Müəllif: Kənan RÖVŞƏNOĞLU
Onu artıq bir neçə dəfə “öldürmüşdülər”. Lakin bu vaxtadək Amerika hərbçilərinin onu məhv etməsi barədə xəbərlər doğrulmadığı üçün son illərin 1 nömrəli terrorçusu, İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi dünyanın kabusuna çevrilmişdi. İndi isə, görünür, “kabus”, doğrudan da, zərərsizləşdirilib.
Beləliklə, Əbubəkr əl-Bağdadi öldü. Daha doğrusu, ABŞ xüsusi təyinatlılarının oktyabrın 26-da gecə saatlarında Suriyanın Türkiyə ilə sərhədə yaxın Barişa kəndində keçirdiyi əməliyyat zamanı mühasirəyə düşərək özünü partlatdı.
Bağdadinin öldürüldüyü əməliyyat 2011-ci il mayın 2-də öldürülən «Əl-Qaidə» lideri Usamə bin Ladenin öldürüldüyü Abbotabat əməliyyatı ilə çox oxşar idi. Hər iki terror təşkilatı lideri gözlənilməz yerdə üzə çıxmışdı. Bin Laden 10 il axtarıldığı halda Pakistanda ordunun əsas mərkəzlərindən biri hesab olunan Abbotabad şəhərində villada üzə çıxdı. Əbubəkr əl-Bağdadi də heç kimin ağlına gəlməyən yerdə - İdlibin şimalında, Türkiyə sərhədi yaxınlığında yaxalandı. Halbuki buna qədər Bağdadinin Suriyanın mərkəzində, Deyr əz-Zor rayonunda və ya İraq ərazisində Ənbar vilayətində gizləndiyi ehtimal olunurdu.
Qəribə də olsa hər iki əməliyyat ABŞ-da prezident seçkilərinə bir il qalmış baş verdi və vəzifə başında olan prezidentə reytinq qazandırdı. Ancaq bin Ladendə olduğu kimi, Bağdadinin ölümü də terror səhifəsinin qapanması demək deyil, İŞİD mövcudluğunu qoruyub saxlayacaq. Qapanan isə yalnız Bağdadi səhifəsidir.
Tanrının cəzası
Əsl adı İbrahim Avad İbrahim əl-Bədri əs-Samarrai olan və Əbubəkr əl-Bağdadi kimi məşhurlaşan İŞİD lideri 1971-ci il avqustun 28-də Samirra şəhərində orta təbəqədən olan bir ailədə dünyaya gəlib. Bağdadinin ailəsi dindar olub və daha sonra İŞİD liderinin iddia etdiyinə görə, nəsil şəcərəsi Məhəmməd Peyğəmbər (s.ə.s) soyundan gəlir. Məhz bu səbəbdən də, Bağdadi Qureyş tayfasından olduğu üçün xəlifə elan edə bilib. Çünki geniş yayılmış fikrə görə xəlifə Peyğəmbər soyundan olmalıdır.
Uşaqlıqdan dindar kimi yetişən Bağdadi daha sonra universitetdə də ilahiyyat fakültəsini seçir və bakalavr, magistr, eləcə də doktorantura təhsilini ilahiyyat üzrə alır. 1996-cı ildə Bağdad Universitetinin İslami araşdırmalar fakültəsini bitirir. Magistraturanı Səddam İslami Araşdırmalar Universitetində 1999-cu ildə, yenə eyni universitetdə 2007-ci ildə doktoranturanı bitirir. 2004-cü ilə qədər iki arvadı və 6 uşağı ilə birlikdə Bağdadın Topçu rayonunda yaşayıb. «Quran» oxumağı sevən və uşaqlıqdan təcrübəsi olan gələcək “xəlifə” həm də futbol həvəskarı olub, məhəllə məscidinin futbol komandasının uğurlu oyunçusu olub. Həmin məsciddə də uşaqlara «Quran» öyrədib. Universiteti bitirdiyi illərdə əmisinin təsiri ilə “ixvan” hərəkatına qoşulur.
Ancaq görünür xarakterinə görə, radikal islamçıların təsirinə düşən Bağdadi tezliklə radikal cihadçılıq yolunu tutur. Bu səbəbdən də, ABŞ ordusu İraqı işğal etdikdən bir neçə ay sonra radikal “Ceyş əhli sünnə və əl-Camaat” adlı radikal cihadçı qrupun yaradılmasında iştirak edir. 2004-cü ilin fevralında ABŞ ordusu hərbçiləri Fəlluca şəhərində Bağdadini həbs edir. Və onu “Bukka” əsir düşərgəsinə aparır və Bağdadi 10 ay “Bukka”da saxlanılır. Həbs müddətində Bağdadi əsasən dini fəaliyyətlərlə məşğul olur, ibadət edir, camaat namazlarında imam olur və məhkumlara namaz öyrədir. Eyni zamanda sonradan şahidlərin ifadəsində görə Bağdadi rəqib olan qrupları barışdırıb, xüsusən də Səddam Hüseynə sadiq qruplarla cihadçılar arasında ittifaq yaratmağa çalışıb.
2004-cü ildə azad olduqdan dərhal sonra Bağdadi məhz həbsdə tanış olduğu qruplarla əlaqə yaradır. Yeri gəlmişkən, 2014-cü ildə İŞİD-in İraqda güclənməsi və Mosulu ələ keçirməsində əsas rolu oynayan Səddam Hüseyn ordusu qalıqlarının İŞİD-ə qoşulması idi. Bunun əsasını isə Bağdadi hələ 10 il əvvəl, 2004-cü ildə “Bucca” həbsxanasında qoymuşdu.
Azad olunduqdan sonra İŞİD-in sələfi hesab olunan Əbu Musab əz-Zərqavinin lideri olduğu «Əl-Qaidə»nin İraq qoluna qoşulur. Qruplaşmanın sözçüsü Bağdadini «Əl-Qaidə» təbliğatı aparması üçün Dəməşqə göndərir.
2006-cı ildə Zərqavi öldürülür və onun yerinə Əbu Əyyub əl-Masri keçdir. Masri qruplaşmanın adını dəyişərək “İraq İslam Dövləti” edir. Ancaq o zaman hələ də «Əl-Qaidə»yə bağlı olaraq qalırdı. Bu illərdə Bağdadi yavaş-yavaş təşkilatın olimpinə yüksəlirdi. Dini təhsilinin olması və radikal fikirləri onu sürətlə populyarlaşdırırdı. Bağdadi əvvəlcə təşkilatın Şəriət Komitəsinin, ardınca isə 11 üzvü olan Şura müəyyən olundu. Bu Şura 2010-cu ildə Əbubəkr əl-Bağdadini qruplaşmanın yeni əmiri seçdi.
Bu zaman ABŞ ordusu “İraq İslam Dövləti”ni darmadağın etmiş, üzvlərinin böyük hissəsini öldürmüşdü. Bağdadi yenidən təşkilatı qurmağa başladı və bu zaman “ərəb baharı” dalğası Suriyaya çatmışdı. Bağdadi başlayan silahlı toqquşmaları fürsət bilərək İraqdan bir nümayəndəni Suriyaya göndərərək qruplaşmanın Suriya qanadını yaratmasını istəyir.
2013-cü ildə Suriyada fəaliyyət göstərən «Əl-Qaidə»nin yerli qolu «Ən-Nusra» Cəbhəsi ilə Bağdadi arasında münaqişə yaranır. Və Bağdadi həmin il İraq və Şam İslam Dövləti (İŞİD) elan edir və «Ən-Nusra»nın da bu təşkilata qatıldığını bəyan edir. Lakin «Ən-Nusra»nın lideri Əbu Məhəmməd Colani isə Bağdadiyə qoşulmadı. Bundan sonra «Əl-Qaidə» ilə İŞİD arasında münasibətlər qopur və 2014-cü ildə Zəvahiri Bağdadini «Əl-Qaidə»dən çıxarır, iki qruplaşma arasında Suriyada müharibə başlayır. «Əl-Qaidə» lideri Ayman əz-Zəvahiri açıqlama yayaraq Suriyadakı təşkilatlarının «Ən-Nusra» olduğunu bəyan edir. Lakin döyüşlərdə «Ən-Nusra» İŞİD-ə məğlub olur və tezliklə qruplaşma İraq və Suriyada böyük əraziləri ələ keçirir.
2014-cü il iyunun 10-da İŞİD İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirərək avqustda “xilafət”, yəni “İslam Dövləti” elan edir. Bağdadi isə Mosulun min illik qədim məscidində Cümə xütbəsi oxuyaraq özünü yeni dövlətin rəhbəri, xəlifə elan edir. Bu, Bağdadiyə qədər və hələlik ondan sonra heç bir terror təşkilatı liderinin nail olmadığı uğurdur. Nəzərə almaq lazımdır ki, «Əl-Qaidə» də daxil olmaqla, islamçı qrupların son hədəfi hər zaman İslam xilafətini bərpa etmək olub. Ən azı şüar olaraq.
Bütövlükdə, əl-Bağdadi İŞİD-in İraq və Suriyada 88 min kv.km-dən çox əraziyə və 8-10 milyon əhalinin yaşadığı bir bölgənin ələ keçirilməsinə rəhbərlik edib. Ancaq Bağdadinin bu “uğur”unun arxasında 5 ildən çoxdur davam edən zorakılıq, qırğınlar, amansız qətl və edamlar, qanlı qırğınlar və nəhayət, didərgin düşmüş, həyatları məhv olmuş minlərlə insanın taleyi dayanır.
Ələkeçməz xəlifə
ABŞ hələ 2011-ci ildə Bağdadinin başına 10 milyon dollar mükafat təyin etmişdi. İŞİD-dən sonra bu mükafat 25 milyon dollara yüksəlib. Ötən müddətdə müxtəlif mənbələr Bağdadinin “ölüm” xəbərini yayıblar. Lakin 5 dəfə fərqli və kifayət qədər ciddi hesab olunan mənbələrin “öldü” xəbəri özünü doğrultmayıb. 2015-ci ildə bombardman, 2017-ci ildə Mosul yaxınlığında öldürülməsi kimi ciddi iddialar hər dəfə təkzib olunub. Bu səbəbdən də, Bağdadinin oktyabrın 26-da ABŞ gücləri tərəfindən öldürülməsi şübhə ilə qarşılandı. Rusiya rəsmi dairələri isə Bağdadinin ölüm xəbəri ilə bağlı dəlillərin “yetərli olmadığına” işarə elədi.
Lakin gələn xəbərlər və təxminən, 5 gün sonra İŞİD-in yeni liderinin elan olunması onu göstərir ki, Bağdadi bu dəfə öldürülüb, həqiqətən. Əslində, bu ilin martında ABŞ və “Suriya Demokratik Qüvvələri” koalisiyası ölkənin şərqində Bağuz qəsəbəsində sıxışdırılan İŞİD-in sonuncu qüvvələrini də məğlub etmişdi. Bundan sonra rəsmən İŞİD-in məğlub edildiyi elan olunub. Lakin 2017-ci ildə İraq hökuməti də ölkə ərazisindəki sonuncu İŞİD mövqeyini ələ keçirdikdən sonra oxşar bəyanatı verib. Lakin İŞİD gizli fəaliyyətini hələ də davam etdirir.
İŞİD isə 5 gündən sonra təşkilatın yeni liderini elan edib. Ancaq İŞİD-in yeni lideri elan olunan Əbu İbrahim əl-Haşimi əl-Qureyşi barədə məlumat, demək olar ki, yoxdur. Çünki elan olunan sadəcə ləqəbdir və sonuncu iki söz isə yeni liderin Bağdadi kimi peyğəmbər nəslindən gəldiyi, Qureyş tayfasının Haşimi qolundan olduğunu, yəni xəlifə olması üçün şəri əsasının olmasına işarədir. Lakin yeni lider barədə əlavə hər hansı məlumat yoxdur. İŞİD-in media orqanları yeni liderin adını açıqlayarkən “əş-Şeyx əl Mücahid əl-Alim əl-Amil”, yəni yeni liderin həm mücahid, həm də elm və əməl insanı olması, təcrübə və sınaqdan çıxmış biri olduğuna işarə edib.
Bəzilərinə görə yeni “xəlifə” İŞİD lideri Bağdadinin bu ilin avqustunda özünə varis elan etdiyi Abdullah Qardaş və ya Əbu Ömər əl-Turkmani kimi tanınan əsl adı Əmir Məhəmməd Səid əl-Mövla, yaxud Abdullah əl-Afaridir.
Abdullah Qardaş 1976-cı il təvəllüdlüdür. İraq ordusunda xidmət edib, eyni zamanda Mosul Universitetində ilahiyyat təhsili alıb. Din dərsləri deyib. Bu səbəbdən də, “ustaz”, yəni ərəbcə «müəllim» kimi ləqəbi alıb. Daha sonra İraqda qurulan “Əl-Qaidə”nin yerli qanadına qoşulub və burada 2004-cü ildə Bağdadi ilə birlikdə “Bukka” həbs düşərgəsində olub. Onun atasının Mosul məscidlərindən birinin imamı olduğu bildirilir. Bu xüsusiyyətinə görə Qardaş və Bağdadi oxşardır. İkisi də ilahiyyat təhsili alıb. Ancaq Abdullah Qardaşın, ya da digər adı ilə Əbu İbrahim əl-Qureyşinin daha sərt və qəddar olması, eləcə də Bağdadi qədər məşhur olmaması qruplaşmanın gələcək taleyinə təsir edəcək. Mümkündür ki, bir sıra üzvləri yenidən «Əl-Qaidə»yə geri dönsün və ya təşkilatdan ümumiyyətlə ayrılsın.
Ancaq istənilən halda yeni lider Bağdadi qədər poulyar olmayacaq. Üstəlik, İŞİD artıq torpaq sahibi bir təşkilat deyil. «Əl-Qaidə» ilə İŞİD-in fərqi onda idi ki, «Əl-Qaidə» “yeraltı” təşkilatı idi, gizli fəaliyyət göstərir, sui-qəsdlər, terror aktları, hücumlar həyata keçirirdi. Ancaq İŞİD geniş əraziləri işğal edərək dövlət elan etmişdi, hakimiyyət strukturları formalaşdırmışdı, polisi, kəşfiyyat qurumları, idarə strukturları vardı. Ancaq artıq İŞİD-in faktiki nəzarət etdiyi torpaqlar yoxdur. İndi İŞİD də «Əl-Qaidə» kimi fəaliyyət göstərəcək. Baxmayaraq ki, hazırda İŞİD-in Əfqanıstan, Filippin, Yəmən, Misir (Sina yarımadası – K.R.), Somali, Nigeriya kimi ölkələrdə “filialları” vardır. 2018-ci ildə İŞİD-in dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi terror aktlarının sayı 3670 terror aktının 79 faizi İraq və Suriyada, yerdə qalanları isə sadalanan ölkələrdə və o cümlədən dünyanın digər regionlarında həyata keçirilib.
Hazırda az saylı terror hücumları nəzərə alınmazsa, dünyanın 8 ölkəsində İŞİD-in aktiv silahlı qrupları var. Bu isə onu deməyə əsas verir ki, terror təşkilatı hələ varlığını davam etdirəcək. Bu dəfə «Əl-Qaidə» formasında, yəni gizli hücumlar şəklində. Bütün hallarda Bağdadinin məhv edilməsi İŞİD üçün yeni və daha çətin bir dövrdür.
MƏSLƏHƏT GÖR: