23 Dekabr 2024

Bazar ertəsi, 13:48

RUHDAN DÜŞMƏK OLMAZ

Qurban Qurbanov: “2020-ci ildə də azarkeşlərimiz üçün ən yaxşısını etməyə çalışacağıq”

Müəllif:

15.01.2020

Hər ilin sonunda Azərbaycan futbol ictimaiyyəti yekunları müzakirə edərək nəticələrə görə ən yaxşı məşqçini müəyyənləşdirir. 2019-cu ildə futbol üzrə milli komandamız azarkeşləri sevindirmədi. Klublar arasında isə yenə “Qarabağ” ümidləri doğrultdu. Ardıcıl beşinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ölkə çempionu avrokubok həyəcanını dekabra qədər uzatdı.

2019-cu ildə Azərbaycan çempionluğunu qoruyan, ardınca Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edən “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov növbəti dəfə ölkənin ən yaxşı məşqçisi seçildi.

Jurnalımıza müsahibəsində son illərin ən uğurlu məşqçisi həm uğurlardan, həm də gələcək hədəflərdən danışıb.

- Növbəti dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçildiniz. “Komanda” qəzetinin sorğusunda 10-cu dəfə qalib oldunuz. Artıq bu mükafat sizin üçün adiləşməyib?

- İlk növbədə, səs verənlərə təşəkkür edirəm. Jurnalistlər tərəfindən seçilərək ilin yaxşı məşqçisi olmaq çox sevindiricidir. Fikrimcə, media nümayəndələrinin seçimində qalib olmaq asan deyil. Hər dəfə mükafat alanda sevinirəm və məsuliyyətim artır. Növbəti ildə də yaxşılar sırasında olmaq üçün çalışıram. Səs verənlərin bizə ümidi var, onu doğrultmağa borcluyuq. Mükafat heç vaxt adiləşə bilməz. Mükafatların hər birinin öz önəmi var. Fikrimcə, ilboyu “Qarabağ” komandası azarkeşləri sevindirmək üçün çalışır. İlin sonunda media tərəfindən seçilmək bizi yeni uğurlara həvəsləndirir.

- Müxtəlif təşkilatlar tərəfindən dəfələrlə ilin ən yaxşı məşqçisi seçilmisiniz. Sizcə, say baxımından Qurban Qurbanovun rekordunu yeniləmək mümkündür?

- Futbol yerində dayanmır, hər gün inkişaf edir. Biz üzərimizdə daim işləməyə çalışırıq. Ölkəmizdə yaxşı məşqçilər var. Hər biri işlədiyi klubda nəticə qazanmaq istəyir. Ona görə gələcəkdə necə olacağını demək çətindir.

- 2019 sizə və “Qarabağa” nə dərəcədə düşərli oldu?

- Biz ötən il qarşımıza məqsəd qoymuşduq ki, Azərbaycan çempionu olaq. Şükürlər olsun ki, bunu əldə etdik. Sonra isə Çempionlar Liqasının ən azı pley-off mərhələsinə kimi irəliləməyə düşünürdük. Bunu əldə edə bilmədik. Amma ən azından Avroliqanın qrup mərhələsinə düşdük. Bu, qarşımıza qoyulan minimum hədəf idi. Sadəcə qrup mərhələsinə düşdükdən sonra hər il olduğu kimi istəyimiz daha da çoxalır. Və həmin turnirdə ən azı 2-ci yeri tutub, digər mərhələyə keçmək istəyirdik. Alınmadı. Amma düşünürəm ki, bunu əldə etmək heç də asan deyil. Sonda istər-istəməz uğursuzluq kimi göründü. Buna baxmayaraq, mən hər bir fikrə hörmətlə yanaşıram. Klub olaraq arzumuz odur ki, ildən-ilə dəyişiklik olsun, bir addım irəli gedək, uğurumuz daha yaxşı olsun. Amma biz həvəsdən düşmürük. Çalışırıq ki, hər il daha yaxşısını edək. Ona görə də daha çox güc sərf edirik. Bilirsiniz, futbol kollektiv oyunudur. İstər-istəməz kiçik nüanslar var. Hansı ki, onları tam istədiyimiz kimi əldə etmək olmur. Amma hər bir halda düşünürəm ki, komandamız üçün heç də pis il alınmadı. Bu turniri öz azarkeşlərimizə hiss etdirdik. Onlar bunun canlı şahidi oldular. "Sevilya" kimi komanda Bakıya gəldi. Biz səfərdə onlara qarşı yaxşı oynadıq. Düşünürəm ki, ən azı ötənilki vəziyyətimizi qoruyub, salxaya bildik. Hər bir halda biz bunu həm klub rəhbərliyi, həm bütün futbolçularımızla, işçilərimizlə birgə bacardıq. Hər birinə təşəkkür edirəm ki, çətin bir ili belə kiçik uğurla da olsa, arxada qoya bildik.

- “Qarabağ” son illərin uğurlu komandasıdır. Hər ilin sonu növbəti ildə uğursuzluq baş verə bilər deyə qorxu olurmu?

-İnanın ki, bunu hər il hiss edib, düşünürəm. Çünki hamımız futbolla maraqlanırıq. Hamınız Avropa futboluna baxırsınız. Görürsünüz ki, böyük klubların, böyük məşqçilərin də uğuru davamlı olmur. Mən həmişə "Barselona"nı misal gətirirəm. Onlar Qvardiolanın vaxtında 5 il ərzində 2 dəfə Çempionlar Liqasını qazandılar. Beş ilin hamısında ölkə çempionu ola bilmədilər. Sonra Qvardiola komandadan ayrıldı. Beləcə çox misallar çəkmək olar. O cümlədən "Real"ın, Kloppun adını çəkmək olar. Mən buna normal yanaşıram. Amma mənim, həqiqətən, ehtiyat etdiyim odur ki, bu, hər bir məşqçinin başına gəlir. Biz öz səviyyəmizdə uğursuzluqla qarşılaşa bilərik. Bu da məni narahat edir. Dediyim kimi, hər il və hər turnirdən öncə eyni şeyi hiss edirəm. Çempionatda bir cür, qrup mərhələsində bir cür hiss edirəm. Əlbəttə ki, istəməzdim ki, bununla qarşılaşım. Amma mən həmişə ehtiyat etmişəm və həmişə də buna hazır oluram.

- “Qarabağ” Avropa Liqasına vəsiqə qazandı. Cari il qrupda nisbətən zəif klublara rəqib olduğunuzdan sonra hamı pley-off mərhələsindən danışmağa başladı. Niyə “Qarabağ” qrupdan çıxa bilmədi? Səhvlər harada buraxıldı?

- Bu barədə çox danışmışıq. İlk növbədə, rəqiblərimizin zəif olmasıyla razılaşmıram. Münasib komandalarla qarşılaşdıq. Amma heç kim bizdən zəif deyildi. Azarkeşlərin istəyi normaldır. Onlar ümid edərək “Qarabağ”ı pley-offda görmək istəyirdi. Əvvəlki illəri müqayisə etdikdə bu il nisbətən münasib rəqiblərlə eyni qrupa düşdük. Amma təcrübə, ilboyu keçirilən oyunların fərqi və digər məqamlar istəyimizə çatmağa imkan vermədi. “Qarabağ” olaraq illərlə qrupa düşmək üçün çalışmışıq və buna dərhal nail olmamışıq. İllər sonra komanda Azərbaycan çempionu oldu və Avropa Liqasında qrupa vəsiqə qazandı. Qrupdan çıxmadıq, buna görə həvəsdən düşməməliyik. Daha çox çalışmalıyıq. Səhvlər üzərində işləməliyik. Hədəf dəyişməməlidir. Qrupdan çıxmağa layiq olduğumuzu sübut etməliyik.

- Hər dəfə transfer pəncərəsi zamanı “Qarabağ”ın futbolçu seçiminə qənaətlə yanaşması barədə fikirlər söylənilir. Transferlərə yetərincə maliyyə ayrılır?

- Klub rəhbərliyi transferlərə yetərincə diqqətli yanaşır. Lazımi vəsait ayrılır. Sadəcə biz hər futbolçuyla müqavilə imzalamaq istəmərik. Bəzən istədiyimiz legioner gəlmək istəmir, əksinə olanda biz onu transfer etmək fikrində olmuruq. Əcnəbi futbolçu, ilk növbədə, gəldiyi ölkənin futbol çempionatıyla maraqlanır. Rəqabəti öyrənir. Çünki o gələcəkdə daha böyük çempionata keçmək istəyir. Təəssüf, bizdə çempionatda vəziyyət o qədər yaxşı deyil. 8 klubun oynadığı yarışa azarkeşlərin də yetərincə marağı yoxdur. Bəzən bizdən həddən çox pul istənilir. Gənc əcnəbi futbolçu Azərbaycanda çıxış etməkdən ötrü qiymətini ikiqat artırır. Transferlərə qarşı çox diqqətli olmalıyıq. Ölkəmizə uyğunlaşmağı, komandaya öyrəşməyi önəmlidir. İnanın biz hər il ən doğru seçimi etməyə çalışırıq. İndiyə qədər də kifayət qədər uğurlu transferlərimiz olub.

- Braziliyalı Riçard Almeydanın “Qarabağ”dan ayrılması gözlənilməz oldu. Səbəbi maliyyə ilə əlaqədardır?

- Maliyyə məsələsində razılaşmadıq. Təklifimizi etmişik, o da komandada qalmaq istəyir. Həm bizdən bir az vaxt da istədi. Həm yaşına görə, həm ailəsilə məsləhət etməlidir. Hələ ki, Braziliyadadır və məsələ açıq olaraq qalır. Əlbəttə, neçə illərdir bizimlədir, komandanın əsas oyunçularından biridir. Onun yoxluğunda mütləq başqa variantlara əl atmalıyıq. Çalışmalıyıq ki, yoxluğunu hiss etdirməyək. Almeydanın üstün cəhətləri çox idi. Hər bir halda onun qərarına hörmətlə yanaşırıq.

- Hər il əcnəbi klubların Mahir Əmrəliylə maraqlandığı deyilir və sonra futbolçu heç yerə getmir. Ya “Sevilya”, ya “Fənərbağça”nın onun transferiylə bağlı təklif göndərdiyi deyilirdi. İndi vəziyyət necədir?

- Mətbuatda yazılar olur. Amma “Qarabağ”a hazırda onunla bağlı heç bir rəsmi təklif gəlməyib. Rəsmi təklif olacağı halda fikir bildirmək mümkündür.

- 2020-ci ildə “Qarabağ”dan nə gözləyək?

- İndi hazırlıq dönəmidir. Komandanın güclənməyə ehtiyacı var. Danışıqlarımız davam edir. Müsbət cavab olmadığı üçün hazırda yeni xəbər yoxdur. Lakin qapıçı, hücumçu və digər mövqelərə axtarışlarımız davam edir. Transfer pəncərəsinin sonuna çox var. Ona görə futbolçular da tələsmir. Bütün təklifləri müqayisə edirlər. “Qarabağ” adi klub deyil. Bu ad bütün xalq üçün ikiqat əhəmiyyətlidir. 2020-ci ildə də azarkeşlərimiz üçün ən yaxşısını etməyə çalışacağıq. İlk növbədə, avrokuboklara yollanmaqdan ötrü Azərbaycan çempionu olmaq vacibdir. Düzdür, indi biz lider mövqedəyik. Amma çempionatın sonuna hələ 14 tur var. Kubokda mübarizəmiz davam edir. Çempion olandan sonra yenidən avrokuboklar barədə düşünəcəyik. Biz insanların “Qarabağ”a böyük ümidlər bəslədiyini bilirik. Xalqın sevincini heç nə ilə əvəz etmək olmaz. Ona görə 2020-ci ildə də ümidləri doğrultmağa çalışacayıq.


MƏSLƏHƏT GÖR:

334