Müəllif: Sənan ŞƏFİZADƏ
İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə 29-cu Avropa Çempionatı Azərbaycanın idman tarixində yeni səhifə açdı. Akrobatlarımız qitə birinciliyində layiqli çıxış etməklə ölkəyə qızıl, gümüş və bürünc medallarla qayıtdı.
Azərbaycan təmsilçiləri ilk dəfə gənclər arasında qitə çempionu olublar. Kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov bütün rəqiblərini geridə qoyaraq, temp hərəkətlərinin finalında 28.600 xalla birinci yeri tutublar. Bununla da, gimnastlar tam medal dəstini əldə ediblər. Daha öncə onlar balans hərəkətlərinə görə bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıblar.
Daha bir medalı böyüklər arasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük əldə edib. Gimnast duet temp hərəkətlərinin final mərhələsində 28.680 xalla bürünc medala layiq görülüb. "Minsk 2019" II Avropa Oyunlarının mükafatçıları yarışın ikinci günü balans hərəkətlərinə görə bürünc medal qazanıb, çoxnövçülükdə isə 5-ci olublar.
Böyüklərin yarışında kişi cütlüyü tərkibində mübarizə aparan Seymur Cəfərov və Murad Əkbərov isə medalın bir addımlığında dayanıb. Balans hərəkətlərinin finalında 28.550 xal alan gimnastlar 4-cü yerdə qərarlaşıb. Çöxnövçülükdə onlar 5-ci, temp hərəkətlərinin finalında isə 6-cı olublar.
Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi İradə Qurbanova “R+”a açıqlamasında yetirmələrinin nəticələrindən razı qaldığını bildirib: "Biz indi daha yaxşı formadayıq, mən hiss edirəm ki, inkişaf edirik. Ən ciddi rəqiblərimiz isə Rusiya, Ukrayna, Böyük Britaniya və Belçika idi. Düzdür, digər kişi cütlüyümüzdən medal gözləyirdik, lakin onların 0,5 xalları çatmadı ki, bürünc medala sahib olsunlar. Halbuki 9 medal qazana bilərdik, təəssüf ki, 5-ni qazandıq. Buna baxmayaraq, bu, bizim üçün böyük uğurdur. Akrobatika gimnastikası son illər böyük rəğbət qazanıb. Azərbaycan Gimnastika Federasiyası da bütün növlərə diqqət ayırdığından bu növ kənarda qalmayıb. Qitə birinciliyindəki uğur həm məsuliyyətimizi artırır, həm də həvəsləndirir. Deməli, uşaqlar düzgün yoldadır. İsraildəki nəticələr bizi arxayınlaşdırmamalıdır. Növbəti yarışlarda uğur qazanmaq üçün səylə çalışmağımızı davam etdirmək vacibdir. Qitə birinciliyində qızıl, gümüş və bürünc medallar gimnastlarımızın Avropada ən istedadlılar sırasında olduğunu göstərdi". Baş məşqçi onu da vurğulayıb ki, artıq gələn il yığmamızı ardıcıl olaraq, 3 dünya kuboku gözləyir. Onun sözlərinə görə, mayda İsveçrədə Dünya çempionatı baş tutacaq ki, yığmamızı daha ciddi sınaq gözləyir.
"Təlim-məşq toplantılarımız çox ağır keçmişdi. Lakin buna baxmayaraq, Avropa çempionatında 2 bürünc qazandıq". Bunu isə “R+”a açıqlamasında 29-cu Avropa Çempionatında böyüklər arasında çıxış edən Abdulla Əl-Məşayxi deyib. Onun sözlərinə görə, yarış çox həyəcanlı və gərgin olub: "Temp hərəkətlərinin final mərhələsində 28.680 xalla bürünc medala layiq görüldük. Çempionatın ikinci günü balans hərəkətlərinə görə 3-cü yerə çıxdıq. Bizim üçün böyük uğurdur. Amma bu hələ son deyil. Çünki qarşıda bizi dünya kuboku turnirləri və Dünya çempionatı gözləyir. Bu yarışlara daha əzm və iradə ilə hazırlaşıb medallarımızı qızıla çevirməliyik".
Akrobatika gimnastikasında Avropa çempionatında qazanılan ilk qızıl medal idmançılarımızın məsuliyyətini artıracaq. Son aylar gimnastikanın bütün növlərində əldə olunan nəticələrin aktobatikada da özünü göstərməsi diqqətdən yayına bilməz. Deməli, akrobatika gimnastikasında da artıq güclü komandamız və idmançılarımız var.
MƏSLƏHƏT GÖR: