Müəllif: Bəxtiyar ASLANBƏYLİ, «BP»nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda ictimaiyyət, xarici əlaqələr və strateji məsələlər üzrə vitse-prezidenti
Xəzərin dünyanın ən nəhəng neft-qaz sənayesi mərkəzlərindən biri kimi yüksəlişi 1994-cü ildə – Azərbaycanın müstəqillik qazanmasından cəmi 3 il sonra imzalanmış müqavilə ilə başlayıb. Bu il Azərbaycanın xarici neft şirkətlərilə imzaladığı həmin müqavilənin 25 yaşı tamam olur. Söhbət xarici şirkətlərin ölkənin Xəzərdəki zəngin resurslarının işlənməsinə investisiya yatırmasını nəzərdə tutan sənəddən gedir. «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun birgə işlənməsi məqsədilə imzalanmış bu sənədi Azərbaycan Prezidenti Heydər Əliyev «Əsrin müqaviləsi» adlandırmışdı. Bu ad müqavilənin ölkə üçün əhəmiyyətini ideal şəkildə ortaya qoyurdu. O, Azərbaycanın yeni, müstəqil tarixinin, həmçinin ölkənin neft-qaz sənayesinin dirçəldilməsinə aparan uzun yolun başlanğıcı idi.
Ədalətli və şəffaf tərəfdaşlıq modeli
«Əsrin müqaviləsi» həm də bir nümunə oldu – Azərbaycan keçmiş SSRİ respublikaları arasında enerji sektorunu beynəlxalq aləmin üzünə açan, bununla yanaşı, regiondakı qonşuları ilə dostluq münasibətlərini qoruyub saxlamağı bacaran ilk ölkə idi.
O, «BP» kimi beynəlxalq neft şirkətlərinin neft-qaz yataqlarının işlənməsinə əminliklə nəhəng investisiya yatırmağa başladığı bir model oldu – o dövrdə bu işlər kifayət qədər riskli sayılırdı. İqtisadiyyatda, idarəçilik konsepsiyasında, üsulunda və prosesində, texnologiyalarda və infrastrukturda dəyişikliklərə ciddi ehtiyac var idi. Bir sözlə, həmin dövrdə tam yeni biznes mühiti yaradılmalı idi.
Ölkə lazımi dəyişikliklərin kifayət qədər tez bir zamanda həyata keçirməyə başladı və bu, xarici tərəfdaşlarda Azərbaycana inam yaratdı. Nəticədə, onlar ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya yatırmağa başladılar. Artıq həmin investisiyalar Azərbaycanda güclü, dayanıqlı iqtisadiyyatın qurulmasına hesablanmış layihələrin reallaşdırılmasını mümkün edirdi. Bütün bunları yaxşı anlayan ölkə kifayət qədər operativ hərəkət edirdi. Xarici investorlara Azərbaycanda gəlirli, dayanıqlı biznes qurmaq üçün lazımi şərait yaradılır və hökumət bu siyasətə sadiq olduğunu hər addımda nümayiş etdirirdi.
Bununla yanaşı, hökumətin xalqın gələcəyinin qurulmasına dair planları çoxşaxəli idi: əlverişli, şəffaf və ardıcıl olacaq işgüzar, hüquqi və vergi mühitinin yaradılması, keçmişin nailiyyətlərinə əsaslanan təhsil sisteminin qurulması, bacarıqlı insanların biznesə yönəldilməsi, vəhdəti və effektivliyi təmin edəcək dövlət və biznes mədəniyyətinin yaradılması.
Bütün bunlar nəinki xarici investisiyaları cəlb etməli, gəlirlilik və dayanıqlılıq üçün güclü əsas yaratmalı, həm də yerli sahibkarlığın inkişafına yardım etməli idi.
Bu gün – «Əsrin müqaviləsi»nin imzalanmasından 25 il sonra Azərbaycanda bu cür birgə layihələrin görünməmiş uğur qazanmasının səbəbini soruşsaq, cavab konkretdir: etibarlı, ədalətli və şəffaf tərəfdaşlıq! Bu gün əminliklə deyə bilərik ki, «BP» və tərəfdaşları Azərbaycan hökuməti və SOCAR-la əl-ələ verərək, dünyada dövlət və özəl biznes arasında ən uğurlu tərəfdaşlıq nümunələrindən birini yaradıblar. Məhz bu tərəfdaşlıq ölkənin və regionun tamamilə yenidən qurulmasına yol açıb.
İqtisadiyyat üçün güclü impuls
Xarici investorların regiona gəlişilə bağlı son 25 ilin xronologiyasına nəzər saldıqda görünən mənzərə kifayət qədər parlaqdır. Söhbət Xəzərdə təhlükəsiz, məsuliyyətli və effektiv işə əsaslanan çoxsaylı nadir və əhəmiyyətli nailiyyətdən gedir. Bu isə öz növbəsində, istər ölkə, istərsə də onun işgüzar tərəfdaşları üçün son dərəcə gözəl nəticələr verib.
Odur ki, «Əsrin müqaviləsi»nin imzalandığı andan bu yana yaşanan son dərəcə gözəl prosesi yalnız ölkə deyil, bütünlükdə region baxımından qiymətləndirməmiz vacibdir. Dünyanın ən böyük neft-qaz şirkətlərinin qoşuluğu bu müqavilə sonradan hasilatın pay bölgüsünə dair 30-dan çox sazişə də yol açıb. Bu isə Azərbaycan dövlətinə ciddi yeni gəlir mənbələri yaradıb, güclü və inkişaf edən iqtisadiyyatın yaradılmasına imkan verib. Ölkə məhz «Əsrin müqaviləsi» sayəsində dünya ilə yeni kommersiya əlaqələri qurub. O, dənizdə karbohidrogenlərin dünya səviyyəsində hasil olunmasını təmin edib, təhlükəsiz, ekoloji baxımdan risksiz neft ixracı sistemini yaradılmasına imkan verib. Söhbət Xəzər neftinin bilavasitə dünya bazarına nəqlini təmin edən Bakı-Tbilisi-Ceyhan neft kəmərindən gedir.
Yenə də bu müqavilə çərçivəsində Xəzər sahilində dünyanın ən müasir neft-qaz emalı müəssisələrindən biri qurulub.
Bu da son deyil. «Əsrin müqaviləsi»nin reallaşdırılması investorlarda «Şahdəniz» kimi nəhəng qaz yatağının işlənməsi layihəsinə əminlik yaradıb. Məhz bu yatağın işlənməsi nəticəsində gələn il Xəzər qazı tarixdə ilk dəfə olaraq Avropa bazarlarına nəql olunacaq. Onun nəqli Azərbaycandan Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə, İtaliyayadək uzanan nəhəng xətlə həyat keçiriləcək.
Bu müqavilənin reallaşdırılması çərçivəsində dünya səviyyəli istehsalat obyektləri tikilib, personalın hazırlanması, təhsil sisteminə dəstək kimi işlər görülüb, ümumilikdə peşəkar hazırlıq və inkişafla bağlı milli baza gücləndirilib. Nəticədə, yerli təchizat sisteminin rəqabət qabiliyyəti güclənib, ali təhsilli yerli mühəndislərin və digər mütəxəssislərin ixtisaslaşmasının dünya səviyyəsinə çatdırılmasına stimul yaranıb.
Müqavilənin reallaşdırılması çərçivəsində tikinti işlərinin aparıldığı 10 minlərlə iş yeri açılıb. Bu isə yüzlərlə kənd məntəqəsinin dayanıqlı inkişafını təmin edib, infrastrukturun, təhsilin inkişafına yol açıb, gəlirli biznes sahələrinin yaranmasına imkan verib.
Bir sözlə, uğurların, məziyyətlərin miqyası böyükdür. Bütün bunlar bütün tərəflərin işdə razılaşmanın tələbləri və standartlarına birmənalı şəkildə əməl etməsilə mümkün olub. Bütün tərəflər hasilatın pay bölgüsülə bağlı tələblərə də tam əməl edib və sonradan bu maddə ölkədə qanun statusu qazanıb.
Cəmi bir müqavilənin bu qədər dəyişikliyə, yenidənqurmaya, irəliləyişə və milli inkişafa yol açdığına inanmaq həqiqətən çətindir. Sadalanan nailiyyətlərin cəmi bir neçəsi kifayət edir ki, iştirakçılar tarixin bir hissəsi olduqları ilə qürur duysunlar.
Bütün bunlarda ölkə rəhbərliyinin, onun neft-qaz sahəsində uzaqgörən siyasət yürütməsinin payı, şübhəsiz ki, çox böyükdür. Burada Azərbaycan xalqının dəyişikliklərə, yenidənqurmaya və inkişafa hazır olması da böyük rol oynayıb. Etiraf etmək lazımdır ki, hökumətin xarici və yerli sahibkarlar üçün sağlam, əlverişli şəraitin yaradılmasına yönəlmiş islahatları olmasaydı, sadalanan uğurların əldə edilməsi mümkünsüz olardı. Burada hökumət, müvafiq nazirliklər və SOCAR-ın xarici neft şirkətləri və onların subpodratçıları ilə sıx əməkdaşlığı da xüsusi vurğulanmalıdır.
Bütün sadalananların nəticəsində cəmi 25 ilə bütün Azərbaycan dəyişib və indi o, dünyanın neft-qaz istehsal edən əsas ölkələrindən biri kimi doğru inkişaf yolu ilə irəliləyir. Sənayenin inkişafı Azərbaycanı regionun mərkəzinə çevirib. Bu gün onun birgə müəssisələr və iş yerləri yaratmaq, tərəfdaş münasibətləri qurmaq, dünya bazarları ilə əlaqələri genişləndirmək, müasir texnologiyalar və dünya təcrübəsini ötürmək, miqyaslı və ciddi gəlir gətirən neft-qaz layihələri üçün dinamik xidmət sektorunu inkişaf etdirmək imkanları kifayət qədər genişdir. Bu, ölkəyə iqtisadiyyatın digər sektorlarında da şaxələndirmə aparmaq imkanı verib. Neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində ciddi addımlar atılıb ki, bu da ölkənin sürətli və dayanıqlı iqtisadi inkişafına əlavə dəstəkdir.
Vacib üstünlük – güclü insan kapitalı
Xidmət sektorunda istehsalat sahəsindən dəfələrlə çox iş yerinin yaranacağı lap əvvəldən bəlli idi. Bu üzdən də, dövlət diqqəti daha çox neft-qaz sektoru üçün dinamik xidmət sahəsinin inkişafına, həmçinin iqtisadiyyatın digər sahələrində şaxələndirməyə yönəltmişdi.
Bununla eyni vaxtda, yüksək ixtisaslı yerli mütəxəssislərin, dünya səviyyəli işçi qüvvəsinin yaradılması üzərində də çalışılırdı. Məqsəd «neft kapitalının insan kapitalına çevrilməsi» idi.
Biz də Azərbaycanın Xəzərdəki uzunmüddətli tərəfdaşı olaraq, layihələrimizdə və şirkətimizdə çalışan Azərbaycan vətəndaşlarının hazırlığı, ixtisaslarının artırılması sahəsindəki nailiyyətlərimizlə qürur duyuruq. Hər halda, kifayət qədər çox sayda milli mütəxəssisin yaradılması məsələsində Azərbaycanda real uğurlu təcrübəmiz var. İndi həmin şəxslər beynəlxalq ekspertlərlə rəqabət apara, «BP»nin bütün dünya üzrə apardığı qlobal biznesdə işə qəbul oluna bilirlər. Bu fikri cəmi bir misal göstərməklə təsdiqləyə bilərəm: yalnız 2019-cu ildə 10-dək gənc azərbaycanlı «BP»nin qlobal biznesində rəhbər vəzifələrə təyinat alıb.
Bu, insan kapitalının yaradılması ənənəsinin geri qayıtdığının aşkar göstəricisidir. Bir vaxtlar çoxsaylı xarici ölkə üçün neft mütəxəssislərinin hazırlandığı mərkəz sayılan, özünün Sovet İttifaqında lider sayılan neft universiteti olan Azərbaycan milli potensialın inkişafında köhnə uğurlarını bərpa edir. Nəticə, həqiqətən, gözəldir: ölkənin bugünkü yerinə, onun qeyri-neft sektoruna, dünya səviyyəli milli potensialına, regional və dünya bazarlarına ixrac etdiyi istedadlı insanlarına nəzər salın.
Xəzərdə biznes məkanı
Müxtəlif sahələrə, o cümlədən insan kapitalının inkişafına investisiya qoyuluşları çox önəmlidir. Bu, ölkənin regionun işgüzar mərkəzinə imkan verir. Azərbaycan müstəqillik qazandığı andan özünü regionun biznes mərkəzi kimi təsdiqləməyə çalışıb və bu hədəfə uğurla nail olub.
Azərbaycanın, həqiqətən, fəxr edə biləcəyi 25 illik inkişaf və uğur tarixçəsi onun özünün və xarici tərəfdaşlarının uzunmüddətli planlarını icra etmək üçün əsaslana biləcəyi təməldir. Biz Azərbaycanın ən nəhəng xarici tərəfdaşı, ölkədə neft-qaz hasilatı üzrə nəhəng layihələrin operatoru olaraq tam əminik ki, burada biznes bundan sonra da çiçəklənəcək. Məhz bu üzdən AÇG və «Şahdəniz» layihələrindəki tərəfdaşlarımızla hər iki layihənin müddətini əsrin ortalarınadək uzatmışıq. Biz Azərbaycana biznesin aparılması üçün son dərəcə gözəl məkan kimi baxırıq. Bura investorların uğurlu biznes, şirkətlərin effektiv iş qura bildiyi ölkədir.
Azərbaycan vətəndaşları isə yüksək savada, təhsilə malikdirlər. Onlar biznesə karyeranın inkişafı üçün gözəl imkanlar açan cəlbedici, stimullaşdırıcı fəaliyyət kimi baxırlar.
MƏSLƏHƏT GÖR: