21 Noyabr 2024

Cümə axşamı, 21:00

QAN ÇƏKİR

Azərbaycanda talassemiyanın öyrənilməsinin əsasını qoyan Asya Axundovanın anadan olmasının 100 ili tamam olur

Müəllif:

01.02.2020

2020-ci il. Talassemiya bir xəstəlik kimi hələ də Azərbaycan üçün ən ciddi problemlərdən biri olaraq qalmaqdadır. Üzücüdür ki, ölkədə hər il 500-ə qədər anadangəlmə talassemiyalı uşaq doğulur, 1 milyondan çox insan isə talassemiya daşıyıcısıdır. Azərbaycanda əhalinin 7-10%-dən çoxunda heteroziqot beta-talassemiyanın müşahidə olunduğu xəstəlik ocaqları var.

Talassemiya hansı səbəbdən yaranır və onun yayılmasının qarşısını necə almaq olar? Azərbaycanda talassemiya tədqiqatının banisi, haqlı olaraq, anemiyalı uşaqlarda bu xəstəliyi aşkar edən və müxtəlif cəhətlərini tədqiq edən professor Asya Mahmud qızı Axundova hesab olunur. Öz həyatını bu qorxulu xəstəliyin öyrənilməsinə həsr edən və Azərbaycanda çox sayda uşağı xilas edən bu görkəmli qadının doğum günündən 100 il ötür. Bu xəstəliyin ölkəmizdə yayılması ilə bağlı araşdırmalar 60 ildən bir qədər öncə başlayıb.

 

Əsilzadə

Uşaq yeni doğulanda Tanrıdan başqa heç kim onun tale yolunun necə olacağını bilmir. Asya Axundova 26 dekabr 1919-cu ildə Bakıda tanınmış mühəndis Sultan Mahmud bəy və Zəhra xanım Axundovların ailəsində anadan olub. Atası nadir mütəxəssis olub: inqilabdan əvvəl o, Musa Nağıyevin neft yataqlarının müdiri işləyib, sovet illərində Aleksandr Pavloviç Serebrovskinin rəhbərliyi altında «Azneft»in mühəndisi olub, 1922-ci ildən Səhiyyə Nazirliyində şöbə müdiri işləyib, Azərbaycanda çoxsaylı sanatoriya və xəstəxanaların tikintisinə rəhbərlik edib. Bəy nəslindən olmasına baxmayaraq, yüksək səviyyəli bir mütəxəssis olduğu üçün bolşeviklərin zülmündən qaça bilib. Belələri yeni dövlətə çox lazım idi! Ancaq onun dörd qardaşından və üç bacısından dördü - Ağalar, Tamara, Surxay və Səfurə – həkim oldular, Sima müəllimə oldu, Hüseyn və Rüstəm isə Mahmudun özü kimi Kiyev Politexnik İnstitutunu bitirib texniki təhsil aldılar. Düzdür, Rüstəm dünyasını çox erkən dəyişdi, valideynlərindən - Əliheydər bəy və Ruqiyyə Bəyim Axundovları əbədi kədər və qüssə içində qoydu.

O dövrdə Azərbaycanda ailələr çoxuşaqlı idilər və Mahmud bəyin beş övladı oldu: iki oğlu və üç qızı. Qızlarının böyüyü Asya həkim olmağa qərar verəndə etiraz etmədi. Üstəlik, qız tibb haqqında danışıqları ilə onu ovsunlamış qohumlarının arasında böyümüşdü və erkən yaşlarından bəlli idi: Asya həkim olacaq! Bundan başqa, 20-ci əsrin əvvəllərində həkim və mühəndis peşələri prestijli və hörmətli idilər. Beləcə, Mahmud bəy qərar verdi: soyun öz sülalə ənənələri olmalıdır! Beləliklə, Asya xanım XX əsrin otuzuncu illərinin ikinci yarısında Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun tələbəsi oldu. Onda heç kimin ağlına belə gələ bilməzdi ki, bu mehriban, yumşaq ürək qızın içində bir alim-tədqiqatçı, alim-təcrübəçi potensialı gizlənib.

 

Peşəkar yetişmə

Asya oxumağı çox sevirdi, institutunu, tələbə yoldaşlarını və müəllimlərini çox sevirdi. Asanlıqla və həvəslə oxuyurdu, peşənin bütün incəliklərini və detallarını dərindən öyrənirdi. Tezliklə aydın oldu ki, peşə seçən o deyil, peşə Asyanı seçib, onun şəxsində təkcə Azərbaycana deyil, bütün dünyaya qan xəstəliyi ilə bağlı önəmli bir kəşfi bəxş edən bir alim aşkarladı. Sonra Böyük Vətən müharibəsi oldu. 1942-ci ildə Bakı Tibb İnstitutunu bitirən Asya Axundova cəbhəyə göndərilib, 1944-cü ilə qədər Ryazandakı təxliyə hospitalının rəisi vəzifəsində çalışıb. 1944-cü ildə təxliyə olunduqdan sonra Asya xanım südəmər ilk körpəsi - oğlu Kamal ilə Səhiyyə Nazirliyinin yollayışı üzrə Qutqaşen (indiki Qəbələ) rayonunun Nic kəndində kənd xəstəxanasının müdiri vəzifəsini yerinə yetirməyə yollanıb.

Zaman hamı üçün ağır idi. Lakin vəziyyət həmin yerlərdə malyariya epidemiyasının başlanması ilə daha da çətinləşdi, geniş yayılmış bu xəstəlik ağır anemiyaya səbəb ourdu. 26 yaşlı Asyanın bu praktiki tədqiqatlar dövrü, bəlkə də, gələcək elmi fəaliyyətə atdığı ilk addım oldu. 1946-cı ildə onu Polşaya - əri, tibbi xidmət polkovniki Ənvər İsmayılzadənin də xidmət etdiyi Qərb qoşunları qrupunun tərkibindəki qarnizon lazaretinə həkim-terapevt işləməyə göndərirlər.

1948-ci ildə ər-arvad evlərinə, doğma Bakıya qayıdır və Asya xanım heç bir istirahət etmədən dərhal Dövlət Tibb İnstitutunun hospital terapiyası kafedrasına rezidentor təyin edilib, 1951-ci ilə kimi orada işləyib. Sonra onu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna keçirirlər. Həmin gündən o, öz inamı və gerçəkliyi ilə son nəfəsinə qədər öz işinə və xalqına xidmət edib.

 

Elmi iş

Çətin peşə taleyinin hansı məqamında A.Axundovanın insan orqanizminin ən vacib komponenti kimi qan barədə düşünməyə başlamasını yalnız güman edə bilərik: nə məktublar, nə də gündəlik qeydləri qalmayıb. Ancaq bioqrafik tarixlər və faktlar var, tədqiqatlar da var ki, bunun birdən-birə baş vermədiyini düşünməyə əsas verir. Çalışqan tədqiqatçı bacarığına sahib olan Asya Axundova illər keçdikcə məlumat bazasını praktik təcrübəyə əsaslanaraq dolğunlaşdırır.

1956-cı ildə professor Fuad Ələddin oğlu Əfəndiyevin rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə edib, həyatının son günlərinə qədər onu öz müəllimi və himayəçisi kimi yad edib və hörmət edib. 1959-cu ildə onu klinik-hematoloji şöbənin müdiri təyin edirlər. Həmin andan etibarən bütün gücünü, biliyini və praktiki təcrübəsini hemolitik anemiyanın öyrənilməsinə həsr edib.

Gənc qız Azərbaycanın rayonlarına çox səfərlər edir, bu xəstəliyin çeşidli cırlaşmış formalarını aşkarlayır, hərtərəfli klinik və laborator müayinələr aparır və bu nəticəyə gəlir ki, dünyanın dörd bir sıra bölgələrinə yayılan və talassemiya adlanan xəstəlik Azərbaycanda da var və pandemik xarakter daşıyır (Talassemiya, ya da Kuli anemiyası - 1925-ci ildə bu xəstəliyi aşkar edən müəlliflərin soyadları ilə adlandırılıb).

 

Öncə və sonra

Yəqin ki, bu taleyüklü süjetə görə Asya xanım Axundovanın peşə həyatını iki dövrə bölmək olar: Azərbaycan ərazisində Kuli anemiyasının aşkarlanmasından öncəki və sonrakı dövrlərə. Kuli xəstəliyinin Azərbaycanda mövcudluğu və yayılması ilə bağlı doktor Asya Axundovanın hazırladığı xəritə, irsi amillər və bu günə qədər respublikanın bölgələrində tətbiq olunan yaxın qohum nikahları barədə məlumatlar ölkədə uzun müddətdir mövcud olan problemin gerçək mənzərəsini ortaya çıxarır. Bu barədə o, Bakıda və Moskvada keçirilən konfransların və müxtəlif qurultayların yüksək tribunalardan, eləcə də 1961-ci ildə Vyanada keçirilmiş VIII Avropa Konqresində danışıb (orada sovet hematoloji məktəbini təmsil edib). Azərbaycan tibbinin bu istiqamətdəki təcrübəsi bir çox Avropa ölkələrinin mütəxəssislərini çox maraqlandırıb.

Məsələn, Polşada talassemiya ilə bağlı dərslikdə azərbaycanlı alim Asya Axundovanın praktik təcrübəsindən bəhs olunur ki, o, qanköçürmənin gözlənilən nəticəni vermədiyini aşkarladıqdan sonra, ilk dəfə olaraq, talassemiyalı xəstələrdən dalağın çıxarılmasını təklif edib. Xarici həmkarlar üçün dalağın çıxarılması üsulu tam bir yenilik idi. Bir çox Avropa ölkəsindən, xüsusən də İtaliyadan mütəxəssislər əməliyyat olunan uşaqların sonrakı taleyi barədə məlumat verilməsini xahiş edirdilər. Çünki bu ölkə yaxın qohumların evlənməsi ilə bağlı problemlərlə yaxından tanış idi. 1962-ci ildə Asya Mahmud qızı Axundovanın təkidli tələbi və təşəbbüsü ilə Azərbaycanda ilk dəfə qanköçürmə məntəqəsinin nəzdində talassemiya klinikası açılır. Doktor Axundova 1964-cü ildə ildə yazdığı dissertasiya işində bütöv bir fəsli Azərbaycanın rayonlarında talassemiyanın öyrənilməsi işinə həsr edib.

Bu, Sovet İttifaqının bir çox alimlərinin diqqətini cəlb edir – görürlər ki, Azərbaycanda yaşayan həkimin bu mürəkkəb qan xəstəliyinin araşdırılması üzrə ilk addımları atır və bu mövzuya daha çox diqqət yetirilməsinin vacibliyini qəbul edirlər. Asya Axundova 1966-cı ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir – onun əsasında uzun illər davam edən klinik və laborator araşdırmaları dayanır.

 

Ailə

Asya xanım qayğıkeş həyat yoldaşı və həssas ana, sevən bir qızı və bacı, çox etibarlı və sədaqətli dost, diqqətli bir xala və bibi olub. Asya Axundovanın iki qardaşı və iki bacısı olub. Onları çox sevirdi, yəni qohumları necə lazımdır elə sevirdi, onların da və övladlarının, yəni bacı və qardaş uşaqlarının da həyatı ilə yaxından iştirak edirdi. Nəzərə alsaq ki, əri Ənvər İsmayılzadənin bacı və qardaş uşaqlarına da öz doğmaları kimi baxırdı, onda anlayırıq ki, Asya xanım öz sevgisini yalnız üç övladı - Kəmalə, Fikrət və Fəridə ilə bölüşməklə qalmırdı, çoxsaylı qohumlarının övladlarından da öz sevgisini əsirgəmirdi. Onların hər biri üçün xoş sözləri vardı, o sözləri tam vaxtında deməyi bilirdi ki, uşaq inciməsin, onda bütün ömrü boyu özünə və gücünə inam yaransın!

O, öz uşaqları, bacı və qardaşlarının uşaqları ilə birgə kitab oxumağa, qızı Fəridənin musiqi dərslərini öyrənməsinə kömək etməyə, uşaqları ilə birlikdə Zara nənəsinə qonaq getməyə vaxt tapırdı (ailə adət-ənənələrini uca tuturdu və bunu uşaqlarına da aşılayırdı). Bulvarda gəzməyi və hamı ilə birlikdə orada dondurma yeməyi sevərdi. Asya xanım öz evində qonaqları və tələbələri qəbul etməyi sevirdi, bir evdar qadın kimi qəbul edirdi və onları ən əziz qonağı sayırdı.

Hətta qonaqlara yemək çəkərkən kostyumun üzərindən geyindiyi önlükləri də onun görünüşünü korlamırdı. Əksinə! Xüsusi bir cazibə verirdi. Bacı və qardaşı uşaqları onu həm «Asya xala», həm «Asya bibi», həm də «Asya ana» deyə çağırırdılar. Həta indi də, uzun illər keçdikdən sonra onların bəziləri onu xatırlayanda deyirlər: "Asya ana".

 

Onun mirası

Oğlu Kamal Mirzəzadə mühəndisdir, Bakıda yaşayır; oğlu Fikrət İsmayılzadə, tibb professoru, həkim-akupunktoloqdur, Polşada yaşayır; qızı Fəridə İsmayılzadə - tibb elmləri namizədi, həkim-akupunktoloqdur, Elmi Tədqiqat Tibbi Reabilitasiya İnstitutunun böyük elmi işçidir, Bakıda yaşayır və işləyir; nəvələri, nəticələri var; 150-dən çox elmi iş qoyub gedib; rəhbərliyi altında namizədlik və doktorluq dissertasiyaları yazmış çox sayda tələbəsi, həmçinin xilas etdiyi talassemiyalı uşaqlar onun varisləridir.

 

Epiloq

Asya xanım Axundova təkcə böyük alim, əla həkim, gözəl ustad və müəllim olaraq qalmırdı. O nadir, böyük ürəkli bir insan olub: qayğıkeş, mərhəmətli, yanımcıl, istiqanlı. Öz həyatını məhz elə bu cür keçirib: özünün və başqalarının qayğıları içində. Ümumiyyətlə, onun üçün "yad" anlayışı olmayıb, sosial fərqlər də mövcud deyilmiş. O istənilən bir insanda – sadəcə bir insan görüb, hər kəsin qanının eyni rəngdə olduğuna inanıb, əgər kiminsə köməyə ehtiyacı olubsa, günün istənilən vaxtında, istənilən havada və istənilən vəziyyətdə ona yardım edib. Deyirmiş: "Xəstə, hər şeydən əvvəl, köməyə ehtiyacı olan bir insandır, onun nazirlik kreslosunda oturması və ya küçə süpürməsinin önəmi yoxdur." O, həmçinin söyləyirmiş: "Həkim fəaliyyətinin əsas uğuru və qiyməti xəstələrin və yaxınlarının gözündə xoşbəxtlik və minnətdarlıq görməkdir. Mən bunu həmişə görürəm."

Tanınmış hematoloq alim, Hematologiya və Qanköçürmə İnstitutunun direktor müavini, professor Azər Kərimov Asya Axundovanı belə xatırlayır: “Təəssüf ki, mən onu yalnız bir neçə il görə bildim: 1979-cu ilin oktyabrında instituta gəldim və professor A.Axundova 1983-cü ilin noyabr ayında həyatdan getdi, cəmi 63 il yaşadı. Yadımdadır, professorun qəfil (anasının ölümündən dərhal sonra) vəfat etdiyini biləndə hamımız şoka düşmüşdük. Bir çoxları buna inanmaq istəmirdilər, xəbərin qarışdığını deyirdilər: yəni əslində Asya xanım deyil, anası ölüb. Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqının klubunda keçirilən vida mərasiminə çox sayda həkim, tibb bacısı, qohumlar, tanışlar və tanış olmayan insanlar gəlmişdi. Professor A.Axundovanın tələbələri adından vida çıxışını institutun direktoru, professor B.Eyvazov mənə tapşırdı..."

Sözünə qısa ara verən professor A.Kərimov özü institutun direktoru olduğu zaman Asya xanımın 80 illik yubileyi ilə bağlı nitqini xatırlayır: "Zaman necə yeyin ötür! Buna inanmaq çətindir, amma bu gün unudulmaz A.M.Axundovanın 100 illik yubileyini qeyd edirik. Deyirlər ki, “insan onu son xatırlayan öləndən sonra ölür. Deməliyəm ki, Asya xanımın obrazı yaddaşımda silinməz iz buraxıb. Elə şəxsiyyətlər var ki, həyatımızda yalnız səxavətlə paylaşdığı biliyə, təcrübəyə və enerjiyə ehtiyac duyduğumuz zaman peyda olurlar. Mənim üçün instituta praktik tibdən gələn və elmlə ciddi məşğul olmaq istəyən bir həkimin, əlbəttə ki, Asya xanım kimi bir alimlə rastlaşmaq, gerçəkdən, taleyin hədiyyəsi idi", - deyə alim vurğulayır.

“Professor Asya Axundova həqiqətən qeyri-adi bir insan, genişmiqyaslı bir şəxsiyyət idi, amma bununla yanaşı həmişə öz müəllimlərinə və rəhbərlərinə minnətdar olaraq qaldı. Onun bir alim-hematoloq kimi yetişməsində keçmiş illərin tibb dahilərinin böyük zəhməti olduğunu dəfələrlə vurğulayırdı. Üstəlik, o, öz tələbələrinə çox diqqətlə yanaşırdı”, - deyə professor davam edir.

Tibb elminin bir çox digər görkəmli nümayəndələri kimi, onun da qoyub getdikləri sırasında yadda qalacaq çox şey var. Axı, Asya Axundova Azərbaycan tibbində çox dərin bir iz qoyub. Gəncliyində qızıl qərənfilin ölümcül xəstə bir oğlanın həyatını necə qurtarması barədə əfsanəni oxuyandan sonra bütün ömrü boyu öz "qərənfil"ini axtarıb. Talassemiya üçün «dirilik suyu» ola biləcək bir şeyi. Və o, bunu bacardı. Onun kəşfləri insanlara fayda gətirib və gətirməkdə davam edir. Bu gün də Asya Axundovanın "Talassemiya" əsəri öz aktuallığını itirməyib. O, yeni nəsil mütəxəssislər tərəfindən də tələb olunur və gərəklidir. Bu adlı kitab 1972-ci ildə rus dilində nəşr olunub. Ancaq indi onun təkrar nəşri və Azərbaycan dilinə tərcümə edilərək nəşr edilməsi tələb olunur. Bu, Azərbaycan elmini respublikanın hüdudlarından kənarda şöhrətləndirən alimə təşəkkür abidəsi kimi qəbul edilməməlidir. Bu, sadəcə, zəruri biliklərin yayılmasında ədalətli tarazlığı bərpa etmək yoludur.



MƏSLƏHƏT GÖR:

412