Müəllif: Nigar ABBASOVA, Bakı - İzmir - Bakı
Bir il öncə - 19 oktyabr 2018-ci il tarixdə Türkiyənin iqtisadi həyatında önəmli bir hadisə baş verdi: İzmirin Aliağa bölgəsində «SOCAR Turkey Enerji» (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) tərəfindən nəzarət olunan «STAR» neft emalı zavodu (NEZ) istifadəyə verildi. Bu, Azərbaycan Dövlət Neft Şirkətinin xaricdəki ən böyük sərmayələrindən biridir.
Layihə Azərbaycan üçün ildə yarım milyard dollar səviyyəsində gözlənilən gəlir baxımından önəmli olmaqla yanaşı, həm də SOCAR-ın Aralıq dənizi bazarına dizel yanacağı və reaktiv yanacaq, həmçinin kimya sənayesi üçün xammal ilə çıxması üçün şərait yaradır.
«STAR» NEZ-in baş direktoru Məsud İLTƏR «R+»a müsahibəsində zavodun ötən dövrdəki uğurları və gələcək planları barədə məlumat verib.
- «STAR» zavodunun Azərbaycan üçün önəmini necə qiymətləndirərdiniz, layihədən real dividendlər nə olacaq?
- Əvvəlcə qeyd edim ki, «STAR» NEZ-in tikintisi Azərbaycanın və SOCAR-ın bir məhsuldan (neftdən) asılılığı azaltmaq üzrə strategiyasına uyğundur. O cümlədən «STAR» neft emalı zavodu SOCAR şirkətinin neft emalı və neft-kimya kompleksinin mühüm bir hissəsi olmaqla, dünyada neft qiymətlərinin aşağı düşəcəyi təqdirdə, Dövlət Neft Şirkətinin gəlirliyinin tənzimlənməsinə kömək edəcək. Nəzərə almaq lazımdır ki, STAR neft emalı zavodu «Petkim» neft-kimya kompleksini xammal ilə təmin edir, bununla da, bu müəssisənin əməliyyat rentabelliyini artırır və əlavə qazanc yaradır. Ən əsası, SOCAR Azərbaycanın okeana birbaşa çıxışı olmaması şəraitində STAR NEZ-in Egey dənizindəki ən böyük liman «SOCAR Terminal»a yaxınlığı səbəbindən zavodun məhsullarını dünyanın istənilən nöqtəsinə çatdıra bilər. Bir sözlə, Azərbaycan Aliağa bölgəsində böyük sənaye kompleksi yaradılması hesabına dünya logistika şəbəkəsinə bir pəncərə açdı. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, «STAR» neft emalı zavodu son 60 ildə Türkiyədə tikilmiş ilk neft emalı zavodudur.
- «STAR» NEZ-in ilk fəaliyyət ilini necə qiymətləndirirsiniz?
- Zavodun emal gücü ildə 10 milyon ton və ya gündə 214 min barel neftə bərabərdir. Şirkət 100 növə qədər neft emal edə bilir. İstehsal olunan neft məhsullarının çeşidləri sırasına ildə 1,6 milyon ton nafta və 4,8 milyon ton dizel yanacağı ilə yanaşı, reaktiv yanacaq, sıxılmış qaz, neft koksu, riformat və digər məhsullar daxildir.
Bu ilin avqust ayında zavodda bütün test sınaqları başa çatdı və sentyabrın sonunda «STAR» neft emalı zavodu tam gücünə çıxdı. Bu, o deməkdir ki, artıq gələn il zavodda 10 milyon tona qədər neft emal ediləcək. Ötən ilin oktyabr ayında «STAR» neft emalı zavodunun istifadəyə verildiyi andan bu ilin avqust ayına qədər burada 4,8 milyon ton neft emal edilib və ilin sonuna qədər bu rəqəm 7,5 milyon tona çatacaq. 2019-cu ilin 8 ayında şirkət 4,5 milyon ton müxtəlif növ neft məhsulları istehsal edib və bunlar daxili bazarda satılmaqla yanaşı, Aralıq dənizi və Şərqi Avropa ölkələrinə də ixrac olunub.
Ancaq biz daxili bazara daha çox diqqət ayırırıq və bu hədəfi həyata keçirməyə çalışırıq. Axı, zavodun fəaliyyəti Türkiyənin neft məhsulları idxalından asılılığını əhəmiyyətli dərəcədə azaltmağa və cari hesab kəsirini önəmli dərəcədə azaltmağa imkan verəcək. Hal-hazırda zavodumuzda istehsal olunan bütün hazır məhsulların 70%-i Türkiyə bazarına verilir, amma gələn ildən etibarən riformat istisna olmaqla, «STAR»da istehsal olunan bütün neft məhsullarının daxili bazarda satılacağını gözləyirik. Hələ ki, riformata Türkiyədə tələb yoxdur, ona görə ixrac edilir, ancaq İzmirdə ikinci yeni neft-kimya kompleksi tikinti layihəsinin həyata keçirilməsindən sonra vəziyyət dəyişə bilər və bu neft məhsulu orada əsas xammal kimi istifadə ediləcək.
Biz həm də planlaşdırırıq ki, gələcəkdə «STAR» neft emalı zavodu Türkiyənin aviasiya yanacağına olan daxili tələbatı tam ödəməyə kömək edəcək. «STAR»dan bu yanacağın xeyli hissəsi İstanbul hava limanına çatdırılacaq. Aviasiya yanacağını alıcıları sırasında Türkiyənin digər hava limanlarının da olacağı gözlənilir. Ölkənin aviasiya yanacağına illik tələbatı 5 milyon tondur. Ancaq gözlənilir ki, turizm sektorunun genişləndirilməsi və İstanbul hava limanının istifadəyə verilməsi ilə aviasiya yanacağına illik tələbat 6-6,5 milyon tona qədər artacaq. Bazara «STAR» neft emalı zavodu tərəfindən istehsal ediləcək illik 1,6 milyon ton aviasiya yanacağının çıxarılması və digər türk müəssisələrinin istehsal həcmi nəzərə alınarsa, Türkiyənin 7-8 ildən sonra bu məhsulları xaricdən gətirməsinə ehtiyac qalmayacaq.
- Hazırda zavodda hansı neft növləri emal edilir?
- «STAR» neft emalı zavodunda bu ilin iyun ayınadək Rusiyanın «Urals» qarışığı emal edilib. Avqust ayının sonundan etibarən biz «Siberian light», Liviya nefti, eləcə də Yaxın Şərq mənşəli «Basrah» markası daxil olmaqla müxtəlif neft növləri almağa başladıq. Gələn ildən başlayaraq alınan neft çeşidini genişləndirməyi planlaşdırırıq. Bu zaman daha ağır sortlara üstünlük veririk. Onların tərkibində daha çox kükürd var, lakin daha aşağı qiymətə satılır, nəticədə, emal olunmuş məhsulların satışından daha yüksək gəlir əldə etməyə imkan verir.
- «STAR» zavodunun fəaliyyəti «Petkim Petrokimya Holding»in işinə necə təsir edir?
- Qeyd etmək lazımdır ki, zavodumuz «Petkim» kompleksinin xammal, məhz nafta tədarükçüsüdür. Xammal məhsulunun ilk satışı 2019-cu ilin yanvar ayında gerçəkləşdirilib. İlin birinci yarısında neft emalı zavodundan «Petkim»ə 260 min ton nafta göndərilib. Əsas hədəfimiz «Petkim» kompleksi ilə inteqrasiya etməkdir. Bu məqsədlə bu yaxınlarda bu iki ən böyük müəssisəni birləşdirən bir boru kəməri çəkilib. «STAR» zavodunda nafta istehsalının təşkili, həmçinin «Petkim» kompleksinin səmərəli və sabit təchizi, kompleksin istehsal imkanlarını və keyfiyyət göstəricilərini artırır.
- «STAR» NEZ-in tikintisinə qoyulan vəsaitlər nə qədər tez ödənə bilər?
- Layihənin özünü ödəmə müddəti 11-12 ildir. Layihənin faktiki xərcləri 6,3 milyard dollar təşkil edib ki, bunun da 3,3 milyard dolları cəlb edilmiş kreditlərin payına düşüb, daha 3 milyard dolları səhmdarlarımızın sərmayə yatırımları olub. Qoyulan vəsaitləri 2022-ci ildən etibarən dividend şəklində səhmdarlara qaytarmağa başlamağı planlaşdırırıq. Zavodun tikintisi üçün alınan kreditlərin ödənilməsinə bu ilin aprel ayından başlanıb.
- «STAR» NEZ-in fəaliyyətindən hansı həcmlərdə gəlir əldə etməyi düşünürsünüz?
- Zavodun tam gücü ilə işlədiyini nəzərə alsaq, dünya bazarlarında neft qiymətlərindən asılı olaraq, biz hazır məhsul satışından ildə 6-9 milyard dollar gözləyirik. Zavodun xalis mənfəəti ildə, təxminən, 500 milyon dollar səviyyəsində proqnozlaşdırılır. Bu ilin sonuna hazır məhsul satışından əldə olunacaq gəlir 4 milyard dollar və ya daha çox olmalıdır.
- «STAR» NEZ-in daha da inkişaf etdirilməsi üçün yeni sərmayələr planlaşdırırsınız?
- Hazırda zavodda neft və neft məhsullarının saxlanılması üzrə «STAR»ın gücünün indiki 1,6 milyondan 2,5 milyon kubmetrə qədər artırılması üçün yeni bir layihə həyata keçirilir. Bu layihə çərçivəsində biz dizel yanacağının, benzinin, aviasiya yanacağının və reformatın saxlanması üçün ümumi tutumu 350 min kubmetr olan əlavə 12 çən istifadəyə vermişik. Plana, həmçinin hər birinin həcmi 134,5 min kubmetr olan iki neft çəninin və aralıq neft məhsullarının saxlanması üçün 36.5 min kubmetrlik iki çənin inşası daxildir. Beləliklə, 342 min kubmetrlik neft və neft məhsullarının saxlanması üçün yeni güclər yaradılacaq. Bu layihə çərçivəsində işlər 2021-ci ildə tamamlanacaq. Layihə ümumilikdə 600 milyon dollar dəyərində qiymətləndirilir, lakin bu vəsait təkcə çənlərin tikintisinə deyil, əlavə infrastrukturun, xüsusilə də boru kəmərlərinin qurulmasına, həmçinin ehtiyat hissələrin alınmasına və s.-ə yönəldiləcək. Layihə daxili vəsaitlər hesabına, yəni «STAR» NEZ səhmdarlarının hesabına maliyyələşdiriləcək.
MƏSLƏHƏT GÖR: