23 Noyabr 2024

Şənbə, 16:27

YARIMİLLİK REKORD

Meyvə-tərəvəz ixracının artımı kənd təsərrüfatında istehsalın yüksək templərini stimullaşdırır

Müəllif:

01.08.2019

Azərbaycanda artıq neçə ildir ki, kənd təsərrüfatı sahəsində kütləvi istehsalın təşkilinə, xərclərin azaldılması və ixracatın dəfələrlə artırılması məqsədi ilə genişmiqyaslı islahatları həyata keçirilir. Bu dəyişikliklərin uğurlu olmasını cari ilin birinci yarısının nəticələri göstərir - bu altı ay ərzində ölkədə kənd təsərrüfatı məhsullarının rekord 13 faiz artımı qeydə alınıb.

 

Rəqabətə dözməyən heyvandarlıq

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının dəyəri faktiki qiymətlərlə 3,675 milyard manatı keçib. Bu göstərici nəinki böhrandan sonrakı dövr üçün, hətta əvvəlki illər üçün də rekorddur. Müqayisə üçün deyək ki, keçən il kənd təsərrüfatı məhsulları istehsalının toplam həcmi cəmi 4,6% artmışdı, yəni bu, son altı ayın göstəricisinə baxanda, demək olar ki, 3 dəfə azdır.

Cari ilin yanvar-iyun aylarında ən yüksək artım tempi bitkiçilik sahəsi tərəfindən təmin edilib - 25,6%: ölkədə kənd təsərrüfatının bu seqmentində 1,7 milyard manatdan çox məhsul istehsal edilib. Bitkiçilik sahəsinin bu qədər yüksək inkişaf tempi onunla izah olunur ki, ümumi istehsalın, təxminən, yarısı ixraca yönəldilib. Nisbətən kiçik daxili tələbatla müqayisəolunmaz dərəcədə böyük olan xarici bazarların yüksək tələbatı fermerləri və iri kənd təsərrüfatı müəssisələrini hər il yaş məhsul istehsalını artırmağa stimullaşdırır.

Heyvandarlıq sahəsində bir qədər fərqli vəziyyət müşahidə olunur və hesabat dövründə artım tempi cəmi 2,9% təşkil edib. Bu, təəccüblü deyil, nəzərə alaq ki, demək olar ki, bütün heyvandarlıq məhsulları Azərbaycanda satılır və istehsal tsikli nisbətən aşağı tutumlu daxili bazarın tələbat göstəricilərindən çox asılıdır. Halbuki, ilin birinci yarısında heyvandarlıq məhsulları istehsalının payına 1,9 milyard manat və ya pul ifadəsində ümumi kənd təsərrüfatı istehsalının yarıdan çoxu düşüb. Bu, heyvandarlıq məhsullarının bazar qiymətlərinin daha yüksək səviyyədə olması ilə əlaqədardır, bununla yanaşı, sahədə qat-qat çox həcmdə əlavə dəyər səviyyəsi yüksək olan emal məhsulları mövcuddur.

Bir sıra mütəxəssislərin fikrincə, bu gün Rusiya, Ukrayna, Belarus, Mərkəzi Asiya ölkələri və s.-ə nisbətən daha yüksək olan istehsal xərcləri üzündən Azərbaycanda heyvandarlıq sahəsi məhsullarını cəlbedici ixrac növünə çevirmək yetərincə çətindir. İqlim dəyişikliyi, antropogen və digər amillər mal-qaranın otarılması üçün təbii otlaqların azalmasına səbəb olur və heyvandarlıq təsərrüfatlarının çoxu iribuynuzlu mal-qaranı tövlə rejiminə keçirmək məcburiyyətində qalır. Uyğun olaraq, heyvanların saxlanması, qarışıq yemlər və digər yem məhsulları üçün xərclər artır - bunun nəticəsi kimi heyvandarlıq sahəsinin baza məhsulu olan ət və südün dəyəri artır. Belə olan vəziyyətdə yerli heyvandarlıq məhsulları hələ də postsovet ölkələri və uzaq xarici bazarlarında inamla rəqabət apara bilmir, yalnız ərəb ölkələrinə yumurta və qoyun əti ixracı istisna sayılır. Avropa İttifaqı (Aİ) ölkələrinin bazarlarına ixrac barədə isə danışmağa dəyməz, çünki burada çox mürəkkəb bir baytarlıq-sanitariya nəzarəti sistemi fəaliyyət göstərir, bir sıra sertifikat və icazələrin alınması zərurəti var. Azərbaycanın heyvandarlıq təsərrüfatları hələ də tələb olunan keyfiyyət səviyyəsini təmin etmək və eyni zamanda məhsulun maya dəyərini yetərincə azaltmaq iqtidarında deyillər.

 

Bitkiçilik liderdir

İstənilən halda, bu gün yerli aqrar sektor xarici bazarda əsasən bitkiçilik məhsulları ilə təmsil olunur, onun istehsalının dinamikası heyvandarlığın böyümə sürətindən təqribən 9 dəfə çoxdur.

"Keçən il Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracı 11,3% artaraq 560 milyon dollara çatdı. Təxminən, 48 milyon dollar Aİ ölkələrinə tədarükün payına düşdü. Bu müsbət meyil 2019-cu ilin beş ayında daha da artıb və kənd təsərrüfatı məhsullarının ixracı 241 milyon dolları keçib", - deyə bu yaxınlarda Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

Əvvəlki illərdə olduğu kimi, ümumi ixracın 5/6 hissəsi Rusiya və postsovet ölkələrinin digər ənənəvi bazarlarının payına düşüb. Müəyyən qədər bu, Rusiya bazarının Azərbaycan istehsalçıları üçün daha açıq olması ilə əlaqədardır, həmçinin Avropadan, ABŞ-dan və dünyanın bir sıra digər bölgələrindən kənd təsərrüfatı məhsullarının tədarükünə qoyulan sanksiya məhdudiyyətləri də Azərbaycan ixracatçılarına əlavə imkanlar yaranmasında hiss edilən rol oynayır.

Bu ilin birinci yarısında göndərilən malların strukturunda lider mövqeyi pomidor tutub - 104,2 milyon dollarlıq ixrac edilib, daha sonra fındıq gəlir - 62 milyon dollarlıq göndərilib, pambıq, mövsümi tərəvəz və meyvə ticarəti də yaxşı qazanc təmin edib. Üstəlik, cari ilin nəticələrinə görə pambıq xammalı ixracının daha da artacağı gözlənilir: Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, Azərbaycanda 232,2 min ton pambığın yığıldığı 2018-ci ilin göstəricilərinə nisbətən istehsalın 25 faiz artacağı proqnozlaşdırılır.  

Önəmlidir ki, son illərdə hökumət ixrac coğrafiyasının şaxələndirilməsi üçün xeyli səylər göstərib və bu gün «Made in Azerbaican» brendi altında kənd təsərrüfatı məhsullarına təkcə postsovet ölkələrinin deyil, həm də bir sıra ərəb dövlətlərinin, ABŞ və Avropanın, eləcə də Çinin ticarət şəbəkələrində rast gəlmək olar.

Bu proseslər getdikcə artmaqdadır, xüsusilə də bu il Birləşmiş Ərəb Əmirlikləri ilə 10 milyon dollar dəyərində nar göndərilməsi üzrə müqavilə bağlanıb, Nigeriyaya isə iri partiya «Napoleon» albalıları göndərilib. Bu il Polşa və İtaliyaya fındıq göndərilməsi üzrə uyğun olaraq 120 min və 130 min dollarlıq müqavilələr bağlanıb. İri partiya Azərbaycan fındıqlarının İsveçrəyə ixracı da planlaşdırılır. Beləliklə, kənd təsərrüfatı istehsalının böyüməsi üçün katalizatora çevrilmiş ixrac tədarükü yerli satış bazarının darlıq faktorunu aradan qaldırmağa imkan yaradır və kənd istehsalçılarının göstəricilərini daha da artırmasını stimullaşdırır.

 

İkiqat artım  

Bu prosesdə dövlətin kənd istehsalçılarının subsidiyalaşdırılması, kənd təsərrüfatı texnikasının və cins mal-qaranın lizinqə verilməsi, eləcə də irimiqyaslı irriqasiya layihələrinin həyata keçirilməsi, fermerlərə suvarma üzrə dövlət dotasiyasının və güzəştli kreditlərin verilməsi, kəndliləri torpaq vergisi istisna olmaqla bütün növ maliyyə ödənişlərindən azad edən uzunmüddətli vergi tətillərinin təmini üzrə siyasəti böyük rol oynayıb. Təkcə keçən il aqrar sahənin inkişafı üçün dövlət tərəfindən 370 milyon manat məbləğində subsidiya və müavinət verilib, həmçinin 5800 ədəd kənd təsərrüfatı texnikası alınıb.

Bu proses bu ilin birinci yarısında da davam edib. Belə ki, Aqrar Kredit və İnkişaf Agentliyi 328 fermerə 11,35 milyon manat məbləğində güzəştli kredit verib, həmçinin 391 fermerə güzəştli qiymətlərlə toplam 70,7 milyon manata 1,4 min ədəd kənd təsərrüfatı texnikası satılıb.

Sahənin inkişafının ən vacib istiqaməti kimi ölkədə, təxminən, 50 iri fermer təsərrüfatının və istehsal-emal, logistika klasterləri - aqroparkların formalaşdırılmasıdır, onlardan 17-si artıq yaradılıb. 17 aqroparkın ümumi sahəsi 104 min hektardır, planlaşdırılan qalan obyektlərin istismara verilməsi ilə 200 min hektardan artıq olacaq. 31 aqroparkın yaradılması üçün 2,2 milyard manat həcmində vəsait nəzərdə tutulur və gələcəkdə bu aqrar-sənaye müəssisələrində, təxminən, 1 milyard manatlıq ixracyönümlü məhsul istehsalı qurulacaq.

Eyni zamanda, Azərbaycanda ixracın artırılması ilə yanaşı, daxili bazarda da kənd təsərrüfatı məhsullarının satışının genişləndirilməsi üzrə proqramlar gerçəkləşdirilir. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə “Kənddən şəhərə” layihəsi həyata keçirilir ki, bunun çərçivəsində kiçik və orta kənd istehsalçılarının məhsullarının Bakı və digər böyük şəhərlərin bazarlarına çıxışı sadələşdirilir. Nəqliyyat, logistika, anbarda saxlanma prosesləri həm də informasiya resurslarından fəal istifadə sayəsində sadələşdirilir. Xüsusilə, internet vasitəsi ilə kənd təsərrüfatı məhsullarına sifarişlər vermək üçün kanallar yaradılıb ki, bunun nəticəsində kiçik fermer təsərrüfatları da elektron ticarətin ərzaq seqmentində iştirak edirlər.

"Fermerlərə dəstək üçün həyata keçirilən müxtəlif tədbirlər son on ildə aqrar istehsalın 2,4 dəfə artmasına şərait yaratdı", - deyə bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Son islahatların ən vacib elementi aqrar-sənaye kompleksinin idarə edilməsində innovasiyaların tətbiqini təmin edən və kənd təsərrüfatı sahəsində şəffaflığın, səmərəliliyin və hesabatlılığın təmininə imkan yaradan «Elektron kənd təsərrüfatı» layihəsinin tətbiqinin genişləndirilməsi olub.  

2015-ci ildən yaradılan sistemin resurslarından istifadəsi kənd təsərrüfat subyektlərinə subsidiyaların verilməsi ilə bağlı problemlərin həllinə, bu yaxınlara qədər böyük qanun pozuntularının baş verdiyi bu sahədə şəffaflığın və hesabatlılığın təmin olunmasına kömək etməlidir.

“Bəzi hallarda subsidiyalar ünvanına çatmırdı, bəzən isə kortəbii şəkildə verilirdi. Çox vaxt dövlət tərəfindən sərfəli şərtlərlə alınması nəzərdə tutulan gübrələr də keyfiyyətsiz olurdu. Aqrar sektorda mövcud olan mənfiliklərin aradan qaldırılması üçün dəyişikliklərin yeni mərhələsi həyata keçirilir, o cümlədən subsidiyaların verilməsində şəffaflığın və hesabatlılığın təmin edilməsinə yönəlmiş «Elektron kənd təsərrüfatı» layihəsinin tətbiqi genişləndirilir”, - deyə prezident İlham Əliyev bu yaxınlardakı çıxışlarından birində bildirib.  

Azərbaycanda aqrar sahənin effektiv və innovativ idarə edilməsi məqsədi ilə kənd təsərrüfatı sahəsində müfəssəl elektron məlumat bazası hazırlanıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 17 informasiya sistemi yaradılıb və istifadəyə verilib; kənd təsərrüfatı qurumu və onun struktur bölmələri tərəfindən göstərilən 23 xidmət elektron formata keçirilib. Ölkə ərazisinin 69,3 min kvadratmetrlik ortofotoqrafik xəritəsi hazırlanıb.  

2016-cı ildən aqrar lizinq və subsidiyaların verilməsi üzrə əməliyyatların avtomatlaşdırılması komponentlərinin işlənməsinə və tətbiqinə başlanılıb. Bu ilin əvvəlində isə Kənd Təsərrüfatı Nazirliyi fermerlər üçün yeni bir elektron resursu - "Elektron kənd təsərrüfatı informasiya sistemi"ni (EKTIS) təqdim edib, sistemə indiyə kimi 313 mindən çox fermer təsərrüfatının aqrar fəaliyyəti haqqında məlumat daxil edilib. Həmçinin 17 iyul 2019-cu il tarixdən kənd təsərrüfatı sektorunda iştirak edən hüquqi şəxslər haqqında məlumatların EKTIS sisteminə daxil edilməsi prosesinə başlanılıb və gözlənilir ki, 149 hüquqi şəxsin qeydiyyatı ən qısa müddətdə başa çatacaq. 2020-ci ildən başlayaraq isə Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsi üçün yeni mexanizm tətbiq ediləcək: Prezidentin bu ilin iyun ayında imzaladığı sərəncamla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiyalaşdırma qaydaları”na görə, əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanması üçün baza məbləği 200 manat müəyyən edilib.

Bütün sadalanan dəyişikliklər dövlət maliyyələşdirməsinin səmərəliliyinin artırılmasına, dövlət qurumları tərəfindən fermerlərə göstərilən texniki və servis dəstəyini optimallaşdırılmasına yönəlib. Bu tədbirlərin sahəyə yatırılan vəsaitlərin gəlirliyini yüksəltməsi və istehsal templərini daha da artırması gözlənilir.



MƏSLƏHƏT GÖR:

301