23 Dekabr 2024

Bazar ertəsi, 14:50

27 İL SONRA

Qadın şahmatçılarımız Avropada üçüncü oldu

Müəllif:

15.11.2019

Azərbaycan şahmatı özünün ən uğurlu ilini yaşayır desək yanılmarıq. İlin sonunda bir sıra mötəbər yarışlarda tarixi nəticə göstərən zəka sahiblərimiz Azərbaycanda şahmatın yüksək səviyyədə olduğunu sübut etdi. Teymur Rəcəbovun Dünya Kubokundakı möhtəşəm qələbəsi və 14 yaşlı vunderkind Aydın Süleymanlının dünya çempionluğundan heç bir ay keçmədi ki, Batumidə baş tutan komandalararası Avropa çempionatında ölkəmiz adına daha bir tarixi an yaşandı. Günay Məmmədzadə, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Türkan Məmmədyarovadan ibarət qadın seçməmiz 27 illik aradan sonra qitə yarışının bürünc mükafatını qazandı. Yarışa üçqat Avropa çempionu kimi yollanan kişi millimizin uğursuzluğunu unutduran xanımlarımız bürünc medalla ölkə gündəmini zəbt etdi.

Əslində, Gürcüstandakı Avropa çempionatında bürünc medal gözlənilməz nəticə sayılmamalıdır. Şahmatı yaxından izləyənlər üçüncü yerin tamamilə normal və layiqli nəticə olduğunu başa düşür. Xanım şahmatçılarımızın son illərdə qazandığı ardıcıl nailiyyətlər, FİDE reytinqində əldə olunan mühüm irəliləyiş uğurlu çıxış üçün əlverişli zəmin yaratmışdı. Təsadüfi deyil ki, komandamız reytinqə əsasən, AÇ-nin iştirakçıları arasında tarixdə birinci dəfə ilk "beşlik"də yer alırdı.

Hərçənd Avropa çempionatı bizim üçün elə də yaxşı başlamadı. Xanımlarımız ilk görüşdə autsayder Latviyaya qalib gəlsə də (4:0), ikinci turda İspaniya seçməsinə uduzdu - 0,5:3,5. AÇ-nin iştirakçıları arasında 12-ci pillədə qərarlaşan pireneylilərlə qarşılaşmada alınan böyük hesablı məğlubiyyət, komandamızın yarışdakı taleyini ciddi şübhə altına almışdı. Qısa zamanda məğlubiyyəti unudan millimiz Avstriyanı inamlı qələbəylə məğlub etdi. (4:0), Rumıniyanı minimal fərqlə üstələdi - 2,5:1,5. Növbəti görüşdə İtaliya millisinə bir xal fərqlə qalib gəldik, ardınca yarışın reytinq favoriti ruslarla dramatik mübarizənin yekununda heç-heçəyə nail olduq. Rusiya komandasıyla heç-heçə turnir cədvəli baxımından çox önəmli rol oynadı. Növbəti rəqib isə ruslardan heç də az təhlükə kəsb etməyən ev sahibləri Gürcüstan idi. Yarışın ikinci reytinq favoritinə də yenilməyən, nəticədə, üçüncü pilləyə yüksələn xanımlarımız, səkkizinci turda güclü Fransa komandası ilə dueldən qalib ayrıldı - 2,5:1,5.

"Bürünc" üçün son turda bizi heç-heçə də qane edirdisə, rəqib Ermənistana yalnız qələbə lazım idi. Amma xanımlar son tura qələbə əzmiylə çıxaraq rəqibi şoka saldı. Bütün lövhələrdə üstünlük qazanan xanımlarımızdan üçü son nəticədə riskə getməyib, heç-heçəyə razılaşdı. Birinci lövhədə mübarizə aparan Günay Məmmədzadə isə Lilit Mkrtçyan üzərində qələbə ilə komandamızın bu prinsipial dueldən də qalib ayrılmasını təmin etdi.

Təəssüratlarını “R+”la bölüşən 19 yaşlı Günay Məmmədzadə son partiya öncəsi həyəcanlı olduğunu etiraf etdi: "Medalı ermənilər üzərində qələbə ilə qeyd etmək nə qədər qürurludursa, onlara uduzub əliboş qalmaq, bir elə üzücü olardı. Bunu düşünəndə, istər-istəməz həyəcan yaranırdı. Konkret görüşə gəldikdə, rəqib gedişatda vəziyyəti bir az düzəltdi, heç-heçə imkanı yaranmışdı. Kapitanla məsləhətləşdi, lakin onlara qələbə hava-su kimi lazım idi deyə, bununla razılaşmadı. Beləcə, risk onlara baha başa gəldi. Komandamla Avropa üçüncüsü olduğum və bu vacib dueldə həlledici nəticəni qazandığım üçün çox xoşbəxtəm".

27 illik həsrətin sona çatmasında əsas pay sahibi olan iki şahmatçımız, sonda öz lövhələri üzrə ilk "üçlük"də yer aldı. Belə ki, dördüncü lövhədə yarışan Gülnar Məmmədova 6.5 xalla ikinci oldusa, birinci lövhədə 8 oyundan 5,5 xal toplayan Günay üçüncü nəticə göstərdi. O cümlədən aktivinə 14,7 xalı yazdıran Məmmədzadə, 8 pillə irəliləyərək, FİDE reytinqində 30-cu yerə yüksəldi. Bununla da, o, özünəməxsus olan ölkə rekordunu (32-ci yer - 2018, iyun) yeniləmək fürsəti əldə etdi.

Xanım Balacayeva və Ülviyyə Fətəliyevanın çıxışını qənaətbəxş hesab etmək bir qədər çətindirsə, uzun ayrılıqdan sonra yığmanın heyətində yer alan Türkan Məmmədyarovanın dönüşünü uğurlu adlandırmaq olar. Keçirdiyi beş görüşün ikisini qələbə, ikisini heç-heçə ilə bitirib, yalnız birində uduzan kiçik Məmmədyarovanın dönüşü baş tutdu.

Avropa çempionatında ilk yeri, gözlənildiyi kimi, 16 xalla Rusiya yığması tutdu. 9 görüşdən 7 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılan ev sahibləri isə bizdən sadəcə 1 xal artıq toplayaraq (15), ikinci oldu. Təəssüf ki, qitə birinciliyinə Teymur Rəcəbovsuz yollanan kişilərdən ibarət komandamız bu dəfə Avropa çempionatında mükafatçılar sırasında yer almadı.

FİDE və AŞF-nin vitse-prezidenti Mahir Məmmədov qadın şahmatçıların uğurunu tarixi nəticə adlandırdı. O eyni zamanda 27 il əvvəl Firuzə Vəlixanlı-İlahə Qədimova cütlüyünün əldə etdiyi bürünc medalı xatırlatdı: “İndiyədək Azərbaycanın yeni tarixində belə nailiyyət olmamışdı. Həqiqətən də, bunu heç kəs gözləmirdi. Çünki biz Avropa çempionatının reytinq favoritləri sırasına daxil deyildik. Yarış öncəsi ən yüksək reytinqli qadın şahmatçımız Günay Məmmədzadənin 2427 xalı, digərlərinin isə 2400-dən aşağı xalı var idi. Hərçənd, qadın şahmatında super reytinqlilər 2500-dən yuxarı xalı olanlar sayılırlar. Lakin uzun illərdir bu komandanın püxtələşdiyini, yüksəldiyini və inkişaf etdiyini görürdük. Bu Azərbaycanın qadın şahmatının illərdir yüksəlişdə olduğunu nümayiş etdirdi. Qazanılan nailiyyət qadınlardan ibarət komandamızın tarixində böyük və qeyri-adi qələbədir. Düzdür, 1992-ci ildə də bürünc medal qazanılıb. Lakin o, Avropa çempionatlarının başlanğıcı idi və qadınlardan ibarət komanda anlayışı o qədər də formalaşmamışdı. Komandalar iki oyunçudan ibarət heyətlə çıxış edirdilər. Mən həmin komandanın lideri İlahə Qədimova ilə söhbət etdim. İlahə xanım o illəri yada salarkən bildirdi ki, heyətə Firuzə Vəlixanlıdan başqa bir qadın şahmatçı da cəlb etmək olardı. Lakin üçüncü şahmatçı olmadığına görə Avropa çempionatına ikisi getmişdi. Elə onlar da 3-cü yeri tutmuşdular. İndiki qələbə isə tamamilə başqa əhəmiyyətə malikdir. Artıq Avropa çempionatları müntəzəm keçirilir”.

Azərbaycan şahmatçıları qələbələri davam etdirir. Qadın yığmamızın Avropa çempionatında bürünc medal qazanmasından 3 gün sonra daha bir ilk rəsmiləşdi. 16 yaşadək şahmatçılardan ibarət Azərbaycan milli komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi oldu. Əhməd Əhmədzadə, Vüqar Manafov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Gövhər Beydullayevadan ibarət komanda Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoydu.

Əlavə edək ki, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası gələn il Azərbaycanda keçirilə bilər. Bununla bağlı, Azərbaycan Şahmat Federasiyası (AŞF) Beynəlxalq Şahmat Federasiyasına (FIDE) məktub yollayıb. AŞF və Naxçıvan Şahmat Federasiyasının birgə müraciətində Naxçıvanın 2020-ci ildə mötəbər yarışa ev sahibliyi etmək istəyi bildirilib.



MƏSLƏHƏT GÖR:

348