Müəllif: Nigar ABBASOVA
Xəzər dənizi və onun şelfi hələ də dünyanın ən böyük neft şirkətlərinin əsas fəaliyyət mərkəzlərindən biri olaraq qalır. Bölgənin neft və qaz ehtiyatlarının işlənməsi üçün milyardlarla dollarlıq müqavilələr imzalanıb və çoxsaylı birgə müəssisələr yaradılıb. Xəzər yataqlarının geoloji kəşfiyyatının və işlənməsinin fəallaşdırılması neft hasilatının və region ölkələrindən ixracatın artmasına şərait yaradır. Bununla belə, yaxın illərdə dənizdəki yataqlardan hasilatda daha da artım gözlənilir.
Artım olan ölkələr
“Beynəlxalq Energetika Agentliyinin (IEA) məlumatına görə, Xəzər bölgəsində ehtimal olunan ehtiyatlar 48 milyard barel neft və 8 trilyon kubmetr qaza bərabərdir. Bütün ehtiyatların, təxminən, 40%-i dənizin özündə yerləşir. Ən çox təsdiqlənmiş neft ehtiyatları (təxminən, üçdə ikisi) Qazaxıstan sektorunun sərhədləri daxilindədir, 20%-dən bir qədər az hissəsi Azərbaycanda, 13%-i isə Rusiyadadır", - deyə «S&P Global Platts»in idarəedici redaktoru Nadejda Rodova bildirib.
Qaza gəldikdə isə, onun sözlərinə görə, ən böyük ehtiyat Rusiya və Qazaxıstan sektorlarında yerləşir - bu, təxminən, 36-38%-dir. Qalan pay Türkmənistan və İran arasında bölünür. Maraqlıdır ki, İranın payına neft və qaz ehtiyatlarının yalnız 1%-i düşür.
Bundan əlavə, IEA-nın qiymətləndirməsinə görə, daha 20 milyard barel neft və 7 trilyon kubmetr qaz ehtiyatı əlavə kəşfiyyat işləri zamanı təsdiqlənə bilər. Əlbəttə ki, bütün beş xəzəryanı ölkədə karbohidrogenlərin çıxarılması aktiv gedir, lakin bu gün İrandakı vəziyyətlə bağlı müəyyən bir şey söyləmək çətindir, bu ölkəni və onun neftini əhatə edən siyasi hadisələri nəzərə almaq lazımdır.
Türkmənistana gəlincə, məlumdur ki, mütəxəssislər Xəzərin Türkmənistan sektorunun ehtiyatlarını 12,1 milyard ton neft - kondensat və 6,1 trilyon kubmetr qaz səviyyəsində qiymətləndirirlər. Xəzərdəki dəniz yataqlarının işlənməsi üçün Türkmənistanın ilk tərəfdaşlarından biri Malayziyanın «Petronas Çariqali (Türkmənistan)» şirkəti olub. Sərmayəçi «Maxtumquli», «Diyarbəkir» və «Qaragöl-Dəniz» yataqlarının bir hissəsi olan «Blok-1» dəniz ərazisində neft və qaz kəşfiyyatı və hasilatı üçün lisenziya alıb. Malayziya şirkəti tərəfindən Xəzərin Türkmənistan sektoruna sərmayələr bu günə qədər, təxminən, 11 milyard dollar təşkil edir.
Lakin bölgədə neft hasilatında önəmli artım, öncə də qeyd olunduğu kimi, hazırda Qazaxıstan, Azərbaycan və müəyyən dərəcə də Rusiya tərəfindən təmin edilir. Eyni zamanda Xəzər neft ehtiyatlarının işlənməsi üç əsas layihə çərçivəsində həyata keçirilir: Xəzərin Qazaxıstan şelfindəki «Tengiz» və «Karaçaqanak» yataqlarının işlənməsi layihələri, həmçinin dənizin Azərbaycan sektorunda «Azəri-Çıraq - dərin sulu Günəşli» blokunun işlənməsi layihəsi. Bölgədə neft hasilatında gözlənilən artım, əsasən Qazaxıstanda «Kaşaqan» yatağının işlənməsi hesabına baş verməlidir.
Qazaxıstan sektoru
Yeri gəlmişkən, «Kaşaqan» Xəzərin Qazaxıstan sektorundakı ilk dəniz neft və qaz yatağıdır, ölkənin ən böyük beynəlxalq investisiya layihəsidir.O, 2000-ci ildə açılıb, yatağın ehtiyatları 4,8 milyon ton neft və 1 trilyon kubmetrdən çox təbii qaz səviyyəsində qiymətləndirilir. Layihənin həyata keçirilməsi üçün beynəlxalq birgə əməliyyat şirkəti «North Caspian Operating Company (NCOC) yaradılıb.
«Kaşaqan»da ticari hasilat yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində 1 noyabr 2016-cı il tarixdə başlayıb. Özü də, işlənmə olduqca çətin iqlim şəraitində aparılır. Şimali Xəzər ilin, təxminən, beş ay ərzində buzla örtülü olur. Buzun hərəkəti və dənizin dibində buzun hərəkəti nəticəsində qırışların yaranması tikinti işləri, istehsal əməliyyatları və logistika üçün ciddi məhdudiyyətlər yaradır ki, bu da innovativ texniki həllərin tətbiqini tələb edir. Buna baxmayaraq, iş hələ də dayanmır və «Kaşaqan» yatağında neft və kondensat hasilatı artıq 380 min barel/sutkaya çatıb. Qazaxıstanın energetika naziri Kanat Bozumbayev bildirib ki, 2019-cu ilin sonunadək bu rəqəmin 400-420 min b/s-ə, 2027-ci ildə isə 500 min b/s-ə çatdırılması planlaşdırılır.
Onun sözlərinə görə, yatağın işlənməsinin birinci mərhələsi yeni layihələr hesabına genişləndiriləcək, onların yerinə yetirilməsinə NCOC 2 milyard dollar sərmayə yönəldəcək.
“Neft-qaz sahəsində bir sıra irimiqyaslı və uzunmüddətli mühəndis-texniki layihələri davam edir. Ortamüddətli dövrdə neft hasilatına qoyulan investiyaların əsas artımı və 44,5 milyard dollar həcmi üç layihənin payına düşür: «Tengiz»in gələcək genişləndirilməsinə - 36.8 milyard dollar, «Kaşaqan»ın birinci mərhələsinin genişləndirilməsinə - 2 milyard dollar və «Qaraçağanaq»da hasilatın genişlənməsinə - 4,5 milyard dollar gedəcək", - deyə K.Bozumbayev bildirib.
Yeri gəlmişkən, ölkə hökumətinin hesablamalarına görə, bu üç layihə 2025-ci ilə qədər ölkədə neft hasilatının əsas artımını təmin edəcək. Özü də, 2018-ci ildə Qazaxıstanda rekord həcmdə - 90,36 milyon ton neft hasil olunub.
Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev «Kaşaqan»ın ölkə üçün böyük əhəmiyyətini nəzərə alaraq, hətta hökumətə və NCOC-a qısa müddət ərzində bu sahənin tam inkişafı üçün yol xəritəsində razılaşdırılması barədə göstəriş verib.
Bununla belə, Xəzər dənizinin Qazaxıstan sektoruna xarici şirkətlərin marağı artmaqda davam edir. Belə ki, bu ilin aprel ayında Rusiyanın "LUKOYL" şirkəti, Qazaxıstanın Energetika Nazirliyi və Qazaxıstanın "KazMunayQaz" (KMQ) milli şirkəti arasında «Jenis» sahəsində karbohidrogenlərin kəşfiyyatı və işlənməsi üzrə müqavilə bağlanıb. Daha sonra iyun ayında bu şirkətlər proqnoz edilən ehtiyatlarının 71 milyon ton neft olduğu ehtimal edilən «I-P-2» sahəsi üzrə prinsiplər haqqında saziş imzalayıblar. İyul ayında KMQ, Qazaxıstan Energetika Nazirliyi və İtaliyanın «Eni» şirkəti arasında «Abay» dəniz sahəsində karbohidrogenlərin axtarışı və hasilatı üzrə müqavilə imzalanıb.
Ümumiyyətlə, 2025-ci ilə qədər Xəzərin Qazaxıstan hissəsində yalnız beş dəniz sahəsinin – «İsatay», «Abay», «Jenis», «Kalamkas-more» və «Xazar» sahələrinin işlənmə layihələrinə 5 milyard dollardan çox vəsaitin qoyulacağı gözlənilir.
Rusiya şelfi
Xəzər dənizinin Rusiya sektorunda neft yataqlarının işlənməsi üzrə «LUKOYL» şirkəti fəaliyyət göstərir. Şirkət Xəzər dənizi hövzəsində toplam çıxarıla bilən karbohidrogen ehtiyatı 7 milyard barel olan 10 yataq açıb. Bunların arasından V.Filanovski adına yataq son 25 ildə Rusiyada kəşf edilmiş ən böyük yataq kimi tanınır.
Yeri gəlmişkən, bu il şirkət üçün əlamətdar olub - avqust ayında «LUKOYL» Xəzərdə 25 milyon tonuncu neftinin hasilatını qeyd edib. 2018-ci ilin nəticələrinə görə, «LUKOYL» Xəzərdəki Filanovski və Korçagin adına yataqlardan 6,8 milyon ton neft və 2,9 milyard kubmetr qaz çıxarıb ki, bu da 2017-ci illə müqayisədə uyğun olaraq 25% və 13% çoxdur. 2019-cu ildə neft hasilatının 7,26 milyon tona qədər artacağı proqnozlaşdırılır.
Şirkət 2021-ci ildə «Rakuşeçnoye» yatağını işlətməyə açmaq üçün 2020-ci ildə yataqda yeni platformanın dayaq bloklarını quraşdırmağı planlaşdırır. Yatağın ilkin çıxarıla bilən ehtiyatları 39 milyon ton neft və 33 milyard kubmetrə yaxın qaz hesab edilir.
Bundan əlavə, 2020-ci ilin əvvəlində «LUKOYL» Xəzər şelfindəki «Xəzri» strukturunda geoloji-kəşfiyyat qazma işlərini davam etdirməyi planlaşdırır. Strukturun proqnozlaşdırılan geoloji ehtiyatları 93 milyon ton qiymətləndirilir.
Bununla yanaşı, şirkət Xəzərdəki fəaliyyət coğrafiyasını genişləndirməyi və Rusiya ilə qonşu ölkələrə diqqət ayırmağı planlaşdırır. O cümlədən Rusiya Federasiyası Hökuməti aparatı rəhbərinin birinci müavini Sergey Prixodkonun sözlərinə görə, Rusiyanın «Rosneft», «LUKOYL» və «Qazprom» şirkətləri Türkmənistanın neft və qaz yataqlarının işlənməsi ilə maraqlanırlar.
Bundan əlavə, «R+» tərəfindən daha öncə də qeyd olunduğu kimi, «LUKOYL» şirkəti Azərbaycandakı layihələrə böyük sərmayələr planlaşdırır. Şirkətin prezidenti V.Ələkbərovun sözlərinə görə, siyasi sabitlik və əlverişli investisiya mühiti şirkətin "Azərbaycanda gələcək mövcudluğuna" maraq yaradır.
"Hazırda biz SOCAR-la birlikdə "Ümid" və "Babək" yataqları layihəsi üzərində işləyirik. Bu layihədə iştirak etməkdə maraqlıyıq və indi bu məsələnin texniki - iqtisadi tərəfləri müzakirə olunur. Əgər tərəflər layihədə iştirakın iqtisadi bəndi ilə bağlı razılığa gəlsələr, Azərbaycana böyük sərmayə qoymaqda maraqlıyıq", - deyə V.Ələkbərov bildirib.
Azərbaycanda fəallıq
Xəzər dənizinin Azərbaycan sektorunda əsas iş həcmi, əlbəttə ki, bu il 25 illik yubileyi qeyd olunan "Əsrin müqaviləsi" çərçivəsində "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinə, həmçinin "Şahdəniz" yatağının payına düşür.
Eyni zamanda yeni karbohidrogen ehtiyatları yataqlarının işlənməyə açılması üzrə işlər görülür. Belə ki, «TOTAL» şirkəti «Abşeron» qaz yatağında ilk hasilat quyusunun qazılmasını uğurla başa çatdırıb.
Bundan başqa, «BP» «Şəfəq-Asiman» strukturunda və Abşeron arxipelağının dayaz sularında kəşfiyyat qazma işlərinə, həmçinin Xəzərin Azərbaycan sektorundakı D-230 blokunda 3D seysmik tədqiqatlar aparmağa hazırlaşır. Şirkətdən verilən məlumata görə, 2019-cu ilin dördüncü rübündə «Heydər Əliyev» üzən yarımdalma qazma qurğusundan istifadə etməklə «Şəfəq-Asiman» strukturunda qazma işlərinə başlamaq planlaşdırılır.
«SAX01» quyusunda qazma işlərinin birinci mərhələsi, təxminən, 2020-ci ilin III rübündə başa çatacaq. Bu quyunun qazılmasında əsas məqsəd «Şəfəq-Asiman» müqavilə sahəsinin sonrakı işlənməsi üçün «Nadkirmakinskaya Pesçanaya», «Fasilə» və «Balaxanı» məhsuldar laylarda qaz ehtiyatlarının qiymətləndirilməsidir.
Bundan əlavə, bu ilin sonuna yaxın şirkət Abşeron arxipelağının dayaz sularında ilk kəşfiyyat quyusunun qazılmasına başlamağı planlaşdırır. “Bu, böyük potensiala malik çox ümidlər verən bir müqavilədir. Bu müqavilə ərazisindəki kəşfiyyat işlərinin nəticələrinə görə neft aşkarlanacağını gözləyirik ", - deyə «BP»nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Hari Cons bildirib.
Azərbaycanda kəşfiyyat qazma işləri üçün "KazMunayQaz" şirkətinə məxsus və qiyməti 270 milyon ABŞ dolları olan «Satti» üzən qazma qurğusu gətirilib.
Bundan əlavə, bu ilin sentyabr ayında «BP» şirkəti D230 perspektivli blokunda üçqat seysmik tədqiqatlara başlamağı planlaşdırır, şirkət orada neft tapılacağına ümid edir. "Bizim gözləntilərə görə müsbət nəticələnməli seysmik tədqiqat illərinin nəticələrindən asılı olaraq, gələn ilin ortalarında bu blokda ilk kəşfiyyat quyusunun qazılmasına başlamağı planlaşdırırıq", - deyə H.Cons bildirib.
Həmçinin, 2019-2020-ci illərin sonunda Norveçin «Equinor» şirkəti Xəzərin Azərbaycan sektorundakı perspektivli Aypara strukturunda ilk kəşfiyyat quyusunun qazılmasına başlamağı planlaşdırır. "Bu yerlərdə anomal yüksək temperatur və həddindən artıq yüksək təzyiq müşahidə edilmir, buna görə qazma işləri heç bir çətinlik yaratmamalıdır. Qazma zamanı məhsuldar layı mümkün qədər öyrənməyi planlaşdırırıq", - deyə şirkətin qazma üzrə meneceri Arne Reidar Holvik bildirib.
Bir sözlə, Xəzər dənizinin karbohidrogen potensialı çox yüksəkdir və bölgə ölkələrində bu ehtiyatların hasilatı və ixracı üzrə proqnozlaşdırılmış həcmlərə nail olduqdan sonra Xəzərin enerji ehtiyatları qlobal enerji bazarında yetərincə önəmli rol oynaya biləcək.
MƏSLƏHƏT GÖR: