23 Dekabr 2024

Bazar ertəsi, 13:58

AVRO-2020 BAKIDA

Azərbaycan bu il də idman ölkəsi statusunu qoruyacaq

Müəllif:

01.02.2020

Azərbaycan 2020-ci ildə də idman dünyasının əsas mərkəzlərindən biri olacaq. Cari ildə bir sıra növlər üzrə dünya, Avropa çempionatları Bakıda təşkil olunacaq. Ənənəyə sadiq qalaraq ilin idman təqvimini təqdim edirik.

 

Futbol

Yarışlar arasında ən çox diqqət çəkəni futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək final oyunlarıdır. “A” qrupunun üç, 1/4 final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Meydan sahibi İtaliyanın oyunları Romada baş tutacaq. Bakı Olimpiya Stadionunda isə Uels - İsveçrə, Türkiyə - Uels, İsveçrə - Türkiyə və 1/4 final oyunu keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

 

Gimnastika

Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün 2020-ci təqvim ili də beynəlxalq tədbirlərlə zəngin olacaq. İl ərzində federasiya tərəfindən dünya və Avropa çempionatları da daxil olmaqla 8 beynəlxalq yarış təşkil ediləcək.

İlk olaraq beynəlxalq yarışlara batut gimnastikası və tamblinq üzrə lisenziya xarakterli dünya kuboku ilə start veriləcək. Fevralın 15-16-da keçiriləcək yarışda ilkin qeydiyyat siyahısına əsasən, artıq 31 ölkə iştirakını təsdiq edib.

AGF-in saytı xatırladır ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. 2021-ci ildə isə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

Martda Milli Gimnastika Arenası idman gimnastikası üzrə iki yarışa ev sahibliyi edəcək. 7-8 mart tarixlərində ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edəcək. Ondan bir həftə sonra, martın 12-15-də isə idman gimnastikası üzrə FIG Dünya Kuboku, AGF Trophy 2020 keçiriləcək. Bu yarış Tokio-2020 Olimpiya Oyunlarına isenziya xarakterlidir. İlkin qeydiyyat siyahısına əsasən Dünya Kubokunda iştirak etmək istəyən ölkələrin sayı artıq 55-dir

Bədii gimnastika üzrə yarışlar isə ənənəyə uyğun olaraq aprel ayında keçiriləcək. Aprelin 17-19-da Bakıda ilk dəfə Yana Batırşinanın mükafatları uğrunda bədii gimnastika üzrə 7-ci açıq turnir, aprelin 24-26-da isə bədii gimnastika üzrə ənənəvi dünya kuboku təşkil olunacaq. Bədii gimnastika üzrə ənənəvi dünya kubokunun iştirakçıları da Olimpiadaya vəsiqə qazanmaq şansı əldə edəcəklər.

Mayda Azərbaycan daha irimiqyaslı beynəlxalq yarışlara ev sahibliyi edəcək. Aerobika gimnastikasının ölkəmizdə 2013-cü ilin sonlarından etibarən inkişaf etdirilməsinə baxmayaraq, bu növ üzrə dünya yaş qrupu yarışları (8-10 may) və dünya çempionatının (14-16 may) təşkili 2020-ci ildə məhz Azərbaycana həvalə olunub.

Mayın 27-31-də ölkəmizdə ilk dəfə olaraq kişi idman gimnastikası üzrə Avropa çempionatı təşkil ediləcək. Qitənin ən güclü idmançılarının toplaşacağı bu yarış da iki ay sonra baş tutacaq Olimpiya Oyunlarının kişi idman gimnastikası üzrə yarışlarına vəsiqə qazandıracaq son yarış olacaq.

 

Formula 1

Artıq 4 ildir ki, yarım milyardlıq auditoriyaya malik Formula 1 üzrə dünya çempionatının təqvimində Azərbaycan Qran-Prisi də yer alıb. 2020-ci il Azərbaycan Qran-prisi 5 - 7 iyun tarixlərində keçiriləcək. Yarışın vaxtının iyuna dəyişdirilməsi Avro-2020-nin oyunlarıyla əlaqədardı. Təşkilatçılar futbol və Formula 1 yarışlarını eyni ayda keçirməklə daha çox turisti Bakıya cəlb etmək fikindədir.

Sputnik-Azərbaycanın verdiyi məlumata görə, 2020-ci ildə Bakı Şəhər Halqası əməliyyat şirkəti Formula 1-ə rekord sayda bilet satmaq niyyətindədir. Bu barədə şirkətin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim mətbuat konfransında bildirib.

“Biz ilk dəfə idi ki, belə az vaxta bu qədər bilet satırdıq. Hazırda biletlərin 81%-in xarici vətəndaşlar əldə edib və bu il biz ümumi bilet satışında rekord vurmaq niyyətindəyik”-deyə Özerdim vurğulayıb. O qeyd edib ki, Azərbaycan Qran-Prisi xaricilərin məmnunluq səviyyəsinə görə dünyada ilk beşliyə daxildir.

Əlavə edək ki, bütövlükdə 4 il ərzində Formula 1 üzrə Azərbaycan Qran-Prisindən ölkə $506,3 mln. (860 mln. manat) gəlir əldə edib. Müqaviləyə əsasən, Azərbaycanın paytaxtı yarışa ən azı 2023-cü ilədək ev sahibliyi edəcək.

 

Şahmat

Beynəlxalq Şahmat Federasiyası (FİDE) Azərbaycana daha bir etimad göstərib. 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabrında Naxçıvanda təşkil olunacaq. Yarış oktyabrın 2-də start götürəcək və 10 gün davam edəcək.

Qeyd edək ki, ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplamaqla 38 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub.

Bu il şahmat üzrə ənənəvi Vüqar Həşimov Memorialı yenə də Şəmkirdə baş tutacaq. Hazırda dünya çempionu Maqnus Karlsenin mübarizə apardığı superturnirin digər iştirakçıları tam dəqiqləşməyib.

 

Əlbəyaxa döyüş və başqaları

Karate üzrə böyüklər arasında 55-ci və para-karate üzrə növbəti Avropa çempionatı da Bakıda - Milli Gimnastika Arenasında təşkil olunacaq. Mötəbər yarış 25 - 29 mart tarixlərində keçiriləcək. Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 55-dək ölkədən 630-a yaxın idmançının, həmçinin 40-dək para-karateçinin qatılacağını bildiriblər. WKF rəsmiləri Milli Gimnastika Arenasında 5 gün ərzində 4 tatamidə keçiriləcək mötəbər yarışı 120-dək hakimin idarə edəcəyini, mükafatçıların Tokio olimpiadasına son lisenziya xallarını qazanacaqlarını vurğulayıblar.

Cüdo üzrə Grand Slam – Böyük Dəbilqə silsiləsindən olan lisenziya xarakterli turnir 12-15 may tarixlərinə təsadüf edəcək. 50-dən çox ölkənin iştirak edəcəyi yarışda həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı olacaq.

Qısa fasilədən sonra atıcılıq üzrə yarışlara canlı şahidlik etmək imkanı olacaq. Bakı həmçinin 22 iyun-3 iyul tarixlərində güllə atıcılığı üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Azərbaycan paytaxtı 10-20 sentyabrda polo üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Qitə birinciliyində 8 ölkənin komandası təmsil olunacaq.

2020-ci ildə də idman ölkəsini olduğunu təsdiqləyəcək Azərbaycan növbəti dəfə planetin ən böyük yarışı Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarında təmsil olunacaq. Olimpiadanın açılış mərasimi iyulun 24-də baş tutacaq.



MƏSLƏHƏT GÖR:

387