Müəllif: Natiq NAZİMOĞLU
İsraildə bir ildə ikinci dəfə növbədənkənar parlament seçkisi keçirilib. Lakin bu seçkidən sonra da hakim koalisiyanın qurulması perspektivi kifayət qədər dumanlı görünür. Daha aydın görünən odur ki, İsrail Yaxın Şərq münaqişəsində sərt mövqeyini davam etdirəcək (ən azı ümumi mənzərədə). Hər halda, seçkidə daha çox səs toplamış siyasi qüvvələr məhz bu mövqeyə sahib olanlardır.
Koalision qeyri-müəyyənlik
Apreldə keçirilmiş seçkidən sonra hakim «Likud» partiyası ilə müxalifətçi sol-mərkəzçi «Kaxol-lavan» bloku 120 yerlik parlamentdə hərəsi 35 deputat mandatı qazanmışdı. O zaman baş nazir Binyamin Netanyahu daha kiçik olan sağçılar və dini-ortodoksal partiyalarla koalisiya yarada bilməmişdi. Çünki hakim koalisiyaya iddia edən, sabiq müdafiə naziri Aviqdor Libermanın «Bizim evimiz İsrail» (BEİ) partiyası sonuncularla əməkdaşlıqdan imtina edirdi.
Bütün bunların nəticəsində mayda Knesset özünü buraxmış, sentyabrın 17-nə növbədənkənar seçki təyin edilmişdi.
İsrailli ekspertlər deyir ki, ölkə hələ belə seçki kampaniyasına şahidlik etməyibmiş. Müxtəlif siyasi qüvvələri təmsil edən siyasətçilər bir-birinə qarşı ən müxtəlif ittihamlar irəli sürür, üstəlik, qarşılıqlı tənqid daha çox ideoloji deyil, şəxsi xarakter daşıyırdı. Burada əsas «pay» rüşvət, dələduzluq və xalqın inamından sui-istifadə kimi qalmaqallarla siyasi mövqeyi xeyli zəifləmiş Netanyahuya düşüb. Baş nazir və «Likud» partiyasının lideri bu ittihamları birmənalı olaraq rədd etsə də, siyasi rəqiblərinin ona ünvanladıqları ittihamlar seçkinin nəticəsinə təsirsiz qalmayıb.
Ən çox səsi «Kaxol-lavan» toplayıb və nəticədə, 33 mandat qazanıb. Netanyahunun partiyası 31 mandatla kifayətlənməli olub (aprel seçkisindəkindən 4 mandat az). Son seçkidə diqqəti çəkən məqam «Birgə ərəb siyahısı»nın 13, ortodoksal «Şas» partiyasının 9, rusdilli israillilərin maraqlarını ifadə edən BEİ-nin 8 deputat kürsüsünə yiyələnməsidir.
İsrail prezidenti Reuven Rivlin seçkidən dərhal sonra parlament fraksiyaları ilə yeni hökumətin formalaşdırılmasına dair danışıqlara başlasa da, məsələnin qəlizliyi göz qarşısındadır. Vəziyyət o qədər qarışıqdır ki, il ərzində Knessetə üçüncü növbədənkənar seçkinin keçiriləcəyi belə, istisna deyil.
Məsələ ondadır ki, parlamentdə sentyabrın 17-də keçirilmiş seçkinin nəticəsinə formalaşmış qüvvələr nisbəti uğurlu hakim koalisiyanın yaradılacağı perspektivi vəd etmir. Məlum olduğu kimi, kabineti seçkidə qələbə qazanmış partiya qurmalı, baş nazir isə həmin siyasi qüvvənin lideri olmalıdır. Bu məntiqdən çıxış edərək, prezident hökumətin formalaşdırılması mandatını «Kaxol-lavan» partiyasının lideri, İsrail Ordusu Baş Qərargahının sabiq rəhbəri Beni Hansa verməlidir. Lakin o, sırf taktiki məqsədlərlə hökumətin formalaşdırılmasına başlamağa tələsmir. Bəlkə də, o, indiki baş nazirin yeni hökuməti qurmaq istiqamətində tam iflasa uğramasını gözləyir.
Məsələ ondadır ki, hökumət Knessetin ən azı 61 deputatı tərəfindən dəstəklənməlidir. Lakin indiki şəraitdə bu dəstəyi istər Netanyahunun, istərsə də Hansın əldə etməsi son dərəcə çətindir. Hesablamalar göstərir ki, Hansın namizədliyini yalnız 57 deputat dəstəkləyə bilər. Üstəlik, bu, «Netanyahunu devirmək üçün hər şeyə hazır olduğunu» bəyan etmiş Əhməd Tibinin təmsil etdiyi «Birgə ərəb siyahısı» da nəzərə alınmaqla belədir.
Hazırkı baş nazir isə sağçı və klerikal düşərgədən olan 55 deputatın dəstəyinə ümid edə bilər. «Likud»la yanaşı, dini partiyalar olan «Yaadut a-Tora» ilə «Şas» da Netanyahuya dəstəyini ifadə edib. Onlar vahid blok halında hökuməti formalaşdırmaqla bağlı danışıqlara başlamağa qərar veriblər.
Yaranmış vəziyyətdə BEİ-nin mövqeyindən çox şey asılıdır. Lakin o, deyəsən tərəflərdən heç birinə qoşulmaq niyyətində deyil. Partiyanın lideri ərəb deputatlar və yəhudi ortodoksal partiyalarla heç bir halda koalisiyaya getməyəcəyini dəfələrlə bəyan edib. Demək, Liberman nə o cümlədən 13 ərəb parlamentarinin dəstəyinə arxalanan Hansı, nə də 17 ortodoksal deputatın loyallığına bel bağlamış Netanyahunu dəstəkləyəcək. Hər halda, BEİ lideri seçkidən dərhal sonra elan edib: «Baş nazir Netanyahunun ortodoksal partiyalar və milli-dini blokla razılaşmaya getməsindən sonra biz onun hökumət başçısı postuna namizədliyini dəstəkləməmək qərarına gəlmişik. «Birgə ərəb siyahısı» isə İsrail dövlətinin aşkar düşmənidir. Odur ki, baş nazir postuna Beni Hansın namizədliyini də dəstəkləyə bilmərik. Qərarımız bu namizədlərdən heç birinin dəstəklənməməsidir».
Milli birlik hökuməti?
Belə son dərəcə qeyri-müəyyən vəziyyətdə ilk baxışdan mümkünsüz görünən ssenari gerçəkləşə bilərmi? Söhbət bir-birinə tam zidd olan, lakin seçkidə ən çox səs toplamış iki partiyanın – «Kaxol-lavan»la «Likud»un koalisiya qurmasından gedir. Beni Hans sentyabr seçkisinədək «Likud», hətta BEİ-nin də iştirakı ilə milli birlik hökumətinin yaradılmasını mümkün sayırdı. SAXAL Baş Qərargahının sabiq rəisinin fikrincə, belə hökumət ölkənin dünyəvi düşüncəli əhalisinin əksəriyyətinin maraqlarını ifadə edərdi. Çünki orada «ortodoksal acgözlüyə və radikal sağçılığa yer olmayacaq».
«Kaxol-lavan»la «Likud»un mümkün koalisiyası, əlbəttə ki, parlamentdə dayanıqlı çoxluğa malik olardı. Nəticədə, onun iştirakçıları Netanyahu ilə Hansın növbə ilə baş nazir olmalarına dair də razılığa gələ bilərdilər. Lakin Hans «Likud»la yalnız bir halda koalisiyaya gedə biləcəklərini bəyan edib: Netanyahu istefa verməlidir! Yəni «Kaxol-lavan»ın lideri «Likud»la koalisiyanı mümkün sayır, lakin yeni hökumətdə Netanyahunun təmsil olunmasını birmənalı şəkildə rədd edir.
Yeri gəlmişkən, «Kaxol-lavan» tərəfindən «Likud»la birlikdə əməkdaşlığa dəvət olunan BEİ Netanyahu ilə Hans arasında razılığın əldə edilməsi ehtimalına istehzalı reaksiya verib. Liberman bildirib ki, «Likud»la «Kaxol-lavan» arasındakı dialoqa maneə birinci kimin baş nazir olacağı məsələsidir. «Qoy püşk atsınlar, yaxud yumruq davasına çıxsınlar», - deyə Liberman qeyd edib.
Beləliklə, İsraildə yeni hökumətin formalaşdırılmasına dair məsləhətləşmələr kifayət qədər ağır keçir. Amma buna baxmayaraq, prosesin əsas iştirakçıları arasında bu və ya digər razılığın əldə olunması ehtimalı kifayət qədər yüksəkdir. Partiyalar seçki prosesindən bezib və odur ki, parlamentin növbəti dəfə buraxılması, il ərzində üçüncü növbədənkənar seçkinin keçirilməsi heç kəs üçün arzulanan deyil. Odur ki, ola bilsin İsraildəki «koalisiya» probleminin nizamlanmasına xarici faktorlar da təsir göstərdi. Çünki bu faktorun ərəb-israil münaqişəsi bölgəsindəki hadisələrin hansı istiqamətdə inkişaf edəcəyinə də təsiri az deyil.
«Ali dəyişikliklər nöqtəsi» dünyaya nə gətirir?
Görünən odur ki, beşinci baş nazirlik müddətinə iddia edən, fasilələrlə ölkəyə 10 ildən artıq başçılıq etmiş (bu, İsraildə rekorddur) Benyamin Netanyahu ABŞ-ın dəstəyinə də arxalanır. ABŞ prezidenti Donald Trampın yalnız ölkəsinin Yaxın Şərqdəki əsas müttəfiqi olan İsrail dövlətinə deyil, şəxsən Netanyahuya da iltifat etdiyi məlumdur. Onun ciddi demarşları məhz Netanyahunun baş nazir olduğu illərə təsadüf edir. Söhbət yəhudi dövlətinin yaradılmasının 70 illiyi münasibətilə Qüdsün İsrailin paytaxtı kimi tanınmasından, həmçinin işğal edilmiş Suriya ərazisi olan Qolan təpələrinin İsrailin tərkib hissəsi elan olunmasından gedir. Trampın aprel seçkisi ərəfəsində verdiyi son qərarın Netanyahu və «Likud» partiyasına dəstək olduğu heç kəs üçün sirr deyil.
Bununla yanaşı, baş nazirin özü öz seçki kampaniyasını yeni millətçi məzmunlu təşəbbüslərlə də gücləndirməyə çalışıb. Seçki ərəfəsində o, qələbə qazanacağı təqdirdə İordan çayının qərb sahilinin əhəmiyyətli bir hissəsini ilhaq edəcəklərini bəyan etmişdi. Söhbət İsrailin 1967-ci ildə ələ keçirdiyi və son illər beynəlxalq birliyin qanunsuz hesab etməsinə rəğmən, yəhudi yaşayış məntəqələrinin tikildiyi torpaqlardan gedir.
Netanyahu yeni hakim koalisiyanın qurulması cəhdləri fonunda «yəhudi xalqı və İsrail dövlətinin tarixində ən ali dəyişikliklər nöqtəsi» vəd edir, həmvətənlərini «tarixi missiyanın başa çatdırılması, İsrail dövlətinin sərhədlərinin birdəfəlik müəyyənləşdirilməsi və təhlükəsizliyinin təmini üçün» qətiyyətli olmağa çağırır. Fələstinlilər isə onun bu təşəbbüslərini yeni hərbi cinayətlərə hazırlıq kimi qiymətləndirir və bunun regionda sülhə olun ümidləri birdəfəlik dəfn edəcəyini bildirir.
Bəs, Netanyahu və rəhbərlik etdiyi partiya İsraildə siyasi olimpi, həqiqətən, tərk etmək məcburiyyətində qalacaqsa, Təl-Əvivdən münaqişənin həlli perspektivinə daha çevik yanaşma gözləmək olarmı? «Kaxol-lavan»ın lideri Beni Hans hələ ki, Netanyahunun ilhaq planına konkret münasibət bildirməyib. Amma SAXAL Baş Qərargahının sabiq rəisindən mülayimlik gözləmək üçün heç bir əsas yoxdur. Aviqdor Libermanın bu və ya digər koalisiyada mümkün iştirakı da İsrailin hazırkı geosiyasi kursdan imtina etməyəcəyi anlamına gəlir. Çünki BEİ fələstinlilərə qarşı sərt mövqeyilə tanınan siyasi qüvvədir. Hər halda, Libermanın Knessetə düşmüş ərəblərlə birgə koalisiyada yer almaq istəməsi çox şeydən xəbər verir. Fələstin ərazilərinin işğalına qarşı olan «Merets» partiyasının seçkidə cəmi 5 mandat qazanması isə İsrail elektoratının mövqeyini eyni dərəcədə ortaya qoyur.
Başqa sözlə, İsraildə siyasi qüvvələr nisbətində baş verə biləcək mümkün yeniliklər Yaxın Şərq münaqişəsi üçün heç bir dəyişiklik vəd etmir. Bu mənada sentyabr seçkisinin nəticəsi daha çox daxili siyasi məsələdir.
MƏSLƏHƏT GÖR: