4 Dekabr 2024

Çərşənbə, 13:08

QƏLBDƏ, TƏFƏKKÜRDƏ, İŞDƏ

Xaricdə yaşayan azərbaycanlılar Vətəni unutmur

Müəllif:

01.01.2020

«Milli həmrəylik gününün əsas qayəsini dünya azərbaycanlılarının birliyi və həmrəyliyi, Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, tarixi Vətənə bağlılıq hissləri təşkil edir». Bu sözlərin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir.

Xatırladaq ki, bu bayramın yaranması ümummilli lider Heydər Əliyevin ideyasıdır. Onun köklərisə 1989-cu ilin dekabr hadisələrinə gedib çıxır. Söhbət minlərlə azərbaycanlının Sovet İttifaqı-İran sərhədini dağıdaraq, İranda yaşayan qohumlarını görmək üçün Araz çayını keçdiyi 31 dekabr hadisəsindən gedir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk dəfə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev tərəfindən elan olunub. O vaxtdan 28 il keçir. İndi bu bayram nəinki bütün Azərbaycan ərazisində, həm də xaricdə yaşayan azərbaycanlılar arasında qeyd edilir. Bu gün onu yalnız ölkədə yaşayan etnik azərbaycanlılar deyil, taleyi bu və ya digər şəkildə Azərbaycanla bağlı olan müxtəlif millətlərin nümayəndələri də sevir, öz bayramı sayır. Bu gün millətindən və dinindən asılı olmayaraq, Azərbaycanda yaşayan və yaşamış hər bir şəxsin «Mən azərbaycanlıyam!» deyə biləcəyi gündür. Vacib olanı onların özlərini maraqlı mədəniyyətə, ənənələrə malik ölkənin bir hissəsi, Azərbaycanın hər gün yazdığı tarixin bir parçası saymasıdır.

 

Eldar Əhədov

Şair və yazıçı Eldar Əhədov Rusiya Yazıçılar İttifaqının, Rusiya Coğrafiya Cəmiyyətinin, PEN-klubun (özündə peşəkar yazıçıları birləşdirən beynəlxalq hüquq müdafiəsi qeyri-hökumət təşkilatı) üzvüdür. O, çoxsaylı mükafat və medal sahibi, 60 poeziya və nəsr kitabının müəllifidir. Eldar Əhədovun əsərləri dünyanın 18 xalqının dilinə tərcümə olunaraq nəşr edilib. 2019-cu il avqustun 1-dən pensiyada olan Əhədov fəal yaradıcılıqla, ictimai fəaliyyətlə məşğuldur. O, Krasnoyarsk kitabxanalarında yaradıcılıq görüşləri keçirir. 1986-cı ildən Rusiyada yaşayır.

«Yeni ildə Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımıza sülh, sevgi, həmrəylik, firavanlıq, Vətəndə daha çox gün keçirmələrini arzulayıram. Azərbaycanda yaşayan həmyerlilərimizə isə bizi hər zaman birləşdirən dəyərin – mərhəmətin, sülhsevərliyin, mehribanlığın, səxavətliliyin qorunub saxlanmasını arzu edirəm.

Vətənimlə əlaqəm hər zaman olub və var. Çünki atam orada yaşayıb, anam, bacım, bacımın qızı, onun övladları və həyat yoldaşı, eyni zamanda bir çox başqa qohumlarım orada yaşayır. Hər il Bakıda oluram. İnşallah 2020-ci ildə də gələcəyəm», - deyə o, bildirib.

 

Rüfət İsmayılov

Şəxsi brendi olan AFFFAİR-ın (Türkiyə) dizayneri və kreativ direktorudur. Avropanın və Türkiyənin peşəkar dairələrində və moda aləmində çox populyardır. Onun AFFFAİR brendinə məxsus mallar «Prada», «Dolce & Gabbana» kimi brendlərin məhsulları ilə bir cərgədə yer alır.

«Harada yaşamasından, taleyin onları hara atmasından asılı olmayaraq, bütün həmvətənlərimi qarşıdan gələn Yeni il münasibətilə təbrik edir, onlara yeni ildə sülh və xoşbəxtlik, bütün arzularının gerçəkləşməsini arzulayıram. Arzu edirəm ki, Vətəndən nə qədər uzaqda yaşasalar da, ölkələrini heç zaman yaddan çıxarmasınlar. Arzu edirəm ki, ölkəmizə məxsus torpaqlar, nəhayət, geri qaytarılsın, Azərbaycanda əbədi sülh bərqərar olsun, insanlar dostluq, əmin-amanlıq şəraitində yaşasın. Mən nə edirəmsə, ölkəmin şərəfinə edirəm. Onu bir an belə, yaddan çıxarmıram. Hazırda harada yaşamağımın heç bir fərqi yoxdur. Mənim Azərbaycanım hər zaman mənimlədir: qəlbimdə, ruhumda, təfəkkürümdə, işlərimdə», - deyə o, bildirib.

 

Lilian Rut

Aktrisa Təl-Əvivdə (İsrail) yaşayır. «Qeşer» teatrında çalışır. Uşaqlığı, gəncliyi Bakıda keçib, burada peşəkarlaşıb: «Sizin yalnız «Liliya xanım» müraciətiniz belə, məndə sevinc yaratdı. Bununla özümü doğma şəhərimin, doğma ölkəmin bir parçası kimi hiss edirəm və bundan çox xoşbəxtəm. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara xoşbəxtlik, aydınlıq, mədəni və mənəvi dəyərlərimizə sevgi, firavanlıq və sülh arzulayıram. Sevimli bakılılarıma, bütünlükdə Azərbaycan xalqına salğamlıq, sülh, aydın səma arzu edirəm. Sevimli vətənimə də sülh və çiçəklənmə, həyatın bütün sahələrində məhsuldarlıq diləyirəm. Xüsusilə teatr sahəsində! Mənə doğma olan və başa çatmaqda olan ildə akademik teatr adını qazanmış Rus Dram Teatrına yeni tamaşalar, yaradıcılıq sevinci, teatr ilahəsi olan Melpomenanın himayəsini arzu edirəm. Hər zaman! Qoy, evlərinizdə sülh olsun, dəyərli azərbaycanlılar! Mən Bakını o qədər sevirəm ki, növbəti həyatımda Azərbaycanda yaşayacağıma inanıram. Xəyalən sevimli ölkəmdən, gəncliyimin şəhərindən bir an belə, ayrılmıram. Bakıdan Təl-Əvivə təyyarə ilə cəmi 2,5 saatlıq yoldur. Bu, çox yaxındır! Təyyarəyə oturursan və bir anda, Bakıdasan. Yeni – 2020-ci ildə Azərbaycanla İsrail arasında sərhədlərin açılmasını arzulayıram. Hər iki ölkəyə aydın səma diləyirəm».

 

Arif Quliyev

Ukraynanın Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının professoru.

«Azərbaycanın xoşbəxtliyi, firavanlığı və çiçəklənməsi naminə ikinci vətənimizdə elə çalışmalıyıq ki, etnik vətənimizin nüfuzu, hörməti zirvələrə qalxsın, sıralarında yaşadığımız insanlar «o, azərbaycanlıdır!» sözünü böyük hörmətlə desin. Möhkəm cansağlığı, bütün işlərdə uğurlar, çiçəklənmə. Qoy, tezliklə Azərbaycanın müstəqilliyini Şuşada qeyd edək.

Mən Vətənimlə əlaqəmi bir an belə, kəsmirəm. Çünki Ukrayna və Azərbaycan alimləri səviyyəsində aparılan xalq diplomatiyası xalqlar arasındakı dostluğun möhkəmlənməsinə töhfə verir. Azərbaycan Prezidenti İlham Əliyevi, bütün Azərbaycan xalqını, həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyevin simasında universitetin əməkdaşlarını, dostlarım Tural İsgəndərovun, Azər Şükürovun, Vidadi Hüseynovun, o cümlədən Bərdə şəhərində yaşayan doğmalarımı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm», - deyə A.Quliyev bildirib.

 

Rəna Rzayeva

Pianoçu, Azərbaycanın əməkdar artisti. 7 ildir Cenevrədə (İsveçrə) yaşayır: «Xarici ölkələrə üz tutmuş soydaşlarımıza, ilk növbədə, möhkəm cansağlığı arzulayıram. Qoy, onlar özlərində vətəndən uzaqda yaşaya bilmək üçün güc tapsınlar. Amma mehriban dostluq münasibətlərini, doğma Bakının qoxusunu unutmasınlar. Mənim bəxtim gətirib: dostlarımla əlaqələrim kəsilməyib və bilirəm ki, ehtiyac yaranacağı təqdirdə istənilən an bir-birimizin köməyinə yetəcəyik. Biz bakılıyıq və harada, hansı ölkədə – Rusiya, Avropa, ABŞ və ya Asiya – yaşamağımızdan asılı olmayaraq, bakılı kimi qalırıq. Vətəndən kənarda yaşayan hər bir şəxsə doğma şəhərində daha çox pozitiv, yaxşılığa doğru daha çox dəyişiklik, daha yaxşı yaşayış şəraiti görməyi arzu edirəm.

Azərbaycanda yaşayanlara da möhkəm cansağlığı, ümidlərinin, arzularının mütləq həyata keçməsini arzulayıram! Qoy, ulduzlar parlasın, hər kəs səmada öz ulduzunu tapsın və arzu tutsun! İnanın, onlar mütləq gerçəkləşəcək!

Vətənimlə, doğmalarım, yaxınlarım, dostlarımla əlaqəmi heç zaman kəsmirəm. Hər il Bakıda oluram. Hətta bir neçə dəfə. Valideynlərimin, eyni zamanda musiqiçi həyatıma vəsiqə vermiş dahi maestro Niyazinin məzarını ziyarət edirəm. Yeni dostlarımı, həmkarlarımı hər zaman Bakıya dəvət edir, onlara bulvarın, şəhərin gözəlliyindən, musiqi sənətindən, ümumilikdə Azərbaycan mədəniyyətindən danışıram. Hər dəfə Avropa tamaşaçısı qarşısında çıxış edərkən xaricdə Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdiyimi qürurla söyləyirəm. Bu, güclü alqış alır. Bu, ölkəmin musiqi mədəniyyətinin, azərbaycanlı bəstəkarların alqışlanmasıdır. Bu gün artıq Azərbaycanı tanıtmaq üçün əvvəlkitək əziyyət çəkməyə ehtiyac qalmayıb. Çox məmnunam ki, bu işdə az da olsa, mənim də xidmətim var».

 

Olqa Aqur

Psixoterapevt, yungian analitik. Hayfada (İsrail) yaşayan Olqa Aqur «Lin» poliklinikasının sosial xidmətinin rəhbəridir. İki bədii kitabın müəllifidir – «Yüngül səma» (Təl-Əviv, 1995) və israilli şairə Yona Volaxın tərcüməsi olan «Məhəbbətin əsəri» (Moskva, 2005). İsrailin Yazıçılar İttifaqının üzvüdür. 1989-cu ildən bu ölkədə yaşayır.

«Soydaşlarıma doğma şəhərimizi, ecazkar, işıq saçan, fərəhləndirici, qonaqpərvər Bakımızı heç zaman unutmamağı arzulayıram. Azərbaycan ərazisində yaşayan çoxmillətli xalqa özünəməxsus xüsusiyyətini, mehribanlığını və sadiqliyini hər zaman qoruyub saxlamağı arzu edirəm. Qoy, Azərbaycan torpağında hər zaman sülh və aydınlıq olsun. Azərbaycanda yaşayan dostlarımla əlaqələrim mənimçün həyati əhəmiyyət kəsb edir. Mənim doğma vətənim elə onlardır», - deyə o, qeyd edib.

 

Təranə Kaffey

«Dostluq» Azərbaycan-Finlandiya cəmiyyətinin sabiq rəhbəri. ABŞ-da yaşayır. Multikultural dəyərlərin təbliği kimi ictimai işlə məşğuldur: «İlk növbədə, hər kəsi Yeni il münasibətilə təbrik edir, hər kəsə başı üzərində dinc səma, rifah, ən əsası isə övladlarını Vətənə daha tez-tez apara bilməsini arzulayıram. Arzu edirəm ki, harada yaşamalarından asılı olmayaraq, evlərində doğma – Azərbaycan dilində danışsınlar. Dinc, dostluq şəraitində yaşasınlar və sabitlik olsun. Bizim dövlətimiz dünyəvi dövlətdir. Odur ki, düşmənlərin təxribatlarına fikir vermək, o təxribatlara getmək lazım deyil. Mən Vətənimlə əlaqəmi kəsmirəm. O, hər zaman mənimlədir: əvvəllər Finlandiyada təşkil etdiyim bütün tədbirlərdə, indisə ABŞ-da. O, mənim təfəkkürümdə, qəlbimdədir. Düşünürəm ki, burada – okeanın bu tayında hər dəfə Vətənim haqda danışmaqla biz ədalətin bərqərar olunmasına bir addım da yaxınlaşırıq: həm Xocalı, həm də bütünlükdə Qarabağla bağlı».

 

Şervin Nəcəfpur

Şervin Nəcəfpur tanınmış norveçli dizaynerdir. Əslən Cənubi Azərbaycandandır. O, bir çox məşhur şəxslər, hətta Kral ailəsinin üzvləri üçün geyimlər hazırlayır. 2019-cu ilin əvvəlində Şervin Antalyada özünün «I'm a Star» («Mən ulduzam») kolleksiyasını təqdim edib. Təqdimat «I want to go back home to Karabakh» («Mən evimə – Qarabağa qayıtmaq istəyirəm!») şüarı altında keçirilib. Kolleksiyanın nümayişi böyük ekranda Azərbaycan şəhərlərinin, o cümlədən Ermənistanın işğalı altındakı şəhərlərin adlarının nümayişilə müşayiət olunur.  Bu,  KİV-də və sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Məsələ o həddə çatıb ki, erməni istifadəçilərin şikayətləri üzündən dizaynerin səhifəsi bir neçə dəfə bloklanıb. Bir sözlə, Şervin dəbi ictimai-siyasi fəaliyyətlə birləşdirə bilib. O, Norveçin hakim partiyasının üzvü və Norveç azərbaycanlıları tərəfindən təsis olunmuş CAN ictimai təşkilatının sədridir.

Şervin üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xüsusi anlam daşıyır: «30 il əvvəl məhz bu gün Azərbaycan xalqı vahid milli ideya ətrafında toplanma istiqamətində ilk addımını atıb. Bu gözəl bayram münasibətilə bütün soydaşlarımı təbrik etmək istəyirəm. Xalqımıza möhkəm cansağlığı, sevgi, xoşbəxtlik, rifah və firavanlıq arzulayıram. Arzu edirəm ki, 2020-ci ildə torpaqlarımız, nəhayət, erməni işğalından azad edilsin, Vətənimizdə sülh bərqərar olsun».

Bizim apardığımız bu blits-sorğu eşidə biləcəyimiz səslər dənizində yalnız bir damladır. Təəssüf ki, bu və ya digər dövlətdə yaşayan bütün azərbaycanlıları danışdırmaq imkanımız yoxdur. Lakin bu kiçik sorğudan da aydın olur ki, onların hər biri öz torpağına, xalqına, mədəniyyətinə böyük sevgi ilə yanaşır. Onların dediklərində, fikirlərində xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına məxsusluqdan, tarixi vətənlə bağlılıqdan doğan qürur hiss edilir. Başqa sözlə, prezidentimizin də qeyd etdiyi birlik və həmrəylik ortadadır…



MƏSLƏHƏT GÖR:

581