23 Dekabr 2024

Bazar ertəsi, 06:12

İRS TƏQVİMİ

Nəsimi ili, beynəlxalq musiqi festivalları, teatr hadisələri və İrəvan xanlığı haqqında gerçəklər

Müəllif:

01.01.2020

Nəsiminin 650 illik yubileyi, Şəki Xan Sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi - bu və bir çox digər mühüm hadisələr ötən 2019-cu ili Azərbaycanda yadda qalan etdi. Onların bəzilərinin miqyası və önəmini yenidən qiymətləndirmək çətindir, çünki onlar ölkənin hüdudlarından kənara çıxıb. Bu yalnız Azərbaycanın özünəməxsusluğunu, onun zəngin tarixinin və mədəniyyətinin dünya mədəniyyətinin xəzinəsinə mühüm töhfə verdiyini vurğulayır.

 

İrəvan xanlığı haqqında gerçəklik

2019-cu ilin may ayında Bakıda, Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyinin Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin inciləri” sərgisi açılıb. Ekspozisiyaya 300-ə yaxın eksponat daxil edilib. Üç ekspozisiya bölməsində Kacar dövrünə aid Azərbaycan sənət nümunələri, İrəvan xanının Sərdar sarayı kompleksindən əşyalar, avadanlıq və rəsmlər kolleksiyası, Rusiya fotoqrafiyasının pioneri Dmitri Yermakovun (1846-1916) Erivan xanlığı ilə bağlı arxivindən nadir fotosənədlər təqdim olunub.

Sərgini açan Azərbaycan Respublikası Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov qeyd edib ki, beş il əvvəl aşkar edildi ki, Azərbaycan tarixi ilə bağlı minlərlə tarix, mədəniyyət artefaktı Gürcüstan Milli Muzeyində saxlanılır. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu barədə məlumat verildi və bu materiallar əsasında böyük bir sərginin təşkili haqqında qərar verildi.

Avqust ayında İrəvan xanlarının nəslindən olan Əmir Əli Sərdar İrəvani ailəsi və qohumları ilə birlikdə sərgini ziyarət etdi. Yeddinci nəsildəki babası Hüseyn-Əli xan İrəvanın hökmdarı olub (1750-1780-ci illər), həmin dövrdə bir çox memarlıq binaları, xüsusən İrəvanda Göy məscid inşa edilib. 6-cı nəsildə babası isə Məhəmməd xan İrəvanın hökmdarı olub (1796-1804) ), onun dövründə İrəvan xanlarının saray kompleksinə Güzgülü salon və Yay iqamətgahı əlavə olunub. Əmir Əli Sərdari İrəvaninin özü Tehranda anadan olub. İndi Almaniyada yaşayır.

O, İrəvan xanlığının tarixinin qorunub saxlanmasına və populyarlaşmasına verdikləri töhfələrə, həmçinin bu nəcib işin hərtərəfli dəstəklənməsinə hazır olduqlarına görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərova dərin minnətdarlığını bildirib.

 

«…Mən bu cahana sığmazam»  

Nəsimi ili Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ona görə elan edildi ki, 2019-cu ildə böyük şair və mütəfəkkirin anadan olmasının 650 ili tamam olurdu. Azərbaycan xalqının fəlsəfi düşüncəsində dərin iz qoymuş İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların ruhi-mənəvi təkmilləşməsi baxımından böyük önəm daşıyır. Ölkəmizdə şairin irsinin tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirilməsi çağlarından başlayır. O vaxtdan bəri böyük söz ustadının yubileyi UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin ildönümləri siyahısına daxil edilib və beynəlxalq miqyasda qeyd olunur.              

Dahi Nəsiminin adı ilə bağlı hadisələrin zənginliyinə görə 2019-cu il maraqlı və ən əsası, rezonanslı il olub. Bu tarixlə bağlı tədbirlərə Nəsiminin yaradıcılığı ilə bağlı araşdırma aparan beynəlxalq ekspertlər də qoşuldu. Həm ölkə daxilində, həm də xaricdə elmi, ədəbi və mədəni simpoziumlar keçirildi. Nəsiminin yubileyi UNESCO-nun Parisdəki mənzil-qərargahında da qeyd olundu, burada Nəsiminin Şərq və Qərb xalqlarının mədəni dəyərlər xəzinəsində tutduğu yeri haqqında məlumat verildi. İmadəddin Nəsiminin fəlsəfi düşüncəsinin özünəməxsusluğu qeyd edildi. Bütün Azərbaycan xalqı üçün qürurvericidir ki, xaricdə böyük şairin əsərlərinə heyran qalırlar və alimlər tədqiqatlarını buna həsr edirlər. Bu sırada alman alimi, məşhur nəsimişünas Mixael Hess və Mursia Universitetinin Şərq və İslamşünaslıq fakültəsinin müəllimi, doktor Pilar Qarrido Klemente (İspaniya) və digərlərinin adlarını çəkmək olar. Onların hamısı bu fikirdə yekdildirlər ki, humanizm anlayışının daşıyıcısı kimi Nəsiminin fəlsəfəsi Qərb oxucusuna çox böyük təsir göstərir.  

UNESCO Baş direktorunun müavini Ernesto Ottone isə qeyd edib ki, Nəsimini anım mərasimi UNESCO-nun anlaşma, dözümlülük və dünya mədəniyyətini təbliğ etmək missiyasına öz töhfəsini əlavə edəcək.

 

Misilsiz aksiya  

Azərbaycanın özündə böyük mütəfəkkirin dühası ilə bağlı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə II “Nəsimi” şeiriyyat, incəsənət və mənəviyyat festivalı keçirilib. Tədbir çərçivəsində Nəsimi yaradıcılığının müxtəlif aspektləri, böyük şairin fəlsəfi görüşləri araşdırılıb. Festival çərçivəsində Bakıda və şairin vətəni Şamaxıda keçirilən tədbirlərdə Nəsimi poeziyası və böyük mütəfəkkirin fəlsəfi düşüncələri müxtəlif sənət janrları və onların harmoniyası vasitəsi ilə tərənnüm edilib. Festivalın sonuncu günündə isə Azərbaycan yeni poçt markası «İmadəddin Nəsimi-650» təqdim edilib.

Sentyabr ayında Üzeyir Hacıbəyova həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Akademik Opera və Balet Teatrında «Nəsimi» baleti nümayiş olunub. Tamaşa dahi Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirovun musiqisi ilə səhnələşdirilib. Daha bir maraqlı hadisə məşhur azərbaycanlı rejissor Həsən Seyidbəylinin "Nəsimi" bədii filminin yenilənmiş, elektron variantının təqdimatı oldu. Film 1973-cü ildə Nəsiminin 600 illik yubileyi şərəfinə çəkilib. Onda baş rolu Azərbaycanın xalq artisti Rasim Balayev oynayıb.

Nəsimi ilinə həsr olunmuş tədbirlərin kulminasiya nöqtəsi ətraf mühitin qorunmasına yönəlmiş güclü sosial kampaniya oldu: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə (!) bu özəl tarixin rəmzi kimi 650 min ağac əkildi. Beynəlxalq ekspertlər dərhal bu tədbirə diqqət yetirərək onu qiymətləndirdilər və qeyd etdilər ki, ekoloji problemlərin həllində bu, dünyanın hökumət və ictimai xadimləri üçün gözəl bir nümunədir. İndiyə kimi dünyada belə bir qlobal tədbir olmayıb.

 

Dünya İrsinin bir hissəsi  

2019-cu ildə UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü iclasında Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESCO-nun Dünya İrs Siyahısına daxil edildi. Bu, bütün Azərbaycan və bütün Şəki sakinləri üçün böyük zəfər oldu, həm də 2014-cü ildə (UNESCO-nun 9-cu sessiyasında) Şəki kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin davamı idi.

Saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoymuş Hacı Çələbi xanın nəvəsi olan Hüseyn xan Müştaqın dövründə 1761-1762-ci illərdə tikilib. Tikintisində heç bir mismardan istifadə olunmayan sarayın fasadında ov və müharibə mənzərələri, həndəsi və çiçək naxışları təsvir edilmiş süjet rəsmləri çəkilib. Mərkəzdə çox rəngli şüşə mozaikadan hazırlanmış iri vitraj pəncərə yerləşdirilib. Sarayın pəncərələri rəngli şüşə lövhələrindən yığılıb və məsaməli daş çərçivələrlə haşiyələnib. Sarayı bəzəyən şəbəkənin hər kvadrat metrinə 5 min, pəncərə şəbəkəsinin hər kvadratmetri üçün 14 min kiçik hissə və rəngli şüşədən ibarətdir. Saray haqlı olaraq 18-ci əsr Qafqaz saray memarlığının ən yaxşı nümunələrindən biri və İslam Şərqinin incilərindən sayılır.

 

Beynəlxalq Muğam gününün doqquz ili  

Hər il avqustun 26-da Beynəlxalq Azərbaycan muğamı günü və Böyük İpək Yolu üzərində yerləşən ölkələrin musiqi günü qeyd olunur. Qərar Kanadanın Niaqara şəhər meriyası və 2010-cu ildə ənənəvi illik Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən qəbul edilib. Bu, muğamın təkcə Azərbaycan xalqının milli sərvəti deyil, həm də ortaq miras olduğunu təsdiqləyən başqa bir faktdır. Bu il bu əlamətdar hadisənin 9 illik yubileyi qeyd edildi.

Müstəqillik illərində Azərbaycan muğamı öz inkişafında yeni mərhələyə qədəm qoydu. Bir daha qeyd etmək lazımdır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğamın təbliğində müstəsna rol oynayır. Azərbaycanın birinci xanımının səyləri sayəsində muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri elan edilib. Azərbaycanda ən mötəbər tədbirlərin keçirildiyi Beynəlxalq Muğam Mərkəzi fəaliyyət göstərir. Hər il gənc muğam ifaçılarını müəyyənləşdirmək üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Beynəlxalq Muğam Festivalı və müsabiqələri keçirilir.

 

Üzeiyir Hacıbəyov hər yerdə

Hər il sentyabrın 18-i Milli Musiqi günündə Bakı böyük bir musiqi bayramını - Beynəlxalq Üzeyir Hacıbəyov Festivalını gözləyir. Həmin gün Azərbaycanın müasir professional musiqi sənətinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun doğum günü qeyd olunur. Festival çərçivəsində Bakıda Rusiya, ABŞ, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarusiya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin məşhur musiqiçilərinin və qruplarının iştirakı ilə konsertlər və tədbirlər keçirilir. 2019-cu ildə Azərbaycanda Üzeyir Hacıbəyov musiqi festivalı 11-ci dəfə keçirildi.

Bayramın tarixi 1995-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Milli Musiqi gününün dövlət səviyyəsində qeyd edilməsi haqqında sərəncam verdiyi vaxtdan başlayır. Azərbaycan Mədəniyyət Nazirliyi hər il bu bayramın şərəfinə müxtəlif tədbirlər keçirir. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının qarşısında konsert keçirmək ənənəsi dəyişməz olaraq qalır. Hər il Milli Musiqi günündə burada simfonik orkestr çıxış edir və görkəmli Azərbaycan bəstəkarının ölməz əsərləri səslənir. Üzeyir Hacıbəyovun doğum günündə dahi sənətkarın ustadın Bakının hər yerində - metrostansiyalarında, mədəniyyət və təhsil mərkəzlərində, küçələrdə və parklarda səslənir.

 

Yubiley festivalı  

2019-cu ildə Bakı üçün yubiley ili oldu, Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və M.L. Rostropoviç adına Mədəniyyət və Humanitar Proqramlar Fondu tərəfindən təşkil edilmiş X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirildi.

Bakı qürur duyur ki, Mstislav Rostropoviç burada doğulub, o, bütün ömrü boyu mədəni ənənələri ilə zəngin, səxavətli və qonaqpərvər şəhərimizə gəlməyi çox sevib. Bakıda Mstislav və Leopold Rostropoviçlərin adını daşıyan küçə var, böyük musiqiçiyə həsr olunmuş muzey işləyir. Festival ilk dəfə 2007-ci ildə Bakıda keçirilib, Olqa Mstislavovna Rostropoviç festivalın prezidenti və bədii rəhbəri seçilib. Festival çərçivəsində Bakıda keçirilən konsertlər hər zaman müxtəlif ölkələrin məşhur musiqiçilərinin iştirakı, əla repertuarı və eyni zamanda proqramın zənginliyi ilə fərqlənib. Onuncu yubiley festivalı da istisna olmayıb.

 

Gözəl Qəbələdə

2019-cu ildə ardıcıl olaraq 11-ci Qəbələ Musiqi Festivalı keçirildi. Bu, klassik musiqi, eləcə də caz və muğam festivalı Azərbaycanda 2009-cu ildən bəri hər yay mənzərəli Qəbələ şəhərində keçirilir. Musiqiçilərin ifaları açıq havada və şəhərin kamera konsert salonlarında olur. Festivalda dünyanın müxtəlif ölkələrindən orkestrlər və ifaçılar iştirak edirlər. Hər iki ildən bir beynəlxalq fortepiano müsabiqəsi keçirilir. 2019-cu il dünya üzrə məşhur pianoçu Oksana Yablonskayanın 80 illik yubileyinə həsr olunmuş "Oksana Yablonskaya və dostları" adlı konserti ilə yadda qalan oldu.

2019-cu ildə keçirilmiş mədəniyyət tədbirlərinin miqyasına və tutumuna görə demək olar ki, yaxşı işlər görülüb. 2020-ci ildə bizi nə gözləyir? Azərbaycan daha hansı yüksəklikləri fəth edəcək? Bunu zaman göstərəcək.



MƏSLƏHƏT GÖR:

385