27 Noyabr 2024

Çərşənbə, 07:56

KÖHNƏ PROBLEMİN YENİ HƏLLİ

İşlək sığorta mexanizmi və qiymətləndirmə sistemi kənd təsərrüfatına bank kreditlərinin artmasına imkan verəcək

Müəllif:

15.09.2019

Azərbaycanda iqtisadi islahatların növbəti mərhələsinin əsas vəzifəsi kənd təsərrüfatının maliyyələşdirilməsinin yeni forma və mexanizmlərinin axtarışıdır. Kənd təsərrüfatı istehsalındakı yüksək risklər son illərdə sektora özəl bank maliyyələşdirməsinin cəlb edilməsinə imkan verməyib, bahalı kommersiya kreditləri isə kənd təsərrüfatının inkişafı üçün elə də uyğun deyil. Fermerlərin uzunmüddətli və ucuz maliyyələşdirmə imkanlarına çıxışının təmin edilməsi üçün bu il bir sıra tədbirlər həyata keçirilib, o cümlədən aqrar sığorta haqqında yeni qanun hazırlanıb və Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi (AzALES) tətbiq edilib.

 

Dövlətin payı

Etiraf etmək lazımdır ki, Azərbaycanın bütün müstəqillik illəri dövründə kənd istehsalına qoyulan sərmayələrin böyük hissəsi əsasən dövlət kredit fondlarının vəsaitləri, həmçinin birbaşa büdcə maliyyələşməsi hesabına təmin edilib. Doğrudur, kənd təsərrüfatının bazar əsaslarının formalaşmasında beynəlxalq maliyyə qurumları müəyyən rol oynayıb, onlar güzəştli kreditlər və qrantlar hesabına hökumətlə birlikdə toplam dəyəri 700 milyon dollar olan iyirmidən artıq birgə layihənin gerçəkləşdirilməsində iştirak ediblər.

Bununla belə, dövlət hələ də kənd təsərrüfatının maliyyələşdirilməsində əsas mövqeləri qoruyub saxlayır. Aqrar müəssisələrin əsas donoru rolunu 1992-ci ildən fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) bazasında Prezident İlham Əliyevin 1 avqust 2018-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyinin nəzdində yaradılan Sahibkarlığın İnkişaf Fondu (SİF) oynayır. “Fondun fəaliyyət göstərdiyi illər ərzində 36 minə yaxın kiçik və orta sahibkarlıq (KOS) subyekti 2,3 milyard manata yaxın güzəştli kredit alıb. Bu maliyyə resursları 166 min yeni iş yerinin açılmasına töhfə verib”, - deyə bu yaxınlarda Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib. Maraqlıdır ki, SİF-dən faydalananların 68%-i fermerlər və müxtəlif kənd təsərrüfatı müəssisələridir, strukturun fəaliyyətinin 27 ili ərzində onların payına, təxminən, 1,5 milyard manat düşüb.  

“Yalnız son bir neçə ildə SİF tərəfindən Azərbaycanın aqrar sektorunun inkişafı üçün 155,7 milyon manat güzəştli kredit verilib. O cümlədən, 26 cins mal-qara kompleksinin yaradılmasının kreditləşdirilməsi üçün 110,7 milyon manat, 12 süd emalı müəssisəsinin yaradılması üçün 25 milyon manat, 10 ət emalı müəssisəsinin yaradılması üçün 14.9 milyon manat verilib, arıçılığın inkişafı üçün 5,1 milyon manat vəsait ayrılıb", - deyə S.Məmmədov vurğulayıb.

Bununla belə, son illərdə mikromaliyyə fondunun kredit portfelində əhəmiyyətsiz bir paya sahib idi. Vəsaitlərin əsas hissəsi daha yüksək səmərəliliyi və yatırımların zəmanətli qaytarılmasını təmin edən orta və böyük təşəbbüslərin maliyyələşdirilməsinə yönəldilirdi.

Kənd təsərrüfatının, o cümlədən SİF vasitəsilə büdcədən maliyyələşdirilməsi sonrakı illərdə də davam etdiriləcək, lakin yeni kənd təsərrüfatı strategiyasının əsasında dövlətin kənd təsərrüfatı sektoruna donor rolunu tədricən azaldılması dayanır.

Yaxın gələcəkdə yeni ixrac strategiyasının həyata keçirilməsi üçün aqrar sənaye kompleksinə, ilk növbədə, istehsal seqmentinin kapitallaşdırılmasına yönəldilmiş əlavə investisiya qoyuluşu tələb olunur. Axı, hökumət kənd təsərrüfatı sektoru üçün yeni bir vəzifə qoyub – yüksək əlavə dəyər səviyyəli emal məhsullarının ixracını artırmaq, məhsuldar kənd təsərrüfatı klasterləri yaratmaqla, rentabelliyi artırmaq və istehsal xərclərini azaltmaq.

Bunun üçün ölkədə sənaye tipli kənd təsərrüfatı parkları yaradılır, bu parklarda müasir emal infrastrukturu qurulacaq, iri taxılçılıq və heyvandarlıq kompleksləri yaradılacaq, birdəfəlik kiçik topdansatış əməliyyatlarından uzunmüddətli müqavilələrə keçmək üçün logistika bazaları yaradılacaq. Aqrar sektordakı yeni trendlər sırasında həmçinin kənd təsərrüfatının struktur dəyişikliyi də yer alır: üzümçülük, qiymətli texniki bitkiləri (pambıq, tütün, çay) sahəsində istehsalın artırılması və bunun əsasında ixracyönümlü yüngül və qida sənayesinin inkişaf etdirilməsi.

Təbii ki, bütün bu sadalanan layihələrin yalnız büdcə vəsaitləri hesabına maliyyələşdirilməsi bazar iqtisadiyyatının təməlləri baxımından çətin və yanlışdır. Buna görə də, son illər hökumət ardıcıl olaraq kənd təsərrüfatına özəl sərmayələrin cəlb edilməsini və hər şeydən əvvəl kənd müəssisələrinin bank kreditləşməsi yolu ilə kapitallaşdırılmasını stimullaşdıran islahatlar həyata keçirir.

 

Öncə sığorta

Təəssüf ki, kənd təsərrüfatının və onunla əlaqəli sahələrin bank maliyyələşdirilməsinin yetərincə olmaması sahənin, bəlkə də, ən uzun müddət davam edən problemidir. İqtisadiyyat üçün hətta ən yaxşı illərdə belə, yerli bankların ümumi kredit portfelində kənd təsərrüfatı kreditlərinin payı 6-7%-dən çox olmayıb. Bankların bu qədər ehtiyatlı olmasının əsas səbəbi fermer təsərrüfatlarının kreditləşdirmə riskinin yüksək olması ilə bağlıdır. Beynəlxalq Maliyyə Təşkilatının (IFC) mütəxəssislərinin qiymətləndirməsinə görə, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların 75%-i kiçik fermerlər tərəfindən istifadə olunur, onların hər birinin payına, orta hesabla, iki hektar ərazi düşür.  

Ölkədə kənd təsərrüfatı kooperativlərinin inkişafına yenicə başlanır, geniş torpaq sahələri, texnika parkı və ferma binaları olan iri aqrar təsərrüfatların sayı isə hələ də azdır. Kiçik torpaqlı kəndlilərin əksəriyyəti banklardan lazımi borcları almaq üçün kifayət qədər qiymətli və likvid girov təmin edə bilmirlər. Vəziyyət onunla ağırlaşır ki, Azərbaycan riskli əkinçilik zonasında olsa da, sığorta alətlərindən istifadə praktikası, demək olar ki, yoxdur.  

Uzun müddətdir davam edən bu problemi aradan qaldırmaq üçün sığorta şirkətlərinin aqrar-sənaye kompleksi sektorunda iştirakını genişləndirmək nəzərdə tutulur. Bu məqsədlə 27 iyun 2019-cu ildə "Kənd sığortası haqqında" qanun qəbul edilib və o, gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək. Yeni qanunvericiliyin hazırlanmasına ehtiyac onunla bağlı olub ki, 2002-ci ildə qəbul edilmiş “Kənd təsərrüfatında sığortanın təşviqi haqqında” qanun və onun tətbiq mexanizmləri yetərincə effektiv olmayıb və kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən faktiki olaraq tələb olunmayıb. Beləliklə, Azərbaycan Hesablama Palatasının araşdırmalarına görə kənd təsərrüfatı əmlakının sığortası üzrə sığorta rüsumlarının 50%-ni ödəmək üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitlərin 90-95%-i istifadə olunmamış qalıb. Özəlliklə, 2018-ci ildə Azərbaycan sığorta şirkətlərinin aqrar sığorta üzrə yığımları 2,7 milyon manat, sığorta halları üzrə ödənişləri isə 755 min manat təşkil edib. Üstəlik, bu sahə üzrə ödənişlərin və yığımların böyük hissəsi kənd təsərrüfatı heyvanlarının sığortasının payına düşüb, bitkiçilik isə bütün illərdə olduğu kimi yüksək riskliliyinə və zərərliliyinə görə sığorta bazarı iştirakçılarının diqqətindən kənarda qalıb.

Azərbaycanda yeni kənd təsərrüfatı sığortası mexanizmi Türkiyə və İspaniyada fəaliyyət göstərən modellər əsasında, həmçinin ABŞ, Kanada və İsrailin təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Bu sahədə mövcud olan yüksək risklər nəzərə alınmaqla aqrar sektorun tənzimləməsi mexanizminin inkişafına yönəlib, bitkiçiliyin, akvakulturanın və heyvandarlığın sığortasını nəzərdə tutur. Qanuna görə, kənd təsərrüfatı məhsulları istehsalçıları təbii fəlakətlərdən, yanğınlardan, texnogen qəzalardan, yoluxucu xəstəliklərdən və zəhərlənmələrdən, vəhşi heyvanların hücumlarından, parazitlərin yayılmasından və üçüncü şəxslərin fəaliyyətindən sığortalanacaq. Qanun sığorta hadisəsi baş verdikdə yeddi gün ərzində kompensasiyanı nəzərdə tutur.

“Qanunun qüvvəyə minməsi ilə kənd təsərrüfatı sığortası dövlət-özəl tərəfdaşlıq mexanizmi əsasında işləyəcək və birgə sığorta sistemi vasitəsilə həyata keçiriləcək. Hər bir sektor üçün ayrıca aktlar işlənir, xüsusən də müstəqil ekspertlər tərəfindən təyin ediləcək risklərin qiymətləndirilməsi və zərərlərin idarə olunması üçün metodologiya və qaydalar hazırlanır. Yeni qanunda sığorta rüsumlarının subsidiyalaşdırılması da nəzərdə tutulur. Yəni dəyərin bir hissəsini fermer, qalan hissəsini isə dövlət ödəyəcək", - deyə Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta Fəaliyyətinə Nəzarət Departamentinin rəhbəri Firdovsi Ağaşirinov bildirib. Onun sözlərinə görə, yığılmış vəsaitlər üzrə təkrar sığorta üçün zəmanət də nəzərdə tutulur.

Bununla da, fermerləri risklərdən qorumaq problemi həll ediləcək. "Aqrar sığorta haqqında" yeni qanunun tətbiqinin əsas yararı aqrar-sənaye kompleksi sahəsinə kommersiya banklarından vəsaitlərin cəlb edilməsi ilə bağlı olmalıdır. Banklar, bir qayda olaraq, məhsulunu və ya mal-qarasını sığortalamayan fermerlərə kredit vermirlər. Uyğun olaraq, buna görə də keçən il bank kreditlərinin yalnız 3,6%-i kənd təsərrüfatı üçün ayrılıb. Mütəxəssislərin qiymətləndirməsinə görə, bank risklərinin sığortası sayəsində bu gün kredit məbləğinin toplam 25-30%-ni təşkil edən kredit faizləri, komissiya ödənişlərinin və digər ödənişlərin səviyyəsinin azalması prosesi başlayacaq.

 

Aqrar kreditlər üçün AzALES sistemi

Kənd təsərrüfatının özəl maliyyələşdirilməsinin genişləndirilməsi probleminin həllində Azərbaycan kənd təsərrüfatı kreditlərinin qiymətləndirmə sisteminin tətbiqinin böyük nəticələr verəcəyi gözlənilir. Sistem Avropa Birliyinin (AB) himayəsi altında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin dəstəyi ilə hazırlanıb.  

“Sistem Azərbaycan hökumətinin öz iqtisadi şaxələndirmə strategiyası çərçivəsində kənd təsərrüfatını modernləşdirmək üçün önəmli resursları istifadə etdiyi kritik bir anda təqdim olunub. Hökumətin kənd təsərrüfatı üzrə «yol xəritəsinə» daxil etdiyi bir çox təşəbbüslərin uğuru birbaşa kiçik və orta kənd istehsalçılarının aqrar kreditlərə çıxışının yaxşılaşdırılmasından asılıdır", - deyə AB-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin müdiri Simona Qatti bildirib.

AzALES sistemi mərkəzləşdirilmiş qaydada Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişafı Agentliyi (AKİA) tərəfindən idarə ediləcək və dəstəklənəcək, ölkənin bütün maliyyə sektoru üçün əlçatar olacaq. Bu mexanizm maliyyə institutlarına mərkəzləşdirilmiş və etibarlı kənd təsərrüfatı göstəricilərindən istifadə etməyə, səmərəliliyi və şəffaflığı artırmağa və xərcləri azaltmağa, kənd təsərrüfatı kreditlərini daha sistemli şəkildə verməyə imkan yaradacaq. Özəlliklə, AzALES Azərbaycanda ticari baxımından tələb olunan bütün bitki və heyvandarlıq məhsullarını əhatə edir və borc verənlərə riskləri daha effektiv qiymətləndirməkdə, kredit müraciətlərini daha sürətli emal etməkdə və kiçik fərdi fermer təsərrüfatlarının maliyyələşdirilməsi imkanlarını yaxşılaşdırmaqda kömək edəcək.

“Becərilən bitkilərin müxtəlifliyinə görə Azərbaycanın aqrar-sənaye kompleksi sahəsində güclü potensialı var. Ancaq uzunmüddətli, etibarlı və aşağı faizli kreditləşməyə çıxışda, xüsusilə də ucqar rayonlarda yerləşən və ya daşınmaz əmlak girovu olmayan fermer təsərrüfatları üçün mövcud olan çətinliklər aqrar sektorun inkişafına mane olur”, - deyə AYİB-in Bakı ofisinin rəhbəri İvana Duarte bildirir: "Bankların aqrobiznes kreditləri üçün daha effektiv qiymətləndirmə sistemi ilə təmin edilməsi əksər hallarda riskli hesab olunan sektor üçün xidmət keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək".  

Yeni sistemin effektivliyini qonşu Türkiyənin təcrübəsi əsasında qiymətləndirmək olar. Orada 2014-cü ildə AYİB-nin dəstəyi ilə oxşar alət - TARDES yaradılıb. Beş il ərzində Türkiyədə bu sistemin yardımı ilə ümumi dəyəri 2,6 milyard avro olan 460 min kənd təsərrüfatı krediti üçün müraciət təsdiqlənib, həmçinin aqrar sektordakı problemli kreditlərin sayı önəmli dərəcədə azaldılıb.

AKİA sədri Mirzə Əliyevin sözlərinə görə, ölkənin kredit təşkilatlarında, əsasən də regional filiallarda kredit risklərinin qiymətləndirilməsi sahəsində yetərincə ixtisaslı işçilər olmur ki, bu da bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) çox vaxt borc verilməsi ilə bağlı mühafizəkar siyasət aparmasına səbəb olur.  

"Nəticədə, fermerlərin müraciətləri rədd edilir və ya kreditin verilməsi prosesi ləngiyir, yaxud da kredit təşkilatı girov üçün verilən kreditin məbləğindən bir neçə dəfə çox olan daşınmaz əmlak tələb edir", - deyə M.Əliyev bildirir.   

AzALES sisteminin tətbiqi ilə AKİA-nın mütəxəssisləri kredit təşkilatlarının fermerlərə verdiyi imtinaların səbəblərini izləyə biləcəklər, bununla da, bu təcrübə aqrar kreditləşmə sahəsinin yaxşılaşdırılmasına və tənzimlənməsinə kömək edəcək. AzALES sayəsində bankların fermerlərə girov ilə bağlı tələbləri 20-30% azalacaq: sistem borcalanların ödəmə qabiliyyətini qiymətləndirəcək və həddindən böyük girova ehtiyac olmayacaq.

Bununla da, yeni effektiv alətin ortaya çıxması kənd təsərrüfatının kreditləşməsi üzrə bu gün SİF-dən sonra ikinci yeri tutan Aqrar Kredit və İnkişaf Agentliyinin imkanlarını önəmli dərəcədə genişləndirəcək. AKİA-nın kredit portfelinin 67%-i bank vəsaitləri hesabına formalaşıb, qalan həcmlər BOKT-lar - 19% və kredit ittifaqları - 13% arasında paylanıb. O cümlədən 2019-cu ilin birinci yarısında agentlik ölkədə 719 fermerin maliyyələşdirilməsinə, 1432 ədəd kənd təsərrüfatı texnikasının alınması da daxil olmaqla, 82,05 milyon manat təqdim edib.

Beləliklə, bütün bu dəyişikliklər aqrar sektora özəl kapitalın cəlbi prosesini optimallaşdırır ki, bu da sahəyə qoyulan sərmayələrin gəlirliliyini artırmaqla və istehsal templərini yüksəltməklə yanaşı, kənd təsərrüfatının inkişafı prosesində dövlətin yükünü azaldacaq.



MƏSLƏHƏT GÖR:

339