Müəllif: Nigar ABBASOVA
Başa çatmaqda olan il «qara qızıl» bazarı üçün uğurlu oldu. 2019-cu ildə OPEK ölkələrinin, habelə kartelə daxil olmayan dövlətlərin neft hasilatının azaldılması ilə bağlı 2018-ci ilin dekabrında qəbul etdiyi qərar sahənin inkişafı üçün mühüm töhfə oldu. Bu anlaşmanın daha sonra 2020-ci il aprelin 1-nə qədər uzadılması «qara qızıl»ın qiymətinin önəmli dərəcədə artmasına səbəb olmasa da, bazarı balanslaşdırdı və iflasdan qorudu.
OPEK+ tərəfindən görülən tədbirlərin düzgünlüyü həm də onunla təsdiqlənir ki, anlaşmanın bağlandığı bir il ərzində neft bazarına təzyiq göstərən amillərin aradan qaldırılması hələ də mümkün olmayıb. Bu, dünyanın ən böyük iki iqtisadiyyatı - Çin və ABŞ arasında davam edən ticarət müharibəsi, dünya üzrə iqtisadi böyümənin yavaşıması və neftə tələbinin zəifləməsi, dünyada geosiyasi gərginliyin davam etməsi və ABŞ-da neft hasilatının artması ilə bağlı proqnozların yaratdığı qorxudur. Beləliklə, OPEK+ anlaşması sayəsində bu ilin əvvəlindən indiyə kimi Brent markalı neftin orta qiyməti 64,08 dollar, WTI (Texas Light Oil) bir bareli isə 56,79 dollar olub.
Anlaşmanı pozanlar
Görünür, OPEK+ ölkələrinin əlavə olaraq gündəlik hasilatı 503 min barel azaltmaq ilə bağlı 6 dekabr tarixli qərarı bu uğuru daha uzun müddətə qorumaq istəyi ilə bağlıdır: OPEK ölkələri bunun 372 min barelini, OPEK-ə daxil olmayan ölkələr 131 min barelini təmin etməlidirlər. Mövcud OPEK+ anlaşması 1 aprel 2020-ci il tarixinə 2018-ci ilin oktyabr ayının səviyyəsi ilə müqayisədə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılmasını nəzərdə tutur. 1 yanvar 2020-ci ildə qüvvəyə minəcək yeni anlaşma ilə neft hasilatında toplam azalma 1,7 milyon barelə qədər artacaq. Eyni zamanda İran, Venesuela və Liviyanın anlaşmadan azad edilməsi saxlanıb.
“Biz qərara gəldik ki, tələbin azaldığı bir dövrdə hasilatın daha da azalmasını təmin etmək lazımdır. OPEK və qeyri-OPEK ölkələri tərəfindən anlaşmanın sonuna qədər hasilatı əlavə olaraq 500 min barel/gün azaltmaq barədə qərar qəbul edildi", - deyə Rusiyanın enerji naziri Aleksandr Novak bildirib.
Qeyd edək ki, iclasdan xeyli əvvəl OPEK+-un neft bazarında tarazlığı qorumaq üçün atacağı addımlar barədə çeşidli ehtimallar irəli sürülmüşdü. Ən çox ehtimal olunan variant, mövcud razılaşmanın şərtlərinin 3, 6 və ya 9 aya qədər uzadılması idi, buna görə də neft hasilatının azaldılmasının daha da dərinləşməsi ilə bağlı seçim olduqca gözlənilməz oldu. Özəlliklə də, hazırkı OPEK+ anlaşmasının yerinə yetirmə öhdəliyi heç də bütün iştirakçılar tərəfindən yerinə yetirilməyib. Ziyanlı "pozucular" siyahısına İraq başçılıq edir (sentyabrda anlaşmanı -50% yerinə yetirib), Qabon (-200%) və Nigeriya (-228%) yerinə yetiriblər.
OPEK+ Nazirlərinin Monitorinq Komitəsinin sentyabr iclasında Nigeriyanın və İraqın uyğun nazirləri oktyabr ayında neft hasilatını 400 min barel azalda biləcəklərini və azalmanı 100% səviyyəsinə çatdıracaqlarını bildiriblər.
Rusiya da OPEK+ sazişini yerinə yetirmir (oktyabrda icra 93%, noyabrda isə cəmi 85% olub). Bu, onunla bağlıdır ki, ölkə ilkin olaraq neft hasilatını «Drujba» neft boru kəmərinin çirklənməsi ilə bağlı problemləri həll etmək üçün artırıb. Oktyabr ayında Rusiya soyuq hava üzündən qaz hasilatını artırmalı oldu, bu da kondensat istehsalının artmasına gətirdi ki, nəticə ümumi neft hasilatında nəzərə alındı. Ancaq ölkə vəziyyətdən çıxış yolunu tapdı və OPEK+-un iclasında kondensatın hasilat hesablamalarından çıxarılması ilə bağlı təşəbbüs irəli sürdü. Kondensatı aradan qaldırmaqla Rusiya anlaşmanın yerinə yetirilməməsi ilə bağlı ittihamlardan qaça biləcək.
“Kondensatın monitorinqdən çıxarılması ilə bağlı təqdim etdiyimiz tövsiyələr qəbul edildi və OPEK-də mövcud olan metodologiya ilə monitorinqə keçdik. Kartel kondensatı nəzərə almır, yalnız neftə fikir verir, OPEK-ə daxil olmayan ölkələr üçün də eyni metodologiya nəzərə alınacaq", - deyə RF Enerji Nazirliyinin rəhbəri bildirib.
A.Novakın sözlərinə görə, Rusiya dekabr ayında OPEK+-un neft hasilatının azaldılması ilə bağlı anlaşmasını 100% yerinə yetirmək - 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 228 min barel azaltmaq niyyətindədir. OPEK+ anlaşması çərçivəsində Rusiya Federasiyası üçün neft hasilatının azaldılması üzrə yeni kvota 2020-ci ilin birinci rübündə artıq kondensat nəzərə alınmadan 298 min barel/sutka təşkil edəcək.
Kral «məsələsi»
Səudiyyə Ərəbistanı, Əlcəzair, Küveyt, Anqola və Ekvador üzərlərinə düşən öhdəlikləri artıqlaması ilə yerinə yetirirlər. Eyni zamanda Ər-Riyad 2019-cu ildə öhdəliklərin yerinə yetirirlməsini təxminən 500 min barreli üstələyərək, neft hasilatının azalmasına əsas töhfəni verib. Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman bildirib ki, yeni anlaşmaya əsasən, krallıq üçün azalma kvotası 167 min barel/sutka artacaq və hasilat 10,1 milyon barel/sutkaya qədər düşəcək, lakin ölkə OPEK+ qarşısındakı öhdəliklərini könüllü olaraq 400 min barel/sutka davam edəcək, yəni 9,7 milyon min barel/sutkadan artıq hasil etməyəcək.
“İstəyirik ki, ümumi azalma (OPEK+ üçün) 1,7 milyon barel/sutka olsun və bizim tərəfdaşlarımız da üzərlərinə öhdəlik götürsünlər. Bununla yanaşı, hasilatımızı daha 400 min barel endirəcəyik ki, bu da OPEK+ ölkələrinin hasilatının 2,1 milyon barel həcmində toplam azalmasına səbəb olacaq. Könüllü azaltmaları yalnız hər kəsin üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu gördüyümüz zaman davam edəcək", - deyə səudiyyəli nazir bildirib.
Ər-Riyadın neft hasilatının azaldılmasında marağının səbəbə olduqca aydındır. Neft qiymətlərinin artımını dəstəkləmək səyləri təkcə ölkənin büdcə kəsirinin azaldılması ilə bağlı deyil, eyni zamanda «Saudi Aramco» dövlət neft-qaz şirkəti üçün uğurlu IPO əməliyyatının gerçəkləşdirilməsinə, yəni səhmlərinin ilkin kütləvi satışının uğurlu təşkilinə yönəldilib. Xatırladaq ki, ölkə hakimiyyəti şirkətin səhmlərinin 1,5%-ni satmağı planlaşdırır. Yuxarı həddə yerləşdirmə zamanı satıcı kimi çıxış edən Səudiyyə Ərəbistanı hökuməti ən azı 25,6 milyard dollar əldə edəcəq. Bu əqd tarix üzrə ən böyük olacaq və Çinin internet nəhəngi «Alibaba»nın 2014-cü ildə ildə həcmi 25 milyard dollara çatan yerləşdirmə göstərdiyi rekordu qıracaq. Gələn il Səudiyyə nəhənginin səhmlərinin beynəlxalq birjalardan birində - Nyu York, London, Honq Konq və ya Tokioda yerləşdirilməsi istisna edilmir. Deməli, ölkə hakimiyyətinin ata biləcəyi ən yaxşı addım neftin yüksək qiymətini təmin etmək olacaq.
Analitiklərin fikrincə, OPEK+-un neft hasilatının dərin azaldılmasından imtinası şəraitində il bir barel üçün 60-64 dollar səviyyəsində başa çatardı. Yəni neftin qiymətində kəskin azalma baş verməzdi. İstehsalın azaldılması ilə bağlı yeni bir anlaşma ilin neftin bir bareli üçün 64-68 dollar aralığında bitirməsinə imkan verəcək.
“Ər-Riyad sığorta olunmağa və neft qiymətlərinə dəstək verməyə qərar verib. Səudiyyənin neft nəhənginin mümkün qədər bahalı qalması üçün krallıq mümkün hər şeyi etməyə davam edəcək. "Saudi Aramco" şirkətinin kotirovkaları hakimiyyətin neft bazarında fəaliyyəti ilə davamlı dəstək əldə edəcək", - deyə «BKS Premyer»in baş analitiki Anton Pokatoviç bildirib.
Liderlərin koopresiyası
Uyğun olaraq, Ər-Riyadı buna nəyin yönəltməsindən asılı olmayaraq, əsas odur ki, son nəticə anlaşmanın bütün tərəflərinin maraqlarına cavab verir və neftin artan qiymətləri neft istehsal edən ölkələr üçün yüksək gəlirləri təmin edir. Görünür, bu səbəbdən, neft hasilatının daha da azaldılması ilə bağlı qərar qızğın müzakirələrə səbəb olmadı. Bu məsələdə OPEK üzvü olmayan ölkələr arasında lider mövqeyində olan və Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaşlıq münasibətləri qurmuş Rusiyanın mövqeyi də bu məsələdə mühüm rol oynayıb. Əslində, Moskvanın mövqeyi noyabrın ortalarında, Rusiya prezidenti Vladimir Putinin Braziliyada keçirdiyi mətbuat konfransında çıxışı zamanı OPEK ölkələri ilə gələcək əməkdaşlığı davam etdirməyin lazım olduğunu açıqladığı zaman daha da aydınlaşmışdı.
“Bizim OPEK-lə çox konstruktiv bir dialoqumuz qurulub. Biz Səudiyyə Ərəbistanındakı dostlarımızın bu cür sərt mövqeyin səbəbini başa düşürük: «Aramco»nun IPO ilə bağlıdır. Bunu hamı başa düşür, burada məlum bir sirr var. Ancaq bunun fərqi yoxdur. Onların cari maraqları var və biz buna indi etdiyimiz kimi, hörmət etməliyik", - deyə Rusiya lideri vurğulayıb.
“Rusiya qlobal enerji bazarına təsir edir, ciddi təsir göstərir, lakin digər böyük istehsalçılarla birlikdə işləyərkən ən böyük təsiri əldə edirik. Yalnız əlaqələndirilmiş addımlar qlobal enerji bazarları üçün optimal effekt verir. Bu mənada Səudiyyə Ərəbistanı ilə, Fars körfəzi ölkələri ilə, OPEK ölkələri ilə son illərdə yaradılmış sistem çərçivəsində - OPEK+ ilə işimizi davam etdirəcəyik", - deyə Rusiya prezidenti vurğulayıb.
Beləliklə, hətta yerli neft istehsalçılarının bu məsələnin müzakirəsini gələn bahara qədər təxirə salmaq istəməsinə baxmayaraq, Moskvanın OPEK və qeyri-OPEK ölkələri ilə hasilatın azaldılması ilə bağlı yeni qərarlardan imtina edəcəyi inandırıcı deyildi. Rusiya tərəfinin kondensatın neft hasilatı hesablamalarından çıxarılması ilə bağlı təklifinə razılıq verilməsi, OPEK+ üçün yeni kvotalar barədə konsensus əldə edilməsi üzrə bir növ kompromis idi.
Azərbaycansayağı azaltma
Azərbaycan da neft hasilatının azaldılmasının dərinləşdirilməsi barədə anlaşmadan kənarda qalmadı və hasilatın əlavə 7 min barel azaldılmasına razılıq verdi.
“Azərbaycan da qlobal neft bazarının tənzimlənməsi prosesini dəstəkləmək üçün OPEK+-un neft hasilatını daha da azaldılması ilə bağlı anlaşmasına qoşulub. Bu çərçivədə, Azərbaycan hasilatı 20 min barel/sutkadan əlavə daha 7 min barel/sutka azaltmaqla bağlı öhdəlik götürüb. Beləliklə, ölkə gündəlik neft hasilatını 2020-ci il yanvarın 1-dən 769 min barel/sutka səviyyəsində saxlamaq barədə öhdəlik götürüb", - deyə Energetika Nazirliyinin açıqlamasında bildirilir.
Qurumun başçısı Pərviz Şahbazov «OPEK +» ölkələrinin nazirlərinin görüşündəki çıxışında qeyd edib ki, dünya iqtisadiyyatının və neft bazarının inkişafı ilə bağlı proqnozlar, eləcə də bir sıra geosiyasi amillər" 2020-ci il üçün tənzimləmə tədbirlərinə ehtiyac olduğunu göstərir".
“Biz bazarı tarazlaşdıra bildik və bu gün bazarı tarazlaşdırmağa davam edirik, bu həm istehsal edən ölkələrin, həm də istehlakçıların xeyrinədir. Bütün bunları nəzərə alaraq, gələn ildən başlayaraq öz töhfəsini verəcək kiçik bir yeni azalma barədə razılığa gəldik", - deyə o bildirib.
Ancaq necə deyərlər, "ən yaxşıya ümid edin və ən pisə hazırlaşın" - Azərbaycan hökuməti bu prinsipə əsaslanaraq 2020-ci il büdcəsində neftin qiymətini bir barel üçün 55 dollar səviyyəsində müəyyən edib, 2019-cu il büdcəsi isə neftin qiymətinin 60 dollar səviyyəsi üzərində qurulmuşdu. Gələn ilin büdcəsinin planlaşdırılmasına ehtiyatlı yanaşma neft bazarındakı vəziyyətin hələ də qeyri-müəyyən olması ilə izah edilə bilər. Düzdür, Azərbaycanın dövlət xəzinəsi 2019-cu ildə zərər görməyib, əksinə, proqnoz özünü tam doğruldur, çünki il ərzində neftin orta qiyməti bir barel üçün 60 dollardan yuxarı olub.
"Hazırda «Azeri Light» markalı neftin bir barelinin qiyməti 70 dollar olmasına baxmayaraq, biz 2020-ci il dövlət büdcəsində neftin qiymətini bir barel üçün 55 dollar səviyyəsində müəyyən etmişik. Bunu gəlirlərin artırılması üçün etmişik. Əgər neftin qiymətini 65 dollar səviyyəsində təyin etsək, bu pul transfertlər şəklində dövlət büdcəsinə gedər (Dövlət Neft Fondundan - red.) və istifadə edilər. Ancaq buna gərək yoxdur", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsi gəlirlərinin strukturunda 13,53 milyard manatın və ya 56%-in neft sektorundan daxilolmalar hesabına təmin edilməsi planlaşdırılır. Eyni zamanda, məsələn, Azərbaycanda PSA müqavilələri əsasında fəaliyyət göstərən neft və qaz şirkətlərindən mənfəət vergisi kimi dövlət büdcəsinə daxilolmalar 750 milyon manat proqnozlaşdırılır ki, bu da 2019-cu il üzrə proqnoza nisbətən 15,4% azdır. SOCAR-ın 2020-ci il üçün vergi planı isə dəyişməyəcək və 1,45 milyard manat təşkil edəcək.
Bir sözlə, neft qiymətləri üzrə 2020-ci il üçün bugünkü proqnozlardan, demək olar ki, neft istehsal edən bütün ölkələri, o cümlədən Azərbaycanı qane edir. 2019-cu ilin nəticələrini yekunlaşdıraraq, əminliklə qeyd etmək olar ki, OPEK+ formatında əməkdaşlıq çox məhsuldar olub. Anlaşma tərəfləri qarşıya qoyulmuş məqsədə - neft bazarının yenidən balanslaşdırılmasına çatmağa yaxındırlar və hələ ki, neft qiymətlərini həm istehsalçı, həm də istehlakçı üçün optimal səviyyədə saxlamağı bacarırlar.
Mart ayında OPEK və qeyri-OPEK nazirlərinin növbədənkənar iclası planlaşdırılır və bu zaman neft hasilatının azaldılması barədə sazişin gələcək taleyi bəlli olacaq. Bununla belə, indi daha böyük inamla ehtimal olar ki, OPEK+ anlaşması uzadılacaq, dəyişikliklər yalnız şərtlər və kvotalarla bağlı gerçəkləşdiriləcək. Hər halda, manevr üçün yer və vaxt var.
MƏSLƏHƏT GÖR: