25 Noyabr 2024

Bazar ertəsi, 15:52

ŞİMALLA CƏNUB ARASINDA «YENİ QAPI»

Samur çayı üzərində körpünün istifadəyə verilməsi region ölkələri arasında ticari-iqtisadi münasibətlərin fksəbəb olur

Müəllif:

01.01.2020

Ötən ilin son ongünlüyündə, dekabrın 24-də, Azərbaycan-Rusiya münasibətləri üçün çox vacib bir hadisə baş verdi. İki ölkənin sərhədində, Samur çayı üzərindəki avtomobil körpüsü istifadəyə verildi. Körpünün açılış mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Dağıstanın rəhbəri Vladimir Vasilyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər iştirak ediblər.

Samur üzərindəki körpü Yaraq-Qazmalar keçid məntəqəsinin ərazisində inşa edilib və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin vacib hissəsinə çevrilib. Layihə Rusiya və Azərbaycan hökumətləri arasında 2013-cü ilin avqustunda imzalanmış saziş çərçivəsində gerçəkləşdirilib. Yeni körpü 1957-ci ildə tikilmiş mövcud körpünü əvəz edəcək. Uzunluğu 325,3 m, eni 17,5 m-dir. 36,5 milyon manat (təxminən $21,5 milyon) dəyərində olan bu layihəni Rusiya və Azərbaycan bərabər paylarla maliyyələşdiriblər.

"Bu körpü təkcə Samur çayının iki sahilini deyil, həm də xalqlarımızı birləşdirir",- deyə Ş.Mustafayev açılışda bəyan edib. Azərbaycan ilə Rusiyanı strateji əlaqələrin birləşdirdiyini vurğulayan Baş nazirin müavini əlavə edib ki, yeni körpü beynəlxalq layihələrin gerçəkləşdirilməsi üçün daha da geniş imkanlar yaradır. O bildirib ki, körpünün istifadəyə verilməsi ilə yanaşı gömrük prosedurlarının sadələşdirilməsi və «Yaşıl dəhliz» sisteminin tətbiqi sərhədyanı bölgələrin sakinləri arasında əlaqələrin daha da yaxınlaşmasına, iki ölkə arasında ticarət dövriyyəsinin genişlənməsinə xidmət edəcək.

Azərbaycan Baş nazirinin müavini vurğulayıb ki, Samur çayı üzərindəki körpü Şimal-Cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsidir. Onun sözlərinə görə, bu ilin 10 ayı ərzində Şimal - Cənub nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi 60%, Şimal - Qərb marşrutu üzrə isə 53% artıb.

Maksim Oreşkin öz növbəsində qeyd edib ki, yeni avtomobil körpüsü Rusiya və Azərbaycan prezidentlərinin birgə təşəbbüsü ilə tikilib və istifadəyə verilib. Onun sözlərinə görə, yekun qərar 2018-ci il sentyabrın 1-də, Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüşü zamanı qəbul edilib. "Bir ildən bir az çox müddət sonra bu iş, həqiqətən də, gözəl bir körpünün açılışı ilə başa çatdı",- deyə Oreşkin bildirib.

Rusiyanın iqtisadi inkişaf naziri 2019-cu ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 25% artmasına da diqqət çəkib. Bu rəqəm xarici ticarət ticarət əlaqələri arasında ən yüksək göstəricilərdən biridir. “Bizim digər ölkələrlə oxşar göstəricilərimiz yoxdur. Bu, Azərbaycanla münasibətlərimizin ardıcıl inkişafından xəbər verir”, - deyə M.Oreşkin bildirib.

 

Sərhədyanı əməkdaşlığın xeyrinə

Samur çayı üzərindəki körpünün açılışını Azərbaycan və Rusiya bir neçə ildir ki, gözləyir. İkizolaqlı hərəkətə imkan verən və gur saatlarda üçüncü reversiv zolağın açılması mümkün olan, həmçinin piyada keçidinə malik körpünün istifadəyə verilməsi iki ölkə arasında nəqliyyat əlaqələrini intensivləşdirir. Bu, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin artması ilə yanaşı, həm də Azərbaycan ilə Rusiya Dağıstanının tranzit imkanlarının genişlənməsinə imkan yaradır, həm də sərhədyanı qarşılıqlı əlaqələri stimullaşdırır. Bu həm də yerli biznesin inkişafına təkan verəcək, yalnız 2018-ci ildə bu istiqamətdə yük daşımalarında iştirak edən 190 Rusiya nəqliyyat şirkətinin əksəriyyəti Dağıstan şirkətləri olub.

Qeyd etmək yetərlidir ki, İranın sahilyanı vilayətlərinin Rusiyanın Dağıstan Respublikası ilə əlaqələri də əsasən Azərbaycan vasitəsilə həyata keçirilir. Hesablamalara görə, Dağıstanın İran-Rusiya ticarətində rolu ondan ibarətdir ki, İran mallarının 30%-i Rusiyaya bu bölgədən keçməklə quru və dəniz yolu ilə göndərilir, həm də bu göstəricinin artma ehtimalı var. Üstəlik, onların xeyli hissəsi quru yolundan, yəni avtomobil yollarından və dəmir yollarından istifadə etməklə Azərbaycan ərazisindən keçir. 2019-cu ilin göstəricilərinə görə, İran və Dağıstan arasındakı ticarətin həcmi mütləq ifadədə ildə 400 min tona çatır. Bütövlükdə İran Dağıstan məhsulları üçün, xüsusən də ət məhsulları üçün yaxşı satış bazarıdır. İranın Mazandaran və Gilan əyalətləri Rusiya ilə İran arasında ticarətdə böyük rol oynayır.

Azərbaycanla Dağıstan arasında nəqliyyat əlaqələrinin inkişafından danışarkən qeyd etmək lazımdır ki, 2018-ci ilin aprelindən Dağıstan rəhbərliyi və Rusiya Dəmir Yolları ASC tərəfindən Mahaçqala - Bakı marşrutu üzrə yeni dəmir yolu əlaqəsi məsələsi nəzərdən keçirilməyə başlanıb. Hələ 2018-ci ilin oktyabr ayının sonunda bildirilib ki, Dağıstan və Azərbaycanı daimi bir dəmir yolu bağlantısı birləşdirəcək. Dağıstan rəhbəri Vladimir Vasilyevin sözlərinə görə, artıq gələn il Bakı-Dərbənd-Mahaçqala sürət qatarının xəttə buraxılması planlaşdırılır ki, bu, Rusiya ilə Azərbaycan arasında turizm əlaqələrinin inkişafına töhfə verəcək. Daha öncə bildirilmişdi ki, Mahaçqala ilə Bakı arasında birbaşa aviareysin açılması planlaşdırılır.

 

Şimalla Cənub arasında

Ümumiyyətlə, Xəzəryanı ölkələri birləşdirən nəqliyyat kommunikasiyalarının inkişafı həm dövlətlərarası əlaqələrin, həm də regionlararası əməkdaşlığın intensivləşməsinin vacib şərtidir. Buna misal olaraq, Şimal-Cənub multimodal nəqliyyat marşrutu layihəsinin, xüsusən də onun Rusiya, Azərbaycan və İranı bölgədənkənar oyunçularla birləşdirən qərb qolunun həyata keçirilməsini göstərmək olar. Yeri gəlmişkən, 2020-ci ildə Şimal-Cənub multimodal nəqliyyat dəhlizi layihəsinin 20-ci ildönümü qeyd olunacaq.

Layihə çərçivəsində Azərbaycan tərəfi İranla Astara sərhədində dörd terminaldan ibarət bir kompleks inşa etdi: ümumi yük, konteyner, taxıl və neft terminalları. Söhbət Astarada terminal inşası və istismarı ilə bağlı 2017-ci ildə imzalanmış investisiya müqaviləsinin gerçəkləşdirilməsindən gedir. Sənədə görə, "Azərbaycan Dəmir Yolları" QSC terminalı 25 il müddətinə, dəmir yolu xəttinin sərhəd hissəsini isə 15 il müddətinə icarəyə götürür və sonra onları İrana qaytarır. Terminalın ilkin tutumu 2 milyon ton olmalıdır, lakin artıq bunun 5 milyon tona qədər artırılması imkanı nəzərdən keçirilir.

Hələlik bu, Azərbaycan və İranın sərhəd zonasında yeganə iri ortaq layihəsidir, lakin güman etmək olar ki, o, uğurla həyata keçirildikdən sonra sərhədyanı əməkdaşlıq layihələrinə stimullaşdırıcı təsir göstərə bilər. Diqqətə layiqdir ki, terminalda saxlanması lazım olan malların əksəriyyəti Rusiyadan gələcək.

 

Nəticələr ümid verir

Samur çayı üzərindəki körpünün açılışı 2019-cu ildə Azərbaycan-Rusiya münasibətlərində baş vermiş əlamətdar hadisələr ardıcıllığından biri oldu. O cümlədən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrda Moskvaya səfəri, bölgələrarası əməkdaşlığın 10-cu yubiley forumunun keçirilməsi Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafına önəmli mühüm təkan verib. Moskva forumundan bir neçə həftə sonra isə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin Bakıya səfəri baş tutdu.

Ümumiyyətlə, Azərbaycan Rusiyanın Xəzər hövzəsindəki ticari və iqtisadi tərəfdaşları arasında ikinci yeri tutur. Eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı mövzusu Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Vladimir Putin arasındakı görüşlər üçün dəyişməz prioritet mövzudur. Dövlət başçıları körpünün açılış günü telefon danışığı zamanı iki ölkənin həyata keçirdiyi birgə layihələrin önəmindən danışıblar. Dekabrın 24-də Vladimir Putin azərbaycanlı həmkarına zəng edərək doğum gününü təbrik edib. Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, hər iki ölkə tərəfindən gerçəkləşdirilən birgə layihələrin önəmindən danışan liderlər "qeyd ediblər ki, bu gün Samur çayı üzərində yeni bir avtomobil körpüsünün açılması genişləndirilmiş əməkdaşlığın dərinləşməsinə böyük töhfə verəcək".

Azərbaycan Prezidenti bu barədə Maksim Oreşkini Bakıda qəbul edərkən də söyləyib. Dövlət başçısı 2019-cu ilin "ölkələrimizi birləşdirən bir körpünün" açılması ilə başa çatacağının rəmzi mənası olduğunu bildirib. “Mən bunu çox əlamətdar hadisə hesab edirəm. Ona görə ki, həm sovet dövründə, həm də postsovet illərində Rusiya ilə Azərbaycanı yalnız bir körpü bağlayırdı, hərçənd onu əsl körpü adlandırmaq da olmaz, o körpü çoxdan köhnəlmişdi. Buna görə yeni körpü biznes, qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıq, nəqliyyat dəhlizi üçün yeni qapılar deməkdir", - deyə İlham Əliyev vurğulayıb.

Sonda qeyd etmək lazımdır ki, ölkələr arasında kommunikasiyaların inkişafı böyük regional əhəmiyyətə malikdir, çünki məhz şaxələndirilmiş dəmir yolu və avtomobil yolları şəbəkəsi, inkişaf etmiş dəniz və hava əlaqələri Xəzər bölgəsini vahid bir orqanizmə, bütövə çevirir və buna görə bölgə adlanır.

Xəzər hövzəsində son illərdə inkişaf edən bölgələrarası əməkdaşlıq təcrübəsi, belə görünür ki, gələcəkdə onun xarakterini müəyyənləşdirəcək. Bölgədə, ilk növbədə, nəqliyyat sahəsində gerçəkləşdirilən genişmiqyaslı infrastruktur layihələri regionlararası əlaqələrin təbiətinə önəmli dərəcədə təsir göstərəcək, bütövlükdə Xəzəryanı dövlətlərin ticari-iqtisadi sahədə əməkdaşlığının xüsusiyyətlərinə təsirinin artmasına səbəb olacaq. Sevindirici haldır ki, Azərbaycan-Rusiya münasibətləri bu prosesdə önəmli rollardan birini oynayır.



MƏSLƏHƏT GÖR:

393