Müəllif: Cahangir HÜSEYNOV
«Küçələrdə iğtişaşlar, bütün ölkə boyu etirazlar, sərhəddə təşviş, ərzaq və yanacağın qiymətində artım, dərman preparatlarının tədarükündə azalma, bir sıra müəssisənin bağlanması, işsizliyin artması…».
Bir ay əvvəl «The Sunday Times» hökumətə aid 5 səhifəlik məxfi, kod adı «Yellow hammer» («Sarı çəkic») olan sənədi dərc etmişdi. Sənəddə yuxarıda sadalananlar Böyük Britaniyanın Avropa İttifaqını razılaşmasız tərk edəcəyi halda baş verə biləcək «baza ssenarisi» kimi göstərilirdi. O zaman hökumət məlumatı təkzib etmiş, qəzetin şişirtməyə yol verdiyini açıqlamışdı. Bu zaman məsələyə parlament qarışmış, hökumətdən məxfi «Yellow hammer» planının «doğru» versiyasını tələb etmişdi. Nəhayət, bu günlərdə 5 səhifəlik sənəd aşkara çıxıb və ən maraqlısı odur ki, orada məhz «The Sunday Times» tərəfindən açıqlanmış fikirlər yer alır. Fərq bircə ondadır ki, sənəddə söhbət «baza» deyil, «pis ssenari»dən gedir. Burada da məqsəd yəqin ki, ictimaiyyətin həddindən artıq hiddətlənməsinin önlənməsidir. Hər halda, bu proqnozlar baş nazir Boris Consonun bəyanatları ilə tam ziddiyyət təşkil edir. O, hər kəsi əmin edir ki, Aİ ilə münasibətlərə qəfil son qoyulmasının ciddi fəsadları olmayacaq və ölkə buna hazırdır.
Milli maraqlar
Böyük Britaniya hökumətinin başına keçmiş Conson Aİ ilə danışıqlarda qorxutma taktikasına üstünlük verməyə başlayıb. O, bəyan edib ki, ölkəsi birliyi istənilən halda, razılaşma olmasa belə, nəzərdə tutulduğu vaxtda, yəni oktyabrın 31-də tərk edəcək. Amma onun bu yanaşması nəinki opponentləri leyboristlər və liberal-demokratlar tərəfindən, heç partiyadaşları tərəfindən də anlayışla qarşılanmayıb. Məlum olub ki, parlament Londonun Aİ-də razılaşmasız ayrılmasına razılıq verməyəcək.
Bu zaman baş nazir bir qədər də irəli gedərək, parlamentin işini düz 5 həftə – sentyabrın 9-dan oktyabrın 14-dək dayandırıb. Hökumətin rəsmi versiyasına görə, bu zərurət kraliça II Yelizavetanın oktyabrın 14-nə təyin olunmuş təntənəli çıxışına hazırlıq üzündən yaranıb. Əslində, Britaniyada parlamentin işini «kraliçanın çıxışı»na hazırlıq məqsədilə dayandırması adi haldır. Amma bu, çıxışa uzağı 1 həftə qalmış baş verir və yazın əvvəlində olur. Buna baxmayaraq, qərar imzalanması üçün kraliçaya göndərilib və o, ənənələrə sadiq qalaraq, sənədi imzalayıb.
Consonun bu qərarı verməkdə hansı məqsədi güddüyü aydındır: 1 həftə ərzində (parlament yay tətilindən sentyabrın 2-də qayıdır) azlıqda olan müxalifət hökumətə qarşı hər hansı əhəmiyyətli tədbir görə bilmir, oktyabrın 14-dən sonra isə «X» gününə cəmi bir neçə gün qalır.
Amma görünür baş nazir hər şeyi hesablamayıb. Parlament bu həftə ərzində nəinki aşağı palata, Lordlar palatası tərəfindən ratifikasiya olunmuş, kraliça tərəfindən imzalanmış qanunu – «sərt Brexit»i qadağan edən qanunu təsdiqləyib, üstəlik, baş nazirin oktyabrın 15-nə növbədənkənar seçki elan etmək istəyini 2 dəfə geri çevirib.
Qeyd edək ki, payız sessiyasının əvvəlinə parlamentdə torilərin səs fərqi cəmi 1 nəfər idi. Sessiyanın ilk günündə, «Brexit»in taleyinin səsə qoyulmasından əvvəl mühafizəkar Filipp Li nümayişkaranə şəkildə liberal-demokrat düşərgəsinə keçib və bununla da, torilər çoxluqdan məhrum olublar. Səsvermə nəticəsində isə mühafizəkarlardan daha 21 deputat öz partiyasının əleyhinə səs verib. Nəticədə Conson onların hamısını Mühafizəkar Partiyanın parlament fraksiyasından kənarlaşdırıb və üstəlik, növbəti seçkidə onların partiyadan namizəd olmayacaqlarını bəyan edib. Yeri gəlmişkən, fraksiyadan uzaqlaşdırılmış torilər arasında Consonun hər vəchlə bənzəməyə çalışdığı Uinston Çörçillin nəvəsi Nikolas Soms da var.
«Həmkarlarımın partiyadan kənarlaşdırılması ilə bağlı qəfil qərar partiyamızı sadiq mühafizəkar deputatlardan məhrum etdi. Mən bu siyasi vandalizm aktını dəstəkləyə bilmərəm. Bu, vicdana və demokratiyaya qəsddir», - deyə Böyük Britaniyanın əmək və pensiya naziri Ember Radd «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb. Bunun ardınca o, nəinki Conson hökumətindən, həm də partiyadan istefa verib.
Partiyanı baş nazirin doğma qardaşı Cozef Conson da tərk edib. O, qərarını kifayət qədər sərt və açıq şəkildə əsaslandıraraq, «ailəyə və milli maraqlara sadiqlik arasında seçim etməli olduğunu» bildirib.
İndi torilərin nüfuzlu funksionerləri Consonun əməllərinin partiyanı parçalayacağından narahatdırlar.
Kraliça nə edə bilər?
İctimaiyyətdə daha böyük rezonansı isə baş nazirin kraliça II Yelizavetaya parlamentin işinin dayandırılması ilə bağlı müraciəti olub. Bu məsələdə fikirlər haçalanır. Bir qrup hesab edir ki, xahişi yerinə yetirmiş kraliçanın başqa yolu olmayıb, çünki bu, ənənəvi prosedurdur. Digərləri isə ölkənin gələcəyinin həll olunduğunu əsas gətirərək, burada ənənələrə yerin olmadığını deyir.
Saray tarixçisi Robert Leysi hesab edir ki, bu məsələdə kraliçanın həqiqətən də başqa yolu qalmırdı. Ənənələr ondan baş nazirin xahişini yerinə yetirməsini tələb edir. Ölkədə yazılı Konstitusiya olmadığından, kraliçanın ictimai həyatdakı rolu, səlahiyyətlərinin nədən ibarət olduğu heç yerdə dəqiq qeyd edilməyib. Britaniya hökmdarı hökumətin istəyini son dəfə 1936-cı ildə rədd edib. O zaman kral VIII Eduard ilk həyat yoldaşından boşanmış, ikincidən boşanmağa çalışan amerikalı Uollis Simpson ilə ailə qurmaq istəyirdi. Bu qalmaqal hökmdarın taxtan endirilməsilə nəticələnmişdi.
Ənənəyə görə, istənilən qanun layihəsinin qanun şəklində qüvvəyə minməsi üçün kraliçanın razılığı lazımdır. Hazır qanun parlamentin hər iki palatasından keçdikdən sonra kraliça ilə «razılaşdırılmalıdır». Belə razılığı verməkdən imtina etmiş son kraliça Anna olub (1708-ci il).
Əvvəllər kraliçanın parlamenti buraxmaq və ümumxalq seçkisi elan etmək səlahiyyəti də var idi. Lakin 2011-ci ildə qəbul olunmuş müvafiq qanunla buna son qoyulub. İndi, İctimai palatanın 5 illik səlahiyyət müddəti bitmədən buraxılması üçün parlamentarilərin üçdə ikisinin səsi lazımdır.
Lakin kraliçanın müstəsna səlahiyyətlərinin əksəriyyətinin Nazirlər Kabineti və parlamentə verilməsinə tərəfdar olan hüquqşünaslar belə, iddia edirlər ki, kraliçaya səlahiyyətindən istifadə imkanı verən istisna hal var. Yenə də həmin ənənələrə görə, suveren yalnız «ciddi Konstitusiya böhranı halında» «Nazirlər Kabinetinin istəyini nəzərə almaya bilər». Müasir tarixdə belə presedent olmayıb.
Bununla yanaşı, bir çoxu hesab edir ki, kraliça baş nazirin parlamentin fəaliyyətinin dayandırılması xahişinə əməl etməsəydi, ölkədə Konstitusiya böhranı baş qaldıra bilərdi.
İndi mövzuda mübahisələr ictimaiyyəti o qədər qarışdırıb ki, gündəmə Böyük Britaniyanın, nəhayət, yazılı Konstitusiyaya keçməsi məsələsi gəlib. Yeri gəlmişkən, bu məsələdə parlamentdə təmsil olunan partiyaların əksər nümayənədlərinin mövqeyi üst-üstə düşür. Belə düşünənlər hesab edir ki, dövlət orqanları səlahiyyətlərinin, onların öz aralarındakı və vətəndaşlarla olan münasibətlərinin ənənələrlə idarə olunması 19-cu əsrdə işə yarayıbsa, 21-ci əsr bunun vaxtı deyil. «Biz dövləti belə idarə edə bilmərik. Bizə yazılı Konstitusiya lazımdır», - deyə mühafizəkar deputat Rori Stüart bildirib.
Lakin burada da bir «əmma» var. Çoxları monarxiyaya son qoyulmasını istəməsə də, yazılı Konstitusiyanın yaradılması onu olan-qalan səlahiyyətlərindən də məhrum edərək tam dekorativ fiqura çevirə bilər.
Düşmənçilik artır
Kraliçanın səlahiyyətlərinə dair mübahisələrin getdiyi bir vaxtda Böyük Britaniyanın icraedici və qanunverici hakimiyyətləri arasında qarşıdurma dərinləşir. Bir tərəfdən baş nazir parlamentin Aİ-dən növbəti dəfə vaxt istənilməsi tələbini birmənalı şəkildə rədd edir (parlamentarilər bu dəfə vaxtın gələn il yanvarın 31-dək uzadılmasını istəyirlər). Digər yandan, deputatlar Consonun parlamentin işinin dayandırılması qərarından məhkəməyə şikayət ediblər. Üstəlik, kraliçanı «vurmamaq» üçün (prinsipcə, Britaniyada o, əlçatmazdır) iddia elə formada yazılır ki, günah tamamilə «kraliçanı çaşdırmış» baş nazirin üzərinə düşür. İddiada bildirilir ki, hökumət başçısı qərarın hökumətin yeni proqramının hazırlanması ilə əlaqəli olduğunu, «Brexit»ə aidiyyətinin olmadığını deməklə, yalan danışıb. Halbuki, onun bu qərarında yeganə məqsəd Aİ-dən razılaşmasız ayrılmağın əleyhinə olan parlamentə maneə yaratmaqdır.
Bununla yanaşı, britaniyalı parlamentarilər daha bir iddia hazırlayırlar. Baş nazir onların qərarlarına əməl etməzsə, məhkəməyə daha bir müraciət ünvanlanacaq.
Variant çox deyil
Britaniyada hesab edirlər ki, parlamentdəki məğlubiyyətdən sonra Boris Consonun seçimi geniş deyil:
1. Qanuna məhəl qoymamaq. Boris Conson bildirib ki, o, parlamentin Aİ Nizamnaməsinin 50-ci maddəsinin müddətinin uzadılması ilə bağlı istəyini yerinə yetirməyəcək. Məhkəmə işləri, apelyasiya və s. çox uzana bilər. O vaxtadək oktyabrın 31-i gəlib çatacaq. Demək, Britaniya Aİ-ni razılaşma olmadan tərk edəcək. Bu variant nəinki Consona qələbə vəd etmir, üstəlik, Mühafizəkar Partiyanın dağılma ehtimalını kifayət qədər artırır.
2. İstefa vermək. Conson taktiki addım kimi baş nazir postundan istefa verə, bununla da, mümkün müvəqqəti xələfi Ceremi Korbinin Brüsseldən əlavə vaxt istəməsinə yol aça bilər. Bunun ardından hədəf növbədənkənar seçkidə qələbə olacaq. Amma kraliçanın Korbini müvəqqəti baş nazir təyin edəcəyinə zəmanət varmı? Demək, bu taktika müxalifətə əlavə üstünlüklər də qazandıra bilər.
3. Aİ-yə veto. Baş nazir Brüsseldən müddətin uzadılmasını istəməyə məcbur olur, lakin ölkələrdən birilə səsvermə halında veto hüququndan istifadə olunacağına dair razılıq əldə edir. Qərarın qəbulu üçün Aİ üzvü olan 27 dövlətin hamısının səsi tələb olunur. Lakin bu avantüraya, çətin ki, kimsə razı olsun.
4. Nəhayət, hər kəs üçün arzulanan variant – qalan müddətdə Aİ ilə müqaviləyə dəyişikliklər razılaşdırılır. Lakin nəzərə alsaq ki, artıq hakim partiya parlamentdə çoxluğa sahib deyil, baş nazirin daha bir çətinliyi var: Brüsseli gedəcəyi güzəştlərin hansısa məna daşıdığına inandırmaq çətin olacaq.
Beləliklə, görünən odur ki, qarşıdakı aylarda Böyük Britaniyada siyasi böhran daha da dərinləşəcək və artıq Aİ ilə razılaşma burada ikinci dərəcəli məsələdir.
MƏSLƏHƏT GÖR: