25 Noyabr 2024

Bazar ertəsi, 15:41

STRATEJİ İSTİQAMƏT

Rusiya ilə Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyəyə çatıb

Müəllif:

15.12.2019

Son bir ildə Azərbaycan və Rusiya arasındakı dövlətlərarası və iqtisadi münasibətlər növbəti yüksəliş mərhələsini yaşayır. Müstəqillik illərində hər iki dövlət qarşılıqlı ticarətdə və investisiya fəallığının inkişafında çoxqatlı artım əldə edərək uzun bir yol keçib. Üstəlik, qarşılıqlı ticarətin böyüməsi ilə ölkələr qarşılıqlı sərmayələrin həcmini durmadan artırır və bir sıra birgə regional layihələrdə iştirak etməyə hazır olduqlarını göstərirlər.

Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya son səfərinin nəticələrinə əsasən, hökumət sektorunun nümayəndələri və əlbəttə ki, işgüzar dairələr ikitərəfli ticari-iqtisadi əlaqələri keyfiyyətcə fərqli inkişaf səviyyəsinə qaldırmaq üzrə qarşılıqlı istək ifadə edirlər.

 

Ticarət dövriyyəsinin 23 faizlik artımı

Beləliklə, ötməkdə olan 2019-cu il Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin inkişafı baxımından olduqca uğurlu olub. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Biz ili yaxşı nəticələrlə başa vururuq, əmtəə dövriyyəsi artır. Bu, sevindirici haldır, çünki əmtəə dövriyyəsi ilbəil artır. Mövcud potensialın artırılması ilk baxışda çətindir, çünki baza artır. Bununla bərabər, biz fəal qarşılıqlı əlaqələrin nəticələrini görürük. Bu nəticələr həm əmtəə dövriyyəsinin, həm də investisiyaların artmasında əksini tapır", - deyə o vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 19% artmışdırsa, cari ilin 10 ayının nəticələrinə görə artıq 23% artım qeydə alınıb. Eyni zamanda Azərbaycanda Rusiya kapitalı 950 şirkət fəaliyyət göstərir, bu gün Azərbaycan iqtisadiyyatına qoyulan Rusiya Federasiyası sərmayələrinin ümumi həcmi 4,9 milyard dollara çatıb, öz növbəsində bizim ölkəmiz Rusiya iqtisadiyyatına 1,2 milyard dollar sərmayə qoyub.

"Biz 2,5 milyard dollarlıq əmtəə dövriyyəsi səviyyəsini keçdik. 2019-cu ilin sonuna qədər göstəricilərin 3 milyard dollara yaxınlaşacağı gözlənilir. Bunlar önəmli rəqəmlərdir", - deyə Rusiya İqtisadi İnkişaf nazirinin müavini Azər Talıbov Bakıda bildirib.

Nazir M.Oreşkin özü də Prezident İ.Əliyevlə görüş zamanı vurğulayıb ki, əgər cari rəqəmlərə nəzər salınsa, əmtəə dövriyyəsi və dinamika əks istiqamətdə müqayisə edilsə, məsələn, bu il Avrasiya İqtisadi İttifaqı ilə Rusiyanın münasibətlərində dinamika mənfidir, əmtəə dövriyyəsi bir qədər azalır. “Buna görə, həqiqətən, Azərbaycanla təqribən 30 faiz artım var. Bu, ümumiyyətlə, hər hansı ölkə ilə müqayisədə, həqiqətən, ən yüksək göstəricilərdən biridir. Doğrudan da, baza bəlkə də bu qədər yüksək olmayıb və Hökumətlərarası Komissiya çərçivəsində mənim həmkarlarımla birlikdə həyata keçirdiyimiz ilk tədbirlər, sədlərin aradan qaldırılması, bazarlar açılması – bütün bunlar ciddi irəliləyişə nail olmağa və bu cür yaxşı nəticələr göstərməyə imkan verib", - deyə rusiyalı nazir vurğulayıb.

Bu gün iqtisadi əlaqələrin inkişafı "yol xəritələri" çərçivəsində həyata keçirilir və nəticələrə baxanda formatın çox uğurlu seçildiyi görünür.

Qeyd edək ki, dekabr səfəri çərçivəsində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası keçirilib ki, iclasda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Mixail Oreşkin 2020-2022-ci illər üzrə daha iki əməkdaşlıq proqramını – aqrar sənaye kompleksi, həmçinin turizm sahəsində əməkdaşlıq proqramlarını imzalayıblar.

Bununla yanaşı, Prezident İ.Əliyevin qeyd etdiyi kimi, 2019-cu ilin noyabr ayında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində də “yol xəritələri” siyahısının genişləndirilməsi razılaşdırılıb ki, onlar yeni sahələri əhatə etsin. “Yol xəritələri”nin reallaşmasının yaxşı nəticələr verdiyini nəzərə alsaq, bu, çox vacibdir. Ona görə də bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əlbəttə ki, bizim əməkdaşlığımızın məntiqi davamıdır", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bununla bağlı, artıq dekabr ayında Bakıda iki ölkənin iqtisadi qurumları arasında innovasiya və insan kapitalı sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutan Niyyət Protokolu imzalanıb. Protokola görə, üç ay ərzində innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq üzrə 2024-cü ilə qədər hesablanmış daha bir «yol xəritəsi» hazırlanacaq. Üstəlik, bu istiqamətdə əməkdaşlıq çərçivəsində ölkələrimiz birgə ekspert qrupu, Azərbaycanda İnnovasiya, Elm və Texnologiya Mərkəzi yaradacaqlar, Birgə Vençura Fondunun yaradılması imkanlarını öyrənəcəklər.

Yeri gəlmişkən, bunun davamı olaraq qeyd etmək lazımdır ki, iki ölkənin peyk rabitə operatorları - "Azərkosmos" ASC və RSCC artıq əməkdaşlıq barədə razılığa gəliblər. Onlar «Azerspace-1» və «Azerspace-2» kosmik peyklərinin, habelə RSCC-nin MDB ölkələrinin ərazilərinin dayanıqlı əhatəsini təmin edən «Express-AM» peyklərinin imkanlarını birlikdə istifadə edəcəklər.

 

Ənənəvi və yeni sahələr

Əməkdaşlığın hətta müstəqilliyin ilk çətin illərində, demək olar ki, dayanmadığı ən ənənəvi sahəyə - kənd təsərrüfatına gəldikdə isə, Baş nazirin müavini Şahin Mustafayevin sözlərinə görə, indi Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına nəqlinin dəyəri ildə təxminən 600 milyon dollar təşkil edir. Ancaq bu göstəricini ən azından iki qat artırmaq imkanı var. "Bu baxımdan vergi və gömrük sahəsində müasir texnologiyaların tətbiqi çox vacibdir", - deyə Ş.Mustafayev vurğulayıb.

Hazırda onun sözlərinə görə, Rusiya qurumları Azərbaycan mallarını elektron şəkildə izləyə bilirlər, lakin ümumilikdə bütün prosedurların, münasibətlərin bütün parametrlərinin rəqəmsallaşdırılmasına ehtiyac var. "Hər iki tərəf bunda maraqlıdır", - deyə Baş nazirin müavini əlavə edib.

M.Oreşkin isə bildirib ki, dekabr ayında tərəflər kənd təsərrüfatında qarşılıqlı fəaliyyət üzrə (2020-2022-ci illər üçün) kompleks proqram imzalayacaqlar.

Bu baxımdan, Rusiya-Azərbaycan sərhədində effektiv və keyfiyyətli infrastrukturun yaradılması üzrə iş münasibətlərin iqtisadi komponentləri arasında əsas məsələlərdən biridir. "Tezliklə Samur çayı üzərində körpünün tikintisi başa çatdırılmalıdır ki, bu da ikitərəfli ticarətdə və insanların rahat hərəkətində özünü göstərəcək", - deyə M.Oreşkin əlavə edib.

Qeyd etmək lazımdır ki, Rusiya iqtisadi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin "ənənəvi" sahələrinin siyahısını genişləndirə biləcək yeni müştərək müəssisələr də açılıb.

Belə ki, Pirallahı sənaye parkının ərazisində dərman istehsal edən birgə müəssisə (BM) «R-Pharm» istifadəyə verilib, onun yaradılmasına, təxminən, 80 milyon dollar sərmayə qoyulub. Zavodun illik istehsal gücü 22,5 milyon paket, ya da 500 milyon ədəd tablet və kapsul təşkil edir. Ümumiyyətlə, zavod ilkin mərhələdə 89 növ dərman istehsal edəcək. Məhsullar Gürcüstan, İran, Türkiyə, Almaniya, İsveçrə və Ukraynaya, Orta Asiya ölkələrinə ixrac ediləcək.

Digər bir iddialı layihə «Zabrat» hava limanının ərazisində vertolyot servis mərkəzinin yaradılmasıdır. İlk illərdə mərkəzdə ildə 4-6 vertolyotun təmiri planlaşdırılır, daha sonra istehsal gücü 8-10 vertolyota qədər artırılacaq. Layihə AzAL və “Rusiya Vertolyotları“ holdinqi tərəfindən həyata keçiriləcək.

“Çağdaş servis mərkəzi ölkədə Rusiyanın «Mi» markalı vertolyotlarının istifadəçiləri üçün hərtərəfli texniki dəstək və yüksək səviyyədə uçuş qabiliyyəti təmin edə bilər. Bu iş «Rostex» dövlət korporasiyasının aviasiya klasteri tərəfindən gerçəkləşdirilən strategiya çərçivəsində həyata keçirilir ki, bu, fəaliyyət göstərdiyi bölgələrdə xidmət mərkəzləri şəbəkəsini genişləndirməyi və təchiz edilən avadanlıqlara bütün istismar tsikli boyunca hərtərəfli dəstək verməyi nəzərdə tutur",- deyə «Rusiya Vertolyotları» şirkətinin baş direktoru Andrey Boginski vurğulayıb.

Ehtimal edilir ki, «Rusiya Vertolyotları» servis mərkəzinin nizamnamə kapitalının 25%-nə sahib olacaq. Rusiya və Azərbaycan tərəfləri arasında müvafiq alqı-satqı müqaviləsinin 2020-ci ilin birinci rübündə bağlanması planlaşdırılır. Rusiya şirkətinin məlumatında bildirilir ki, bu zaman servis mərkəzinə Rusiya və sovet vertolyotlarına texniki qulluq və təmir xidmətləri göstərməyə imkan verən texnologiyalar veriləcək.

Gələn ilin sentyabrında Azərbaycanda «Qazel» avtomobillərinin istehsalına da başlanacaq. Rusiya sənaye və ticarət nazirinin müavini Aleksandr Morozovun sözlərinə görə, şirkət ildə 1000 ədəd müxtəlif modifikasiyalı avtomobillər: «Qazel», «Qazel-Next», «Qazel-Biznes» və xüsusi texnika istehsal edəcək. Zavodun dəyəri 14 milyon manat təşkil edir, bu zaman layihəyə sərmayələri Azərbaycan tərəfi qoyacaq.

"Birgə müəssisələrin yaradılması üçüncü ölkələrin bazarlarına çıxmaq imkanı verir və burada sənaye korporasiyası əməkdaşlığı tamamilə yeni bir şəkildə oynamağa başlayır. Bu, bütün tərəflər üçün daha da böyük potensial verir", - deyə Rusiya nazirinin müavini A.Talıbov bildirib.

İki ölkənin iş adamları arasında qarşılıqlı münasibətlər 145 şirkət və təşkilatı özündə birləşdirən Azərbaycan-Rusiya İşgüzar Şurası çərçivəsində həyata keçirilir. “2019-cu il ərzində biz işgüzar şuranın 6 iclasını keçirdik və onun tərkibi genişləndi. Gələn ilin əvvəlində işgüzar şuranın yeni tərkibdə ilk iclasını keçirəcəyik", - deyə Şuranın İdarə Heyətinin sədri Səməd Qurbanov dekabr ayında keçirilən növbəti iclasda bildirib.

Ancaq hər iki tərəf "daha irəli getməyin" vacibliyini qeyd edir. Hər iki ölkənin hökumətləri də, təmsilçilərinin ifadələrinə görə, sahibkarların yolunda ortaya çıxan maneələri və problemləri aradan qaldırmaqda qərarlıdırlar. Buna görə də gələn il iqtisadi münasibətlərdən yeni rekordlar və "güclü göstəricilər" gözləmək olar.



MƏSLƏHƏT GÖR:

319