan xəbər tutacaq.
- Orta statistik turistin Özbəkistana səyahət etməsi üçün nə qədər xərc tələb olunur?
- Hər turistin xərclərini Ümumdünya Turizm Təşkilatının standartları ilə hesablayırıq. Hesablamamız göstərir ki, Mərkəzi Asiyadakı qonşu ölkələrdən qonaqlar Özbəkistanda 3-5 günə 100-120 dollar xərcləyir. Çünki onlar, bir qayda olaraq, qohumlarının, dostlarının evində qalır. Digər MDB ölkələrindən, məsələn, Azərbaycandan gəlmiş və hoteldə, qonaq evində qalan turist yolpulu da daxil olmaqla, 420-430 dollar xərcləyir. Uzaq xaricdən olan turistlərə Özbəkistanda 3-5 gün qalmaq, orta hesabla, 750 dollara başa gəlir. Hər şey insanların zövqündən və tələblərindən asılıdır. Yəni, ümumilikdə Özbəkistana səfər baha deyil. Ölkəmizdə yaxşı hoteldə qalmağın gecəsi 30-40 dollardır. Yemək həm dadlı, həm də çox ucuzdur. Bunun üün gündəlik xərc 10 dolları keçmir. Ölkə daxilində nəqliyyat xərcləri də baha deyil.
Sizin üçün AzAL vasitəsilə Özbəkistana gediş-qayıdış 200-250 dollara başa gələr. Əvvəllər Bakı ilə Daşkənd arasında həftədə 2 uçuş həyata keçirilirdisə, indi onların sayı 5-dir. Bu, müsbət nəticələrini verir və qiymət davamlı olaraq düşür.
Beləliklə, 2016-cı ildə Azərbaycandan Özbəkistana cəmi 2,5 min nəfər gəlmişdisə, 2018-ci ildə onların sayı 4 dəfə çox olub. Turistlərin sayı 11 minə çatıb. Bu, kifayət qədər yaxşı dinamikadır və düşünürəm ki, bu il bu göstərici ikiqat, hətta üçqat artmalıdır. Amma bu belə, mövcud imkanlara tam cavab vermir. Odur ki, cənab baş nazir müavini ilə mədəni-humanitar əməkdaşlığa dair yol xəritəsinin hazırlanması haqda razılığa gəldik. O, dövlət telekanalları arasında efir vaxtı mübadiləsini, iri şəhərlərin küçələrində bilbordlar mübadiləsini də nəzərdə tutacaq.
- Bildiyimə görə, prezident Şavkat Mirziyoyev 2020-ci ilə Özbəkistana illik turist axınının 5 milyona çatdırılması kimi bir hədəf müəyyənləşdirib…
- Tam da belə deyil. 2016-cı ildə Özbəkistana 1,3 milyon, 2017-ci ildə 2,7 milyon turist gəlmişdi. Yəni, 1 ildə bu say iki dəfə artmışdı. Ötən il ölkəmizə gələnlərin sayı daha 2 dəfə artaraq, 5,4 milyon nəfərə çatıb. İlkin hesablamalara görə, bu il onların sayı 6,9 milyon olacaq, bəlkə də, 7 milyonu keçəcək.
Ölkə rəhbərliyinin strateji hədəfi belədir: 2023-cü ilə Özbəkistana ildə 10 milyonadək turist gəlməlidir. Hazırda bu istiqamətdə fəal iş gedir.
- Bunun üçün hansı addımlar atılır?
- Biz müxtəlif ölkələrdə Özbəkistanın turizm səfiri institutu yaratmışıq. Onlar ölkələrində ictimai rəyə təsir imkanı olan tanınmış şəxslərdən seçilir. Azərbaycan hökumətindən ölkənizdə turizm səfiri elan edəcəyimiz şəxsin müəyyənləşdirilməsində kömək istəmişik.
Premyer-liqada Özbəikstanın reklamına başlamışıq. Hazırda nəhəng tennis yarışlarında Rafael Nadal, Uilyams bacıları kimi məşhur idmançıların formaları üzərində reklamın yerləşdirilməsi üçün danışıqlar aparırıq.
Bundan başqa, ilin sonunda Özbəkistanda ilk dəfə olaraq, beynəlxalq inflyuenserlər konqresi keçiriləcək. Yəni biz dünyanın ən öndə gedən 100 blogerini, vlogerini, izləyicisi 1 milyarddan, izlənməsi 10 milyarddan artıq olan sosial səhifə sahiblərini ölkəyə toplayacağıq. Onlar sosial şəbəkələrdə Özbəkistanı tanıtmaqla məşğul olacaqlar. Bu, yeni, unikal vasitə olacaq.
Özbəkistanı festivallar ölkəsinə çevirməyi də hədəfləyirik. Ənənəvi illik 3-4 böyük beynəlxalq festivalla yanaşı, regionlarda yerli xüsusiyyətlərə uyğun çoxsaylı festivallar da təşkil olunacaq. Məsələn, Buxarada ipək və ədviyyat festivalı, Xarəzmdə rəqs festivalı, Şahrisabzda muğam festivalı, Səmərqənddə «Şərq təranələri»festivalı və s.
- Uğurlu islahatlardır, cənab Abduhakimov. Müsahibəyə görə təşəkkür edirəm!
MƏSLƏHƏT GÖR: