26 Dekabr 2024

Cümə axşamı, 06:13

MÖCÜZƏ BAŞ VERMƏDİ

Nikola Yurçeviç:“Amma işimin alınmamasıyla razı deyiləm. Mənə vaxt vermək olardı”

Müəllif:

01.01.2020

Gözlənildiyi kimi futbol üzrə Azərbaycan millisi yenə baş məşqçisiz qaldı. Avropa çempionatının seçmə mərhələsində cəmi 1 xal toplayan yığmamız özünün 24 il əvvəlki antirekordunu təkrarladı. Bakıda keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək yığmanın həm oyunundan, həm nəticəsindən hamı narazıdır. Belə vəziyyətdə baş məşqçi Nikola Yurçeviçin vəzifəsində saxlanılması möcüzə olardı.

Və möcüzə baş vermədi. İlin sonunda baş tutan AFFA İcraiyyə Komitəsinin iclasında Nikola Yurçeviçin seçmə mərhələylə bağlı hesabatı dinlənildi və sonra onunla müqaviləyə xitam verildi. İstefaya göndərilən Yurçeviçi Bakını tərk etməsinə baxmayaraq tapmaq çətin olmadı. Avstriyada olan Nikola Yurçeviç “Region plus”un suallarına cavab verməkdən imtina etmədi.

- Azərbaycan millisindən ayrılmağınızı necə qarşıladınız?

- Son həftə ərzində özümü və Azərbaycan millisinin gələcəyini düşünürdüm. Müqaviləni uzatmaqda maraqlı olub-olmamağımla bağlı özüm də əmin deyildim. İnsanlar daha real olmalıdırlar. Azərbaycanın Avropa futbolundakı mövqeyini nəzərə alsaq, yalnız addım-addım inkişaf edə bilərik. Etiraf edirəm, çox çətin işə razılıq vermişdim. Bəhanə axtarmıram, uğursuzluq varsa, deməli, məşqçi kimi günahkaram. Lakin reallığı unutmayaq. Bu gün Azərbaycan millisində Avropada çıxış edən futbolçular yoxdur, Azərbaycan futbolçuları Avropanın tanınmış klublarında oynamır. Yalnız gənc oyunçularla düzgün işləməklə və addım-addım irəliləməklə uğura nail olmaq mümkündür. İstənilən halda Azərbaycanda mənə dəstək olan insanlara təşəkkür etmək istəyirəm. Sizinlə çalışmaq çox maraqlı oldu.

- İstefanız barədə necə xəbər tutdunuz?

- AFFA İcraiyyə Komitəsində yığmanın oyunuyla bağlı hesabatla çıxış etdim. Sonra zalı tərk etməyimi xahiş etdilər. Zalı tərk edəndən sonra müzakirələr oldu. Nəticədə İcraiyyə Komitəsi müqaviləmə xitam vermək barədə qərar qəbul etdi. Heç kimdən incimirəm. Məşqçinin işi belədir, gələndə getməyə hazır olmalısan. Sadəcə Azərbaycan millisində işimin belə tez başa çatacağını gözləmirdim.

- Kənardan Azərbaycandakı işinizi necə qiymətləndirirsiniz?

- Avropa Çempionatının final mərhələsinə vəsiqə qazana bilmədim. Amma bu sensasiya olmamalıdır. Gəlin, düz danışaq. Milli indiyə qədər neçə dəfə qitə birinciliyində iştirak edib? Belə olan halda məndən möcüzəyə bərabər nəticə gözləmək olmazdı. Əlbəttə, cəmi bir xal toplamağımız uğursuzluqdur. Müəyyən mənada bəxtimiz də gətirmədi. Düşünürəm ki, gələcək üçün bir sıra yeni və gənc oyunçuları üzə çıxardıq. Keyfiyyətcə daha üstün komandalara qarşı çox yaxşı oynadıq və əlavə xallar qazanmaq şansımız vardı. Qrupumuzda San Marino kimi asan rəqibimiz olsaydı, yəqin ki, daha 6 xal qazanardıq və bu, komandaya daha çox özünəinam verərdi. Lakin rəqiblərimiz arasında San Marino kimi zəifi yox idi. Kifayət qədər səviyyəli komandalara qarşı oynadıq.

- AFFA İcraiyyə Komitəsinə təqdim etdiyiniz hesabatla bizi tanış edə bilərsinizmi?

- İcraiyyə Komitəsinə illik hesabat verdim. Bütün oyunları təhlil etdim. Seçmə mərhələdə bizə qarşı çoxlu hakim səhvləri oldu. Premyer Liqada 8 komanda çıxış etdiyindən yığmada rəqabət üçün yetərincə oyunçunun olmadığına diqqət çəkdim. Üstəlik, bəziləri klublarında oynamırlar. Həmçinin seçmə mərhələdə hər görüşdə cəza və zədə üzündən 3-4 futbolçunun xidmətindən yararlana bilmədik. Xaricdə oynayan futbolçuların da sayı yetərli deyil. Komandanın gələcəyi ilə bağlı analiz aparmağa çalışdım. Fikrimcə, növbəti Millətlər Liqasında müsbət nəticə qazanmaq üçün daha yaxşı şans var. Millidə çalışacaq yeni baş məşqçiyə uğurlar arzu edirəm.

- Azərbaycan karyeranız başa çatdı, yoxsa gələcəkdə qayıtmaq istərdiniz…

- Ölkəniz barədə yalnız xoş fikirlər söyləyə bilərəm. Bir gün yenə Azərbaycanda çalışmağım mümkündür. Deməliyəm ki, mən və ailəm Bakı kimi gözəl, Azərbaycan kimi əla ölkədə yaxşı insanların əhatəsində çox yaxşı vaxt keçirdik. Hazırda istirahət barədə düşünürəm. Qarşıdan bayramlar gəlir. Agentlərim işsiz olduğumdan məlumatlıdır. Yəqin 5-6 aydan sonra yeni təkliflər alacağam.

- Millimizdə işiniz uğursuz oldu. Bu amil gələcək karyeranıza necə təsir edəcək?

- Siz məndən hansı nəticəni gözləyirdiniz? Niyə media, azarkeşlər işiminalınmadığını düşünür? Belə münasibət olduğu yerdə işləmək çətindir. Daim təzyiq hiss edirsən. Axı millidə “Barselona”, “Yuventus”da çıxış edən futbolçularınız olmayıb. Millinin Xorvatiya, Uels, Macarıstanla matçlardakı oyununa görə fəxr etməlisiniz. Onların heyətində “Real”, “Bavariya”, “Mançester Yunayted”də oynayan futbolçuları var. Biz onlara qarşı “Qarabağ”, “Neftçi”, “Səbail”də çıxış edən futbolçularla nə edə bilərdik? Yoxsa siz Xorvatiya ilə matçlarda 3 xal gözləyirdiniz?

- Sizcə, Azərbaycan millisini kim yüksəldə bilər?

- Bu barədə fikir bildirməyim düzgün qəbul edilməz. Azərbaycan yığmasına uğurlar arzu edirəm. Amma işimin alınmamasıyla razı deyiləm. Mənə vaxt vermək olardı.

- Sabiq baş məşqçimiz Robert Prosineçkinin yenidən millimizə qayıdacağı barədə fikirlər səsləndirilir. Prosineçki ilk dəfə millimizdə işləyəndə seçmə mərhələdə 10 xal toplamışdı. Sizcə ona yenidən şans vermək düzgün qərardır?

- Zaman bütün suallara aydınlıq gətirir. Ölkənizdə olduğum müddətdə xoş münasibət hiss etmişəm. Hər bir azərbaycanlıya buna görə təşəkkür etməyi borc bilirəm. Milliyə uğurlar arzulayıram. Yeni məşqçiyə uğurlar diləyirəm. Azərbaycan millisində işləyəndə uğur mütləq lazım olur.

- Müsahibəyə görə təşəkkür edirəm!

- Sizə də uğurlar arzu edirəm!



MƏSLƏHƏT GÖR:

381