23 Dekabr 2024

Bazar ertəsi, 06:38

BİR DƏFƏ…

Rəssam Günay İsayeva heç düşünmürdü ki, onun həyatında daha bir çox önəmli məna yarana bilər

Müəllif:

01.12.2019

Deyirlər, evdar qadınların həyatı darıxdırıcı və monotondur: ev, mətbəx, uşaqlar, ər, qayğılar. Ətalət, əkiz qardaşlar kimi bir-birinə bənzəyən günlər. Qadınlarda tez-tez partlamalar baş verir: göz yaşları, özündən çıxma, özündən və ərindən narazılıq, bu isə boşanmaların çoxalmasına aparır. Vəziyyət, gerçəkdənmi bu qədər həllolunmazdır?

Günay İsayevanın da əhvalatı təhsil almış, 18 yaşında evlənmiş və çox uşaq anası olmuş bir çox qızların taleyindən o qədər də fərqlənmir. Yaraşıqlı gənc bir qadındır – pediatr həkimdir, iki yetkin oğul və bir azyaşlı qız anası – inana bilməzdi ki, yaşı otuzu keçəndən sonra birdən-birə özündə rəssamlıq istedadı aşkar edəcək. Günay qızının rəsm çəkməyi sevdiyi karandaşları və diyircəkli qələmləri boyalarla, kağız albomlarını isə daha mürəkkəb səthlərlə əvəz etdikdən sonra, sanki uşaqlıqda rəsm çəkməyə olan sevgisi qəflətən canlandı. Sadəcə, günlərin birində əlinə boya götürdü və boşqabın səthində nəsə kosmik bir rəsm çəkdi.

 

Çox maraqlı məsələ  

Boşqabın sol kənarı boyunca saçaqlı günəş şüaları burulur, sağ kənarında isə bunun qarşısında qırmızı-narıncı enerji dəstələri saçılır. Bunlar onun hissləridir. Onlarda duyğular və özündən narazılıq var. Ona elə gəlirdi ki, həyat yanından ötüb keçir, amma o isə heç nə etmir! Uşaqlar böyüyürdü və Günay onlar üçün maraqlı olmaq istəyirdi. İşlərini ərinə və uşaqlarına göstərdi. Böyük heyrətinə baxmayaraq, o, dəstək aldı: onların xoşuna gəldi! Əri, necə oldusa, dedi ki, bununla, ciddi şəkildə məşğul ola bilər. Çünki bundan maraqlı bir şeylər alına bilər. O da həvəslə keramika səthlərini boyamağa başladı: boşqabları, dibçəkləri, fincanları. Süjetlər özlüyündə ortaya çıxdı, hansısa özəl məkandan gəldilər; Gözəllik və bədii İdeya fəzasından.

 

Sonrası gəldi  

Sonra şüşə səthində işləmək arzusu ortaya çıxdı, çünki şüşə keramika ilə müqayisədə boyalara fərqli reaksiya verirdi ki, bu da onun marağına özəl bir canlılıq qatırdı. O yaradıcılıq canlanması düşüncələrini daha cəsarətli, əlini daha inamlı edirdi. Bəlli deyil, rəfiqəsi ondan köynəyinin üzərinə rəsm çəkməsini istəməsə idi, bəlkə də, yenə də səthləri dəyişdirmək həvəsi yaranardı. Bədii inkişafında bu yeni mərhələ həvəsləndirdi və ürəkləndirdi: bacara bilərəmmi? Alınacaqmı? Bacardı. Hər şey düşündüyündən də əla oldu.

Sonra rəfiqəsinin uşaqlarının və öz qızının köynəklərinə rəsm çəkdi. Beləliklə, yeni bir ehtiyac – mil və qarmaqların köməyi ilə paltar və aksesuar yaratmaq ehtiyacı yarandı. Beləliklə, kiçik qızının və rəfiqəsinin uşaqlarının rəsm çəkilmiş köynəkləri və toxuma çantaları peyda oldu, sonra rəfiqələrinin "adam içinə çıxması" üçün klatçlar, yəni modern əl çantaları, qızı üçün donlar və s. gəldi. Anladı ki, əslində, mümkün olmayan bir şey yoxdur. Yalnız bircə kərə istəyi praktik fəaliyyətə çevirmək lazımdır. Sadəcə etmək istədiyinizi arzulamağı dayandırın və bunu etməyə başlayın!

 

O, Nəsimi!

Son zamanlar Günay getdikcə daha çox portret çəkməyə müraciət edir. Budur, boşqabın səthindən Şərq qadının əsrarəngiz gözəlliyi bizə baxır, köynəkdən baxan qadın isə

müasirimizdir: sərt, inamlı, gözəl. Bu isə Nəsimidir. Çılğın düşüncəli şair, həm düşünməyə, həm də fiziki səviyyədə bunu hiss etməyə məcbur edir:  

“Ərşlə fər şu kafü nun məndə bulundu cümlə çün,

Kəs sözunü və əbsəm ol, şərhü bəyanə sığmazam.”

Günay İsayeva – çağdaşımızdır, bakılıdır, arzularını gerçəkləşdirməyə vaxtı və enerjisi olmadığından şikayətlənərək, sadəcə “xəyal quran” bir çox yaşıdları üçün örnəkdir. Buna görə də, yaşıdları həyatın mənasını itirərək, tez-tez depresiyaya düşürlər. Ancaq sınayanda, əslində, hər şeyin çox sadə olduğu ortaya çıxır: ruhunun can atdığı işi götür və et. Heç olmasa, edib anlamağa çalış: bunu edə biləcəksənmi, arzunuz sizin imkanınıza uyğundurmu? Günay cəhd edib. Heç zaman rəssamlıq peşəsini öyrənməmiş bir adam üçün nəticə sadəcə heyrətamizdir.

 

Yalnız üç il keçib  

Bəlkə də, Günayın əsərlərinə baxanlar onun heç vaxt rəssamlıq dərsi almadığına və ailəsində heç zaman rəssam olmadığına inanmaz. Ancaq bu, belədir. O, əlinə fırçanı ilk dəfə üç il əvvəl götürüb. Bu gün onun o qədər əsəri var ki, fərdi sərgi haqqında da düşünə bilər! Deyə bilərsiniz ki, gün o qədər çətinliklərlə doludur ki, axşama qədər arzu üçün heç bir enerji qalmır? Ancaq məhz axşam saat 22:00-dan sonra, ailə yeyib-içdikdən sonra Günayın yaradıcılıq fantaziyasının təcəssüm vaxtı gəlir. Bu, onun fərdi vaxtıdır, mənəvi harmoniya qazanmaq üçün fərdi məkandır. Düzdür, indi ona qiraət üçün vaxt qalmır, amma buna dəyər! Onun dünyası rənglərlə və sevinc hissi ilə dolub. Bu da ailə xoşbəxtliyinin açarıdır. İndi hekayəmin qəhrəmanının məqsədə çevrilmiş başqa bir yaradıcı ideyası var. O, növbəti arzusunu praktiki gerçəkliyə çevirmək niyyətindədir. Yeni ildən etibarən Günay geyimlərin modelləşdirilməsi və dizaynı ilə bağlı peşəkar təlim almağa qərar verib. Bunun edilməsi praktik olaraq uğurlu, lakin buna baxmayaraq həvəskar bacarıqların sərhədlərini genişləndirmək üçün çox vacibdir. Bunlar sadəcə sözlər deyil, sadəcə niyyət də deyil. Günay bunu mütləq mənimsəyəcək, çünki "yol gedəni gücləndirir" prinsipi ilə yaşayır. Onun böyük arzusu qızlar üçün xüsusi bir sinif, bəlkə də, xüsusi bir məktəb yaratmaq və onlara Qadınlıq öyrətməkdir.  

- Qadın olmaq nə deməkdir?

- Bu, öz həyat yoldaşınız və övladlarınız üçün maraqlı bir müsahib olmaq, evdə yaşayış sahənizi bədii şəkildə təşkil edə bilmək, öz marağınızın olması, dünya ədəbiyyatından və incəsənətindən xəbərdar olmaq, bir neçə dildə danışa bilmək, tikiş, toxuculuq, yemək bişirmə və s. sahələrdə bacarıqlı olmaq deməkdir. Mənim dərin inamım budur ki, bunlar ailə və ailə münasibətlərini qoruyan bir sənət kimi öyrədilməlidir.

- Bu arzunuzun gerçəkləşəcəyinə inanırsınızmı?

- İnanıram ki, belə bir gün mütləq gələcək. Həm də qadınlar üçün arzularını gerçəkləşdirə biləcəkləri bir studiya yaratmaq istərdim. Çoxları, bütün həyatları boyu arzu etdikləri işə necə başladığını bilmirlər, buna görə də qərar vermirlər. Bunun üçün yer olmalıdır, orda müxtəlif emalatxanalarla yanaşı psixoloq da olmalıdır. Bilirsiniz, söhbətləri problemləri “sağalda bilən” xüsusi bir həmsöhbət psixoloq olmalıdır.

- Öz uşaqlarınız üçün nə istəyirsiniz?

- İstənilən bir ana kimi - xoşbəxtlik, firavanlıq, sağlamlıq. İstəyirəm ki, hər biri həyatda öz yerini tapsın. Daha doğrusu, böyüyü üçün həyatda, bütün məsələlərdə və münasibətlərdə harmoniya - o, çox sakit, düşüncəli, səbirlidir. Milanda oxuyan və memar olacaq kiçik oğlum üçün öz ölkəsi üçün memarlıq inciləri yaratmaq və bir vaxtlar Zivər bəy Əhmədbəyov etdiyi kimi Azərbaycanı şöhrətləndirmək arzulayıram. Qızım hələ kiçikdir. Qoy o, ana, ata və qardaşların yanında sağlam və xoşbəxt olsun.

- Həyatınızda ən önəmli olan nədir?

- Harmoniya.

- ???

- Mən insan və onu əhatə edən dünya arasındakı münasibətlərin açıqlığından danışıram. Bu, ailəniz, dostlarınızdır, onlar sizin və sizin həyatınızın bir hissəsidir... Əgər bu münasibətlərdə hər şey düzgündürsə, onda harmoniya hissi yaranır.

- Bəs, münasibətlərin açıqlığını nə müəyyənləşdirir?

- Hər bir insanın xarakterini təzahür edən təmkinli səmimiyyət. İnsanlarda bu keyfiyyət xoşuma gəlir. Bu, uzun illər davam edən güclü dostluğun zəmanətçisidir.

- Sizə elə gəlmir ki, bu gün səmimiyyət qıt bir keyfiyyətdir?

- Məhz belədir. Bizdə səmimiyyət çatışmır. Mənə elə gəlir ki, insanlar anlaşılmamaq qorxusu ilə ümumi qəbul edilmiş ünsiyyət formasının nəzakətliliyinin arxasında gizlənirlər. Buna görə də, bir-birlərinə qarşı səmimi deyillər. Yalnız münasibətləri dostluqla bağlanırsa, məsələ dəyişir.

- Dostlarınız çoxdur?

- Dost çox olmur. Dostlarım çox deyil, amma onlar həyatın bütün hallarında etibar edə biləcəyim insanlardır.

- Dostlarınız məktəbdən rəfiqələrinizdir?

- Niyə? Həm qadınlarla, həm də kişilərlə dostluq edirəm.

- Bəs, deyirlər, kişi ilə qadın arasında dostluq yoxdur və ola da bilməz. Bunu bir yanlış deyim hesab edirsinizmi?

- Bunu, elə də dost çevrəsi olmayanlar söyləyirlər. Yalnız sözün mənəvi baxımından icazə verilən həddən kənara çıxmayan, sadəcə, dostluq münasibətləri olan bir kişi ilə dost olmaq yetərincə mümkündür. Həm kişilər, həm də qadınlar dostluğa ehtiyac duyur. Biz toplumda yaşayırıq. Çox milyonluq bir meqapolisdə çox sayda insan arasında yaşayırıq. Aydındır ki, ünsiyyət dairəsi və ümumi maraqlarla məhdudlaşan münasibətlərlə dostlara ehtiyacımız var.

- Deməli, sizin üçün dostlarla "ürəkdən" söhbətlər önəmlidir?

- Əlbəttə! Dostlar ruhumuz üçün ən yaxşı "terapevtlər"dir!

- Əgər sizə Aya eksperimental səyahətə getmək təklif olunsaydı, buna razı olardınızmı?

- Tərəddüd etmədən! Çünki yeni bir şeyi görmək və öyrənmək üçün bir fürsətdir.

- Yəni səyahət etməyi xoşlayırsız?

- Əlbəttə, xoşuma gəlir! Çox.

- Əksər bakılılar kimi ekzotik ölkələrə səyahət etməyə üstünlük verirsiniz?

- Yox, bu məsələyə həyat yoldaşımla fərqli münasibətimiz var. Biz ortaq maraqlarımıza uyğun marşrutları seçirik. Avstriyada – Vyanada olduq. Əlbəttə, təəssüratlar möhtəşəmdir. Afrikanı məmnuniyyətlə gəzərdim. Ancaq bir az sonra. İndi imkan düşən kimi, ölkəmizi gəzərik. Ölkəmizin tarixi və memarlıq keçmişini araşdıraraq istirahət edə bilinəcək yerlər çoxdur. Elə indisini də.

- İndi Nəsiminin portretini yaratmaq ideyası sizi cəlb edir. Sizdə bir filosofun necə ola biləcəyi ilə bağlı fikirlərinizi cəmləşdirərək onun üzərində işləyirsiniz. İşinizi digər insanların görməsini arzulayırsınızmı? Yaxud, birinin onları satın almasını, sizin bacarıq və istedadınızın təsdiqi kimi evində saxlamasını istəyərsinizmi?

- Bilirsiniz, mən heç vaxt öz işlərimə, eləcə də öz maraqlarıma gəlir mənbəyi kimi baxmamışam. Ancaq dostlarımdan hansısa biri özü üçün və ya kiməsə hədiyyə vermək üçün nəsə bir şey çəkməyimi istəyəndə, bunu məmnuniyyətlə edirəm. Çünki hansısa işin məndən ayrı öz həyatını yaşaya biləcəyi fikri məni xoşbəxt edir. Böyük Nəsimiyə gəlincə, bu obraz şeiriyyət dolu hansısa düşüncə və duyğular fəzasından peyda olur.

- Uşaq nağıllarındakı bir sehrbaz kimi bütün Bakı sakinlərinə dərhal hədiyyə etmək imkanınız olsa, onlara nə bağışlayardınız?

- O! Mən elə edərdim ki, hər bir insanın arzusu, nə olursa olsun, gerçəkləşsin. Yəni hər kəs arzusuna qovuşsun. Onda hər kəs xoşbəxt olardı. Hətta bu uzun çəkməsə də.

- Xoşbəxtlik saçan metropolis fantastik hadisədir! Buna bənzər süjetdə rəsm çəkə bilərsinizmi?

- Kollektiv xoşbəxtlik, yoxsa sevinc enerjisi haqqında? Bilmirəm ... Heç vaxt bu barədə düşünməmişəm. Tamamilə mümkündür ki, bu, nə vaxtsa gözəllik haqqında yeni bir süjetin mövzusuna çevriləcək.



MƏSLƏHƏT GÖR:

333