Müəllif: Allanna LƏSKƏNLİ
«Villa Petrolea»ya gedib çıxmaq o qədər də asan deyil: ətrafda Ağ Şəhər yaşayış massivinin tikintisi və qatar yolları. Buna görə yolun bir hissəsini qazılmış ərazidən keçməklə məqsədə doğru piyada irəliləmək lazımdır. Ancaq buna dəyər. Tikinti başa çatdıqda şəhər keçmişi ilə indinin: XIX və XXI əsrlərin memarlıq kompozisiyasının birləşdiyi heyrətamiz dərəcədə gözəl bir yerə sahib olacaq!
Keçmişin bir parçası
Villa indi "milli romantizm" (şimal moderni - Sankt-Peterburq, İsveç, Norveç) dövründən zərif oyuncaq kimi görünür, dinclik və rahatlıq mühiti yaradır. Yaxınlıqda gəzib Nobellər tərəfindən işçilər üçün inşa edilən koteclərin qalan tikililərinə baxdığınız zaman, fərqli bir dövrə düşməyiniz barədə dayanıqlı hiss yaranır. Qəribə dövrə. Sizinkinə bənzəməyən zamana. Bu hiss evə girəndə daha da artır. Muzey sözünü unudun. Bura evdir. Elə indilərdə qayıtmalı sahiblərinin olmadığı halda içəri girmisiniz. Hələ ki, sizi bələdçi Namiq Yəhyazadə səmimiyyətlə qarşılayır. Bir neçə dildə sərbəst danışaraq, sizə Nobel ailəsinin həyatının bütün tarixi və ailə təfərrüatları barədə danışır. Sizi birinci mərtəbədəki bütün otaqları gəzdirərək, bu ailənin üzvlərinə aid bir çox əşyanı göstərəcək. Bu əşyaları bir neçə il ərzində bütün dünya üzrə Toğrul Bağırovun rəhbərliyi altında Bakının Nobel İrsi Fondunun nümayəndələri tərəfindən toplanıb. Nobellərin tərk edilmiş və dağılmış evinin bərpası ideyası məhz ona məxsusdur. O, bu binanı arxiv rəsmlərinə, fotoşəkillərə, yazılanlara görə bərpa edib, bu neft krallarına aid məişət və interyer əşyalarının axtarışı ilə məşğul olub. O, Azərbaycanda neft sənayesinin inkişafını əbədiləşdirərək, 2019-cu ilin yanvarında dünyasını dəyişib. 25 aprel 2008-ci il tarixdən bəri "Nobel irsi" burada yeni həyat qazanıb. O, muzey otaqlarını o dövrün orijinal məişət əşyaları və ailə üzvlərinin şəxsi ev əşyaları ilə doldurub, Toğrul Bağırov Nobellər tərəfindən qoyulmuş ənənəni qoruyaraq, burada (muzeydən əlavə!) Nobel Neft Klubu və Beynəlxalq Konfrans Mərkəzi yaradıb.
Neft sahəsi, kerosin zavodu və neft kəməri
1878-ci ildə Bakıya gəlmiş Nobel qardaşları burada çox iş görüblər. Onlar Azərbaycanda neft sənayesinin əsasını qoyublar. Nobel qardaşları Balaxanıda ilk neft sahələrini və Qaraşəhərdə kerosin zavodu alıblar. Onlar Bakıda ilk neft kəmərini Balaxanı - Qaraşəhər neft kəmərini çəkiblər, Xəzər dənizində «Zərdüşt» adlanan ilk neft tankerini suya buraxıblar. Nobel mükafatının maliyyə fondunun formalaşmasında, şəksiz ki, Bakı nefti müstəsna rol oynayıb.
Nobel qardaşlarının ev-muzeyi Bakının Keşlə qəsəbəsində yerləşir. Nobellərin 1882-1884-cü illərdə tikilmiş evi 2008-ci ildən bəri ev muzeyi kimi fəaliyyət göstərir. «Villa Petrolea» adlı kompleksin bərpası 2007-ci ildə həyata keçirilib. Nobel qardaşlarının Bakıdakı ev muzeyi bu ailənin İsveçdən xaricdə ilk muzeyidir. Burada Nobel ailəsinin istifadə etdiyi məişət və interyer əşyaları toplanıb. Bu əşyalardan bəziləri dünyanın müxtəlif ölkələrində keçirilən hərraclarda alınıb.
İşarə və rəmzlər
Muzeydə çox sayda saat var. Bu, elə-belə deyil. Nobellərin vaxtında onlar daha çox olub. Saatlar zamanın simvoludur və evin bütün otaqlarını bir saatla dolduran sahiblər özlərinə xatırladıblar: vaxt qızıldan daha bahalıdır! Gerçək iş adamı üçün tamamilə çağdaş bir şüardır!
Nobellərin Azərbaycanda peyda olmasının tarixçəsi də maraq doğurur. Tüfəng qundaqları üçün ağac axtararkən Azərbaycana gəlmiş Robert Nobel burada neftlə rastlaşıb. Düzdür, ağac - dəmirağac da tapıldı. Lənkəranda. Emmanuel Nobel oğulları haqqında danışarkən (nəvəsi, bakılı Emmanueli ilə qarışdırmayın!), bir dəfə onları belə təsvir etmişdi: "Robert daha çox spekulyasiyalara meyil edir, Lüdviq dahiliyə, Alfred isə işgüzardır". Ailənin pulunu asanlıqla riskə atan Robert bir daha risk etdi və uduzmadı. Beləliklə, 1875-ci ildə Nobel ailəsi Bakıya gəldi və dörd il sonra (1879) rəsmi olaraq "Bakı Nobel Qardaşlarının Neft Tərəfdaşlığı" və ya qısası "Branobel" qurulub. 1882-ci ildə Qara və Ağ şəhərlərin birləşməsində şəhərsalma tarixinə "Villa Petrolea" olaraq daxil olan «Petrolea» qəsəbəsini tikiblər.
"Nobel Qardaşları Tərəfdaşlığı"nın baş meneceri Qustav Törnudun ailəsinə məktubundan (avqust, 1882)
"Bütün binalar Bizans üslubunda incə işlənmiş əhəng daşından tikilir, bəziləri birmərtəbəli, bəziləri isə iki mərtəbədə olacaq, ətraflarına gözəl bağlar və parklar salınacaq. İçməli su hər gün Volqadan gətirilir və çənə tökülür, oradan borularla mətbəxlərə, vanna otaqlarına və yanğınsöndürmə borularına verilir. Zavoddan yemək bişirmək və otaqları qızdırmaq üçün evlərə qaz verilir. Zavodda və qəsəbədə işıqlandırma artıq qismən elektrikləşdirilib. Telefon xətti də var. Az qala unutmuşdum: «Villa Petrolea»nın otaqlarında havanın temperaturunu 15-20 dərəcəyə endirmək üçün çox bahalı avadanlıqlar quraşdırırıq, onun yardımı ilə sıxılmış hava biz şimallıların alışdığı temperatura qədər endiriləcək. Gözəl bir bağla əhatə olunmuş xəstəxana da inşa ediləcək. Mühafizəçilərimiz üçün də əla kazarma tikirik - 40 nəfər Peterburq qvardiyaçısı seçilib, hamısı yaxşı silahlandırılıb... "
Bu cür mühafizənin nə üçün lazım olduğunu yalnız ehtimal edə bilərik. Kənar şəxslərin əraziyə girişi qəti qadağan olub. Bu barədə Bakı qəzetləri daima məlumatlar verirdi.
Rus yazıçısı və səyyahı Yevgeni Markovun kitabından (1901)
“Villa - Nobel zavodlarının bütün əsas idarəçilərinin və qulluqçularının yaşayış yeridir. Villada bir neçə çox gözəl və geniş bina tikilib. Onlardan birində işçilər üçün kitabxana və bilyard otağı, çox geniş rəqs salonu olan klub yerləşir. Bu kluba zavod işçilərindən əlavə çox sayda kənar şəxs də gəlir, buna görə zavodun dəmir yolu xətti və buxar qatarı bəlli günlərdə qonaqları gətirib-aparmaqla daima məşğul olur. Başqa bir binada bufet və barı olan gözəl bir boulinq salonu qurulub. İki ən böyük bina mənzərəli qalereyaları saraylara bənzəyir və orada qulluqçuların mənzilləri yerləşir. Biz onların bəzilərində olduq... Demək olar ki, burdakıların bütün hamısı isveçlidir və buna görə də hər yerdə İsveç nizamı və təmizliyi var. Mətbəxdə qab-qacaq parıldayır, sanki mis əşyaları mağazasıdır. Otaqlar rahat və genişdir. Zavodun baş direktoru da «Villa Petrolea»da yaşayır. Onun evi əsl yay evidir. İndi buraya su kəməri çəkilib və ümid etmək olar ki, bu cazibədar guşə indiki “kerosin villa”sından həqiqi yaşıl və çiçəkli villaya çevriləcək”.
Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabından
“İsveçli mühəndis və qulluqçular koteclərdə firavan yaşayırdılar. Buraya Peterburqdan heykəl, rəsm əsərləri, büst, çoxlu kitab gətirtmişdilər. Mənzillərini və otaqlarını bəzəyən Azərbaycan və İran xalı-xalçaları əsl mədəni, aristokrat həyat tərzindən xəbər verirdi. Nobellər yüksək maaşla ən bilikli, ən bacarıqlı mühəndisləri, iqtisadçıları, alimləri şirkətlərinə cəlb etmişdilər. Mütəxəssis və qulluqçular isveçli idilər: ruslara, xüsusilə də müsəlmanlara yuxarıdan baxırdılar: rus təbəələrini məsul işə yaxın qoymurdular: yalnız ağır və çirkli işləri onlara tapşırırdılar. Yüz milyon manatlar talan edib apardıqları halda Bakıda bir dənə də olsa gözə dəyən mülk tikmədilər. /.../ Nobel qardaşlarını başqa sahibkarlardan fərqləndirən o idi ki, onlar işçilər üçün «yaxşı» şərait yaratmışdılar. «On saatlıq iş günü» elan edib, əslində isə fəhlələri on bir saat işlədirdilər. Fəhlələrin məişəti başqalarınkından guya fərqli idi. Müsəlman fəhlələri üçün namaz qılmağa, dini ayinləri keçirməyə otaq da ayırmışdılar. İşçilərinə ev tikməyə möhlətə borc verirdilər, dərmanxana və müalicəxana açmışdılar. / ... / Onlar az bir müddətdə Suraxanı, Balaxanı və Bibiheybətdə mədən sahibi oldular. Ağ Şəhərlə Qara Şəhər birləşən yerdə geniş bir yeri icarəyə götürüb neft təmizləyən, kükürd turşusu, mis, çuqun əridən zavodlar və körpülər tikdirdilər.”
Yuxarıda verilmiş şahid ifadələri nəticə çıxarmağa imkan verir ki, Nobel qardaşlarının Bakıda neft sənayesi istehsalında müasir texnologiyaların tətbiqinə əhəmiyyətli təsir göstəriblər. Onların yenilikləri istehsalda tərəqqinin hərəkətvericisi olub və zəruri dəyişiklikləri sürətləndirməyə kömək edib.
Azərbaycan memarlığının tədqiqatçısı Ş.S.Fətullayev
“Bakının sənaye ərazilərinin memarlığına gəldikdə, o dövrün memarlıq fenomeni olan «Villa Petrolea»nı – «Nobel Qardaşları Tərəfdaşlığı»na aid geniş parkda tikilmiş bina və tikililər kompleksini qeyd etmək lazımdır. Bu kompleksin tikililəri şəhərin sənaye rayonunda park memarlığının ilk uğurlu nümunəsi olmaqla yanaşı, həm də o dövr üçün dünya dendropark memarlığı üçün unikal bir nümunə oldu."Bağlar, hətta çətin iqlim şəraitində yerləşən qəsəbələrin vacib elementi idi».
Tamara Hümbətovanın “Nobel ailəsinin həyatının Bakı səhifələri" kitabından
“21 aprel 1896-cı il, gündüz saat 13:00-da, Telefon küçəsindəki alman Lüteran məktəbinin həyətində Xilaskar adına Lüteran kilsəsinin bünövrəsi qoyuldu. Eyni həmin səfərində Emmanuel Nobel Bakıda Qara Şəhərdə Müqəddəs İlya peyğəmbər pravoslav kilsəsinin inşası məsələsini həll etdi. Dərbənddə Nobellərin ianəsi ilə pravoslav kilsəsi tikildi. «Nobel Qardaşları Tərəfdaşlığı» Aleksandr Nevski kilsəsinin inşasında fəal iştirak ediblər, Tərəfdaşlıq işçilərin xahişini yerinə yetirib və Balaxanıda bir müsəlman məscidi tikdirib. Bibiheybət məscidinin müqəddəs türbəsinin saxlanmasına pul ayırıb. Nobelin Bakıdakı fəaliyyətinin ruhani rəmzi Suraxanıdakı atəşpərəst ibadətgahı olub, onun təsvirini onların bütün xatirə əşyalarında görmək olar. 14 mart 1899-cu ildə Bakıda Yevangelist Lüteran Xilaskar Kilsəsinin açılışı olub və mərasimə Nobel ailəsinin nümayəndələri də qatılıb. Nobel ailəsi həyatları boyu taleyin onları bir araya gətirdiyi şəhərə və insanlara hörmətlə yanaşıblar. Dekabrın 10-da illik Nobel mükafatları təqdim edilən gün Bakının Yevangelist-Lüteran icması Nobel ailəsinin Xoş Xatirə Gününü qeyd edir. İlk dəfə bu gün 1996-cı ildə ABƏŞ-in dəstəyi ilə qeyd olunub və o vaxtdan bəri ənənə halını alıb."
Neft imperiyası
Rusiya vətəndaşlığı qəbul etmiş və həyatını, o cümlədən Bakı ilə bağlamış İsveç ailəsinin həyat hekayəsidir. Bakılılar tərəfindən diqqətlə qorunan və onların turistlərlə, şəhərin qonaqları ilə asanlıqla bölüşdükləri bir hekayə. Bir sözlə, Bakıda baş verən ilk neft bumunun təfərrüatları ilə maraqlanan hər kəslə: Rusiyadan, MDB ölkələrindən, Avropadan, İsraildən olan çox sayda turistlərlə. Bu gün "Villa Petrolea" təkcə zamanın simvolu deyil, həm də Nobel qardaşlarının - Lüdviq, Robert və Alfredin, sonra isə (xüsusilə də!) dünya neft sənayesi tarixinə bakılı Nobel kimi daxil olmuş, Nobellərin Bakıdakı neft imperiyasına rəhbərlik etmiş Emmanuel Nobelin (Lüdviqin oğlunun) da qeyri-adi və müxtəlif istedadlarının rəmzidir. İdarəçi, menecer və maliyyəçi kimi istedadlı olan Emmanuel Nobel çox uğurla Rotşildlər və Rokfellerlərlə mübarizə aparıb, onları Bakı neftindən xeyli uzaq tutmağı bacarıb. Onun şirkəti dünya üzrə ikinci ən böyük şirkət olub, ticarətdə tamamilə çağdaş metodlardan istifadə edərək, neftin hasilatından tutmuş satışına qədər öz sistemini yaratmağa müvəffəq olub.
«Branobel»in əmlakı 1918-ci il iyunun 20-də milliləşdirildi. Bu, o demək idi ki, müəssisə artıq Nobellərə aid deyil və ölkədəki mövcud vəziyyətlə əlaqədar olaraq, onlar Bakını tərk etmək məcburiyyətində qaldılar. Deyilənə görə, əmlakın müsadirəsi ilə məşğul olan bolşeviklər Emmanueli öldürmək niyyətində olublar və onun həyatını fəhlələr xilas edib. O, İsveçə gedib.
Sahibləri villanı tərk etdikdən sonra orada yetimxana, sonra hərbi hissə, at taboru və başqa nəsə yerləşdiriblər. 2000-ci ilə bina yararsız vəziyyətə düşüb və acınacaqlı görkəm alıb. Məşhur italyan memarı Bora tərəfindən Bizans üslubunda inşa edilmiş möhtəşəm malikanə qəzalı vəziyyətə düşüb, yalnız pəncərə və qapısı olmayan divarlardan ibarət olub. Ümumiyyətlə, tavanı olmayıb, tirləri uçub, hər yerdə boş olub, yiyəsiz itlər, pişiklərlə dolub. Lakin sonradan bu yarımxaraba malikanə binası indi olduğu vəziyyətə gətirilib.
İndi isə 21-ci əsrdə Lüdviqin nəvəsi Filipp Nobel - Azərbaycanda və Avrasiya sərhədləri daxilində elmin dəstəklənməsi məqsədi ilə «Nobel International Fraternity Fund»un (Nobel Beynəlxalq Qardaşlıq Fondunun) təsisçisi, Xəzər bölgəsinin gənc iqtisadçıları üçün mükafatın təsisçisi olan bu şəxs 2010-cu ilin dekabrında "Villa Petrolea" iqamətgahında olub. Bununla bağlı, burada - əcdadlarının evində ona və Bakı Nobel İrsi Fondunun rəhbəri doktor Toğrul Bağırova «Qütb Ulduzu» ordeni (mülki xidmətlərə görə İsveç ordeni) təqdim olunub. Hekayə davam edir...
MƏSLƏHƏT GÖR: