Müəllif: Natiq NAZİMOĞLU
Fələstin-İsrail münaqişəsi zonasında vəziyyət kritik həddə çatıb. Dünya siyasətinin ən ağrılı problemlərindən birinin həllində hansısa irəliləyişə nail olunması imkanı, demək olar ki, birdəfəlik «dalana dirənib». Buna ABŞ administrasiyasının İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrilə bağlı qərarı səbəb olub.
Pompeonun bəyanatı
ABŞ-ın dövlət katibi Mayk Pompeo Donald Tramp administrasiyasının İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrini beynəlxalq hüquq baxımından qanuni saydığını elan edib. Bu, Vaşinqtonun məsələ ilə bağlı mövqeyinə yenidən baxdığı anlamına gəlir. Ölkənin bundan əvvəlki, Barak Obamanın başçılıq etdiyi administrasiyası hesab edirdi ki, İsrailin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə apardığı işlər beynəlxalq hüquqa ziddir.
Problemin məğzi İsrailin 1967-ci ildə baş vermiş «Altıgünlük müharibə»dən sonra İordan çayının qərb sahili, Qüdsün şərq hissəsi və Suriyaya məxsus Holan yüksəkliyini nəzarəti ələ almasıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, İsrailin Fələstin ərazilərində, o cümlədən Şərqi Qüdsdə Təl-Əvivin nəzarətində olan yaşayış məntəqələri yaratmasının hüquqi əsası yoxdur. Bu, Fələstin-İsrail münaqişəsinin «iki xalq üçün iki dövlət» prinsipi əsasında həll olunmasına əsas maneələrdən biri sayılır.
Konkret olaraq İsrailin İordan çayının qərb sahilində (yəhudilər onu İudeya və Samariya adlandırır) yaşayış məntəqələrinin salınması ilə bağlı fəaliyyətinə gəlincə, hazırda burada 120-dək böyük və kiçik belə yaşayış məntəqəsi var. Onlarda ümumilikdə yarım milyondan artıq israilli yaşayır. Amma bura nəinki beynəlxalq, həm də daxili qanunvericiliyə görə, İsrail ərazisi sayılmır (Şərqi Qüds və Holan yüksəkliyindən fərqli olaraq).
İsrail 1967-ci ilin sərhədlərinə qayıtmaqdan imtina edir və bunu 1949-cu ilin Cenevrə konvensiyasını özünə uyğun şəkildə şərh edərək əsaslandırır. Təl-Əvivdə hesab edirlər ki, işğal olunmuş ərazilərdə işğalçı dövlətin vətəndaşlarının yerləşdirilməsini qadağan edən bu sənəd onlara mane olmur. İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrini qanunsuz saymayan İsrail rəsmiləri mövqelərini belə əsaslandırırlar: Fələstin heç zaman dövlət olmayıb, bilavasitə İordan çayının qərb sahili heç zaman suverenlik qazanmamaqla yanaşı, Osmanlı imperiyasının süqutundan sonra hər hansı suveren dövlətə məxsus olmayıb.
Lakin bu yanaşma BMT-ni və bir sıra dövlətləri, həmçinin təbii ki, fələstinliləri qane etmir. Onlar İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasını İsrailin «işğalçı siyasəti»nin tərkib hissəsi sayır. Odur ki, ABŞ-ın son mövqe dəyişikliyinə beynəlxalq siyasi mərkəzlərin reaksiyası tamamilə gözləniləndir.
«Biz BMT-nin mövqeyində qalırıq. Bu mövqeyə əsasən, yəhudi yaşayış məntəqələrinin tikintisi və genişləndirilməsi beynəlxalq hüquqa ziddir. Bir dövlətin siyasi mövqeyindəki dəyişiklik nə mövcud beynəlxalq hüququ, nə Beynəlxalq Məhkəmə və BMT TŞ-nin qərarını dəyişə bilər», - deyə «Euronews»un məlumatına görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Rupert Kolvill bildirib.
İsrailin fəaliyyətini Avropa İttifaqı da beynəlxalq hüquqa zidd əməl kimi qiymətləndirib, onu işğal olunmuş ərazilərə insanların köçürülməsilə bağlı bütün fəaliyyətini dayandırmağa çağırıb. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini İsrailin bu əməlini «beynəlxalq hüquq baxımından qanunsuz» fəaliyyət adlandırıb. O, hesab edir ki, Təl-Əvivin bu addımları «iki dövlətin mövcudluğu qərarına və dayanıqlı sülh perspektivinə zərbədir».
Ayrıca olaraq, Belçika, Fransa, Almaniya, Polşa və Böyük Britaniya birgə bəyanatla da çıxış ediblər. Bəyanatda İsrailin sözügedən fəaliyyətinin qanunsuz olduğu birmənalı şəkildə vurğulanır.
Baş verənlər Vatikanın da diqqətindən kənarda qalmayıb. O, ABŞ-ın İsrailin Fələstin ərazilərindəki qanunsuz fəaliyyətilə bağlı mövqeyini dəyişməsini tənqid edib. Müqəddəs Taxt-tac bəyan edib ki, əsrlərdir davam edən münaqişənin birdəfəlik həllinin yeganə yolu «iki xalq üçün iki dövlət» prinsipinə əməl olunmasıdır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatında da ABŞ-ın BMT TŞ-nin öhdəliklərindən imtinasından narahatlıq ifadə olunur. Lavrov hesab edir ki, Mayk Pompeonun İsrailə məxsus yaşayış məntəqələrilə bağlı bəyanatı beynəlxalq birliyin müvafiq qərarları ilə birbaşa ziddiyyət təşkil edir və «pat vəziyyəti» yaradır.
ABŞ Dövlət Departamenti Türkiyənin də sərt tənqidinə məruz qalıb. Ankarada hesab edirlər ki, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin salınmasında əsas məqsəd Fələstin torpaqlarının işğalının leqallaşdırılmasıdır. «Biz ABŞ-ın qanunsuz yəhudi məntəqələrilə bağlı beynəlxalq hüququ və fələstinlilərin haqlarını heç sayan bəyanatını rədd edirik», - deyə Türkiyənin Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın bildirib.
Nəhayət, Ərəb Dövlətləri Liqası da gözlənilən bəyanatla çıxış edib. O, Vaşinqtonun «İsrailin müstəmləkəçilik cəhdlərinin qanuniləşdirilməsi» cəhdlərini sərt tənqid edib.
Bəs, ABŞ birdən-birə BMT-nin və əksər dünya ölkəsinin mövqeyinə qarşı getmək qərarına niyə gəlib? Vaşinqtonun məsələ ilə bağlı mövqeyinə yenidən baxmaq istəyi nədən yaranıb?
Trampın motivləri
Son ilyarımda Tramp administrasiyası ABŞ-ın Yaxın Şərq siyasətinin dəyişdiyini göstərən bir neçə ciddi qərarla yadda qalıb. Bu qərarlardan məlum olur ki, əvvəllər İsrailin təhlükəsizliyinin dəstəklənməsinə yönəlmiş siyasət indi, onun Fələstinə qarşı apardığı siyasətin açıq və nümayişkaranə şəkildə dəstəklənməsilə əvəzlənib. Bu istiqamətdə ilk addım Birləşmiş Ştatların Qüdsü İsrailin paytaxtı kimi tanıması olub. Daha sonra Vaşinqton İsrailin Holan yüksəkliyi üzərindəki suverenliyini tanıyıb. Halbuki beynəlxalq-hüquqi sənədlərə əsasən, o, Suriya ərazisidir.
İsrailin əhalinin köçürülməsi siyasətinin «qanuni» sayılması qərarını isə ilk növbədə, Trampın İsrailin baş naziri Binyamin Netanyahuya dəstəyi kimi qiymətləndirirlər. Məsələ ondadır ki, yəhudi dövlətində siyasi böhran yaşanmaqdadır. Bu il ölkədə 2 seçki keçirilsə də, Netanyahu hakim koalisiyanı formalaşdıra bilmir. Üstəlik, Netanyahu korrupsiya ittihamları ilə də üz-üzə qalıb və bu da onun mövqeyini zəiflədib. Bu arada ABŞ-ın verdiyi gözlənilməz qərar baş naziri çox ruhlandırıb. Knessetə daxil olmuş və İsrailin İordan çayının qərb sahilindəki yaşayış məntəqələri üzərində suverenliyini nəzərdə tutan qanun layihəsini dəstəkləyən Netanyahu deyib: «Bizim «Altıgünlük müharibə»dən keçən dövrdə ərazimizi genişləndirmək imkanımız olmayıb. Yaxın yarım əsrdə də belə imkan əldə edəcəyimizə şübhə ilə yanaşıram».
Bəs, Tramp administrasiyasının ard-arda gələn israilpərəst qərarları yalnız dost münasibətindənmi qaynaqlanır? Bir çox ekspert, o cümlədən ABŞ və İsrail ekspertləri bu qərarları Ağ Ev rəhbərinin daxili siyasi hədəflərilə də əlaqələndirir. Onlar bu mənada ABŞ-ın 33-cü prezidenti Harri Trumenin 1948-ci ildə İsrailin müstəqilliyini elan edər-etməz səsləndirdiyi bəyanatı yada çalırlar: «Mənim ərəb seçicilərim yoxdur. Yəhudi seçicilərimiz isə çox nüfuzlu şəxslərdir».
Əlbəttə ki, Trampın israilpərəst addımlar atmasında Birləşmiş Ştatlardakı çoxsaylı və nüfuzlu yəhudi diasporu amili öz rolunu oynayır. Üstəlik, o, ənənəvi olaraq yəhudi lobbiçilərin tələblərinə daha həssas yanaşan respublikaçı administrasiyanın rəhbəri kimi, demokratların ciddi təzyiqlərilə üzləşir. Müxalifət Trampı impiçment proseduru ilə belə, hədələyir.
Trampın yəhudi diasporu ilə əlaqəsinin səviyyəsini kürəkəni Cared Kuşnerin həm də prezidenti böyük məsləhətçisi olması da göstərir. Kuşner ortodoksal yəhudi ailəsinin övladıdır. Yeri gəlmişkən, Kuşner baş tutmayan «əsrin sövdələşməsi»nin müəlliflərindən olsa da, eyni zamanda İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisinin əsas sponsorlarından hesab olunur. Baş tutmamış «əsrin sövdələşməsi»nə gəlincə, söhbət Trampın Fələstin-İsrail münaqişəsinin həlli planından gedir. Plana əsasən, Fələstin, Misir, İordaniya və Livan iqtisadiyyatına 50 milyard dollarlıq investisiya ayrılmalı idi.
Amma Trampın bir-birini əvəz edən israilpərəst qərarlarının səbəbini izah edəcək bir amil də var. Onun tərəfdarlarının böyük bir hissəsi yevangelist xristianlardır. Bu konfessiyanın ABŞ-ın hazırkı administrasiyasına təsirinin çox güclü olduğu məlumdur. «The Jerusalem Post» yazır: «Trampı ən çox narahat edən Yaxın Şərq yox, Orta Qərbdir. Bu üzdən o, özünün xristian-yevangelistlərdən ibarət bazasını qoruyub-saxlamaq haqda düşünür. Ən nüfuzlu yevangelistlərdən biri dövlət katibi Mayk Pompeodur. ABŞ-ın İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrilə bağlı beynəlxalq hüquqi sənəddən imtina qərarını da məhz o açıqlayıb».
Yevangelistlər İsraili dəstəkləyir. Onlar inanır ki, bu dövlətin mövcudluğu Bibliyada dünyanın sonu haqda yer almış fikirlərin təsdiqidir. Məşhur yevangelist pastor Maykl Evans bildirib ki, Pompeonun bəyanatı Birləşmiş Ştatların «Bibliyanın İsrailə münasibətinə şahidliyidir». O, bunu İudeya ilə Samariyanın yəhudilərə vəd olunduğunun təsdiqi kimi qiymətləndirib.
Bütün bunları nəzərə alsaq, 2020-ci ildə keçiriləcək prezident seçkisinə qatılmaq niyyətini gizlətməyən Trampın israilpərəst qərarlarla amerikan yevangelistlərin rəğbətini qazanmağa çalışdığını söyləmək olar. Yeri gəlmişkən, onların 81%-i 2016-cı ildə keçirilmiş prezident seçkisində Ağ Evin hazırkı başçısına səs veriblər.
Nəhayət, Tramp son qərarı ilə, güman ki, Avropa Məhkəməsinin İsrailin işğal etdiyi ərazilərdə istehsal olunan məhsulların xüsusi markalanmasına dair qərarının nəticələrini yox etməyə çalışır. Bu qərarın məqsədi istehlakçıların düzgün məlumatlandırılmasına nail olmaqdır. Daha dəqiq desək, istehlakçılar alış zamanı qərarını «yalnız tibbi, iqtisadi, ekoloji və sosial amillər əsasında deyil, həm də etnik anlamda doğru verməlidir».
Xüsusi markalanma həm də onu göstərir ki, İsraillə Aİ arasında gömrük güzəştlərinə dair qüvvədə olan razılaşma yəhudi yaşayış məntəqələrində istehsal olunmuş məhsullara aid deyil.
ABŞ-a gəlincə, yəhudi yaşayış məntəqələrini işğal edilmiş ərazi kimi tanımaqdan imtina ilə o, praktik olaraq, Avropa Məhkəməsinin qərarına dair hələ o vaxt ortaya qoyduğu mövqeyini təsdiqləyib. O vaxt Dövlət Departamenti bəyan etmişdi ki, Vaşinqton «İsrailə iqtisadi təzyiqlərə, onun təcrid olunmasına və delimitasiyası ilə bağlı digər cəhdlərə qəti etiraz edir». İsrailin xarici işlər naziri İsrael Kats da Amerika administrasiyasının son qərarını alqışlayarkən bu fikri təsadüfən işlətməyib: «Bu, Avropa Məhkəməsinin qərarına və İsrail Dövlətinin boykot olunması cəhdlərinə yaxşı cavabdır».
Düşmənçilik davam edir
Bəs, Vaşinqtonun İordan çayının qərb sahilində salınan yəhudi yaşayış məntəqələrini qanuni elan etməsi hansı nəticələri verə bilər?
İlk növbədə, ABŞ-ın son addımları de-fakto və de-yure heç nəyi dəyişmir (mövcud beynəlxalq hüquq kontekstində). İsrailin «Haaretz» nəşri də etiraf edir ki, Trampın son qərarı heç də yəhudi yaşayış məntəqələrini qanuniləşdirmir. Problem isə ondadır ki, bu cür addımlar Fələstin-İsrail münaqişəsinin həlli perspektivinin üzərindən xətt çəkir.
Qətərin «Al Jazeera» agetliyinin bu haqda ortaya qoyduğu mövqe kifayət qədər nümunəvi sayıla bilər: «İsrailin İordan çayının qərb sahilini işğalının davam etməsi problemin «iki dövlət» prinsipilə həllinin gündəmdən çıxması, müstəqil, bütöv Fələstin dövlətinin yaradılması ehtimalının dəfn olunması ilə nəticələnəcək».
Bir çox məşhur ekspert, o cümlədən alman politoloq Pyotr Kapern də hesab edir ki, İsrailin ABŞ-ın dəstəyilə İordan çayının qərb sahilində işğalı davam etdirməsi Fələstini çıxılmaz vəziyyətdə qoyur. Ekspert deyir ki, baş verənlərin fonunda digər dünya mərkəzləri, ilk növbədə, Avropa Fələstinə qəti dəstək verməyə hazır deyil. Onlar ABŞ və İsrailin ünvanına ittihamlar səsləndirməklə kifayətlənir.
Bəs, münaqişənin həlli kontekstində Fələstinin «çıxılmaz vəziyyətdə» qalması nə deməkdir? Söhbət, ilk növbədə, nizamlama prosesinin özünün birdəfəlik iflasın astanasında olmasından gedir. Hər halda, Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas ABŞ-ın dövlət katibinin sözlərini əbəs yerə «sülh yolu ilə həll prosesinin tabutuna vurulan son mismar» adlandırmayıb.
Məlum olduğu kimi, beynəlxalq birliyin böyük hissəsi bu münaqişənin «iki xalq üçün iki dövlət» prinsipi əsasında həllini, yəni İsrail və Fələstin dövlətlərinin sülh şəraitdə yan-yana yaşamasını istəyir. Sülh şəraitdə yaşayışın əsas şərtlərindən biri isə İsrailin işğalı dayandırması, o cümlədən İordan çayının qərb sahilindəki yaşayış məntəqələrindən imtinasıdır. Demək, Amerika administrasiyasının son qərarı «iki xalq üçün iki dövlət» prinsipinin reallaşdırılması imkanının üzərindən xətt çəkir. Dünya birliyinin böyük hissəsi isə münaqişənin yeganə həlli yolu kimi məhz bunu görürdü.
Prezident Tramp addımlarını «sülhü yaxınlaşdırmaq» cəhdi kimi təqdim edir. O, deyir ki, İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin salınmasına qarşı çıxmış əvvəlki prezidentlərin, xüsusilə Barak Obamanın mövqeyi sülh prosesinin irəliləməsilə nəticələnməyib. Bəs, indiki administrasiyanın Qüdsü İsrailin paytaxtı kimi tanıması, Holan yüksəkliyini yəhudi dövlətinin suveren ərazisi elan etməsi, sözügedən yaşayış məntəqələrini qanuni elan etməsi sülhü yaxınlaşdıracaqmı? Bu, əlbəttə ki, ritorik sualdır. Hər halda, dünya hələ ki, İsraillə Fələstin arasında heç bir danışıqların olmadığını, Fələstin-ABŞ münasibətlərinin son dərəcə pisləşdiyini, fələstinlilərin daha böyük hissəsinin radikallaşdığını müşayiət edir. Fələstinlilər anlayır ki, İsrailin işğalına Vaşinqtonun açıq dəstəyindən sonra Təl-Əviv bu siyasətindən könüllü imtina etməyəcək.
Mayk Pompeonun səs-küylü bəyanatından sonra Fələstin-İsrail münaqişə zonasında yenidən qan axıdılmağa başlanması təəccüblü olacaqmı? Fələstinlilər artıq ABŞ-ın qərarına etiraz olaraq, «Qəzəb günü» keçiriblər. Artıq Ramallahda, Hevronda, Şxemdə, Beytləhmdə, Tulkarmda, Qəzzada nümayişçilərlə israilli sərhədçilər arasında qanlı toqquşmalar baş verib. Bir sözlə, israillilərlə fələstinlilər düşmənçilik, bitmək bilməyən qarşıdurma şəraitində yaşamağa davam edirlər.
MƏSLƏHƏT GÖR: