Müəllif: Namiq MAYILOV
Adəm Yunisov Türkiyədə çalışan tanınmış azərbaycanlı dizaynerdir. Qardaş ölkədə 1996-cı ildən yaşayır. Türkiyədə ali təhsil alan Adəm, öz biznesini də burada qurub. Öz Vətənində o, ilk dəfə Bakıda keçirilən Birinci Avropa Oyunlarının loqosunun müəllifi kimi məşhurlaşıb. Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş loqotip də onun əl işidir.Tanınmış dizaynerlə ilk müsahibəni biz hələ Birinci Avropa Oyunlarının loqosu təqdim olunandan sonra dərc etmişdik. Ötən ay isə Adəm Yunisov yenidən gündəm yaradıb. Bu dəfə Türk Şurasının Bakı sammitində Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin təltif olunduğu «Türk Dünyasının Ali Ordeni»nin müəllifi kimi.
- Adəm bəy, necə oldu ki, "Türk dünyasının Ali Ordeni"nin də dizaynı sizə həvalə edildi?
- “Baku 2015” 1-ci Avropa Oyunlarından öncə də biz böyük layihələrdə çalışırdıq, amma bu layihələrin bir çoxu sadəcə Türkiyə Respublikası ictimaiyyətinə tanışdır. Avropa Oyunlarından sonra da həm Azərbaycanda həm Tükiyədə fəaliyətimizə davam edirik və təbiidir ki gördüyümüz işlər görəcəyimiz işlərə referans olur. İşimizi hər zaman qüsursuz etməyə çalışmaq da bizim seçilməmizdə başlıca səbəblərdən biridir. Bizimlə işbirliyi edən qurumlara təşəkkürü borc bilirik.
- Ordenlə bağlı müsahibələrinizdə demisiniz ki, dizaynın əsasında türk dünyasının birliyi və qüdrəti ideyası dayanır. Necə düşünürsünüz, bu ideyanı tam əks etdirə bilmisiniz?
- Təbii ki, birlik və qüdrət anlayışlarının yalnız bir medal və ya simvol ilə ifadə edilməsi çətindir. Biz bu mənada işimizin çətin olduğunu əvvəlcədən bilirdik. Bir dairənin ətrafında 6 dövləti təmsilən 6 ədəd 8 guşəli ulduzu toplayaraq birlik ideyasını və tamamilə qızıl və brilyantlardan istifadə edərək qüdrət ideyasını tam əks etdirdiyimizi düşünürük. Ətrafdan aldığımız pozitiv rəylər də bunu göstərir. Bu bizi daha da sevindirir.
- Həm Avropa Oyunlarının loqosu, həm "Türk dünyasının Ali Ordeni" ilk dəfə idi hazırlanırdı. Belə böyük miqyaslı, üstəlik, vacib siyasi əhəmiyyəti olan layihələrdə ilkə imza atmaq adama hansı hissləri yaşadır?
- Bu işlərə imza atmaq bizim üçün böyük qürur qaynağıdır. Eyni zamanda çox böyük məsuliyyət deməkdir. Açıqcası, biz hər layihədə bənzər həyəcanı keçirik. Hər layihə bizim üçün önəmlidir. Məhz bu düşüncə bizi uğura aparır. Disiplinli və dürüst şəkildə çalışmaq bir nömrəli şüarımızdır.
- Bildiyimiz qədər, siz həm də Türkiyə Cümhuriyyətinin 100 illiyi loqosunun müəllifisiniz. Necə oldu ki, bu qədər dizayn studiyalarının fəaliyyət göstərdiyi qocaman Türkiyədə bu tarixi əhəmiyyət daşıyan iş bir azərbaycanlıya tapşırıldı?
- Təbii ki, Türkiyədə bu işi görəcək onlarca şirkət var və biz də məhz o şirkətlərdən biri ilə işbirliyi edərək bu işi gördük. Fürsətdən istifadə edərək burada adlarını da qeyd etmək istərdim. Türkiyənin nəhəng reklam agentliklərindən biri olan Algoritma İletişim və onun rəhbəri Abdullah Buladı bəyə də bu işbirliyi üçün təşəkkür edirik. Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə adımızın yanaşı qeyd olunması bizim üçün daha bir qürur qaynağıdır. Bu loqo 2023-cü ilə kimi bütün rəsmi qurumlar tərəfindən istifadə olunacaq. Bu, ayrıca bizi sevindirir.
- Bilirik ki, ixtisasca kompüter mühəndisisiniz. Müsahibənizin birində demişdiniz ki, vaxtilə dizayn işinə hobbi kimi baxmısınız. Lakin indi hobbiniz artıq biznesə çevrilib. İndiki reallıqdan baxanda dizayn işi sizin üçün daha çox özünüzü ifadə etmək vasitəsidir, yoxsa sadə dillə desək, çörək ağacı? Tutaq ki, daha gəlirli başqa bizneslə dizayn arasında seçim qarşısında qalsanız, hansını seçərsiniz?
- Bəlkə, klassik olacaq amma dizayn mənim üçün sadəcə iş deyil. Bir həyat formasıdır. Elə bu səbəbdən ötrü də bir zamanlar mənim üçün hobbi olan bu işi həyatımın mərkəzinə aldım. Məni yaxından tanıyanlar daha yaxşı bilirlər ki mən bu işi sadəcə biznes xətrinə etmirəm. Mən dizayndan xüsusi zövq alıram. Həyata fərqli baxmağı və bunu başqaları ilə paylaşmağı sevirəm. Təbii ki, həyat sürprizlərlə doludur. Sabah nə ilə qarşılaşacağımız bizə məlum deyil, amma mən əminəm ki, hansı sahədə fəaliyyətimə davam etsəm də dizayn hər zaman mənim həyatımın mərkəzində olacaq.
- Azərbaycandan kənarda müxtəlif sahələrdə uğur qazanan soydaşlarımız çoxdur. Necə düşünürsünüz, məsələn, sizin uğur hekayəniz ölkədə yetişən gənc nəslə stimul verirmi? Bəlkə, əksinə, onlarda belə bir təəssürat yaranır ki, uğur qazanmaq üçün mütləq xaricə köçmək lazımdır?
- İstər Azərbaycan daxilində, istər xaricdə istedadlı soydaşlarımız çoxdur. Zaman və məkan uğur qazanmaq üçün, əlbəttə, önəmlidir amma tək şərt deyil. Əsrlərdir çox fərqli şəraitlərdə yaşayib-yaradan insanlar olub və olacaq da. Burada əsas olan dürüst şəkildə və disiplinli çalışmaqdır. İnsanın vicdanı ona əsla yalan deməz. Əgər biz öz vicdanımız qarşısında dürüst şəkildə çalışdığımıza inanırıqsa, gec və ya tez uğur bizi tapacaq. Əgər mənim uğur hekayəm kiməsə stimul verəcəksə, bilməsini istərdim ki, uğur üçün yaşadığı yerdən və kimliyindən asılı olmadan çox çalışmaq önəmlidir. Hələ ki mövcud zamanda bu uğura çatmaq gənclərimiz üçün daha asandır, çünki artıq insanlar arasında sərhədlər yoxdur. İnternet bu sərhədləri aradan götürüb. Gənclər bu fürsətdən daha çox istifadə etməlidirlər. Xəyal gücü sərhədsizdir.
- Bu gün Azərbaycanda da biznes imkanları genişlənir, xüsusən gənclərə yollar açılır. Ölkədə öz biznesinizi qurmaq planınız yoxdur ki?
- Bəli, bizim Azərbaycan daxilində də fəaliyyətlərimiz davam edir. Hədəfimiz yaxın zamanda “Element Visual Studio” Bakı filialını da yaratmaqdır. Bunun üçün çalışırıq. İnanırıq ki, qısa zamanda bu planımızı yerinə yetirəcəyik.
- Hazırda üzərində işlədiyiniz layihələr yalnız kommersiya xarakterlidirmi, yoxsa arasında ictimai-siyasi əhəmiyyət daşıyanları da var? Varsa, adını açıqlamaq mümkündürmü?
- Hər iki xarakterdə layihələrimiz davam edir. İnşallah, növbəti layihəmiz ilə yenə sizə qonaq olmağı arzu edirik. Yenə Azərbaycanda bir ilki bacarmaq üçün var gücümüzlə çalışırıq. Hal-hazırda bu layihələrin adlarını açıqlamaq düzgün olmaz, amma zamanı gələndə bunlar haqqında ilk sizə reportaj verəcəyimizi söz verə bilərik. İnanırıq ki, bu layihələr də sizin oxucular üçün maraqlı olacaq.
- Bizə bu fürsəti yaratdığınız üçün sizə bütün komandamız adından təşəkkür edirik.
MƏSLƏHƏT GÖR: