25 Noyabr 2024

Bazar ertəsi, 15:18

UOTFORDDA KƏDƏRLİ YUBİLEY

NATO ölkələri nə bloka əsas təhdidi müəyyənləşdirə bilir, nə də ona necə reaksiya verməli olduqlarını

Müəllif:

15.12.2019

NATO-nun dekabrın 3-4-də London yaxınlığındakı Uotford şəhərində keçirilmiş iki günlük sammiti alyansın yaradılmasının 70 illiyinə həsr olunmuşdu. Lakin onu bayram tədbiri adlandırmaq çox çətindir. Toplantı iştirakçılarının özlərinin də etiraf etdiyi kimi, sammitin ən böyük nailiyyəti Baltikyanı dövlətlər və Polşa ilə bağlı yenilənmiş planın təsdiqlənməsi olub. Bu isə texniki sənəddən başqa bir şey deyil. Yeri gəlmişkən, alyansdakı tərəfdaşlarından narazı olan Türkiyə onu imzalamaqdan imtina etsə də, sonradan mövqeyini yumşaltmaq qərarına gəlib.

Bu arada, Fransa prezidenti Emmanuel Makron hələ Uotford görüşündən əvvəl yalnız Ankaranı deyil, bütünlükdə NATO-nu tənqid etmiş, onu «beyni ölmüş» birlik adlandırmışdı. Alyans haqda dəfələrlə mənfi fikirlər səsləndirmiş ABŞ prezidenti Donald Tramp isə Makronun sözlərini qətiyyən bəyənməmişdi.

Nəticədə, onlar Britaniyada NATO ilə bağlı müxtəlif mövzularda, həmçinin Türkiyə və Suriya ilə əlaqədar emosional mübahisə ediblər. Amma Tramp ümumi büdcəyə vəd olunmuş məbləği ödəmək istəməyən tərəfdaşlarından narazılığını bu dəfə də gizlətməyib. Ən xoşagəlməz hal kimi isə Böyük Britaniya, Fransa və Kanadadan olan həmkarlarının Amerika liderinin arxasından ona, faktiki olaraq, istehza etməsini göstərmək olar. Bu dördlük arasındakı zarafatı bütün dünya, o cümlədən Trampın özü də eşidib. Kanadanın baş nazirini «riyakar» adlandıran Tramp sammiti vaxtından əvvəl tərk edib.

Almaniya kansleri Angela Merkel özünü o qədər də fəal göstərməyib (son zamanlar bu, tendensiyaya çevrilir), Böyük Britaniyanın baş naziri, ümumxalq səsverməsi və «Brexit»lə məşğul olan Boris Conson isə siyasi diskussiyalardan açıq-aşkar yayınmağa üstünlük verib.

Beləliklə, toplantı çox da konstruktiv, dostluq atmosferində keçməyib. Başqa sözlə, o, dünyanın ən güclü hərbi-siyasi blokunun yubiley tədbirinə heç yaraşmayıb.

 

Hər bir zarafatda həqiqət də var

Prinsipcə, Ağ Ev sahibilə bağlı «Canadian Broadcasting Corporation» tərəfindən yayılmış zarafatdan sonra NATO-nun birliyi haqda danışmaq, yəqin ki, artıq olardı. Tərəfdaşları Trampın bir çox vacib məsələyə toxunduğu böyük improvizə ilə zəngin mətbuat konfransı keçirməsinə lağ ediblər. Bu cür yersiz və formata uyğun olmayan tədbir Bukingem sarayındakı qəbul zamanı da müzakirə edilib. Boris Conson, Emmanuel Makron və şahzadə Anna ilə söhbətləşən Kanadanın baş naziri Castin Tryudo gülərək bu sözləri deyib: «Bilirsiniz niyə gecikib? 40 dəqiqəlik əlavə mətbuat konfransı keçirib – bax, belə! Komanda üzvlərinin də ağızları açıq qalmışdı».

Makronun ona nə cavab verdiyi eşidilmir və Conson cavabı gülüşlə qarşılayır. Lakin söhbət anındaca sosial şəbəkələrdə virus kimi yayılıb. Hər kəsə aydın olur ki, orada söhbət Trampdan gedib. Az sonra bunu Tryudo özü də etiraf edib. Sadəcə, o, «məni düz anlamamısınız» deyərək, vəziyyəti bir qədər yumşaltmağa çalışıb. Baş nazir deyib ki, guya o, Trampın növbəti G7 sammitinin özünün Kemp-Deviddəki iqamətgahında keçirilməsi haqda gözlənilməz qərarını nəzərdə tuturmuş. Amma deyəsən, Amerika prezidenti buna o qədər də inanmayıb. Hər halda o, «onsuz da sualların çoxuna cavab verdiyini» deyərək, yekun mətbuat konfransına qalmayıb – Tramp tədbiri vaxtından əvvəl tərk edib. Üstəlik, alyansda tərəfdaşı olan Tryudonu «riyakar» adlandırıb. ABŞ-ın Donald Trampa o qədər də ürəyi yanmayan mətbuat orqanları yazır ki, Ağ Ev sahibi bununla tarixi çıxışla parlamaq şansını qaçırıb. KİV hesab edir ki, prezident seçkisinin yaxınlaşdığı və impiçment təhlükəsilə üz-üzə qaldığı bir vaxtda bu çıxış Tramp üçün çox vacib idi.

Britaniya KİV-i isə yazır ki, ABŞ-ın hazırkı prezidenti arxasınca edilən zarafatlara artıq öyrəşməlidir – bu, demək olar ki, bütün ali görüşlərdə baş verir. Üstəlik, Tramp Uotford sammitinə artıq persona non-qrata kimi gəlmişdi. Siyasətdə ona ən doğma şəxs olan Britaniyanın baş naziri Boris Conson belə, ABŞ prezidentinin dəstəyinə ehtiyacının olmadığını açıq-aydın nümayiş etdirib – səbəb, yəqin ki, Consonun əksər tərəfdarının Trampı bəyənməməsidir. Baş nazir sonradan keçirdiyi mətbuat konfransında Donald Trampın adını bir dəfə olsun, çəkməyib. Ağ Ev sahibinin özü isə bütün baş verənləri alyansın büdcəsinə ödənişlər məsələsini bir daha xatırlatmasının həmkarlarını qıcıqlandırması ilə əsaslandırıb.

Həqiqətən də, ABŞ prezidenti bu məsələni NATO liderlərinin bütün rəsmi və qeyri-rəsmi görüşlərində qaldırır. O, Avropa ölkələrinin öz təhlükəsizliyi üçün lazımi ödənişi etmədiyini söyləyir, bu xərclərin 70%-nin ABŞ-ın üzərinə düşdüyünü bildirir. Bu dəfə isə o, hətta ödənişdən boyun qaçıran dövlətlərə sevimli «ticarət rıçaqları» ilə təsir göstərmək niyyətini açıqlayıb.

NATO üzvləri hələ 2014-cü ildə qarşıdakı 10 ildə hərbi xərcləri ÜDM-in 2%-nə yaxınlaşdıracaqlarına dair razılığa gəlmişdilər. Lakin hələlik vədinə alyansın yalnız 8 üzvü əməl edib. Üstəlik, maraqlıdır ki, onların əksəriyyəti blokun hərbi və iqtisadi baxımdan heç də ən güclü üzvləri deyil. Əksinə, vədə əməl edənlər Yunanıstan, Polşa, Estoniya, Latviya və Litva kimi ölkələrdir. Başqa sözlə, Trampı ilk növbədə məsələyə Fransa ilə Almaniyanın münasibəti qıcıqlandırır. Tərəfdaşlar ittihamlara cavab verməsələr də, onların cavabı hər kəsə məlumdur – NATO hər kəsdən çox ABŞ-a fayda verir, mövcud oyun qaydaları belədir və Trampın siyasətçidən çox biznesmen olmasının günahı bizdə deyil.

 

Ümid lazımdırmı?

Yeri gəlmişkən, xoşagəlməz bənzətmələr də ilk olaraq alyansın Avropa hissəsində səslənib - Fransa prezidenti «Economist» jurnalına oktyabrın əvvəlində verdiyi müsahibədə NATO-nun «beyninin öldüyünü» bildirib. Makron NATO Nizamnaməsinin 5-ci maddəsinin effektivliyinə də şübhə ilə yanaşdığını deyib. Söhbət alyans üzvlərindən birinə hücumun bütünlükdə NATO üzvlərinə hücum kimi qiymətləndirildiyi maddədən gedir. Fransa prezidenti fikrini Türkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyatlar və Rusiyadan «S-400» raket kompleksləri alması ilə əsaslandırıb.

«Biz NATO-dakı müttəfiqlərimizin – Türkiyənin koordinasiya olunmayan aqressiv davranışları ilə üz-üzəyik. Halbuki, ortada bizim maraqlarımız var [...] Bəşər Əsəd rejimi Türkiyəyə cavab zərbələri endirmək qərarına gələrsə, biz NATO çərçivəsində münaqişəyə cəlb olunacağıqmı? Bu, çox vacib sualdır». Makron onu da deyib ki, Ankara Suriya planlarını yalnız ABŞ ilə məsləhət edib və bu, NATO-nun birliyinin pozulmasıdır.

Bu arada, sammitə cəmi bir neçə gün qalmış dünya mətbuatında Türkiyənin NATO-nu veto ilə hədələdiyinə dair məlumat yayılıb. Məlumata görə, Ankara alyansın kürdlərin Suriya ərazisində fəaliyyət göstərən Xalq Müdafiə Birliyini (YPG) terror təşkilatı və ümumi düşmən kimi tanımayacağı təqdirdə, Baltikyanı dövlətlər və Polşanın Rusiyadan müdafiə planına veto qoyacağını bəyan edib. Problem ondadır ki, Ankaranın terrorçu saydığı bu qüvvələr uzun müddətdir İŞİD-lə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın müttəfiqidir.

Sonda Baltikyanı dövlətlər və Polşa ilə bağlı yenilənmiş planı təsdiqləmək mümkün olub və NATO-nun baş katibi Yens Stoltenberq bunu böyük nailiyyət, NATO üzvlərinin «irəliləmək, yenilənmək, mövqelərinə yenidən baxmaq bacarığı» kimi təqdim edib. Halbuki, əslində söhbət sadəcə, texniki məsələdən gedir.

Bu plan tezliklə unudulsa da, Makronun sözləri hələ də ən müxtəlif səviyyələrdə müzakirə olunur. Məsələ ondadır ki, Fransa prezidenti Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlar üzündən İŞİD-in oraya qayıtdığını da iddia edib və bir məqamda Ankaranı terrorçularla əməkdaşlıqda belə, günahlandırıb: «Təəssüf ki, bizim terrorçuluqla bağlı vahid mövqeyimiz yoxdur. Türkiyəyə baxın. Bu gün onlar vaxtilə bizimlə çiyin-çiyinə İŞİD-ə qarşı döyüşmüş qüvvələrlə vuruşur. Bəzən isə onlar İŞİD-in marionetlərilə əməkdaşlıq belə, edirlər. Bu, strateji məsələdir! Belə məsələlərə yanaşmada dəqiq mövqeyimiz olmadan müdafiəyə nə qədər pul xərclədiyimizi müzakirə etmək qeyri-ciddilikdir! Bu, həm əsgərlərimizə, həm xalqlarımıza münasibətdə qeyri-ciddilikdir!»

Beləliklə, Makron Ankaraya və Trampa tərəfdaşlığa, «yubiley»ə uyğun gəlməyən daş atıb. Amma Fransa prezidentinin özü də rahat deyil. Onun hərbi suverenliklə bağlı fikirləri bir çox avropalı siyasətçi, o cümlədən Almaniya rəhbərliyi tərəfindən tənqid olunur. Onlar deyir ki, NATO bloku Avropanın təhlükəsizliyinin əsası olub və olacaq. Makronun «beyin ölümü» fikri isə ən çox Trampa toxunub. ABŞ prezidenti bu fikri 28 üzv üçün təhqir, «çox xoşagəlməz» kimi qiymətləndirib (halbuki, əvvəllər özü alyansın «qocaldığını» deyirdi).

Bütün bunlarla yanaşı, yubiley ərəfəsində ümumi fonun çox mənfi olduğu da nəzərə alınmalıdır – Fransada pensiya islahatlarına qarşı ümumxalq tətili, ABŞ-da Trampa impiçment elan olunması prosesinin getdikcə qızışması, Böyük Britaniyada növbədənkənar seçki və «Brexit», həmçinin London körpüsündəki terror aktı, Haaqadakı atışma və s. Demək, Uotford görüşündən təəssüratların ziddiyyətli olması təəccüblü deyil. Aydındır ki, alyans daxilində gərginlik elə həddə çatıb ki, onun gizlədilməsinə ehtiyac duyulmur.

Narahatlıq yaradan əsas məqam başqadır: NATO ölkələri nə bloka əsas təhdidi müəyyənləşdirə bilir, nə də ona necə reaksiya verməli olduqlarını – əsas düşmən olaraq əvvəlkitək Rusiya ilə Çini görmək lazımdır, yoxsa terrorçuluğu?

Qəribə olan odur ki, alyansa üzv dövlətlərin liderləri bir həqiqəti etiraf etmək istəmir: dünya dəyişib və artıq vahid təhlükə mənbəyi yoxdur. NATO isə vaxtilə məhz bu əsasla yaradılmış qurumdur. İndiki dövrdə hər an ortaya müxtəlif amillərdən qaynaqlanan yeni hədəflər çıxır. Odur ki, istər Rusiya, istər Çin, istərsə də Suriyadakı kürd dəstələri NATO-nun bu və ya digər üzvü üçün düşmən də ola bilər, tərəfdaş da. Bu, məqsədin nə olduğundan asılıdır. NATO-nun strukturu isə hələ ki, bu dinamizmə uyğunlaşa bilməyəcək dərəcədə mühafizəkardır. Alyansın istər hərbi imkanlarına xərclənməli olan vəsaitlə bağlı, istərsə də ümumiyyətlə razılığa gəlinməsi məhz bu üzdən çətinləşib.

«Bizim xarici simptomlarımız çox pis olsa da, məzmunumuz çox yaxşıdır. Bu, əladır. NATO, əlbəttə ki, hələ də güclüdür və yenidən təşkilatlana bilər», - deyə Yens Stoltenberq bildirib. Amma deyəsən məsələ NATO-nun yenidən təşkilatlana bilib-bilməməsində yox, buna ehtiyacın olub-olmamasındadır.



MƏSLƏHƏT GÖR:

331