25 Noyabr 2024

Bazar ertəsi, 18:39

SINAQ

Problemsiz idarəçilik üçün bütün rıçaqları ələ almış Zelenski üçün kritik dönəm başlayır

Müəllif:

01.08.2019

Ukrayna Ali Radasına keçirilən seçkidə prezidentin «Xalqın xidmətçisi» partiyasının qələbə qazanması heç kəs üçün sürpriz olmayıb. Nəticənin belə olacağını demək olar ki, hər kəs proqnozlaşdırırdı. Amma Ukraynanın müstəqillik tarixində bir siyasi qüvvənin parlamentdə ilk dəfə mütləq çoxluğa yiyələnməsi həqiqətən gözlənilən deyildi. Partiyanın lideri Dmitri Razumkovun da dediyi kimi, «bu, yeni, sadəcə, dinc inqilabdır».

Bəs, prezident Vladimir Zelenskinin daha bir uğuru, həmçinin Viktor Medvedçuk və Svyatoslav Vakarçukun partiyalarının parlamentə düşməsi Ukraynanın siyasi mənzərəsinə hansı dəyişiklikləri gətirəcək?

450 yerlik Ali Radaya deputatların 225-i partiya siyahısı, 199 nəfər mojaritar qaydada seçilir. Seçici fəallığı 49,87% təşkil edib (yay dövrü üçün pis deyil). Onların səslərilə Ali Radaya 5 siyasi qüvvə düşüb. İlk yeri artıq qeyd etdiyimiz kimi, prezident Vladimir Zelenskinin «Xalqın xidmətçisi» partiyası tutub - 43,14% səs yığmış partiya 253 deputat yeri qazanıb (çoxluq 226 səsdir).

İkinci pillədə rusiyapərəst «Müxalif platforma - Həyat naminə» tutub. Yuri Boyko ilə Viktor Medvedçukun siyasi təşkilatı 13,02% səslə 44 mandat qazanıb.

Yuliya Timoşenkonun «Batkivşina» partiyası üçüncü (8,18%, 25 mandat), eks-prezident Pyotr Poroşenkonun «Avropa həmrəyliyi» partiyası dördüncü (8,12%, 25 mandat), «Okean Elzı» musiqi qrupunun rəhbəri Svyatoslav Vakarçukun liberal və avropapərəst «Qolos» partiyası isə beşinci (5,84%, 20 mandat) olub.

Ali Radadakı daha 58 yeri fərqli partiyaların namizədləri və müstəqil namizədlər tutub.

Regionlardakı səsvermənin nəticəsi seçkinin mənzərəsinin tam aydın ortaya qoyur. «Xalqın xidmətçisi» Luqansk və Donetsk vilayətlərinin Kiyevin nəzarətindəki hissələri istisna olmaqla, hər yerdə qalib gəlib. Bu ərazilərdə qələbəni «Müxalif platforma - Həyat naminə» qazanıb. Sumı, Xarkov, Poltava, Dnepropetrovsk, Zaporojets, Xerson, Nikolayev və Odessa vilayətlərində o, ikinci olub. Lvov vilayətində isə Zelenskinin partiyası «Qolos»a belə, məğlub olub.

Bundan başqa, 2019-cu il seçkisi Ukraynanın bir sıra məşhur siyasətçisi üçün iflasla nəticələnib. Məsələn, Oleq Lyaşko («Radikal partiya»), Anatoli Qritseenko («Azadlıq» və «Vətəndaş mövqeyi»), Vladimir Qroysman, Andrey Sadovoy («Özünə kömək»), oliqarx Rinat Axmetov («Müxalifət bloku») kimi siyasətçilər təxminən 3% ətrafında səs qazana biliblər. Ukrayna siyasətinin əsas qocamanları - Timoşenko ilə Poroşenko üçün də nəticə yaxşı olmasa da, sonda onlar parlamentə düşə biliblər.

Politoloqlar, jurnalistlər və sadə blogerlər nəticəni kifayət qədər sadə izah edir - xalq bezib! Bu siyasətçilərin adı həddindən artıq mənfi faktlarla assosiasiya olunur. Adları korrupsiya qalmaqallarında belə, hallanmış bu siyasətçilərə ümidlər çox olsa da, onlar ümidlərin çox az hissəsini doğrulda biliblər. Nəticədə seçicilər üstünlüyü gəncliyə, cəsarətə, müsbət imicə, ciddi dəyişikliyə hazır olan simalara verib. Bu zaman onları yeni simaların təcrübəsizliyi də narahat etməyib. Doğrudur, bu, hələlik arxa plana keçmiş «qocaman»ların asanlıqla təslim olacağı anlamına gəlmir. Lakin artıq onların səsinin həlledici olmayacağı dəqiqdir.

Ukrayna prezidentinin növbədənkənar parlament seçkisinə getməsinin də səbəbi budur. O, parlamenti buraxmaq qərarını ukraynalıların deputatlara inamsızlığı ilə əsaslandırmışdı. Əsas səbəb isə əlbəttə ki, parlamentin köhnə heyətinin onun işləməsinə imkan verməməsi idi - səkkizinci çağırış Rada prezidentin heç bir qanun layihəsini dəstəkləmirdi. Parlamentə təqdim olunan qanun layihələri lazımi səsi yığmadığından, gündəliyə belə, salınmırdı. Ukrayna dövlətinin başçısı deputatların qərarından asılı vəziyyətdədir. Bu üzdən də ona loyal parlamentin olması çox vacibdir.

İndi, yeni Rada prezidentin istənilən təşəbbüsünü dəstəkləyəcək - hökumətin tərkibindən tutmuş, Konstitusiyaya mümkün dəyişikliklərədək. Dmitri Razumkovun sözlərinə görə, doqquzuncu çağırış parlamentə təqdim ediləcək ilk qanun layihələri deputat toxunulmazlığının ləğvi və parlamentin işilə (reqlament, mandatın geri alınması və s.) bağlı olacaq.

Seçkidən dərhal sonra aydın oldu ki, qalib partiyaya yeni hökumət formalaşdırmaq üçün parlament müttəfiqləri o qədər də vacib deyil. Və dərhal baş nazir postuna namizədlər əsas intriqaya çevrildi. Prezident Zelenski ad çəkməsə də, yeni baş nazirin bacarıqları, keyfiyyəti haqda arzularını dilə gətirib: siyasi keçmişi olmayan, indiyədək heç bir dövlət vəzifəsində çalışmamış peşəkar iqtisadçı.

Prezident Zelenskidən gözləntilər çoxdur. Ukraynalıların əksəriyyəti yeni siyasətin onları Avropanın ən yoxsul dövlətlərindən biri statusundan qurtaracağına inanır. Baş nazirin kimliyi həm də bu üzdən böyük əhəmiyyət daşıyır.

Kiyev üçün ən önəmli məsələlərdən biri də Rusiya ilə münasibətlərdir. Bu, istər iqtisadi, istərsə də ideoloji baxımdan vacibdir. Son illərdə baş verənlərə baxmayaraq, Rusiya ilə Ukraynanı hələ də iqtisadi əlaqələr sıx bağlayır. Üstəlik, Kremlin qonşusuna iqtisadi təzyiqlər göstərməsi üçün ciddi rıçaqları var və bu, Kiyevi daha asılı duruma salır. Məsələn, qışda Rusiya qazının tranziti məsələsi yenidən gündəmə gələcək (müvafiq müqavilə ilin sonunda başa çatır). Ölkənin cənub-şərqindəki vəziyyətə gəlincə, Donbasın xüsusi statusu ilə bağlı qanunun müddəti payızda başa çatacaq və Ali Rada bu işə bir çarə tapmalıdır.

Sosioloji sorğular göstərir ki, ölkənin cənub-şərqində atəşin dayandırılması və hərbi əsirlərin qaytarılması ukraynalıların müvafiq olaraq, 88 və 84%-i üçün prioritetdir.

Bəs Ukraynanın yeni rəhbərliyi Moskva ilə mübahisəli məsələləri həll edə biləcəkmi? Bu suala birmənalı cavab vermək çətindir. Çünki iki ölkə arasında ziddiyyətli məsələ çoxdur.

İyulun 21-də Donbasda müddətsiz atəşkəs elan olunub. İyulun ortalarında isə Ukraynanın yeni prezidenti öz təşəbbüsü ilə Rusiya lideri Vladimir Putinlə telefonla danışıb. Lakin digər yandan, münasibətlərdə müsbət dəyişikliklər, hətta ona ümid belə, yoxdur. Üstəlik, Putin iyulun 17-də Donbas sakinləri, o cümlədən qaçqınlar üçün Rusiya vətəndaşlığının alınması prosedurunun sadələşdirilməsinə dair sərəncam imzalayıb. Kiyev dərhal bunun Minsk razılaşmasına zidd olduğunu bəyan edib. Həmin razılaşmada söhbət Kiyevin nəzarətində olmayan ərazilərin tədricən Ukraynanın tərkibinə inteqrasiyasından gedir. Bunun ardından Ukrayna Milli təhlükəsizlik şurasının katibi və ölkənin müdafiə naziri Aleksandr Danilyuk Rusiyaya qarşı sanksiyaların hazırlandığını açıqlayıb - Kiyev Donbas sakinlərinə Rusiya pasportlarının verilməsi prosesini ağırlaşdırmaq niyyətindədir.

Bu arada, Kremllə münasibətlər haqda danışarkən «Müxalif platforma - Həyat naminə» partiyasının da adı çox çəkilir. O, kifayət qədər açıq rusiyapərəst siyasi qüvvə sayılır. Moskva ilə siyasi və iqtisadi münasibətlərin bərpasını vacib sayan bu siyasi təşkilat Donbasın blokadasına son qoyulmalı, dil, təhsil və s. haqqında qanunların qəbul edilməli olduğunu bildirir.

Partiyanın namizədlər siyahısının ilk pilləsində Ukraynaya Viktor Yanukoviçin rəhbərlik etdiyi dövrdə baş nazir postunu tutmuş Yuri Boyko gəlirdi. Viktor Medvedçuk isə Vladimir Putinin qohumudur (Putin Medvedçukun kiçik qızı Dayranın xaç atasıdır) və Kiyev-Moskva münasibətlərinin ən gərgin dönəmlərində belə, dəfələrlə tərəflər arasında vasitəçi olub. Boyko ilə Medvedçukun seçkidən bir neçə gün əvvəl Moskvada Rusiyanın baş naziri Dmitri Medvedev, «Qazprom»un rəhbəri Aleksey Millerlə görüşdükləri hər kəsə bəllidir. İyulun 18-də isə Medvedçuk Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bütün bunların fonunda maraqlı olan Zelenskinin Medvedçuk üçün hansı missiya tapacağı və ümumiyyətlə, buna ehtiyac duyub-duymayacağıdır.

Problemsiz idarəçilik üçün bütün rıçaqları ələ almış Zelenski üçün kritik dönəm - sınaq dövrü başlayır. İndi, ölkədə baş verənlərin və verəcəklərin bütün məsuliyyəti onun üzərindədir. Bundan sonra istər Donbasla bağlı, istər payızda müzakirəyə çıxarılacaq büdcə ilə bağlı bütün qeyri-populyar qərarlar məhz Zelenskinin adı ilə assosiasiya olunacaq. Prezident üçün daha bir təhlükə isə «Xalqın xidmətçisi» daxilində yarana biləcək ziddiyyətlərdir. Söhbət oliqarxlar İqor Kolomoyski ilə Viktor Pinçukun adamlarının, həmçinin daxili işlər naziri Arsen Avakovun maraqlarının mümkün toqquşmasından gedir. Odur ki, hakim partiyanın həm məsuliyyəti bölüşdürmək, həm də komanda daxilində gərginliyi azaltmaq məqsədilə ittifaqa gedəcəyi istisna deyil. Hazırda «Xalqın xidmətçisi»nin müttəfiqi olmağa əsas namizəd Svyatoslav Vakarçukun «Qolos» partiyası sayılır. Ukrayna KİV-nin məlumatına görə, bu ideyanı Pinsuk da dəstəkləyir.

«Bu, sadəcə, inam deyil. Bu, həm də mənim üçün və komandam üçün böyük məsuliyyətdir», - deyə Ukrayna prezidenti parlament seçkisinin nəticələrini şərh edərkən bildirib.

Beləliklə, prezidentin komandasına kart-blanş verilib və bununla da Ukraynanın siyasi üfüqündə yeni ulduzlar parlamağa başlayıb. Amma Zelenski bilməlidir ki, bir və iki qələbə qazanmaq sistemli olaraq qələbə uğrunda savaşmaqdan xeyli asandır. Prezidentin özünə də yaxın olan televiziya dili ilə desək, «Xalqın xidmətçisi» gözəl pilot seriyaya başlayıb. İndi, layihənin uzun-uzadı, ağır və çox məsrəfli çəkilişinə başlanılmalıdır. Tamaşaçıların simpatiyasını qoruyub saxlaya bilmək üçün isə çox çalışmaq lazımdır.



MƏSLƏHƏT GÖR:

349