4 Dekabr 2024

Çərşənbə, 12:35

VAXTANQOVÇULAR ALQIŞLA QARŞILANDI

Sarsılmaz sənət! Yevgeni Vaxtanqov adına Teatrın Azərbaycandakı parlaq qastrolu

Müəllif:

01.10.2019

Rusiyanın Yevgeni Vaxtanqov adına Teatrı yeni 99-cu mövsümü ərəfəsində Azərbaycanda qastrol səfərində olub. Qastrol Bakı Beynəlxalq Teatr Festivalı - M.A.P. çərçivəsində, həmçinin rus teatrlarının xaricdə qastrol fəaliyyətinin dəstəklənməsi üzrə Federal Mərkəzin "Böyük qastrollar" proqramı çərçivəsində baş tutub. Vaxtanqovçular Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Rimas Tuminasın səhnələşdirdiyi “Yevgeni Onegin” tamaşasını təqdim ediblər, həmçinin Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində Mixail Tsitrinyakın hazırladığı iki tamaşa - “Lanqustların fəryadı” və “Medeya” göstərilib. Qastrollarda Sergey Makovetski, Aleksey Quskov, Lüdmila Maksakova, İrina Kupçenko, Yuliya Rutberq, Olqa Lerman, Leonid Biçevin və başqaları iştirak ediblər. Tamaşalar rus dilində Azərbaycan subtitrləri ilə gerçəkləşdirilib.

 

«Yevgeni Onegin»

Tamaşanın janrı romandan səhnələrdir. Mənzum roman bizə məktəb skamyasından məlumdur. Ancaq belə bir nəhəng əsəri səhnə quruluşuna necə uyğunlaşdırmaq olar? Yalnız Rimas Tuminas kimi bir rejissorun cəsarətli düşüncəsi bunu yarada bilərdi! "Romandan səhnələr" - Puşkinin qəhrəmanlarının zamanın arxiv tozuna bürünüb keçmişdə qalmadığının təsdiqidir. Bu, quruluşçunun izləyiciyə bezdirmədən etdiyi təklifdir: həyatı sonraya təxirə salmamalı, bu gün - burada və indi yaşamalı. Əlbəttə, həyatda sonsuza qədər oynamaq olar, amma uduzan kim olacaq? Hər şeyi ümidverici gerçəklik kimi qəbul etmək olarmı?

Rimas Tuminasın tamaşasında Oneginin ətrafındakı gerçəklik daim hərəkət edir və dəyişir, təhrif olunmuş fəzaya bürünür. Gerçəklik haradadır, bəs, yalan harada? Həqiqət haradasa gerçəkliklə onun təhrifi arasında bir yerdədir. Ancaq qəhrəman onu tapmağa belə çalışmır, həyatın axını ilə üzərək, özünü həyat oyunu ilə əyləndirir. Bu tamaşadakı güzgü arxa planı tamaşanın düşüncələrinin təzahürü üçün texniki vasitə yox, əslində, Zaman adlı bir personajdır. O, Yevgeniyə və onun xatirələrinə qarşı amansızdır. Onegin, tamaşa müəllifinin istəyi ilə, həm də Müəllifin sözçüsüdür və həm də öz həyat hekayəsinin iştirakçısıdır. Makovetskinin qəhrəmanı həyatını xatırlayaraq, sanki onu yenidən yaşayır, dəhşətlə aşkar edir ki, "həyat" oyunu onun öz gerçəkliyini oğurlayıb. Və taleyindəki ən gerçək personaj Tatyana olub və o, indi "başqasına verilib və..."; onun tərəfindən güllələnmiş və ağır günahını ("yorğun vicdanına yüklənmiş şəri!")  xatırladan əbədi boyunduruğa çevrilmiş Vladimir Lenski də tamaşanın gedişində gah şən bir gənc, gah da yetkin bir adam kimi görünür, baxmayaraq ki, Müəllif –Onegin - Makovetski gənc yaşında onu dueldə öldürdü.  

Lakin əgər Lenski sağ qalsa idi, Oneginin fikrincə, o, məhz bu cür olmalı idi. Yetkinləşmiş Lenskinin təzahürü – bu, yalnız yaşlı Oneginin vicdan əzabı kimi ortaya çıxmır. Belə bir quruluş gedişi Tuminas kimi bir rejissor üçün həddindən sadə olardı. Lenskinin məhz Oneginin onu təsvir etdiyi formada görünməsi - günahın etirafı və cəzanın tam tənhalıq kimi verilməsidir. Axı, gerçəkdən, Yevgeni ömrü boyu heç vaxt Dost deyə biləcəyi bir adamla qarşılaşmadı.  

Müəllifin Oneginin dostu adlandırdığı Knyazla, çətin ki, Lenski arasında bərabərlik işarəsi qoya bilərik. Yevgeni Sevgili adlandıra biləcəyi Qadınla rastlaşmadı, çünki Sevgini öldürmüşdü. Bələkdə öldürmüşdü, onda altıncı hissi ilə birdən-birə anlamışdı ki, bu kənd qızını SEVİR, onda ürəyinə yol tapan xarakter cizgilərinin olmasının fərqinə varmağa macal tapmışdı.  

Rejissor da Tatyananın ad günündə Olqanın "yoldançıxarma" mizan səhnəsini elə qurur ki, aydın olsun: Onegin oyunçudur. Ancaq bu halda Tatyananın ad günündə iştirak edənlərin hamısının hisslərini təhqir edən hərəkətlərə və əməllərə onu heç də oyunçu həvəsi deyil, Qorxu yönəldir. Özünüzü və azadlığını itirmək, sevgi hissindən asılı vəziyyətə düşmək qorxusu. Sanki nəsə günah etdiyini anlayan kimi Müəllif - Onegin Puşkin misrası ilə özünə haqq qazandırmağa çalışır: “Kimə inanasan? Kimi sevəsən?" Cavabı da əminliklə və işi bilən kimi verir: "Özünüzü sevin!"

 

Rus ruleti  

Bu, Oneginin bəraət üsullarından biridir: öz günahını şəraitin üstünə atmaq. (Gerçəkdən, problemin yetərincə, çağdaş yozumu deyilmi?) Buna görə xoşuna gələn Tatyananın hissləri ilə oynayır, həm də dostunun hissləri ilə oynayır, anlamır ki, belə bir oyun - onu küncə sıxışdıran rus ruleti oyunudur. Sözün həqiqi mənasında Lenskiyə açılan – məcazi mənasında isə Tatyananı qəlbindən vuran güllə onun öz qəlbini hədəfə alıb.

Amma hələ ki, Yevgeni (Leonid Biçevin) soyuq və təkəbbürlü "laqeydlik"lə dalğın Olqa, qısqanclıqdan donmuş Tatyana və Oneginin davranışı ilə təhqir olunmuş Lenski üzərində hakimiyyətin dadını çıxarır. O, dostu Vladimirin onu duelə çağıracağına şübhə etmədən Tatyananı özündən uzaqlaşdırmaq üçün hər şeyi etdi. Müəllif - Onegin (Sergey Makovetski) keçən həyatına "göz gəzdirərək" bu səhnəyə yaşlı bir insanın kədəriylə baxır və ondakı hərəkətinin səbəbini yalnız indi başa düşür. Onda Sevgi kimi bir məsuliyyət yükü lazım deyildi. Ona! Belə dünyəvi, belə yaraşıqlı paytaxt insanına! Bəlkə, qarşıda onu daha parlaq bir perspektiv gözləyir? Belə vəziyyətdə onun bu kənd qızı öz duyğuları ilə ona lazımdırmı? Əgər ona Tanyanın sevgisindən yararlanmağa imkan verməyən cırlaşmış zadəganlığı olmasaydı, Onegini «qızıl oğlan» adlandırmaq olardı. Bir «qızıl oğlan» heç vaxt belə fürsəti əldən verməzdi.  

Bax, indi, bu hekayənin sonunda, müəyyən vaxt keçdikdən sonra (yalnız üç il keçib!) evli Tatyananın rədd cavabından sonra məğlub olan Onegin birdən faciəvi aydınlıqla anlayır ki, Həyatını uduzub. Onun həyatı nə kazinoda kart masası arxasında, nə də restoran masasında keçməyib. Onun həyatı xərclənib, Yevgeninin özünün belə qeyri-müəyyən təsəvvürə malik olduğu bir gözlənti uğruna ötüb keçib. Zahiri bər-bəzəkli həyatı gerçəklik kimi qəbul edib? Yox. Onegin nə şair, nə də romantikdir. O, öz praqmatik çağının övladıdır: ölçüsündə rasional, ölçüsündə laqeyd, ölçüsündə soyuqqanlı, ölçüsündə ehtiyatlı.

Lakin Rimas Tuminas Puşkinin qəhrəmanına, eləcə də Makovetskinin qəhrəmanına öz uğursuzluğunun günahını Zamanın boynuna yazmaqla özünü doğrultmaq şansı vermir. Bu, çox sadə olardı. Zamanın öz qanunları var. Hər zaman. Zaman onun xətti istiqamətini necə qiymətləndirməyi bilməyənlər üçün çox amansızdır. Rejissor izləyiciləri qəhrəmanın özünüdərklə Dostunu öldürməkdən daha ağır cinayət törətmiş bir insanı olduğunu aşkar etdiyi xəttə qədər aparır. Bu - Sevginin öldürülməsidir. Bəşəriyyətin ağır günahlarından biri, mənəvi cinayətdir, heç nə ilə yuyula bilməyəcək bir günahdır. Cəzası mənəvi təklik, mənəvi boşluq və yer üzündə var olmanın mənasını itirməsidir. Gerçək həyat Onegindən daha sərt imiş. Onu cəzalandırdı və onunla rus ruleti oynayaraq ürəyindəki "güllə" ilə yaşamağa məhkum etdi.

 

Dərin məna

Tamaşa-bəyan, tamaşa-əfsanə ölməz klassik əsərə marağı qaytarmaqla yanaşı, həm də insanın toplumdakı problemlərinin aktuallığına və çağdaşlığına inandırdı. Bəzilərinə elə gələ bilər ki, rejissorun bu səhnə versiyasında hekayənin qəhrəmanı Tatyana Larina olur. Ancaq bu, yalnız ilk baxışda belədir. Mizan səhnə rəsminin dəqiqliyi və personajların şəhərin və ya kəndin əyalət həyatının fonunda inkişaf edən münasibətlərinin müfəssəlliyi bunun əksini göstərir.  

Biz hekayəyə Müəllif - Onegin - Makovetskinin gözü ilə baxırıq, yaşananları onunla birlikdə yenidən gözdən keçirərək, hadisələr zəncirini təhlil edirik. Təbii ki, Tatyana Larina (Olqa Lermanın əla ifası) qəhrəmanın bu düşüncə prosesinin mərkəzinə çevrilir! Qəhrəmanın bütün hissləri və düşüncələri ona deyilsə, kimə yönəlib? O, cazibə mərkəzidir və vecsiz zamanın bugünkü standartlarına görə, o, mənəviyyat fenomenidir. Deyin görək, bu gün hər şey mənəvi dəyişilmə və dönmələrin dəbli axınlarında boğularkən, "başqasına verilmişəm və əbədi olaraq ona sadiq qalacağam" sözləri ilə sevdiyini rədd edərək, sevmək və sevilmək şirnikləndirməsinə qarşı çıxmaq istəyər?  

Puşkinin Tatyanası və Tuminasın Tatyanası – bu, hamının sahib olmaq istəyən Qadının əxlaq idealıdır, amma heç də hər kəs onu yanında tutmağı bacarmır. Təəssüf ki. Belə alınır ki, həyat Tatyananın qarışıq yuxularında gördüyü Ayı ilə rəqsdən başqa bir şey deyil və bu, onun qadın taleyinin təcəssümüdür. Sonrası da var. Rejissor qəhrəmanın fiziki məkanını yönəldən güzgülərə əlavə olaraq qardan da istifadə edir. Ağ, uçan, havada üzən, qasırğa burulğanında fırlanan qar dənələri təmizlik və soyuqluq hissi yaradır. Göstərir ki, soyuqluq - iqlim və ya zehni olmasından asılı olmayaraq, istənilən fəzanı boşaldaraq cansız hala gətirə bilər. Oneginin ruhu qarlı fəzaya bənzəyir. Qarlı bir qış günündə qarla örtülü bir tarla kimi soyuq və boşdur...

 

İkiqat yüzillik və önəmi

2019-cu ilin sentyabrında 99-cu teatr mövsümünə girən S.Vurğun adına Akademik Rus Dram Teatrının 100 yaşı 2020-ci ilin dekabrında tamam olacaq! Yevgeni Vaxtanqov Teatrının yüz illiyi isə 2021-ci ilin noyabr ayına düşür. Teatrlar, demək olar ki, yaşıddırlar, amma taleləri fərqlidir. Hər iki kollektivin bioqrafik və tarixi məlumatlarının çoxluğuna baxmayaraq, bir şeyi hamıya məlumdur - Moskvanın Vaxtanqov Teatrını Bakıda yaxşı tanıyır və sevirlər. Teatr sovet dövründə də, keçid dövründə də və postsovet dövründə də burada olub. Aktyorlarının yaradıcılığı ümummilli lider Heydər Əliyev tərəfindən də yaxşı tanınıb və sevilib. Bunu dəfələrlə Bakıya tamaşalarla qonaq gəlmiş Vasili Lanovoy söylədi, o əfsanəvi və fövqəladə insanla görüşlərindən xoş xatirələri olduğunu dedi.

Aktyor, SSRİ xalq artisti Vasili Lanovoyun Azərbaycan KİV-lərindən birinə verdiyi müsahibədən: “Heydər Əliyevlə Yevgeni Vaxtanqov Teatrına qastrol səfəri zamanı tanış olduq. Biz bir həftəyə yaxın Bakıda olduq. Heydər Əliyevlə görüş yaddaşımda xeyirxah, ziyalı bir insan barədə gözəl hisslər kimi qalıb. Bütün aktyorlar bunu dərhal hiss etdilər və məmnuniyyətlə onunla söhbətlərdə iştirak etdilər.”  

Yenidənqurmadan sonrakı dövrdə də Vasili Lanovoy 2011-ci ilin iyununda “Həvvaya ithaf” tamaşası (E.E.Şmittin “Əsrarəngiz variasiyalar” pyesi) ilə yenidən Rus Dram Teatrının səhnəsinə çıxıb. Və indi də Vaxtanqovçular yenidən Bakıdadırlar.

Baş rol Medeyaya görə aktrisa Yuliya Rutberq «Billur Turandot» mükafatına layiq görülüb. İason rolunu Qriqori Antipenko oynayıb. Sara Bernarın "Lanqustların fəryadı" tamaşasında aktrisanın tərəfdaşı Andrey İlyin olub. Əgər əvvəllər Bakı tamaşaçıları bu populyar aktyorların yalnız kinodakı işləri ilə tanış idilərsə, indi onların teatr səhnəsindəki peşəkarlıqlarını da qiymətləndirə bilirlər.  

Hər üç tamaşa oktyabrın 10-dan 20-dək Bakıda keçiriləcək III Beynəlxalq Teatr Festivalı üçün bir növ proloq oldu. Üstəlik, onlardan birinin öz əhvalatı var. Rus teatrlarının xaricdə qastrol fəaliyyətinin dəstəklənməsi üzrə Federal Mərkəzin baş direktoru Anton Proxorov bu barədə 2016-cı ilin noyabrında Bakıda mətbuat konfransında danışıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vaxtanqov Teatrında "Yevgeni Onegin" tamaşasında olub. Tamaşanı çox bəyənib. "Bizim səhnə arxasında danışmaq fürsətimiz oldu və beləliklə, tamaşanı Bakıya gətirmək, onu Bakı tamaşaçılarına göstərmək fikri yarandı". O vaxtdan üç il keçib və budur, vitse-prezident Mehriban Əliyevanın ideyası həyata keçirilib. Nəticədə, bakılılar, həqiqətən, gözəl bir hədiyyə alıblar: kult-tamaşa, bestseller-tamaşa Bakıya gəlib!



MƏSLƏHƏT GÖR:

580