Müəllif: Namiq MAYILOV
Azərbaycanda növbəti, sayca beşinci bələdiyyə seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səsvermədə seçicilərin 32,72%-i iştirak edib. 1606 bələdiyyədəki 15 min 156 yer uğrunda 13 siyasi partiyanı təmsil edən və ya müstəqil namizəd olan 41 min 462 namizəd mübarizə aparıb. Seçkiyə hazırlıq prosesini və səsvermənin gedişini 52,6 min yerli və 17 beynəlxalq müşahidəçi izləyib. Prosesdə ciddi və kütləvi pozuntular qeydə alınmayıb və bununla da, seçki baş tutmuş sayılıb.
20 yaş nədir ki?
Azərbaycanda bələdiyyə üzvləri 5 il müddətinə seçilir. İndiyədək ölkədə 4 bələdiyyə seçkisi olub. Demək, bu il Azərbaycanın yerli özünü idarəetmə orqanının 20 yaşı tamam olur. Ölkə Avropa Şurasının «Yerli özünü idarəetmə haqqında» Xartiyasını ratifikasiya edib. Bununla yanaşı, Azərbaycan Konstitusiyasında bələdiyyənin fəalyyətini tənzimləyən ayrıca fəsil var, bələdiyyənin fəaliyyətinə dair 20-dən artıq qanun və 200 normativ akt qəbul edilib. Lakin yerli özünü idarəetmə orqanının fəaliyyətində effektivlik hələ də arzulanan səviyyədə deyil.
Bunun əsas səbəbi bələdiyyənin maliyyə imkanlarının zəifliyidir. Parlamentin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə, bələdiyyənin hüquqi bazası davamlı olaraq təkmilləşdirilir, lakin bələdiyyənin hərtərəfli praktik fəaliyyəti maliyyəyə bağlıdır. «Bələdiyyənin fəaliyyətinin tam mükəmməl təşkili üçün onun maliyyə imkanı yaxşı olmalıdır. Dövlət büdcəsindən onlara dotasiyalar, subvensiyalar ayrılır. Lakin bələdiyyə vergiləri tam ödəyə bilmir. Çünki onların ərazi sərhədləri müəyyənləşməyib. Bələdiyyənin yaxşı işləməsi üçün onlarla insanlar arasında rabitə olmalı, hər kəsin məsuliyyət hissi olmalıdır», - deyə «Trend»in məlumatına görə, parlamentari bildirib.
A.Rəhimzadə deyib ki, dövlət yeni ildən bələdiyyələrə dotasiya ayrılması məsələsinə yanaşmanı şaxələndirmək fikrindədir. Bu, onların maliyyə imkanlarına əsaslanacaq: «Hazırda Milli Məclis və Prezident Administrasiyası birlikdə bu işlə məşğuldur», - deyə Rəhimzadə hələ 2019-cu ilin oktyabrında bildirib.
Vergi daxilolMAmaları
Azərbaycanda bələdiyyənin gəliri müxtəlif mənbələr hesabına təmin olunur. Buraya bələdiyyə torpaqlarının satışı və icarəyə verilməsi, daşınmaz əmlak, torpaq və yerin altına görə yığılan vergilər, reklam, ticarət, iaşə obyektlərinin, hotel və sanatoriyaların vergisi də daxildir. Bələdiyyələrin müəssisə yaratmaq, onların fəaliyyətindən gəlir əldə etmək hüququ da var. Lakin fəaliyyət mexanizminin olmaması üzündən bu mənbələrdən lazımi səviyyədə gəlir olmur, bu isə bələdiyyələrin əhaliyə xidmət səviyyəsinə öz təsirini göstərir.
Bələdiyyə üzrə ekspert Vüqar Tofiqlinin hesablamasına görə, yalnız 2018-ci ildə Azərbaycan bələdiyyələri hotel və sanatoriyalardan 20 milyon manatdan artıq vəsait toplayıb. «Rəsmi statistikaya əsasən, 2018-ci ildə hotellərdən bələdyyələrə ödəmələr 1,8 milyon manatdan bir qədər artıq olub. Lakin elə həmin statistikaya görə, həmin dövrdə ölkəyə 2,8 milyondan çox turist gəlib və onlar burada, təxminən, 2 milyard dollar xərcləyib. Bu rəqəmi onların Azərbaycanda qalma günlərinə bölsək və hər turistdən bələdiyyəyə düşən 1,1 manata vursaq, bələdiyyə büdcələri bundan ən azı 22 milyon manat qazanmalı idi», - deyə ekspert bildirib.
Onun fikrincə, bələdiyyələrin özləri bütün vergi və rüsumları toplamaq iqtidarında deyil və bu üzdən, onların vergi orqanlarının dəstəyinə ehtiyacı var.
Bənzər vəziyyət bələdiyyə büdcələrinə digər gəlir mənbələrilə bağlı da müşahidə olunur. Bələdiyyə ilə yerli icra orqanlarının fəaliyyətinin bir-birini təkrarlaması da problem olaraq qalır. Bu, xüsusilə Mənzil Kommunal İstismar Sahələrinin fəaliyyət sahəsinə aiddir. Bütün bunların nəticəsində Azərbaycan bələdiyyələrinin illik büdcəsi bir neçə on min manatı keçmir. Belə olan təqdirdə, dövlət büdcəsindən ayrılan dotasiyalar belə, onların öz funksiyalarını tam yerinə yetirməsinə kifayət etmir.
Gender balansı da nəzərə alınıb
Bütün bunlar istər seçici fəallığına, istərsə də onların seçiminə təsirsiz ötüşmür. Keçmiş bələdiyyə seçkilərilə müqayisədə bu dəfə seçici fəallığı 6% aşağı olub. Bununla yanaşı, bələdiyyə seçilmək uğrunda rəqabət az da olsa, artıb. Bu göstəricilərə ölkədə aparılan islahatlar kontekstində yanaşsaq, aydın olur ki, Azərbaycanda bələdiyyə institutunun da keyfiyyətcə yenilənməsi qaçılmazdır.
Ölkədə aparılan miqyaslı kadr islahatları, növbədənkənar parlament seçkisinin elan olunması təbii ki, bələdiyyə seçkisini vətəndaşların ictimai-siyasi prioritetləri arasında bir qədər arxa plana keçirib. Lakin seçici fəallığının aşağı olması vətəndaşların bələdiyyə orqanına marağının azaldığını da göstərir. Bu isə bu institutda islahatların zəruriliyini bir daha ortaya qoyur.
Bunun fonunda bələdiyyə seçilmək uğrunda rəqabətin artması, onların arasında gənclərin və qadınların üstünlük təşkil etməsi müsbət dəyişikliklərin müjdəçisi sayıla bilər. Yeni bələdiyyə üzvlərinin az qala 39%-ni qadınlar təşkil edir.
İstənilən halda, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlətin bütün sahələrində aparılan miqyaslı yeniləşmə bələdiyyə institutundan da yan keçə bilməz. Aparılan islahatların nəticələri icraedici hakimiyyətin effektivliyindən birbaşa asılıdır. Dövlət orqanlarında struktur islahatlarını, onun təkmilləşdirilməsi və konsolidasiyasını böyük ölçüdə məhz bu diqtə edir. Bu şəraitdə güclü yerli özünü idarəetmə institutuna da ehtiyac yaranır. Əhalinin lokal sosial, kommunal və digər problemlərini məhz o, öz üzərinə götürməlidir.
MƏSLƏHƏT GÖR: