Müəllif: Valentina REZNİKOVA
İndən belə Azərbaycan Xalça Muzeyi ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsində müstəsna xidmətlərinə görə "milli muzey" statusu daşıyacaq. Bu, 2010-cu ildə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş Azərbaycan xalça sənətinin muzey əməkdaşları tərəfindən populyarlaşdırılmasına yönəlmiş səmərəli və yorulmaz fəaliyyətinin nəticəsidir.
Dünyada ilk
Azərbaycan Milli Xalça Muzeyi 1967-ci ildə yaradılıb, xalçaların toplanması, qorunması və tədqiqi üzrə dünyada ilk ixtisaslaşmış muzey olub. 1967-ci ildən 1993-cü ilə kimi muzey Azərbaycan Dövlət Xalça və Tətbiqi İncəsənət Muzeyi adlanıb, 1993-cü ildən 2014-cü ilə kimi Lətif Kərimov adına Dövlət Xalça və Tətbiqi İncəsənət Muzeyi adını daşıyıb. 2014 - 2018-ci illərdə ona Azərbaycan Xalça Muzeyi adı verilib, 2019-cu ildən isə Azərbaycan Milli Xalça Muzeyinə çevrilib. İlk ekspozisiyası 1972-ci ildə Bakı şəhərinin qədim qalası "İçərişəhər" ərazisindəki Cümə məscidində açılıb.
Muzey Azərbaycanın milli mədəniyyət xəzinəsidir və xalçaları Azərbaycanın digər ənənəvi sənət növləri ilə sıx qarşılıqlı əlaqədə nümayiş etdirir. Onun kolleksiyasında 14000-ə yaxın eksponat var - xalçalar, tikmələr, geyimlər, mis döymə məhsulları, zərgərlik incəsənəti əşyaları, müasir şüşə, ağac, keçə sənəti məhsulları. Muzey Azərbaycan xalçasının öyrənilməsi və inkişafı üzrə elmi mərkəz kimi fəaliyyət göstərir. O, Azərbaycan xalçası üzrə bir sıra böyük beynəlxalq simpoziumların təşkilində iştirak edib.
İlk simpozium 1983-cü ildə YUNESKO-nun dəstəyilə Bakıda keçirilib. Sonrakı üç simpozium 1988, 2003, 2007-ci illərə təsadüf edib, bunlardan sonuncu simpozium Parisdəki YUNESKO qərargahında keçirilib. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Xalça Muzeyinin indiki binasının inşasına başlanılıb və 2014-cü ilin avqustunda onun yeni ekspozisiyası açılıb.
Muzey fəal şəkildə Avropa Tekstil Şəbəkəsi, Avropa Muzeylər Forumu, Beynəlxalq Muzeylər Şurası, YUNESKO və MDB üzvü olan dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu kimi bir çox nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri inkişaf etdirir.
Vətənə qonaq gəliblər
Bükülmüş xalçanı xatırladan bu gözəl muzey binasının müəllifi avstriyalı memarlar Frans Yans və Valter Mariedir. Bina, həqiqətən, dəbdəbəlidir: genişdir, işıqlıdır, çoxfunksiyalıdır. Burada, Azərbaycan xalçalarının daimi ekspozisiyası ilə yanaşı, vaxtaşırı olaraq ənənəvi Azərbaycan xalçaçılıq sənətinin xaricdə tanınması haqqında əlavə məlumat verən cari sərgilər də keçirilir. Bu dəfə muzeydə “Luvr Muzeyində Azərbaycanın mədəni irsi” adlı sərgi keçirilir. Bu o deməkdir ki, Parisdən Bakıya, yəni Luvr Muzeyindən Milli Xalça Muzeyinə çox “zərif” və “kövrək” yük - XVIII-XX əsrlərdə Qarabağ və Şirvan bölgələrində toxunmuş üç qədim Azərbaycan xalçası gəlib, bunlar Qarabağ və Şirvan zonalarının ənənəvi üslubuna aid olan "Çələbi", "Xanlıq" və "Əjdahalı" xalçalarıdır.
Adətən, belə eksponatlar çox nadir hallarda öz saxlanma yerlərini tərk edirlər. Onların daşınması və başqa məkanlarda yerləşdirilməsi zamanı çoxəsrlik toxuculuq əsərinə düzəlməz zərər vura bilər. Lakin bizim ən son texnoloji tələblər əsasında təchiz olunmuş milli muzeyimizdə bu nadir əsərlərinin nümayişi üçün lazım olan ən etibarlı şərait mövcuddur.
Muzeylər arasında danışıqlar hələ 2016-cı ildən bəri aparılırdı və 2019-cu il iyulun əvvəlində sərginin açılması ilə başa çatdı. Ekspozisiyaya müxtəlif ölkələrdən olan turistlər baş çəkir, ixtisaslı bələdçilər onlarla rus, Azərbaycan, ingilis, ərəb, fransız dillərində Azərbaycan xalçaçılıq sənəti, qorunan ənənələr, əcdadlarımızın naxışlarda şifrələnmiş ismarıcları, çağdaş xalçaçılıq və Azərbaycanın ənənəvi incəsənətinin bu növünü inkişaf etdirməyə davam edən gənc rəssam-ustalar haqqında məlumat verirlər.
Qonaqların xidmətinə audio bələdçilər də təqdim edilir. Ancaq Azərbaycanın xalça ənənələrinin gəlmə tarixinin guşələrinə ekskursiya rəhbəri ilə "səyahət" audiobələdçi ilə gəzintiyə baxanda yetərincə maraqlıdır. Hər zaman sual verə, aydınlaşdıra, yenidən soruşa bilərsiniz və sizə səbirlə izah edəcəklər, bir daha danışacaqlar ki, mədəniyyət və təhsil şöbəsinin müdiri Aygün xanım Abbasova da bizim üçün belə davrandı.
«Xanlıq» xalçası
Adı Qubadlı rayonunun Xanlıq kəndi ilə əlaqələndirilir. Bu zonada xalçaçılıq bu günə qədər davam edən qədim tarixə və ənənələrə malikdir. Qədim türk tayfaları dövründə yaradılan ənənəvi “göl”, “mehrab”, “başlıq”, “qotazlı buta”, “cah”, “aşıq” kimi ənənəvi elementlərin istifadə olunduğu kompozisiyalar Qarabağ xalçaları üçün səciyyəvidir. Ağ, qırmızı, oxra rəngli, tünd-qırmızı, solğun çəhrayı, göy, yaşıl, mavi çalarların işlədildiyi rəng qamması ilə də. Kənarlarda əjdahanı bildirən elementlər gəlir. Əsas kompozisiyanın çərçivəsində - rəqs edən butadır. Diqqətlə baxsan, həqiqətən də, rəqs edir! Həm də tək deyil. Belə butanın elementləri arasında çiçəklərdən ibarət nəbati naxış var. Elə gəlir ki, çiçəklər və buta əl-ələ tutub yallı oynayırlar!
«Əjdahalı» xalça
Adı "əjdaha"dan yaranıb. Xalçanın mərkəzində həyatın qoruyucu və saxlayıcı gücünün rəmzi olan "əjdahalı buta" var. Yanında bolluğu və həyatın yaranışını ifadə edən su zanbağı çiçəyi var. Tip üslubuna görə bu tip xalçalar Şuşa, Bərdə, Naxçıvan və Şirvanda toxunub. Xalçanın haşiyəsində qoruyucu əjdahanın rəmzi olan naxışlardan istifadə olunub: “yarlaq”, “şamdanlı”, “məşəl”. Rəng qamması al-qırmızı, ağ, sarı, mavi, oxra rəngli iplərdir. İki kənar medalyon naxışında, yaxından baxsanız, açıq Şərq əlamətləri olan kişi üzünün cizgilərini görə bilərsiniz: saqqal, qaşlar, oval üz, baş geyimi. Görəsən, bu xalçanı toxuyan adam nə barədə düşünüb? Axı, bunu məhz kimin yaratdığını dəqiq bilmirik. Lakin xalçanın qismətində həm yaradıcısından, həm də sahibindən çox yaşamaq və başqa bir mədəniyyətdən olan insanlara estetik zövq vermək üçün uzaq bir ölkəyə aparılmaq varmış.
«Çələbi» xalçası
Bu, sərgidə təqdim olunan üçüncü ən parlaq və görkəmli xalçadır. Parlaqdırlar, Qarabağ xalçalarının bu qrupuna aid olan iki əvvəlki eksponat üçün ənənəvi olan boğuq tonlardan: tünd-mavi, ağ, sarı, yaşıl, qırmızı, qara, göy tonlardan fərqlənir. Bu xalçalar bizim əcdadlarımız tərəfindən Qarabağın kəndlərində və Bərdədən 10 km şərqdə yerləşən Çələbi kəndində toxunub. Bu xalça üçün xarakterik element orta sahənin mərkəzində yerləşən "göl"dür. "Günəş" mənasını verən "çələbi" elementləri ənənəvidirlər və Qarabağın bu bölgəsinin xalçaçılığında geniş yayılıb. Haşiyə isə eyni rəng qammasından olan ulduza bənzər elementlərdən toxunur ki, bu da xalçanın mərkəzi kompozisiyasını dövrələyərək geniş sahə yaradır və məhsulun rəng həllindən qaynaqlanan həyat sevinc hissini artırır.
Onların tarixçəsi
Fransadan gətirilmiş bu üç xalçanın, təbii ki, öz “şəxsi” tarixçəsi var. Haçansa kimsə onları Azərbaycandan Avropaya aparıb. Amma biz kimin, haçan və nə üçün apardığını dəqiq bilmirik. Bəlkə də, bunun arxasında romantik bir hekayə gizlənir, bəlkə də, kriminal, bəlkə də, adi ticarət və ya məişət hekayəsidir. Ədəbi və film versiyaları yaratmaq üçün geniş sahə var. Nə olursa olsun, Parisin mərkəzində, Luvr Muzeyində - Avropanın ən nüfuzlu muzeylərindən birində Qarabağ zonasının xalçaları "yaşayır", bütün dünyadan gələn turistləri özünəməxsus gözəlliyi ilə sevindirir, onlara həm xalçaçılığın qədim ənənələrindən, həm də qədim Qarabağ torpağının ümumi Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsi oldğundan "danışır". Keçən çağların tozu altında yox olmayan, bu gün də qorunub inkişaf etdirilən mədəniyyətindən də danışır. Bakıdakı Milli Muzeyin XVII-XX əsrlər Azərbaycanın bütün bölgələrini təmsil edən xalça məhsullarını təqdim edən daimi ekspozisiyası da bu barədə dolğun şəkildə «söyləyir». Qədim milli bədii-tətbiqi incəsənət növü kimi xalçaçılıq ənənələrinin qorunması və inkişafı prosesi haqqında geniş məlumat verir. Nəsillərin bədii varisliyinin nümunəsi kimi XXI əsr rəssamı Fərid Rəsulovun "Çələbi" xalça məhsulları kompozisiyası təqdim edilir. Parlaq xalılar və xalçalar ovsunlayır, heç kimin və heç zaman laqeyd qalmayacağı gerçək incəsənət ideyasını təsdiqləyərək sakit sevinc və dinclik atmosferi yaradır.
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ildə “2018-2022-ci illər üçün Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Milli Xalça Muzeyinin "Luvr Muzeyində Azərbaycanın mədəni irsi" adlı sərgi layihəsi bu proqramın gerçəkləşdirilməsinə töhfədir. "Luvr Muzeyində Azərbaycanın mədəni irsi" sərgisi sentyabrın 30-dək davam edəcək.
MƏSLƏHƏT GÖR: