25 Noyabr 2024

Bazar ertəsi, 17:23

«ÇOX HÖRMƏTLİ AVROPA BİBİ,..»

Fransa prezidentinin Aİ-nin genişlənməsinə veto qoyması Avropada kütləvi narazılığa səbəb olub

Müəllif:

01.12.2019

«Çox hörmətli Avropa bibi, mən sizə yoxsul Qərbi Balkanlardakı yoxsul qardaşoğlularınızın adından yazıram: Serbiya, Çernoqoriya, Bosniya və Herseqovina, Makedoniya, Kosovo, Albaniya. 14 il əvvəl Salonikidə bizə təntənəli şəkildə vədlər verir, bir zamanlar – o qədər də uzaq olmayan gələcəkdə hər birimizin Brüsseldəki böyük evinizə gəlməmizə, sizinlə eyni kürsülərdə əyləşəcəyimizə imkan yaradılacağını deyirdilər. Biz də öz növbəmizdə, yaxşı uşaq olmağa çalışır, sizin bütün tapşırıqlarınızı yerinə yetirirdik. Lakin indi anlayırıq ki, əslində bizim sizə birləşməmizi istəmirsiniz. Belə olan təqdirdə biz Vlad və Rəcəb kimi pis adamlarla, həmçinin yeni narıncı oğlan – Doni ilə oynamağa başladıq. Siz bizi onlardan uzaq durmağa çağırırdınız. Amma sizin yoxluğunuzda bizə başqa dostlar lazım gəlir.

Təkrar-təkrar eyham vurur, göstərirsiniz ki, sizin diqqətinizi çəkməyin yeganə yolu xoşagəlməz addımlardan mümkün qədər uzaq durmaqdır. Biz isə xaos yaratmaq iqtidarındayıq.

Sonra demə ki, sənə xəbərdarlıq etməmişdik.

Hörmətlə, Qərbi Balkanlar».

Belə açıq məktubla hələ 2017-ci ildə tanınmış serbiyalı jurnalist Deyan Anastasiyeviç çıxış etmişdi. Sonradan yeni müzakirələr, yeni şərtlər irəli sürüldü… Məsələn, Makedoniya Yunanıstanı qəzəbləndirməmək üçün adını dəyişməyə vadar olundu. Ölkədə buna mənfi yanaşılsa da, Makedoniya bunu da etdi. Bunda ən çox israr edən Fransa prezidenti Emmanuel Makron idi və o, bunun əvəzində Makedoniyanın tezliklə Aİ üzvü olacağı vədini verirdi.

Amma sonradan – 2019-cu ilin oktyabrında Albaniya və artıq «Şimali Makedoniya Respublikası» adlanan Makedoniya ilə yekun danışıqların başlanması cəhdinə məhz Makron veto qoydu. Yarım il əvvəl dünyasını dəyişmiş Anastasiyeviçə bunu görmək qismət olmadı. Əks təqdirdə o, yəqin ki, daha böyük qəzəblə yeni məktub da yazacaqdı…

 

Təhlükəli region

Fransa prezidenti faktiki olaraq, Aİ-nin genişlənməsi prosesinin qeyri-müəyyən vaxta dondurulduğu anlamına gələn qərarını Aİ-nin onsuz da çoxsaylı problemlərlə qarşı-qarşıya qalması ilə əsaslandırıb. O, hesab edir ki, indiki şəraitdə 1990-cı illərin müharibəsindən hələ də özünə gəlməmiş, cinayətkarlıq və korrupsiya ilə mübarizənin heç də hər zaman effektiv aparılmadığı regiondan olan dövlətlərin Aİ-yə buraxılması məqsədəuyğun deyil.

Makron düşünür ki, potensial namizədlərin Aİ-yə qoşulmaq üçün tələb olunan siyasi, iqtisadi və sosial yenilənməsi çox ləng gedir və bunun bir səbəbi də Aİ-nin hazırkı genişlənmə mexanizminin kifayət qədər effektiv olmamasıdır. Onun fikrincə, bu mexanizmdə islahatların aparılması vacibdir.

Bəzi Aİ üzvlərinin Şimali Makedoniya və Albaniya ilə islahatlarla paralel danışıqların aparılması təklifi Makron tərəfindən qəti şəkildə rədd edilib. O, bildirib ki, Aİ-də islahatlar başa çatanadək istənilən yeni üzvün qəbulunun qəti əleyhinədir.

 

Fransız təklifləri

Hazırda Aİ-yə qəbul proseduru vertikal struktura malikdir: əvvəlcə ölkə ilə assosiativ saziş imzalanmalıdır. Bundan sonra ona namizəd statusu verilir, nəhayət, Aİ üzvlərinin yekdil qərarından sonra onunla üzvlüyə qəbulla bağlı əsas danışıqlara başlanılır. Bu danışıqların gedişində namizəd ölkə milli qanunlarını Aİ qaydalarına uyğunlaşdırmalıdır. Bu prosesin başa çatmasından sonra namizədin Aİ-yə qəbulu ilə bağlı müqavilə təsdiqlənməsi üçün Avropa İttifaqı Şurasına təqdim olunur. Eyni zamanda, sənədin təşkilatın bütün üzvləri tərəfindən ratifikasiya edilməsi də vacibdir. Bütün bu proses 35 tematik blokdan ibarətdir – ərzaq məhsulları standartlarının razılaşdırılmasından tutmuş, xarici siyasət və təhlükəsizlik məsələlərinədək. Namizəd yalnız lazımi islahatları həyata keçirməyə razılaşdıqdan sonra tamhüquqlu üzv kimi qəbul olunur və Avropa proqramlarına çıxış əldə edir. Bu zaman ona ildə subsidiya şəklində 10 milyardlarla avro da ayrılır.

Fransızlar isə 7 mərhələdən ibarət yeni proses təklif edir. Parisdə hesab edirlər ki, prosesdə «Avropa norma və standartlarına effektiv uyğunlaşmanı təmin edəcək sərt şərtlər» olmalı, üstəlik, Aİ blokun standartlarından geri qalan namizədlə danışıqları istənilən an dayandıra bilməlidir. Fransızların fikrincə, müəyyən meyarlara cavab verməyən, öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıran namizəd o anadək əldə etdiyi hüquqlardan da tədricən məhrum edilməlidir. Bununla yanaşı, 7 mərhələdə islahatları uğurla həyata keçirəcək namizəd Aİ-nin proqram və fondlarına tamhüquqlu üzv olmadan da buraxıla bilər.

Hər mərhələ üzrə danışıqların başa çatması namizədə Aİ-nin müvafiq proqramında iştirak imkanı açmalı, qurumun konkret sahə üzrə siyasətində iştirak etmək, lazım gəldikdə müəyyən məqsədli maliyyələşdirmədən yararlanmaq haqqı verməlidir. Parisdə belə hesab edirlər. Məsələn, ilk mərhələni (hüquq sisteminin Avropa standartlarına uyğunlaşdırılması) keçmiş namizəd Aİ-nin Haaqadakı məhkəmə orqanları ilə əməkdaşlıq edə bilməlidir. İkinci mərhələ təhsil, gənclər, mədəniyyət, telekommunikasiya, enerji və ətraf mühit kimi sahələri əhatə etməlidir. Bu mərhələni keçəcək namizəd «Horizon 2020» elmi qrant proqramına qatıla, onun universitetləri «Erasmus» tələbə mübadiləsi proqramında iştirak edə bilməlidir. İqtisadi və maliyyə məsələlərini əhatə edən mərhələdə namizədin Aİ-nin Bank İttifaqının üzvü olmaq şansı yaranmalıdır. Vahid bazara qoşulma mərhələsində isə müxtəlif struktur islahatları fondlarının milyardlıq subsidiyaları əlçatan olmalıdır.

Fransanın təkliflərinin əsas prinsiplərindən biri bir mərhələdən digərinə keçid meyarları ilə bağlıdır. Parisdə hesab edirlər ki, onlar Avropa İttifaqının, həmçinin Avropa Şurası, Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) kimi digər beynəlxalq təşkilatların göstəricilərinə əsaslana bilər.

Makronun təkliflərinin tərəfdarları onda bir sıra müsbət məqam görür. Birincisi, onlar hesab edir ki, namizədin Aİ-nin siyasətinə tədricən qoşulmasına imkan yaradılarsa, üzvlük anı daha «yumşaq» keçə, hətta üzvlər üçün «qorxulu» ola bilər. İkincisi, namizədin ittifaqa tədricən qoşulması onun, məsələn, qurumun işində səs hüququ olmadan iştirak etməklə, «üzvlük təcrübəsi» toplamasına imkan verərdi.

 

Vacib vədlər

Almaniyanın Aİ-yə qəbulunun tez olduğunu düşünən yalnız Fransa deyil. Məsələn, İsveçlə Niderland da eyni mövqedədirlər. Şimali Makedoniyaya qarşı vetoya isə Aİ-nin bütün üzvləri kəskin reaksiya verib. Avropa Komissiyasının səlahiyyət müddəti başa çatmaqda olan prezidenti Jan-Klod Yunker bu qərarı «ciddi tarixi yanlış» adlandırıb, fikrini belə izah edib: «Əgər bizə hörmət olunmasını istəyiriksə, vədlərimizə əməl etməliyik». Brüssel isə onilliklər ərzində bir fikri durmadan təkrarlayıb – Aİ-nin qapıları onun meyarlarına cavab verən hər kəsin üzünə açıqdır. İndi, belə çıxır ki, Aİ üçün daxili islahatlar verdiyi vədlərdən vacibdir.

Makronun opponentlərinin fikrincə isə Aİ-nin genişlənməsi prosesi nə qədər ləngiyəcəksə, məsələn, Balkanlarda son dərəcə vacib əhəmiyyət kəsb edən islahatların dəstəklənməsi o qədər zəif olacaq. Aİ-nin bu region ölkələrilə bağlı niyyətində qeyri-müəyyənlik nə qədər çox olacaqsa, Brüsselin orada cinayətkarlıq və korrupsiya, demokratik islahatların ləngiməsilə mübarpizə rıçaqları o qədər zəifləyəcək. Vəziyyətdən Rusiya, Çin, Türkiyə kimi dövlətlərin, Fars körfəzi ölkələrinin istifadə etməyə çalışacaqlarına, bununla da Balkanlarda öz təsir imkanlarını artıracaqlarına da şübhə yoxdur.

Makronun qərarından təbii ki, Şimali Makedoniya və Albaniya rəhbərliyi də narazıdır. Onlar bəyan ediblər ki, Aİ onları millətçilik, iqtisadi islahatların «dondurulması» riski ilə üz-üzə qoyur.

Aİ ilə danışıqların iflasa uğraması Şimali Makedoniyada növbədənkənar parlament seçkisinin elan olunması ilə nəticələnib. Seçki gələn il aprelin 12-nə təyin edilib. Baş nazir Zoran Zayev isə Brüssellə üzvlüklə bağlı danışıqlara başlayacağı vədinə əməl edə bilmədikləri üçün vəzifəsindən istefa verib. O, ölkədə millətç əhvalın yüksələ biləcəyindən narahatlığını da dilə gətirib. Artıq sabiq baş nazir hesab edir ki, bu, Makedoniyanın Yunanıstan və digər Aİ üzvlərinin təzyiqi ilə qəbul etdiyi qərara (ölkənin adının dəyişdirilməsi) yenidən baxılması ilə nəticələnə bilər.

 

İnamsızlıq

İndi, Aİ qarşısında çətin vəzifə dayanır. O, sarsılmış etibarını bərpa etməli, Avropa yolunun doğru yol olduğunu təsdiqləməlidir. Avropada bu yolda dəyişikliklərin vacib olduğu fikrini çoxu qəbul edir. Lakin onlar Fransanın problemə yanaşmasını çəhv sayır və hesab edirlər ki, bu, Avropa layihəsinin gələcəyini təhlükə qarşısında qoya bilər.

Aİ liderlərinin əldə etdikləri razılaşmaya əsasən, Avropa Komissiyası Fransa və digər ölkələrin təklifləri əsasında 2020-ci ilin yanvarınadək islahatlarla bağlı tövsiyələri hazırlayacaq. Söhbət quruma yeni üzvlərin qəbulu prosedurunda islahatlardan gedir. Bu, Şimali Makedoniya ilə Albaniyanın məsələsinin mayda keçiriləcək Aİ-qərbi Balkanlar sammitində yenidən səsə qoyulmasına imkan verəcək.

Lakin nəzərə alsaq ki, artıq Aİ-nin region ölkələrinə verdiyi zəmanətə inam yoxdur, fikir ayrılıqlarının aradan qaldırılması və kompromisə gedilməsi çətin olacaq.



MƏSLƏHƏT GÖR:

339