23 Noyabr 2024

Şənbə, 15:15

İPƏK KİMİ

Beynəlxalq nəqliyyat dəhlizi TRACECA uzun illərdir öz cazibədarlığını qoruyur

Müəllif:

15.12.2019

Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin tranzit potensialının inkişafı üçün Avropa - Qafqaz - Asiya (TRACECA) nəqliyyat dəhlizinin önəmini qiymətləndirməmək çətindir. Xəzəryanı ölkələrdən Avropaya karbohidrogenlərin ötürülməsi üzrə vacib halqa olan TRACECA son illərdə qeyri-neft yüklərinin Azərbaycan ərazisi ilə daşınması üçün daha çox istifadə olunur.

Bu yaxınlarda Bakıda TRACECA-nın inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli sazişin imzalanmasının 20-ci ildönümü ilə bağlı konfrans keçirilib. Konfrans imzalanmanın ildönümünə həsr olunsa da, tədbirdə daha çox bu dəhlizin inkişaf perspektivlərindən danışılıb.

 

Layiqli cavab

“Fəaliyyət göstərdiyi 20 il ərzində TRACECA Proqramı üzv ölkələr arasında multimodal daşımaların təşviqi, tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə həmin ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr vermişdir”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev yubiley konfransını iştirakçılarına göndərdiyi təbrik məktubunda qeyd edib. O vurğulayıb ki, Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət ayırır və Proqramın qarşıdan gələn dövrdəki fəaliyyətini layihədə iştirak edən ölkələrin nəqliyyat sektorlarının inkişafı baxımından yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirir.

Azərbaycan Prezidentinin Avropa-Qafqaz-Asiya dəhlizinin inkişaf perspektivləri ilə bağlı səsləndirdiyi baxışlarını həm beynəlxalq ekspertlər, həm də Bakıya gəlmiş milli nümayəndə heyətlərinin təmsilçiləri bölüşürlər. TRACECA-nın inkişafı ilə bağlı Bakıda çoxtərəfli sazişin bağlandığı konfransdan keçən 20 il ərzində canlanan İpək Yolunun iştirakçı ölkələri regional nəqliyyat və logistika infrastrukturlarının yaradılması üzrə uzun bir yol qət ediblər. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri qanunvericiliyi təkmilləşdirərək, tarifləri və trans-sərhəd qaydalarını unifikasiya edərək, Çin və Avropa arasında malların daşınması üzrə tranzit marşrutlarını birgə formalaşdıraraq, milli iqtisadiyyatların inkişafında mühüm irəliləyişlər əldə ediblər.

Bununla yanaşı, İpək Yolu layihəsinin effektivliyinə şübhə edən az sayda adam da vardır: TRACECA layihəsi üzrə hökumətlərarası komissiyanın 14-cü iclasında iştirak üçün dəvət edilmiş Ermənistan nümayəndə heyətinin rəhbəri - ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Armen Simonyanın səsi yalnız qaldı.

Yubiley konfransında fəal iştirak etdiklərinə görə bütün nümayəndə heyətlərinə təşəkkür edən Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistan nümayəndə heyətinin iddialarını da qulaqardına vurmadı. “Qonşu Ermənistandan olan həmkarlarımın çıxışlarına toxunmamaq olmaz. Onların reaksiyasını başa düşürəm, düşünürəm ki, bunun iki hissəyə bölünməsi lazımdır. Birincisi - mahiyyəti üzrə və TRACECA-ya verdiyi məzmun üzrə. Çıxışlarında olduqca inandırıcı, sadə və rəqəmlərlə bu məsələ barədə fikirlərini bildirən bütün həmkarlarımıza təşəkkür etmək istəyirəm. Öz tərəfimdən ikinci hissə üzərində dayanmağı özümə borc bilirəm. Birincisi, buna görə qonşularımızın reaksiyalarını yaxşı başa düşürəm, çünki onlar İrəvandan Bakıya gəliblər və Bakını öz gözləri ilə görüblər. Mən başa düşürəm ki, onların gördükləri o qədər də asan məsələ deyil”, - deyə M.Cabbarov bildirib.

Bununla yanaşı, nazir qeyd edib ki, Azərbaycan tərəfi konstruktiv yanaşmaya üstünlük verir. "Biz bilirik ki, destruktiv yanaşma daha sadə, daha dağıdıcıdır və təəssüf ki, bu dağıdıcı siyasət çox sayda layihədən təcrid olunmuş qonşu ölkədə daha çox özünü büruzə verir, ölkə özünü indi olduğu nəqliyyat və iqtisadiyyat dalanına salıb və belə görünür ki, oradan çıxmaq istəmir”, - deyə M.Cabbarov bildirib və əlavə edib ki, TRACECA karvanı irəli gedəcək.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi layihəsinin səmərəliliyi yubiley konfransında səsləndirilən çoxsaylı faktlarla sübut olunur. Belə ki, TRACECA-nın baş katibi Mirça Çiopraqanın sözlərinə görə, dəhliz rəsmi olaraq "Avropa və Asiyanı aparıcı beynəlxalq təşkilatlarla birləşdirən təbii tranzit körpüsü" kimi tanınıb. Uyğun olaraq, bu gün layihədə iştirak edən ölkələrin səyləri dəhlizin gələcək dinamik inkişafına yönəldilib.

"Özəlliklə, tənzimləyici normaların harmonikləşdirilməsi və sadələşdirilməsi, sərhədkeçmənin asanlaşdırılması, qabaqcıl nəqliyyat və informasiya texnologiyalarının, habelə TRACECA regionunda fasiləsiz nəqliyyat əlaqələrini təmin edə biləcək digər amillərin istifadəsi kimi tədbirlər gerçəkləşdirilir", - deyə M.Çiopraqa bildirib.

 

300 dəfə artım

Şübhə yoxdur ki, bu gün qarşıya qoyulan vəzifələr gerçəkləşdiriləcək: zamanında bir çox ekspertlər TRACECA layihəsinin baş tutacağına, bu işdə iştirak edən ölkələrin lazımi infrastrukturları yaratmaq və nəqliyyat siyasətlərini əlaqələndirilmiş şəkildə gerçəkləşdirmək qabiliyyətinə şübhə edirdilər. Lakin mövcud faktlar bunun əksini təsdiqləyir və Avropa-Qafqaz-Asiya dəhlizinin uğurunun ən bariz sübutu son 20 ildə yük ötürməsi həcmlərinin çox dəfələrlə artmasıdır. Təşkilatın baş katibinin sözlərinə görə, əgər 90-cı illərin sonunda nəqliyyat dəhlizi ilə ildə 200 min ton yük nəql olunurdusa, bu gün bu rəqəm 300 dəfə artıb. O cümlədən hazırda dəhliz ilə 1 milyard ton yük daşınır ki, bunun da yarısı karbohidrogenlərin payına düşür.

Bu gün Mərkəzi Asiyanın, Cənubi Qafqazın və Yaxın Şərqin on beşə yaxın dövlətini birləşdirən dəhlizə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və Əfqanıstandan gələn «Lapis lazuli» kimi yeni marşrutlar da qoşulub. Üstəlik, TRACECA layihəsinin iştirakçıları Ukrayna ilə Klaypeda limanından başlayaraq Belarus, Ukrayna, Gürcüstan və Azərbaycan ərazilərindən keçməklə Mərkəzi Asiyaya gedən «Viking train» nəqliyyat marşrutunun (Baltik dənizi və Qara dənizin, Aralıq dənizi və Xəzər dənizinin dəniz konteyner xətləri şəbəkəsini birləşdirən dəmir yolu layihəsinin) birgə həyata keçirilməsi barədə razılaşmalar əldə ediblər.

TRACECA dəhlizi çərçivəsində «Nomad Express» və «China Railway Express» konteyner qatarlarının göndərilməsi təşkil edilib, Mərkəzi Asiya bölgəsindən və Çindən Türkiyəyə və Avropaya yüklərin multimodal daşınması qurulub. İndiyə qədər bu işlərin həyata keçirilməsinə, habelə dəmir yolu və liman infrastrukturlarının formalaşdırılmasına, avtomagistralların və logistika mərkəzlərinin tikintisinə, TRACECA çərçivəsində donanmanın və hərəkət heyətinin yenilənməsinə 4 milyard avrodan çox sərmayə qoyulub, habelə Avropa Birliyi ilə 187 milyon avro dəyərində 85 layihə yerinə yetirilib.

Bu çərçivədə Qırğızıstanın nəqliyyat və yollar naziri Janat Beyşenovun sözlərinə görə, 2018-ci ildə TRACECA vasitəsi ilə ölkə ərazisindən 1 milyon tona yaxın yük daşınıb və Qırğızıstanda dəhlizin inkişafı çərçivəsində 2 min km yol yenidən qurulub. J.Beyşenov hesab edir ki, bu proses davam etdiriləcək,: prioritet vəzifələrdən biri Qırğızıstan ərazisindən keçməklə Çindən Özbəkistana dəmir yolu inşasıdır.

Qonşu Qazaxıstanda daha genişmiqyaslı işlər görülüb və Avro-Asiya nəqliyyat dəhlizlərinin inkişafına, təxminən, 30 milyard dollar sərmayə qoyulub. Bu barədə yubiley konfransının digər iştirakçısı - Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Nəqliyyat Komitəsinin sədr müavini Dauren Sabitov bildirib. Onun sözlərinə görə, Qazaxıstanda 2 min km-dən çox dəmir yolu çəkilib, 20 minə yaxın avtomagistral yenidən qurulub. Bu gündən TRACECA dəhlizi çərçivəsində Transxəzər marşrutunun inkişafı istiqamətində işlər görülür, müntəzəm konteyner qatarlarının hərəkəti təşkil olunur, həmçinin Aktau - Bakı - Uxta konteyner fider xidmətinin fəaliyyəti təmin edilir.

 

Perspektivli marşrut

Avropa-Qafqaz-Asiya layihəsində iştirakın verdiyi üstünlüklər Azərbaycanda da çox aydın hiss olunur. Belə ki, ölkənin bu ilin üç rübü ərzində yüklərin daşınmasından əldə etdiyi gəlir 475 milyon manatı ötərək 5,3% artıb. Bu gün TRACECA Azərbaycan üçün tranzitin əsas həcmini təmin edir, bu il yük daşımalarının artması "Bir kəmər - bir yol" marşrutu və TBNM boyunca ölkə ərazisindən keçən yüklərin həcminin artması ilə əlaqədardır. Xüsusilə, bu, Mərkəzi Asiya ölkələrindən karbamid, polipropilen, polietilen və digər kimyəvi məhsulların ixracının artması, eləcə də Avropa və Qara dəniz bölgəsi ölkələrindən Mərkəzi Asiya dövlətlərinə sənaye və ərzaq məhsullarının ixracının artması ilə bağlıdır.

İqtisadiyyat naziri M.Cabbarov isə düşünür ki, TRACECA və digər strateji nəqliyyat layihələri çərçivəsində əməkdaşlıq Azərbaycanı Avrasiya xəritəsində vacib elementə çevirib, Tərəfdaşları ilə birlikdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu dəhlizi yaradan Azərbaycan son illər bölgənin ən vacib nəqliyyat xabına çevrilib. “Yaxın gələcəkdə BTQ-nin yük dövriyyəsi ildə 6 milyon tona, sərnişin dövriyyəsi isə 1 milyon nəfərə çatacaq. Gələcəkdə isə yük dövriyyəsi ildə 15 milyon tondan çox olacaq", - deyə nazir vurğulayıb.

Buna inam Azad İqtisadi Zona (AİZ) ərazisində yaradılan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının davamlı genişləndirilməsi ilə təmin olunur ki, bu da perspektivdə yerli istehsalın dəstəklənməsinə və «Made in Azerbaijan» brendinin tanınmasına təkan verəcək. Yaxın gələcəkdə bu AİZ beynəlxalq yük daşımalarında və Avrasiya logistika zəncirlərində aparıcı rol oynayacaq, Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsinə şərait yaradacaq, Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsini logistika xidmətləri ilə əhatə edəcək.

İqtisadiyyat Nazirliyinin rəhbəri həyata keçirilən bütün təşəbbüslərin maliyyə dividendləri almaq baxımından vacib olması ilə yanaşı, bölgə ölkələrini birləşdirən əsas siyasi amil olduğunu da vurğulayıb. «TRACECA tarixi İpək Yolunu canlandıran ilk qığılcım oldu. Səylərimizi birləşdirərək, dəhlizin cəlbediciliyini artıra və onun daha da inkişaf etdirilməsini təmin edə bilərik”, - deyə M.Cabbarov çıxışında vurğulayıb.

Bir sözlə, bu layihədə iştirak Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirak edən, demək olar ki, bütün ölkələrə nəqliyyat infrastrukturunun inkişafına və dəmir yolu, dəniz və avtomobil parkının yenilənməsinə sərmayə cəlb etməkdə, eyni zamanda effektiv gömrük və trans-sərhəd qaydalar sisteminin formalaşmasında və vahid kəsə-tariflərin qəbul edilməsində yardımçı olub. Birlikdə, bu, beynəlxalq yük daşıyıcıları üçün TRACECA dəhlizinin cəlbediciliyini təmin edib ki, bu gün layihə iştirakçıları gələcəyə inamla baxır, gələcəyə dair yeni planlar hazırlayırlar.



MƏSLƏHƏT GÖR:

332