Müəllif: Natiq NAZİMOĞLU
Moskvada Rusiya ilə Türkiyənin vasitəçiliyilə Liviyadaxili münaqişədə atəşkəsin əldə olunması haqda danışıqlar keçirilib. Bu, məsələyə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın müdaxiləsindən sonra baş verib. Liviyada qarşı-qarşıya durmuş qüvvələrin təmsilçilərinin Rusiya ilə Türkiyənin xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə keçirilmiş görüşü 6 saatdan artıq davam edib. Görüşdə Liviyanın Fayez Sərracın başçılıq etdiyi milli barış hökumətilə Liviya Milli Ordusunun rəhbəri, marşal Xəlifə Haftar arasında müvəqqəti barışıq razılaşmasının imzalanması imkanları müzakirə olunub. Jurnalımızın çapa getdiyi vaxta tərəflər razılığa gələ bilməmişdilər. Lakin razılaşmanın imzalanacağına ümidlər az da olsa, qalmaqda idi.
Hər halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqlarda irəliləyişə nail olunduğunu açıqlamış, Sərracla Liviyanın ölkənin şərqində fəaliyyət göstərən parlamentinin nümayəndəsi problemin nizama salınmasına dair sənəd imzalamış, Haftar isə yanvarın 14-ü səhərədək vaxt istəmişdi.
Bir məqam mütləq qeyd edilməlidir: artıq 10 ildir xaos və vətəndaş müharibəsi içərisində olan bu Şimali Afrika dövlətində çoxdan gözlənilən sülh və sabitliyə nail olunması şansı Türkiyənin öz qoşunlarını Liviyanın beynəlxalq birlik tərəfindən tanınmış hökumətinə dəstək üçün oraya göndərmək qərarından sonra yaranıb.
Haftar Sərraca qarşı
Liviyanın sabiq lideri Müəmmar Qəddafinin devrilməsi və qətlə yetirilməsindən, təxminən, 9 il keçir. Lakin ölkədə vəziyyət heç cür normaya düşmür. Vətəndaş müharibəsinin bürüdüyü ölkədə ikihakimiyyətlilik hökm sürür. Paytaxt Tripoli və bitişik rayonlara Faiz Sərracın BMT tərəfindən tanınmış Milli Barış Hökuməti (MBH) nəzarət edirsə, ölkənin şərqi Tobrukda yerləşən parlamentlə marşal Xəlifə Haftarın komandanı olduğu Liviya Milli Ordusunun (LMO) nəzarətindədir. Ötən ilin aprelindən faktiki olaraq, ölkənin böyük hissəsində hakimiyyətini qurmuş Haftar «şəhərin terrorçulardan təmizlənməsi» şüarı ilə Tripoliyə hücumlar edir. Lakin onun paytaxtı ələ keçirmək cəhdləri, hələ ki, nəticə vermir.
Bununla yanaşı, LMO son günlərdə vacib qələbə də qazanıb: Liviyanın əsas şəhərlərindən olan Sirt ordunun əlinə keçib. Xatırladaq ki, vaxtilə Qəddafinin, daha sonra isə terrorçu «İslam Dövləti» qruplaşmasının əsas dayağı məhz bu şəhər olub. Hərbi ekspertlər hesab edir ki, Sirtin MBH qüvvələrindən təmizlənməsi Tripoliyə həlledici hücumun təşkili üçün Haftarın qarşısında geniş strateji imkanlar açır.
MBH-nin formalaşdırılması BMT tərəfindən dəstəklənsə də, ali qurum məhz Sərrac hökumətini Liviyanın qanuni hökuməti saysa da, maraqlı qüvvələrin ona münasibəti birmənalı deyil. Sərrac hökumətini Türkiyə, Qətər və İtaliya kimi dövlətlər dəstəkləyirsə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Fransa, Rusiya, hətta ABŞ Tobrukdakı parlamentə və marşal Haftara dəstək verir. Amma son zamanlar Vaşinqton Rusiyanın Liviyadakı münaqişədən «öz maraqları üçün» istifadə edə biləcəyindən narahatdır və bu üzdən o, daha çox neytral mövqedən çıxış edir. ABŞ Haftarı Tripoliyə hücumu dayandırmağa belə, çağırıb.
Dünyanın aparıcı güclərinin Liviyadakı siyasi qüvvələrə münasibətinin ziddiyyətli olmasının səbəbi var. Bu, əsasən MBH-nin islamçı xarakteridir. Məhz bu amil nüfuzlu oyunçularda müəyyən tərəddüdlərə yol açır. Bununla yanaşı, onlar ölkədə sabitliyə qarşı tərəfin nail ola biləcəyinə daha çox inanır. Haftar əksəriyyətin nəzərində nüfuzlu hərbi xadim, əksər ərəb dövlətləri üçün xarakterik olan siyasi fiqurdur. Məhz bu üzdən onun ölkədə nizam-intizam yarada, Liviyanı tam nəzarətdə saxlaya biləcəyinə inam daha çoxdur. Amma digər yandan, burada istər beynəlxalq birlik tərəfindən tanınan MBH-ni dəstəkləyən, istərsə də marşal Haftara simpatiya bəsləyən hər bir xarici oyunçunun öz geosiyasi maraqları da var. Bu, ilk növbədə, nəhəng neft və qaz ehtiyatlarına malik Liviyanın strateji əhəmiyyətindən irəli gəlir.
Ərdoğan MBH-yə yardıma gedir
Türkiyənin «Liviya siyasəti»nin motivləri haqda danışdıqda ilk növbədə, bir məqam qeyd olunmalıdır: prezident Rəcəb Tayyib Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyası Liviyanın islamçı MBH ilə ideoloji və siyasi həmrəylik nümayiş etdirir. Türkiyənin Suriyada mötədil islamçı müxalifəti dəstəkləməsi, Misirdə «müsəlman qardaş» Məhəmməd Mursinin devrilməsi və hakimiyyətə general əs-Sisinin gəlişindən sonra Qahirə ilə münasibətləri pozması da bu amillə izah olunur. Lakin bununla yanaşı, Ankaranın konkret maraqları da var və bu maraqlar da onu Liviya münaqişəsində MBH-ni dəstəkləməyə vadar edir.
Söhbət, ilk növbədə, Ankaranın Aralıq dənizi regionu və Afrikanın şimalında ənənəvi nüfuzunu möhkəmlətmək istəyindən gedir. Görünən odur ki, Sərrac hökuməti də Ankaranın bu iddialarını qəbul edir. Bu mənada, digər maraqlı fövqəldövlətlər kimi, Türkiyənin də Liviyada karbohidrogen hasilatı və emalında üstünlük əldə etmək istəyinə şübhə yoxdur. Burada Ankara ilə Tripoli arasında dənizdə iqtisadi zonaların bölünməsinə dair bu yaxınlarda imzalanmış razılaşmanı xatırlatmaq xüsusilə yerinə düşür. Sənədə əsasən, Türkiyə Şərqi Aralıq dənizi hövzəsinin düz Liviyanın iqtisadi zonasınadək olan hissəsini özünün müstəsna iqtisadi zonası sayır. Ərdoğan artıq Türkiyə ilə Liviyanın Aralıq dənizində birgə neft-qaz kəşfiyyatına başlamağa hazır olduğunu da bəyan edib.
Ankara ilə Tripolinin enerji sektorunda əməkdaşlığı gücləndirməsinə təsir edən daha bir amil var. Bu, İsrail, Yunanıstan və Kiprin Türkiyənin Aralıq dənizindəki maraqlarına qarşı olan planıdır. Türkiyə ilə Liviya arasında dənizdə iqtisadi zonaların müəyyənləşdirilməsinə dair razılaşmanı imzalamasından dərhal sonra bu ölkələr «EastMed» qaz kəmərinin tikintisi haqda sazişə imza atıblar. Boru xətti «mavi yanacağın» Şərqi Aralıq dənizindən Avropaya nəqli üçün nəzərdə tutulur. Ankara dərhal bəyan edib ki, «EastMed» xəttinin tikintisilə bağlı istənilən addım yalnız Türkiyənin razılığı ilə atıla bilər.
Türkiyənin Sərrac hökumətilə hərbi əməkdaşlığına gəlincə, Ankara MBH-yə bu sahədə çoxdan dəstək verir. Haftar ordusunun Liviya paytaxtına doğru hərəkətə keçməsi fonunda, Ankara ilə Tripoli arasındakı strateji əməkdaşlıq sadəcə, yeni mərhələyə qədəm qoyub. Ötən il dekabrın sonunda MBH Türkiyəyə rəsmi sorğu göndərərək, Liviyaya «yerdən, dənizdən və havadan» hərbi yardım göstərilməsini istəyib. Ərdoğan sorğuya dərhal cavab verərək, ölkəsinin Liviyanın beynəlxalq birlik tərəfindən tanınmış hökumətinə «bütün lazımi yardımları» göstərəcəyini bildirib. Artıq yanvarın 2-də Türkiyə parlamenti ölkə hərbçilərinin Liviyaya göndərilməsi qərarını təsdiqləyib. KİV-də yer alan məlumatlara görə, bundan dərhal sonra Türkiyə ordusunun hissələri Liviyaya yola düşüb.
Ankaranı bu addımı atmaqdan nəhəng dövlətlərin və beynəlxalq təşkilatların reaksiyası da çəkindirməyib. Məsələn, BMT, ABŞ, Avropa İttifaqı və Misir Türkiyənin Liviya münaqişəsinə silahlı müdaxiləsini yolverilməz adlandırıb. Rusiya XİN-i isə Ankaranın bu qərarını belə qiymətləndirib: «Bu, Türkiyənin Haftarın Liviya Milli Ordusu ilə qarşıdurmada Tripoli hökumətinə hərbi dəstəyini leqallaşdırmaq cəhdidir. Üstəlik, Ankara bunu həm də BMT-nin silah embarqosunu açıq şəkildə pozmaqla edir».
Yeri gəlmişkən, Liviya məsələsində Rusiya-Türkiyə nüansına ayrıca toxunmaq lazımdır.
Barışıq olacaq, olmayacaq?
Türkiyə MBH-yə açıq dəstək verirsə, Rusiya rəsmi olmasa da, marşal Haftarı dəstəkləyir və bu, heç də dünya birliyindən gizli deyil. Məsələn, beynəlxalq mətbuat yazır ki, Liviya Milli Ordusunun sıralarında Rusiyanın «Vaqner» qeyri-rəsmi silahlı dəstəsi də döyüşür. «Vaqner» döyüşçülərinin Liviya ərazisindəki fəaliyyətini Türkiyə prezidenti Ərdoğan da dilə gətirib və bunu açıq şəkildə tənqid edib.
Beləliklə, Rusiya ilə Türkiyənin Liviyada fərqli tərəfləri himayə etdiyi ortadadır. Ankaradan fərqli olaraq, Moskva Liviyadakı vətəndaş müharibəsində general Haftarın qələbəsinə çalışır. Bunu birincisi, Rusiyanın islamçı MBH-yə dəstək verməsinin məqsədəuyğun (bəlkə də, mümkün) olmaması ilə izah etmək mümkündür. İkincisi, Liviyanın nəhəng neft yataqlarına nəzarət məhz Haftar ordusundadır. Məsələn, Rusiyanın «Tatneft» şirkətinin də fəal iştirak etdiyi Qadames yatağı Liviya Milli Ordusunun nəzarət etdiyi ərazidə yerləşir.
Amma Yaxın Şərqdə mövqelərini gücləndirməyə çalışan bu iki fövqəldövlət – Rusiya ilə Türkiyə – Liviya məsələsindəki fikir ayrılığının onların ikitərəfli strateji əməkdaşlığına zərbə vurmasına imkan vermək niyyətində deyil. Bu, özünü Rusiya prezidenti Vladimir Putinin İstanbula bu günlərdə etdiyi səfəri zamanı da açıq şəkildə göstərib. Putin İstanbulda «Türk axını» qaz kəmərinin açılışında iştirak edib.
Səfər çərçivəsində baş tutmuş Ərdoğan-Putin danışıqlarında bir sıra vacib beynəlxalq problem, o cümlədən əlbəttə ki, Liviya münaqişəsi müzakirə olunub. Görüş yalnız Ərdoğanın həmkarına hədiyyə etdiyi kitabla əlamətdar olmayıb («Şərqi Aralıq dənizi tənliyində strateji addım: Türkiyə-Liviya» adlı kitabda Ankaranın regional məsələlərlə bağlı mövqeyi ifadə olunur). Ən başlıcası, Putinlə Ərdoğan Liviya böhranını birgə səylərlə aradan qaldırmaq haqda razılığa gəliblər.
Ərdoğanla Putin Liviyada qarşı-qarşıya gəlmiş qüvvələri 2020-ci il yanvarın 12-si, saat 00:00-dan döyüşü dayandırmağa, Tripoli və digər şəhərlərdə gündəlik həyatın normallaşması üçün «dayanıqlı atəşkəs elan etməyə və digər lazımi addımları atmağa», həmçinin dərhal danışıqlar masası ətrafına əyləşməyə çağırıblar. Rusiyanın XİN başçısı S.Lavrov bildirib ki, «Liviya probleminin BMT TŞ-nin qərarlarına uyğun həlli üzrə vahid mövqe müəyyənləşdirilib». «Rusiya və Türkiyə prezidentləri prosesin istər münaqişəyə cəlb olunmuş tərəflər, istərsə də Liviyanın qonşuları baxımından inklüziv olmasını istəyir», - deyə Lavrov qeyd edib.
Beləliklə, Moskva ilə Ankaranın Liviya böhranını birgə səylərlə çözəcəklərinə ümid yaranıb. İki ölkənin Suriyadakı uğurlu əməkdaşlıq təcrübəsi bu ümidi daha da artırır. Suriya böhranı ilə bağlı Moskva ilə Ankara arasında müəyyən fikir ayrılıqları olsa da, onlar ortaq məxrəcə gələ bilir və müharibənin illərdir davam etdiyi bu ölkə ilə bağlı ciddi qərarların qəbuluna səbəb olurlar.
Sərracın başçılıq etdiyi MBH Rusiya ilə Türkiyənin atəşkəs təklifini dərhal qəbul edib. LMO isə ilkin bəyanatında «dost dövlət» olan Rusiya prezidenti Vladimir Putinin təşəbbüsünü alqışlasa da, «bəzi dövlət və hökumətlərin yardımı ilə» Tripolini ələ keçirmiş «terror qruplaşmaları» ilə mübarizənin davam etdiriləcəyini də bildirib. Haftar ordusunun son günlər əldə etdiyi hərbi nailiyyətləri nəzərə alsaq, onun bu mövqeyi başadüşüləndir. Lakin o, nəinki danışıqların perspektivini şübhə altına qoyub, həm də Türkiyənin hərbi addımları fonunda Liviyada vəziyyətin daha da dərinləşə biləcəyini göstərib. Lakin məhz sonuncu amil – Ankaranın bitmək bilməyən təzyiqləri nəticəsində LMO, nəhayət, yanvarın 12-dən atəşkəs rejiminə əməl etməyə razılıq verib.
Türkiyə mətbuatı yazır ki, Haftar ordusunun qərarı Ərdoğanla Putin arasında baş tutmuş telefon danışığından dərhal sonra açıqlanıb. Bununla yanaşı, Haftarın mövqeyini dəyişməsində şübhəsiz ki, «Vaqner»dən olan «muzdlu»ların cəbhə xəttindən geri çəkilməsi də rol oynayıb. Yeri gəlmişkən, «Vaqner» döyüşçülərinin cəbhədən çəkilməsi də məhz Rusiya-Türkiyə əməkdaşlığının əsas nəticələrindən biri sayılmalıdır.
Nəhayət, Liviyada barışığın əldə edilməsində maraqlı olan bütün tərəflər yanvarın 13-də Moskvada bir araya gəliblər. Bu, irəliyə doğru atılmış ciddi addımdır.
Daha bir əlamətdar hadisə səi Sərracın Moskva görüşü ərəfəsində səsləndirdiyi çağırışdır. O, həmvətənlərini «keçmişə aid səhifəni çevirməyə, fikir ayrılığına son qoymağa, sabitlik və sülhə nail olunması üçün birləşməyə» səsləyib.
Liviya münaqişəsi tərəflərinin Moskva və Ankaranın vasitəçiliyilə Rusiyada baş tutmuş görüşünün böhranın uzunmüddətli siyasi həllinə yol açacağını gözləmək olar. Barışığın pozulması nə liviyalıların, nə də razılaşmanın qarantı olan Rusiya ilə Türkiyənin maraqlarına cavab verir. Bu, xüsusilə Türkiyəyə aiddir. O, Liviyaya ordu yeritmək kimi cəsarətli qərar verməklə, praktik olaraq bu ölkədə hadisələrin gedişini dəyişib.
Şərq hər zamankı kimi, qaynamaqdadır. Və Türkiyə bu regional qarşıdurmanın ön cəbhəsindədir.
MƏSLƏHƏT GÖR: