23 Dekabr 2024

Bazar ertəsi, 06:57

QARŞILIQLI SEVGİ

Şirzad Fətəliyev: “Yalnız torpaqlarımız qayıtdıqdan sonra ruhum dilə gəlib oxuyacaq”

Müəllif:

15.01.2020

Sümükdən hazırlanmış nəfəsli musiqi aləti Azərbaycan ərazisində ilk dəfə Mingəçevirdə aşkar olunub və e. ə. I əsrə aiddir. Məhz bu alət müasir balabanın prototipi olub və Azərbaycan mədəniyyətinin rəmzinə çevrilib. Bu gün isə Azərbaycan Dövlət Konservatoriyasının müəllimi Şirzad Fətəliyev balabanda ifa sənətinin sirlərini öz tələbələrinə aşılayır. Onun əllərində sehrli çubuğa çevrilən milli alətimiz zövqümüzü oxşayır və dinləyiciləri ruhlandırır. Jurnalımıza verdiyi müsahibədə ustad sənətkar milli musiqimiz, balabanın təbliğatı üsulları, sintez, musiqiçinin vəzifəsi və bir çox maraqlı mətləblərdən bəhs etdi.

- Şirzad bəy, müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirik. Jurnalistlərlə ünsiyyətə münasibətiniz necədir?

- Sevirəm, lakin çox seçmə yanaşıram. Bilirsiniz, bəzən xarakterimizə, xüsusən də qədim tarixə malik və ölkəmizin milli ruhunun inkişafında özünəməxsus yeri olan balabana dair yersiz suallar verirlər və ya verilişlərə dəvət edirlər. Həmçinin şəxsi həyatımla, yəni məhrəmimlə bağlı sualları xoşlamıram.

- Ancaq sirr deyil ki, siz musiqiçi ailəsində anadan olmusunuz və ilk müəlliminiz elə atanız olub...

- Bəli, mən anadan olandan musiqi sədaları altında böyümüşəm. Atam Nizan Fətəliyev məşhur "Heyvagülü" rəqsi də daxil olmaqla, qırxa yaxın müxtəlif musiqi əsəri və rəqslərin müəllifi olmuş adlı-sanlı musiqiçi, ustad Əli Kərimovun tələbəsi olub. Atam ondan çox şey öyrənib və sonra bütün biliklərini mənə ötürüb. Atamdan əlavə peşəkar inkişafımda mərhum sənətkarımız Həsrət Hüseynovun çox böyük rolu olub. Məhz onun balabanda ifa etdiyi "Bayatı-şikəstə" və "Şur" 1977-ci ildə kosmosa "uçmuşdu". Seçilmiş altı mahnıdan ikisi Həsrət Hüseynova aid idi.

Musiqi duyumumu cilalamaq və ifaçılıq qabiliyyətimi təkmilləşdirmək üçün sənətindən çox bəhrələndiyim Ağasəf Seyidovun, Əlibaba Məmmədovun, İzzətəli Zülfüqarovun da adlarını çəkə bilərəm. Bu siyahını hələ çox uzatmaq olar, çünki daima dinləyirəm, öyrənirəm və inkişaf edirəm. Bəzən elə düşünürlər ki, balaban və zurna kimi milli alətlərdə çalanlar yalnız bu janrda musiqi dinləyir. Məsələn, mən rok və pop musiqisi daxil olmaqla, bütün musiqi janrlarını dinləməyi xoşlayıram. Axı musiqi sonsuz bir okeandır. Kimin bacarığı nə qədərdirsə o qədər bəhrələnir. Heç kim bu okeanın dibinə çatdığımı deyə bilməz. Bu yalan olardı. Bir musiqiçi kimi mən bütün dünya musiqisindən xəbərdar olmalıyam. Burada mühüm olan bizim kimi dinləməyimiz və ifaçının peşəkarlıq səviyyəsidir.

- Necə oldu ki, əslən şamaxılı olan bir musiqiçi qısa müddət ərzində Bakıda tanındı və ölkəni dünya səhnələrində təmsil etməyə müvəffəq oldu?

- Şamaxı öz aşıqları ilə çox məşhurdur. Mən də sənətdə ilk addımlarımı onlarla birlikdə atmışam. Lakin vaxt keçdikcə başa düşürdüm ki, könlüm fərqli istiqamətə can atır.

- Yəni marağınız sizə məşhurluq gətirən zurna və balabana idi...

- Bakıya köçdükdən sonra qarşımda çoxlu imkanlar açıldı, özümü bir çox tərəfdən göstərə bildim, müxtəlif musiqiçilərlə tanış oldum və onlardan müxtəlif qrupların tərkibində çıxış etmək üçün dəvətlər aldım. Bu hadisə həyatıma yeni bir ab-hava qatdı. Beləliklə, özüm haqqında danışmaq və öz musiqimi göstərmək fürsəti əldə edərək peşəkar həyatıma başladım.

- Zurna və balaban. Bu alətlərdən hansının imkanları daha çoxdur?

- Şamaxıda anadan olduğuma görə, zurna ilə balabanın ata və oğul kimi bir-birindən heç vaxt ayrılmayan musiqi alətləri olduğunu görmüşəm. Amma etiraf edim ki, zurnanın imkanları daha çoxdur. Balaban insanın sarı siminə toxuna bilən melodik və yumşaq səsli bir musiqi alətidir. Alimlər sübut ediblər ki, balabanın səsi insan səsinə çox oxşadığından onun sədaları altında yaxşı fikrə dalmaq olar. "Qladiator" filmində cəmi üç notdan ibarət bir melodiya səslənəcək deyə mənfur qonşularımız ABŞ-da balaban məktəbi açmışdılar. Şəxsən mənə bu çox pis təsir etdi. Belə zəngin imkanları olan alətimizi bütün dünyada tanıtmaq üçün bizə güclü dəstək lazımdır.

- Nəyə görə balabanı erməni aləti saymaq olmaz?

- Buna sübut çoxdur. Bəzən biz bütün sualların cavabını dövlətdə axtarırıq. Xalqla dövlət bir bütöv təşkil edir. Vətənimizlə bağlı heç bir məsələyə laqeyd qalmamalı, bu və ya digər məsələnin nə vaxtsa həll olunacağını gözləməməliyik. Mən Azərbaycanda balabanın mənşəyi ilə bağlı bəzi araşdırmalar aparmışam. Dediyim kimi, Əli Kərimov atamın müəllimi olub. O, 1874-cü ildə vaxtilə Şamaxı ərazisində yerləşən, lakin sonradan Ağsu rayonunun ərazisinə daxil edilən Kalva kəndində anadan olub. Əli müəllim bir çox oyun havasının müəllifi olub, Üzeyir Hacıbəyov isə peşəkar məqsədlər üçün bu rəqsləri lentə alıb. Bildiyiniz kimi, maestro yalnız onu deyil, bir çox xanəndə və musiqiçinin səsini, ifasını lentə yazıb. Əli Kərimovun övladlarının dediyinə görə, o yazılar arasında Əli müəllimin balabanda ifa etdiyi "Çaharzəm muğam dəsgahı" olmalı imiş. Təəssüf ki, lent yazılarının indi harada olduğunu heç kim bilmir. Hamı onlar barədə eşitdiyini deyir, amma yerini deyə bilmir. Mən bir çox arxivdə axtarış apardım, amma əfsuslar olsun ki, heç nə tapa bilmədim... Bir sözlə, lentlər yoxa çıxıb. Yalnız Əli müəllimin əlində balaban tutduğu şəkil durur. 1938-ci ildə Əli Kərimov Moskvada keçirilən və Azərbaycana həsr olunmuş tədbirlərdə uğurla çıxış etdiyinə görə Stalin tərəfindən qızıl medalla təltif olunub. Ancaq sual yaranır: bu yazılar haradadır? Bir peşəkar sənətkar kimi mən "Çaharzəm muğam dəsgahı"nın nə olduğunu, necə səsləndiyini öyrənmək üçün bu yazılara ehtiyac duyuram. Məncə cavab aydındır — mənfur qonşularımız bu qeydləri məhv ediblər. Əli Kərimovdan daha yaşlı olan və ondan əvvəl yaşayıb yaratmış bir erməni balaban ifaçısı göstərə bilərsinizmi? Elə birisi yoxdur. Ermənilər Karolun adını çəkirlər, amma o, Əli Kərimovdan sonra ifa etməyə başlayıb. Düşünürəm ki, bu məsələ ilə vaxtında məşğul olmaq lazım idi, bu gün isə biz yalnız itiririk.

- Hal-hazırda balabanı təbliğ etmək üçün nə edilir?

- Düşünürəm ki, sırf balaban üçün əsərlərin yazılmasına böyük ehtiyac var. İşə başlamaq üçün ilkin mərhələdə bunu etmək olardı. Vaxtilə mərhum bəstəkarlarımız Cahangir Cahangirov, Səid Rüstəmov, Süleyman Ələsgərov balaban üçün musiqi yazıblar, lakin bu kifayət deyil. İndi biz məcburuq ki, skripka və ya fortepiano üçün yazılmış əsərləri balaban üçün uyğunlaşdıraq. Əlbəttə, bu da yaxşı işdir, amma razılaşın ki, eşitməyə adət etmədiyimiz yeni bir əsərin balabanda səsləndirilməsi böyük marağa səbəb olardı. Axı "Sarı gəlin", "Mirzəyi", "Sən gəlməz oldun" kimi mahnıları nə qədər eşitmək olar? Şübhəsiz, onların əhəmiyyəti böyükdür. Dinləyicilər isə yeni əsərlər tələb edir və elə düşünürlər ki, balabanın repertuarı yalnız bu üç-dörd mahnıdan ibarətdir.

- Bəzi gənc musiqiçilər milli alətlərə yeni müasir səs çalarları qatırlar. Bu tamaşaçıları maraqlandırmaq üçün bir addımdırmı?

- Əslində mən özüm də zamanla ayaqlaşmağın tərəfdarıyam, amma köklərimizi heç vaxt unutmaq olmaz. Musiqimizə yenilik gətirən, onu dinləyicilər üçün daha parlaq və maraqlı edən, dinləyicilərin zövqünə uyğunlaşdırmağa çalışan gəncləri dəstəkləyirəm. Bu gün tələbələrimizdən Nicat Məsimov, Pərviz, Anar, Ramin Türkiyədə dərs vermək üçün dəvət alıblar. Gözəl ifaçılarımızdan Nuran Bəkirov ,Şaiq Quliyev, Zülfüqardır. Onların hamısı yüksək səviyyəli ifaçılardır və hətta xaricdə konsert verir, yarışlarda yaxşı yerlər tuturlar. Ancaq mən hər şeyi unudaraq Avropa musiqisinin arxasınca qaçan musiqiçiləri alqışlamıram. Nəticədə onlar yolun ortasında çaşıb qala bilərlər. 

- Siz Kişinyovda Moldovanın xalq artisti Konstantin Moskoviç ilə birgə konsert verdiniz. İki ölkənin milli alətlərini, yəni çoxlüləli ney ilə balabanın sintezini etmək çətin deyildi?

- Çox sağ olun ki, bu məqama toxundunuz, çünki həqiqətən də bu istiqamətdə çox işlər görmüşük. Ancaq mən fəaliyyətim barədə hər yerdə danışmağı xoşlamıram. Sadəcə indiyə qədər heç kim bu barədə məndən soruşmayıb. Qastrol səfərlərindən sonra bu barədə haradasa danışmağın lazım olduğu barədə heç düşünmürəm. Konstantin Moskoviç məşhur bir ney ifaçısıdır. O, mənim ifamı YouTube-da görüb əlaqə saxladı, balabanın sirlərini öyrənmək üçün Bakıya gəldi və biz məşğul olduq. Sonra birgə konsert təşkil etmək qərarına gəldik. Alətlərimiz inanılmaz bir ahəng yaradır. Buna görə də bu ənənəni konsertlərlə davam etdirməyə qərar verdik. Növbəti konsertimizi Filarmoniyada keçirməyi düşünürük.

- Çox güman ki, hələ heç kimin soruşmadığı, lakin burada qeyd etməyə dəyər məqamlar var. Elə deyilmi?

- İndi hər şeyi xatırlamıram, amma, məsələn, 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının açılışında mən səhnədə “Sarı Gəlin” mahnısını ifa etdim. Üç dəfə Türkiyədə beynəlxalq zurna festivalında iştirak etmişəm. Orada bizi yüksək səviyyədə qarşıladılar. Azərbaycanın əməkdar artisti, xanəndə Teyyub Aslanovla birlikdə "Bahariyyə" festivalında çıxış etmişik. Çıxışımıza olan insanların münasibəti bizi heyran etdi. Bilirsiniz, insanlar şablon musiqidən beziblər. Buna görə də hər bir musiqiçi milli musiqini əsas götürərək ona yeni, fərdi xüsusiyyətlər əlavə etməsi yaxşı olardı. Gələcəkdə Teyyub Aslanovla maraqlı layihələr planlaşdırırıq. Bu yaxınlarda UNESCO-nun Fransada böyük Azərbaycan mütəfəkkiri və şairi Nəsiminin 650 illik yubileyinə həsr etdiyi tədbirdən qayıtmışıq. Peşəkar musiqiçilərimizin də təmsil olunduğu bu konsert yüksək səviyyədə keçdi. Həmçinin İsraildə çıxış etmək üçün dəvət almışıq.

- Gələcək planlarınız nələrdən ibarətdir?

- Mənim üçün həyatda iki əsas şey var: peşəm və ailəm. Vətənimə faydalı ola biləcək layiqli övladlar yetişdirməyi arzulayıram. Qoy onlar mənimlə, mən də onlarla fəxr edim. Əgər mən bu dünyaya gəlib musiqiçi ola bilmişəmsə, borcum bu vəzifəni layiqincə yerinə yetirmək və gələcək nəsillərə ötürə bilməkdir. Məqsədim odur ki, gücüm yetdiyi qədər balaban və zurnanı inkişaf etdirim, çünki gələcək nəsil düzgün musiqiyə qulaq asmalı və zərif, lakin öz zövqünə uyğun musiqi ərsəyə gətirməlidir. Amma bu gün müşahidə edirəm ki, musiqi məktəblərinin məzunları daha çox toylarda iştirak etməyə can atırlar. Düzdür, bu nisbətən tez gəlir gətirən bir yoldur, lakin həyatın yeganə məqsədinə çevrilməməlidir. Peşəkar sənətkar öz alətini və ifa sənətini nümayiş etdirmək üçün dünya səhnələri haqqında xəyal etməlidir...

- Konsertlərinizdən ən yadda qalan epizodlar hansılardır?

- Avropada və ABŞ-da Azərbaycan Respublikasının müstəqilliyinin iyirmi illiyinə həsr olunmuş və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş bir sıra konsertlərimiz keçirildi. Almaniyadakı konsertlərin birində Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edirdi. Biz xalq artisti, dirijor Teymur Göyçayevin rəhbərlik etdiyi kamera orkestri ilə birlikdə çıxış edirdik. Tədbirin sonunda konsertdə iştirak edən Almaniya rəhbərliyinin nümayəndələri səhnəyə qalxaraq bir-bir əlimizi sıxdı. O an sevincimizin həddi-hüdudu yox idi. Onlar musiqi ənənələrimizin nə qədər dərin və zəngin olduğunu gördülər. İnanın, həmin anda göz yaşlarımı tuta bilmədim. Orada Üzeyir Hacıbəyovun "Uvertürası" səslənmişdi. Böyük sənətkarın bizə miras qoyduğu əsərə yaxınlaşmağa heç kim cürət etmədiyi halda gözəl bəstəkarımız Vasif Allahverdiyev milli alətlərimiz olan zurna, balaban və tütəyi bu ölməz əsərə əlavə edə bilmişdi. Bu əsl uğur idi. Kompozisiyanın daha rəngarəng və təzadlı səslənməsi, əlbəttə ki, almanlar tərəfindən bəyənildi. Uzun illərdir ki, belə bir münasibəti yalnız Almaniyada deyil, Los-Anceles, Çikaqo, Nyu-York, San-Fransisko, Fransa, İtaliya və s. şəhər və ölkələrdə də hiss edirəm.

- Siz həm də kino sənətimizdə iz buraxmışsınız...

- Bəli, mən "Məhəllə", "Biz qayıdacağıq", "Ölüm növbəsi", "Bir anın həqiqəti" filmləri üçün mahnılar ifa etmişəm. "Əli və Nino" filmində ifa etmək üçün dəvət almışam.

- Hər insanın ruhunda ona doğma olan bir mahnı səslənir. Sizin ruhunuz nə haqda oxuyur?

- Bu suala verəcəyim cavabın nə qədər doğru olacağını bilmirəm. Bircə onu deyim ki, ruhum tək bir şey haqda oxuyur — həyatda daima bütöv qalmaq. Mənim üçün ən başlıcası sərbəst olmaq və öz işimlə sakitcə məşğul olmaqdır. Bütövlük nədir?! Torpaqlarımızı, yəni Qarabağımızı itirdikdən sonra mən özümü yarımçıq bir insan hiss edirəm. Yalnız torpaqlarımız qayıtdıqdan sonra ruhum dilə gəlib oxuyacaq. İstərdim ki, musiqimin duyulacağı, dinlənəcəyi tədbirlərdə mən də iştirak edim ki, musiqim insanların öz düşüncələri ilə təkbətək qalmasına, öz ruhu ilə danışmasına, onu maraqlandıran həyati suallara cavab verməsinə kömək etsin.

Bir çoxları muğamın qəmli, kədərli olduğunu düşünür. Bu, tamamilə yanlış düşüncədir və insanın daxili aləmi ilə əlaqəlidir. Muğamda olan gizlinlərin hamısını ortaya çıxarmaq üçün həyat belə yetməz. Muğam musiqisi sizi çox dərin düşüncələrə qapdırmağa qadirdir.

- Belə demək olarmı ki, muğamı yalnız bir azərbaycanlı yaxşı başa düşə bilər?

- Çox xoşbəxtəm ki, peşəkar həyatımda məndən daha təcrübəli musiqiçilərlə bir səhnəni paylaşmaq mənə nəsib oldu. 1998-ci ildə Alim Qasımovla işləməyə başladım və altı-yeddi il müxtəlif səhnələrdə çıxış etdim. O, böyük ustaddır və inanmıram ki, tarixdə bir daha belə bir insan dünyaya gəlsin. Allah ona istedad verib və o, nadir insandır ki, həm peşəkar kimi, həm də bir şəxsiyyət kimi böyük rəğbət qazanıb. Onun yanında işləyərək sanki bir məktəb keçdim və çox şey öyrəndim. Onun konsertlərində heç vaxt yerlilərə rast gəlmədim. Dinləyicilər onun ifasından böyük zövq alan xarici vətəndaşlar idi. Alim Qasımov bəstəkar mahnılarını, xalq mahnılarını özünəməxsus tərzdə ifa edərək, soyuqqanlılığı ilə seçilən avropalıların ürəyində belə ən incə telləri toxuna bilir. Bir dəfə Almaniyada konsertdən sonra arxa qapıdan çıxdıq və orada əsl izdiham gördük. İnsanlar maestronu gözləyirdi. Onlar tərcüməçilər vasitəsilə "Sizin musiqiniz nə barədədir? Bu musiqi ilə nə demək istəyirsiniz? Biz onu hiss edirik; o, bizim hisslərimizi oyadır, amma biz onun mahiyyətini başa düşmək istəyirik" kimi suallar verirdilər. Bunu tərif üçün demirəm, əsla! Bunu öz gözlərimlə gördüm və anladım ki, insanlar milliyyətindən asılı olmayaraq musiqini dərindən qavraya və hiss edə bilərlər. Bütün bunları gördükdən sonra başa düşdüm ki, bu dünyaya boş yerə gəlməmişəm. Musiqiyə olan sevgim gündən-günə artır. Ətrafımda baş verənlərə göz yumuram və gördüyüm işlər sayəsində inamla irəliləyirəm. Allah tərəfindən mənə bəxş olunan bu alət mənim üçün müqəddəsdir. Mən həmişə ona qulluq edəcəyəm və o da mənə qulluq edəcəkdir. İnanıram ki, yalnız qarşılıqlı sevgi faydalı ola bilər.



MƏSLƏHƏT GÖR:

343