23 Noyabr 2024

Şənbə, 15:36

İMKAN ÇOX, MƏLUMAT AZ

Qlobal sahibkarlıq həftəsində Azərbaycanda özəl sektorun əsas problemləri müzakirə olunub

Müəllif:

01.12.2019

Ənənəvi olaraq, noyabrın ortalarında Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi ilə Qlobal Sahibkarlıq Həftəsi keçirilir. Tədbir çərçivsində iş adamları müxtəlif forumlarda problemlərindən danışır və dövlət qurumlarının iştirakı ilə onların həll yollarını tapmağa çalışırlar. Bu dəfə ASK daha sadə yolla getdi və öncədən iş adamları arasında sorğu keçirdi, nəticəsi yetərincə gözlənilməz oldu.

 

Qanunlardan xəbərsizlik  

Məsələ bundadır ki, sahibkarların iştirakı ilə hər həftə görüşlərin, forumların, konfransların keçirilməsinə baxmayaraq, sorğuda iştirak edən iş adamlarının, demək olar ki, əksəriyyəti fəaliyyətləri üçün vacib olan bir sıra bəndlər üzrə məlumatlarının olmamasını dilə gətiriblər. Məsələn, bütün ölkə üzrə sorğuda iştirak edən 500 iş adamının 52% -i onların biznesini genişləndirməyə təşviq edən tənzimləyici bazadan xəbərsiz idi. Onların 31%-i ümumiyyətlə bildirib ki, mövcud qanunvericilik aktlarının çoxunun mahiyyətini başa düşmürlər.

Bir tərəfdən iş adamları tərəfindən bu cür şikayətlər başa düşüləndir - bir çox ekspertlər dəfələrlə bildirib ki, cəmiyyətin müxtəlif sahələri tərəfindən qəbul edilməsi üçün hüquqi aktların asanlaşdırılması vacibdir. Bundan əlavə, ziddiyyətlərin və boşluqların olması üzündən mövcud qanunların bir çoxunun üzərində hələ də işlənilməkdədir,

iş adamlarının “masaüstü kitabı”na - Vergi Məcəlləsinə hər il dəyişikliklər edilir. Əgər böyük müəssisələrdə yeniliklərin və düzəlişlərin təhlili və uçotunun aparılması üçün ayrıca əməkdaş ştatı varsa, orta və mikro biznes nümayəndələri çox vaxt bütün bunları özləri həyata keçirməlidirlər. Düzdür, ölkədə müxtəlif sahələrdə məsləhət xidmətləri göstərən bir sıra özəl firmalar var, lakin iş adamları onların göstərdikləri xidmətlərin baha olmasına işarə edirlər.

Orta biznesin çox təmsilçisi çıxış yolu olaraq audit və mühasibat uçotunun aparılması sahəsində bir mütəxəssislə işləməyə üstünlük verirlər. Amma sorğudan göründüyü kimi, bu da elə asan deyil - sahibkarlar bildirir ki, kadr çatışmazlığından əziyyət çəkirlər və onların hazırlıq prosesindən məmnun deyillər.

Analitiklər qeyd edirlər ki, bu problemlərin aradan qaldırılması üçün iş adamları arasında aparılan maarifləndirmə işlərini genişləndirmək və formasını dəyişdirmək, həmçinin bizneslə işləyən dövlət qurumları tərəfindən göstərilən məsləhət xidmətlərinin sayını artırmaq lazımdır.

Yeri gəlmişkən, yeni strukturun – «KOB Dostu»nun (kiçik və orta biznesin dostları) fəaliyyəti məhz buna yönəlib, indi-indi Bakıda və ölkənin bölgələrində işini genişləndirməyə başlayır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, bu gün 18 «KOB Dostu»ndan ibarət şəbəkə ölkənin 16 şəhərində və bölgəsində fəaliyyət göstərir. Şəbəkə mikro -, kiçik və orta müəssisələrin təşəbbüslərini və potensial imkanlarını müəyyənləşdirmək və həyata keçirmək üçün onlarla əməkdaşlıq qurur, yeni kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin yaradılmasına və inkişafına bütün mərhələlərdə dəstək verir: "KOB Dostu sahibkarlara səyyar xidmətlər göstərir. 2019-cu ilin son dövrü ərzində Abşeronda, Sumqayıtda, Şəkidə, Qəbələdə, Füzulidə, Şamaxıda, İmişlidə, Şəmkirdə, Bakının Xəzər rayonunda və Baş Gömrük İdarəsində daha 10 «KOB Dostu» fəaliyyətə başlayıb”.  

KOBİA, həmçinin sahibkarların müraciətləri əsasında daxili bazarda araşdırma aparmaq üçün məsləhətçi şirkətlərin cəlb olunması üzərində işə başlayıb. Agentliyin idarə heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, “bazar araşdırmalarına dövlət dəstəyi sayəsində bir tərəfdən bu sahədə mikro -, kiçik və orta sahibkarların xərcləri azalacaq. Digər tərəfdən, rəqabət qabiliyyətli istehsal stimullaşdırılacaq ki, bu da öz növbəsində yeni mal və xidmətlərin, obyektlərin və müəssisələrin yaradılmasına, özəl sektorda istehsalın artmasına kömək edəcək."

Yeri gəlmişkən, sahibkarlar KOBİA kimi dövlət qurumlarının işindən məmnundurlar – onların böyk hissəsi biznesin inkişafını dəstəkləmək üzrə lazımi sistemin olduğunu etiraf edirlər. Onlar həmçinin çox sayda yorucu prosedurların "vahid pəncərə" prinsipinə keçməsindən məmnun qalırlar, bu, son illərdə iş adamlarına həm vaxta, həm də pula əhəmiyyətli dərəcədə qənaət etməyə imkan yaradıb.  

Eyni zamanda, sorğuda iştirak edən sahibkarların 45%-i həm də ölkədə sertifikatlaşdırma standartlarından məmnundur. Ancaq buna baxmayaraq, Azərbaycan Sahibkarlar Konfederasiyasının Çernoqoriya, Serbiya, Bosniya və Herseqovinadakı nümayəndəsi Seyran Mirzəzadə hesab edir ki, Azərbaycanın orta səviyyəli istehsalçıları hələ də istehsal olunan məhsulların səviyyəsini beynəlxalq standartlara çatdıra bilmirlər. Bu məsələ hələ də Avropa bazarlarında Azərbaycan mallarının həcminin genişlənməsində əsas maneələrdən biri olaraq qalmaqdadır.

Bununla yanaşı, Azərbaycanın iş adamları xarici bazarlara çıxmaq üçün onlayn satış üzrə internet-servis xidmətlərdən istifadə etmirlər və ya səmərəli istifadə edə bilmirlər. Öz məhsullarını xarici bazarlarda satmaq istəyənlər hələ də dostlarının və ya tanışlarının vasitəsi ilə əlaqələrdən istifadə edirlər. “Ancaq bu, ilk başlanğıcda səmərəli ola bilər. Digər bir problem, iş adamlarımızın xarici bazarlarda reklam və marketinqlə məşğul olmamasıdır", - deyə S.Mirzəzadə bildirib.

Bu problemlərin həlli də daha çox ixtisaslı kadrların çatışmazlığından və bilik səviyyəsindən asılıdır ki, bu da öz növbəsində peşə və ali təhsil standartlarının bazar tələbləri səviyyəsinə gətirilməsinin vacibliyini xatırladır.

 

Rəqabət mühiti

Çox güman ki, məhz göstərilən problemlər son zamanlarda sahibkarların maliyyə mənbələrinə çıxış səviyyəsinin aşağı olması barədə gedən gərgin müzakirələrin əsasını təşkil edir. ASK-nin yuxarıda qeyd olunan sorğusunda iştirak edənlərin 43%-i də bunu göstəriblər və pul çatışmazlığını biznesin genişləndirilməsini əsas maneələrdən biri adlandırıblar.

İş adamlarının qaldırdığı digər bir məsələ - rəqabət prinsiplərini pozan insafsız sahibkarlara qarşı cəza mexanizminin olmamasıdır. Bildirmək lazımdır ki, ölkədə Rəqabət Məcəlləsinin qəbul edilməsinin zəruriliyi ilə bağlı məsələ çoxdan qaldırılıb. Daha doğrusu, o, hələ 10 il əvvəl o dövrün İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanıb və hətta 14 dekabr 2007-ci il tarixdə ikinci oxunuşda ölkə parlamenti tərəfindən qəbul edilib. Lakin sonradan nazirlik məcəllə layihəsini əsaslı şəkildə yenidən işləməyə qərar verdi. O vaxtdan bəri sənəd parlamentdə müzakirə olunmur.

Bu yaxınlarda ölkənin Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov məcəllənin 2020-ci ilə hazır olacağını bildirib. “Azərbaycanda dövlət orqanları ilə sahibkarlar arasında münasibətlərin institusionallaşması üçün tədbirlər görülür. 2018-ci ildə bu istiqamətdə bir sıra islahatlar aparılıb və Vergi Məcəlləsinə müvafiq dəyişikliklər qəbul edilib. Növbəti addım məhkəmə sistemində islahatların həyata keçirilməsidir", - deyə Kərimov bildirib və əlavə edib ki, bu islahatlar çərçivəsində Rəqabət Məcəlləsinin qəbul edilməsi də planlaşdırılır.

Ekspertlərin fikrincə, bu, ölkədə biznes mühitini yetərincə yaxşılaşdıracaq və bazarı qanunvericilik səviyyəsində tənzimləməyə imkan verəcək. Bu məcəllə sayəsində sağlam rəqabət yaratmaq, şirkətlərin fəaliyyətini qanun çərçivəsində tənzimləmək, inhisarçılığın qarşısını almaq, bazarda aparıcı şirkətlərin qiymətləri diktə imkanlarını aradan qaldırmaq mümkün olacaq.

“Rəqabət mühiti yaratmaq üçün ölkə bazarında şərtləri tənzimləyən və diktə edən hansı böyük, orta və kiçik şirkətlərin olduğunu müəyyən etmək lazımdır. Bizim böyük şirkətlərimiz var ki, inhisarçılıq yox, ağalıq edirlər, çünki bazarda öz qaydalarını diktə edirlər. Qanunvericilik bu amilin qarşısını alacaq",- deyə iqtisadçı Samir Əliyev bildirib.

Həmçinin iş mühitində gender bərabərliyi ilə bağlı vəziyyətdə müəyyən müsbət irəliləyişlər olsa da, amma bu məsələ hələ də narahatlıq yaradır. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, Azərbaycanda 200 minə yaxın qadın hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bununla belə, böyük biznes sektorunda qadın sahibkarların və ya müəssisə rəhbərlərinin payı hələ də azdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda keçirilən forumda qeyd etdiyi kimi, qadın sahibkarlar yeni bazarlara çıxışlarını genişləndirməli və yaradılmış ticarət evlərinin vasitəsilə məhsullarını xaricdə daha çox reklam etməlidirlər. Əslində, qadın sahibkarlığının inkişafı daha çox sosial məsələdir və ölkədə yoxsulluq səviyyəsinin daha çox azaldılmasında, iqtisadi proseslərdə qadınların rolunun gücləndirilməsində mühüm rol oynaya bilər.

ASK rəhbəri Məmməd Musayevin haqlı olaraq qeyd etdiyi kimi, iş problemləri o qədər bir-birinə bağlıdır ki, yalnız kompleks bir yanaşma ilə həll edilə bilər.

Yəni iş adamlarının özləri bu maneələrə işarə edərək ölkədə biznes mühitinin daha da yaxşılaşdırılacağı ilə bağlı olduqca nikbin əhvalda olduqlarını bildirirlər. Beləliklə, gələn il üçün sahibkarların 59%-i gəlir artımı gözləyir ki, bu deyilənlərin ən yaxşı sübutudur. Bu il ölkə ÜDM-ində qeyri-neft seqmentində işləyən özəl sektorun payının aybaay artımı məhz bununla bağlıdır. Son göstəricilərə görə, bu, artıq 83%-dir. Özü də, bu ilin 10 ayı ərzində əsas kapitala yatırılan vəsaitin 63%-i qeyri-neft sektorunun payına düşüb ki, bu da ötən illə müqayisədə 7% çoxdur.

Hökumət və sahibkarlıq arasında əlaqələrin yeni bir mərhələsinin 2020-ci ildə başlayacağını nəzərə alsaq, yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovun vəd etdiyi kimi, dostluq və qarşılıqlı əlaqə motivlərinin üstünlük təşkil edəcəyi, özəl sektorun statistik hesabatlarda mövqelərini daha da gücləndirə biləcəyi gözlənilir.



MƏSLƏHƏT GÖR:

312