Müəllif: Sənan ŞƏFİZADƏ
İndi haqqında danışacağımız gənc idmançı yola saldığımız yay ərzində iki dəfə Azərbaycan bayrağını yüksəltməyə nail olub. Söhbət bir həftə ərzində İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olmuş, İsveçin Yevle şəhərində keçirilən 23 yaşadək atletlərin (U-23) Avropa çempionatında isə gümüş medal qazanan azərbaycanlı atlet Nazim Babayevdən gedir. Onunla söhbətə idmana gəlişindən başladıq.
- Nazim, istərdik əvvəldən başlayaq. İdmanla tanışlığınız necə oldu? Doğrudan, atlet olmaq istəyirdiniz?
- Əksər oğlanlar kimi futbolçu olmaq istəyirdim. Anamla nənəm 2003-cü ildə məni futbola yazdırmağa çalışdılar. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna yollandıq, amma orada məsləhət verildi ki, futboldan əvvəl atletika ilə məşğul olmaq yaxşı olar. Fiziki cəhətdən daha möhkəm olmağımı istəyirdilər. Atletikaya yazıldım. Qısa müddətdə kiçik yarışlarda uğur qazandım. Məşqçilər artıq məni buraxmaq istəmirdi. Düzünü desəm, artıq bu idman növünü sevmişdim. Ona görə atletikada qalmağa üstünlük verdim.
- Atletikayla məşğul olmağınıza ailə necə münasibət bəsləyirdi?
- Babamın dəstəyi əvəzedilməzdir. Babam, demək olar, çox vaxt yanımda olub. Uşaq vaxtı məşqlərə aparmaq ona həvalə edilmişdi. Saatlarla məni gözləyirdi. Onun zəhmətini unutmaq olmaz. Ailəm məni hər zaman bütün seçimlərimdə dəstəkləyib, dediyim kimi, idmana məni ailəm gətirib, buna görə də həmişə dəstək görmüşəm və bu məni qürurlandırır.
- Ailədə uğur qazanacağına inanırdılar?
- Əvvəllər o qədər yox. İlk illərdə deyirdilər Nazim özü üçün məşq edir. Artıq 15 il keçib, bu zaman ərzində mənə inanıb güvəndilər və inamlarını boşa çıxarmadım.
- İlk yarışınız və ilk uğurunuz barədə danışardınız.
- İlk uğurumu 2012-ci ildə qazanmışam. “Yılmaz Sazak Memorialı” yarışında III yeri tutdum və bürünc medal qazandım. 2013-cü ildə Niderlandın Utrext şəhərində keçirilən Gənclərin Avropa Festivalında qızıl medala yiyələndim. 2014-cü ildə Çinin Nankin şəhərində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında 15.96 nəticə ilə III yer - bürünc medala sahib oldum. 2015-ci ildə Avropa Oyunlarında, düzü, komanda hesabı idi, amma şəxsi tullanma növündə qalib gəldim. Həmin il ən sevindiyim məqamlardan biri İsveçdə yeniyetmələr arasında keçirilən yarışda qızıl medal və ən əsası, Rio olimpiadasına vəsiqə qazanmağım oldu.
- Martda böyüklər arasında Avropa çempionatında qələbə qazanmaqla artıq diqqəti özünə cəlb etməyi bacardınız.
- Əslində, diqqəti sevmirəm. Amma qalib gəlməyi xoşlayıram. 1-3 mart tarixlərində Böyük Britaniyanın (Şotlandiya) Qlazqo şəhərində qapalı məkanda keçirilən XXXV Avropa çempionatının üçtəkanla tullanma yarışında qalib oldum. 17 metr 29 santimetr məsafəyə tullanmaqla ilk dəfə böyüklər arasında Avropa çempionluğunu əldə etdim. Bu, mənim üçün böyük tarixi uğur oldu.
- Avropa çempionu olmağınızda hansı amil daha çox rol oynadı?
- Məşqlərimizi vaxtında yerinə yetiririk. Yay mövsümündən sonra 20 gün dincəldik. Daha sonra bu günə qədər məşq etmişik. Ağır məşqlərimiz olub, təlim-məşq toplanışlarına qatılmışıq. Hamının dəstəyi və məşqçimin üzərimdə düzgün şəkildə işləməyi uğura gətirib çıxardı. Fiziki cəhətdən yarışa hazır olmağımıza baxmayaraq, psixoloji cəhətdən də hazırlıqlı olmalıyıq. Bu medal böyüklər arasında ilk titulumdur. Bundan əvvəl böyüklərin yarışında nəticə verə bilməmişdim. Düzdür, gənclər arasında Avropa çempionu olmuşam. Amma böyüklər kateqoriyasında yarışanda ilk illərdə müəyyən çətinlik çəkdim. 22 yaşımda isə Avropa çempionu olmağı bacardım. Uğur qazanmaq üçün əsasən düzgün məşqlər etmək, səylə yanaşmaq və məsuliyyətli olmaq lazımdır.
- Bu yay isə iki müxtəlif turnirdə medal qazandınız. Əvvəlcə Universiada, sonra isə Avropa çempionatında çıxış etdiniz.
- Hər iki yarışda qızıl medal əldə etmək istəyirdim. Ən əsas da 23 yaşlıların qitə birinciliyində çempion olmağı əsas məqsəd seçmişdim. Universiadada bütün gücümdən istifadə edərək qalib oldum. Sonra dərhal səfərə çıxdım. Təəssüf Neapolda məqsədə çatmadım. Sadəcə olaraq səhvlərim oldu. Əks halda qızıl medal mənim olacaqdı.
- 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq sizin üçün çətin olmayacaq?
- Olimpiadaya lisenziya üçün bu ilin iyulundan sonrakı yarışlarda 16.95 metri keçmək lazımdır. Lisenziya yarışa bir il qalmış verilir. Qış mövsümü atlet üçün yay mövsümündən daha çətindir. Qışdakı nəticələr yaya nisbətən daha az olur. Arada 10, 20, 30 sm fərq olur. Amma hər şey mümkündür. Bu, idmandır. Ümid edirəm ki, lisenziyanı əldə edə biləcəyəm.
- Geriyə baxanda futbolçu olmadığınız üçün peşmanlıq çəkmirsiniz?
- Əlbəttə, yox. Bu gün həyatımı atletikadan kənarda təsəvvür etmirəm. Atletikanı çox sevirəm. Ona görə sevimli işimlə məşğul olduğum üçün xoşbəxtəm. Futbolla da maraqlanıram. “Qarabağ”ın oyunlarını izləyirəm.
- Sizə ölkənin ən sürətli oğlanı demək olar?
- Özüm haqqında fikir bildirmək istəmirəm. Mətbuat daha yaxşı bilər. Son illər jurnalistlər daha çox “qızıl oğlan” kimi təqdim edir. Mən çox fikir vermirəm. Əsas hər yarışda uğur qazanmaqdı.
- Bu idman növündə qarşıdakı illərdə əsas hədəfiniz nə olacaq?
- Sentyabrda böyüklər arasında dünya çempionatı olacaq. Güclü rəqabət gözlənilir. Çox istəyirəm çempionatdan Azərbaycana medalla qayıdım. Planetin ən güclü atletləri arasında ilk üçlüyə daxil olmaq böyük uğur olacaq. Və əlbəttə Tokio-2020. Gələn il keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyi arzulayıram. Lisenziya qazanmaq və olimpiadada Azərbaycan bayrağını ucaltmaq ən böyük arzularım sırasındadır.
MƏSLƏHƏT GÖR: