Müəllif: Namiq HƏSƏNOV
Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün bərpası Azərbaycan diplomatiyası üçün bir nömrəli vəzifə olaraq qalır. Bu, nə qədər çətin vəzifə olsa da, bir o qədər də vacibdir. Bakı bu hədəfindən dönmək fikrində deyil.
Azərbaycan Prezidenti İlham Əliyev hələ 11 il əvvəl ölkə diplomatlarını müdafiədən hücuma keçməyə çağırdıqda hücum diplomatiyasının qarşısında şəxsən dövlət başçısının özünün gedəcəyi bəlli idi. Onun «Valday» Beynəlxalq Diskussiya Klubunda bu günlərdə etdiyi çıxış Azərbaycan ərazisinin 20%-ni işğal etmiş Ermənistanın onsuz da laxlayan mövqeyinə növbəti diplomatik zərbə olub.
Hücum diplomatiyası
Dövlət başçısı, ilk növbədə, onu izah edib ki, Qarabağda söhbət yerli əhalinin öz müqəddəratını təyin etməsindən yox, məhz işğaldan gedir. «Qeyd etməliyəm ki, bu münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi var. Bu məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdi. Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz kimi olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb», - deyə İ.Əliyev qeyd edib.
Bununla, o, Ermənistanın baş naziri Nikol Paşinyanın durmadan istifadə etdiyi «Dağlıq Qarabağ xalqı» anlayışının nə qədər absurd olduğunu ortaya qoyub: «Deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi».
Prezidentin əsas ismarıcı isə Qarabağın Azərbaycana məxsus olduğuna alternativ hər hansı fikri istisna etməsi olub. «Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida», - deyə İlham Əliyev bildirib.
Prinsipcə, Əliyevin Paşinyana belə sərt cavab verəcəyi gözlənilən idi. Amma onun bəyanatı istər nüfuzlu forum iştirakçıları, istərsə də Ermənistan və Azərbaycan ictimaiyyəti arasında da çox böyük rezonans doğurub. Bir çox ölkə siyasətçiləri, eyni zamanda beynəlxalq analitiklər Azərbaycan Prezidentinin kəskin tonuna diqqət çəkib. Bir neçə ay əvvəl Qarabağın Ermənistana mənsub olduğunu bəyan etmiş Paşinyanın siyasi səhvə yol verdiyi isə münaqişənin həlli prosesinin əksər iştirakçısı tərəfindən təsdiqlənib. Elə həmin «Valday» forumunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu haqda kifayət qədər açıq danışıb.
«Tərəflər olduqca ciddi bəyanatlar verir. O cümlədən Dağlıq Qarabağın Ermənistanın olması bəyanatı səslənib. Necə ki, Albaniyanın baş naziri Kosovonun Albaniyanın olduğunu bəyan edib. Əlbəttə ki, bu bəyanatlar münaqişələrin həllinə kömək etmir, siyasi prosesi tormozdan ayırmağa kömək etmir», - deyə o, qeyd edib.
Danışıqlarda əsas şəxslərdən olan Lavrovun dediklərinə öz çıxışında Azərbaycan Prezidenti də istinad edib. Bütün bunlar planetin intellektual beyinlərini bir araya gətirmiş forumda diqqətdən kənarda qala bilməzdi.
Həqiqətlər məhz belə yerlərdə daha ciddi, daha güclü səslənməlidir və Azərbaycan Prezidenti düşünülmüş şəkildə məhz bu siyasəti həyata keçirir. İlham Əliyev beynəlxalq tribunalardan hər çıxışında qısa tarixi arayış verir, daha sonra onu əsaslı arqumentlərlə, beynəlxalq müqavilələrə, beynəlxalq təşkilatların qətnamələrinə istinadla daha da gücləndirir.
Əksər mütəxəssis hesab edir ki, Prezidentin «Valday» forumundakı çıxışı «klassik» diplomatiya, ritorika sənəti nümunəsi sayıla bilər.
Zərbənin gücü
İlham Əliyevin Soçidəki çıxışı Ermənistanın siyasi meydanını ciddi şəkildə çalxalayıb. Qonşu ölkədə bu bəyanata hansı reaksiyanın gələcəyi təxmin olunurdu. Lakin rəsmi şəxslərin məsələyə münasibətindəki çaşqınlıq bu diplomatik zərbənin nə qədər güclü alındığını daha aydın ortaya qoyub.
Məsələn, Ermənistan XİN-nin rəsmisi Anna Naqdalyanın emosional bəyanatının sonuna yaxın Azərbaycanın ünvanına artıq ənənəvi hal almış tənə və məzəmmətə keçib.
Bütün bu qarışıqlığın günahkarı olan Nikol Paşinyan isə vəziyyətdən bəyanatının nəzəri xarakteri haqda danışmaqla çıxmağa çalışıb. Guya «Qarabağ Ermənistandır və nöqtə» bəyanatı gələcəkdə Azərbaycanın sərt mövqeyinə cavab ola bilər. Lakin öz fikirlərinin içərisində çaş-baş qalmış Paşinyana artıq onun Qərbdən olan xəyali müttəfiqləri belə, inanmır. Beynəlxalq vasitəçilərin Azərbaycanla «xoşluqla» razılığa gəlinməsinin vacibliyini bəyan etmələri təəccüblü deyil.
Diplomatik məğlubiyyət haqda Ermənistanda da danışırlar və bu fikirlərə heç də yalnız müxalifət düşərgəsində rast gəlinmir. Artıq Ermənistanda Paşinyanın təxribatçı, aşkar populist bəyanatlarının «özgənin dəyirmanına su tökdüyü»nə dair fikirlər daha çox eşidilməkdədir. Erməni ekspertlər deyir ki, xalq artıq «qorxunc Əliyev» haqda nağıllardan bezib və o, nəhayət, daha əhəmiyyətli şeylər eşitmək istəyir.
Üstəlik, son ildə Ermənistanda iqtisadi vəziyyət də qətiyyən yaxşılaşmayıb, qoşunların təmas xəttindən isə tez-tez pis xəbərlər gəlir. Məsələn, «Valday» forumundan cəmi bir neçə gün sonra Qazax rayonunda traktoru ilə dövlət sərhədinin yaxınlığı ilə hərəkət edən dinc sakin erməni snayperi tərəfindən vurulub. Azərbaycan Ordusunun buna cavabı özünü çox gözlətməyib - İrəvana daha 2 cənazə göndərilib.
Beləliklə, Paşinyanın Qarabağ klanının ələ alınmasına yönəlmiş populist bəyanatları onunla acı zarafat edib. Orta perspektivdə isə bu, erməni liderin reytinqinə ciddi təsir göstərə bilər.
İndi Paşinyanın daxili cəbhədəki durumunu yalnız qoşunların təmas xəttində yaradılacaq gərginlik düzəldə bilər. Yəqin ki, son zamanlarda erməni qoşunlarının artan təxribatları da məhz buradan qaynaqlanır. Lakin Bakı erməni liderin niyyətini yaxşı bilir və onun qaydaları ilə oynamaq fikrində deyil.
#KarabakhisAzerbaijan
Azərbaycan, əksinə, yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışır. Ölkə Prezidentinin bütün dünyada «partlamış» bəyanatına ekspertlər, ictimai təşkilatlar da qoşulub. Ölkədə «Qarabağ Azərbaycandır və nida» adlı beynəlxalq gənclər kampaniyası başlayıb. Bu kampaniya çərçivəsində müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi rəsmi sənədlər, erməni yalanı və təxribatını sübut edən foto və videolar «Facebook» və «Twitter» sosial şəbəkələrində #Karabakh #AllForKarabakh i #KarabakhisAzerbaijan həştəqlərilə paylaşılır. Kampaniyaya diaspor təşkilatları da fəal şəkildə qoşulub.
Şübhəsiz ki, Azərbaycan beynəlxalq ictimai rəyin düzəlməsi üçün daha ciddi səylər də göstərəcək. Hər halda, dünyanın aparıcı dövlətlərinin siyasətində, onların qəbul etdiyi qərarlarda ictimai rəyin ciddi rol oynadığı sirr deyil. Bu istiqamətdə işlərin nəticəsi artıq özünü ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrdə də göstərməkdədir.
Rusiyanın mövqeyi artıq yuxarıda qeyd olunub. Fransada isə sentyabrın sonlarında Lion şəhərinin inzibati məhkəməsi Fransa şəhərlərilə Qarabağın şəhərləri arasında imzalanmış qanunsuz «qardaşlıq xartiyaları»nın ləğvi haqda qərar çıxarıb.
Amerikaya gəlincə, bu ölkənin diplomatları Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həll edilməsinin vacibliyini daha sıx-sıx söyləməyə başlayıblar. Onlar hesab edir ki, bu zaman erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması vacibdir.
Beləliklə, Azərbaycanın hücum diplomatiyası artıq öz nəticələrini verir. Əlbəttə ki, qələbənin bir anda gələcəyini heç kəs gözləmir. Diplomatiya yolu uzun, əzablı yoldur. Amma bu, şəm də ən düzgün və ən təhlükəsiz yoldur! Üstəlik, nəinki həqiqət, hərbi-iqtisadi üstünlük də sənin tərəfindədirsə…
MƏSLƏHƏT GÖR: