Müəllif: Namiq MAYILOV
Azərbaycanda növbədənkənar parlament seçkisinin güclü rəqabət şəraitində keçəcəyi lap əvvəldən bəlli idi. Birincisi, Prezident İlham Əliyevin təşəbbüsü ilə hələ 2018-ci ildə baş tutmuş növbədənkənar prezident seçkisindən dərhal sonra aparılan miqyaslı kadr dəyişiklikləri, struktur islahatları ölkədə ictimai-siyasi fəallığı artırmaya bilməzdi. İkincisi, parlamentin ötən ilin sonuna yaxın özünü buraxmaq haqda qərarı daha çox hakimiyyətin bütün qanadlarında gəncləşdirmə aparılması zərurətilə izah olunurdu. İddialı gənclərin parlament seçkisində görünməmiş fəallıq nümayiş etdirməsi də bundan qaynaqlanırdı.
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin qeydiyyatına start verər-verməz, quruma nə az, nə çox – düz 2431 nəfər müraciət etmişdi. Azərbaycan tarixində bu, bir ilk idi. Doğrudur, onlardan yalnız 1637-si seçki qanunvericiliyinin tələblərinə cavab verə bilmiş və deputatlığa namizəd kimi qeydə alınmışdı. Seçkiqabağı marafonun sonunda isə iddialıların sayı 1314-ə enmişdi. Lakin bu da rekord göstəricidir – Milli Məclisdəki 125 yerin hər birinə orta hesabla, 11 nəfər iddia edirdi.
Səsvermənin yekununda MSK sədri Məzahir Pənahovun da dediyi kimi, deputatlıq uğrunda 1038 kişi və 276 qadın mübarizə aparmışdı. Bu, nisbət əvvəlki seçkilərlə müqayisədə 5-6% çoxdur. Namizədlərdən yalnız 246-sı partiya siyahısı ilə irəli sürülmüş şəxslər idi.
Seçkinin gedişinə gəlincə, iddialılar arasında mübarizə, həqiqətən də, gərgin keçib. Onlar istər yerlərdə seçicilərlə görüşmək kimi ənənəvi təbliğat vasitəsindən istifadə edib, istərsə də müasir piar texnologiyalarından. Namizədlər arasında çox sayda xaricdə təhsil almış, sosial şəbəkələrin imkanlarını yaxşı bilən iddialı, kreativ gəncin olması isə emosiyaları daha da coşdurmuşdu. Başqa sözlə, seçkiqabağı savaş real həyatla yanaşı, virtual məkanı da bürümüşdü.
Sürpriz olmadı
Beləliklə, Azərbaycan seçicisi fevralın 9-da növbəti parlamentini seçib. Həmin gün havanın soyuq keçməsi 2,5 milyondan artıq vətəndaşın (seçicilərin47,8%-i) öz namizədinə səs vermək üçün seçki məntəqəsinə üz tutmasına mane olmayıb. Sürpriz olmayıb. Hakim Yeni Azərbaycan Partiyası (YAP) 72 dairədə seçkini qazanmaqla, parlamentdə çoxluğu özündə saxlayıb. Qalan yerlərin digər siyasi partiyalarla müstəqil namizədlər bölüşüb. Seçkinin rəsmi nəticəsi Amerikanın «AJf & Associates Inc.» təşkilatı, Fransanın «Opinion Way» sosial araşdırmalar institutu və yerli «Rəy» Monitorinq Mərkəzi tərəfindən həyata keçirilmiş «exit-poll»larla da təsdiqlənib.
Nəticə heç kəsi təəccübləndirməyib. Ölkədə aparılan total yenilənmə, əhalinin sosial rifahının yüksəlməsinə yönəlmiş ciddi qərarlar, hakim partiyanın namizədlər siyahısının xeyli gəncləşməsi YAP-ın qələbəsini labüd edirdi. Onun qələbəsini təmin edən digər səbəblər arasında ənənəvi müxalifətin dəstəyinin həddindən artıq zəif olmasını da göstərmək mümkündür.
Seçkiyə beynəlxalq diqqət son dərəcə ciddi idi. Seçkiyə hazırlıq prosesini və səsvermənin gedişini izləmək üçün MSK-da 59 beynəlxalq təşkilat və 58 ölkədən 883 müşahidəçi qeydə alınmışdı. Bununla yanaşı, prosesi 47 ölkədən 132 beynəlxalq KİV-in 200-dək nümayəndəsi işıqlandırırdı. Bir sözlə, müşahidənin nə dərəcədə ciddi və əhatəli olduğu ortadadır. Üstəlik, səsvermənin gedişi və səslərin sayılmasını, təxminən, 78 min yerli müşahidəçi də izləyib. Onlar ayrı-ayrı siyasi partiyaları və ictimai təşkilatları təmsil edirdilər.
Müşahidəçilərin böyük əksəriyyəti, o cümlədən MDB, ŞƏT və digər qurumların təmsilçiləri, Avropa ölkələrindən gəlmiş deputatlar seçkini demokratik islahatlar yolunda atılmış mühüm addım kimi qiymətləndirib. Onların bəyanat və hesabatlarında bildirilir ki, seçki Azərbaycan qanunvericiliyinə və demokratik prinsiplərə uyğun, ciddi rəqabət şəraitində və şəffaf keçib.
Avropalı müşahidəçilər: ikili standartlardan uzaq
Növbədənkənar parlament seçkisilə bağlı bir sıra Avropa ölkəsi (İtaliya, Almaniya, Fransa, Polşa, Bolqarıstan, Çexiya, Yunanıstan) parlamentinin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ekspertlər də hesabatlar açıqlayıb. Avropadan olan parlamentarilər bildirib ki, seçki Azərbaycanın Seçki Məcəlləsinə və dünyada qəbul olunmuş demokratik normalara uyğun keçib. «Seçki şəffaf keçib və seçicilərin öz iradəsini ifadə etməsinə imkan yaradılıb», - deyə sənəddə bildirilir. Hesabatda italiyalı deputatlar Osvaldo Napolinin, Ettore Liçerinin, ekspert Angela Krovettinin, almaniyalı deputatlar Ulriç Singerin, Uli Henkelin, fransalı parlamentari Jan-Luc Reitzerin, ekspert Qreqori Julyenin, bolqarıstanlı deputatlar Rumen Geçevinin, Manol Genovun, Anton Kutyevin, polşalı parlamentari Katarjina Ueberxananın və ekspert Yanuş Niyedzvieçkinin, çexiyalı deputatlar Vera Proxazkovanın, Yaroslav Doubrvanın, ekspert Rania Yunisovanın, yunanıstanlı parlamentarilər Lazaros Tsavdaridisin, Katerina Monoqiounun və Stella Biziounun rəyləri yer alıb.
Onlar fevralın 7-dən 10-dək Azərbaycanda olub, seçkiqabağı vəziyyəti və səsvermənin gedişini müşahidə ediblər.
Müşahidə missiyası müəyyən nöqsanlar haqda da danışıb. Lakin hesabatda bildirilir ki, qeydə alınmış pozuntular səsvermənin ümumi nəticəsinə təsir göstərməyib. Missiya üzvləri məntəqələrin bağlanmasından sonra səsldərin sayılması və yekun protokolların tərtibi prosesini də izləyiblər.
Rusiya missiyası: qərəzsiz yanaşma
Bənzər fikirlərə «Əməkdaşlıq» Beynəlxalq Münasibətlər İnstitutunun müşahidə missiyasının hesabatında da rast gəlinir. Bu missiyanın tərkibində Rusiya Dövlət Dumasının deputatları Aleksey Juravlyov, Sergey Marinin, Yelena Strokova, Boris Çernışov, Maksim İvanov, ekspertlər Lyubmila Kozlova, Oleq Kuznetsov, Yevgeni Kondraxin, Yelena Brızqalina, Valeri Fyodorov, Sergey Voronin, Yelena Marinina, Sergey Markov, Darya Qrevtsova, Ramin Qasımov, Aldeksey Bıçkov kimi şəxslər yer alıb.
Missiyanın yekun bəyanatında bildirilir ki, Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkisi azad, ədalətli, dürüst, şəffaf, mövcud seçki qanunvericiliyinə uyğun olub.
«Seçki qutuları o qədər şəffaf idi ki, onların dolub-dolmadığını aydın görmək mümkün idi. Əldə etdiyimiz məlumata görə, ölkə üzrə, təxminən, min seçki məntəqəsində onlayn müşahidə kamerası quraşdırılıbmış. Hər bir seçici səsini şəxsən və təklikdə verib. Bülletenlər xüsusi kabinələrdə doldurulub və oraya səs verən şəxsdən başqa heç kəs buraxılmayıb. Gizli səsvermənin təşkili üçün xüsusi texniki vasitələrdən də istifadə olunub. Məntəqə seçki komissiyalarının üzvləri və müşahidəçilər hər hansı maneə və təzyiq olmadan işləyiblər. Müxtəlif məntəqələrdə aparılmış müşahidələr zamanı seçicinin iradəsinə təsir cəhdlərinə, səsvermənin gizliliyinin pozulması hallarına rast gəlinməyib», - deyə qrupun hesabatında qeyd olunur: «Prosesin gedişində ara-sıra pozuntulara, çatışmazlıqlara da rast gəlinib. Lakin bu, səsvermənin gedişinə və seçicilərin müstəqil şəkildə seçim etməsinə heç bir təsir göstərməyib».
İsrailin qiyməti: şəffaf və demokratik
Seçki prosesini izləmiş israilli müşahidəçilər də onu müsbət qiymətləndirib. «Trend»in məlumatına görə, İsraildən olan beynəlxalq müşahidəçi Roman Quryeviç seçkinin şəffaf, demokratik keçdiyini bildirib.
Quryeviçin sözlərinə görə, onlar Bakıya seçkidən bir neçə gün əvvəl gəliblər. Bu zaman onların diqqətini şəhərin son illər ərzində necə yeniləndiyi də çəkib. 6 seçki məntəqəsində müşahidə aparmaq israilli qonaq gənclərin səsvermədə xüsusi fəallıq göstərdiklərinin şahidi olub: «Bu, son dərəcə müsbət faktdır. Prosesin gedişində hər kəs öz işi ilə məşğul idi və mən hər hansı qanun pozuntusuna şahidlik etmədim».
Digər müşahidəçi Boris Qrosman isə hesab edir ki, artıq Azərbaycanın beynəlxalq müşahidəçilərə ehtiyacı belə, yoxdur: «Düşünürəm ki, artıq siz özünüz beynəlxalq müşahidəçi kimi başqa ölkələrə yollana bilərsiniz. Belə şaxtalı havada yaşlı nənələr, babalar nəvələrinin əlindən tutaraq seçki məntəqələrinə gəlirdi. İnsanlar seçkidə böyük ruh yüksəkliyilə iştirak edirdi».
Hər şeyə rəğmən
Bütün qeyd olunanların fonunda yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA-dan olan birgə müşahidə missiyası seçkilərin nəticəsini tənqid etmək ənənəsindən vaz keçmək istəməyib. O, nəinki bütün digər müşahidəçilərin rəyinə, hətta özünün əvvəlki bəyanatlarına da zidd mövqe açıqlayıb. Məsələn, ATƏT-in qısamüddətli müşahidə missiyasının koordinatoru, ukraynalı deputat Artur Gerasimov seçki günü deyib: «Hələlik seçkinin gedişilə bağlı heç nə deyə bilmərik. Yekun nəticə sabah (fevralın 10-da – «R+») mətbuat konfransında elan olunacaq. Yalnız onu deyə bilərəm ki, nümayəndələrimiz hər hansı təzyiqlə üzləşməyib. Lazımi müşahidəni aparmağımız üçün bizə bütün şərait yaradılıb».
Lakin elə həmin Gerasimov birgə missiyanın mətbuat konfransında deyib ki, «məhdud qanunvericilik və siyasi mühit növbədənkənar parlament seçkisinin əsl rəqabət şəraitində keçməsinə mane olub». Belə çıxır ki, bir tərəfdən hakimiyyət «əsl raqəbətə mane olur», digər yandan ATƏT-i təmsil edən 358 müşahidəçinin «standartlara cavab verməyən» seçkini izləməsini istəyir və «lazımi müşahidəni aparması üçün bütün lazımi şəraiti yaradır».
«Biz çalışdıq ki, maksimum açıq seçkilər keçirək və ona görə də müşahidəçiləri, o cümlədən düzünü desək, obyektiv qiymət gözləmədiyimiz müşahidəçiləri də dəvət etdik. Bununla belə, hesab edirik ki, bizim gizlədəcəyimiz heç nə yoxdur», - deyə Azərbaycan Prezidenti İlham Əliyev MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Müşahidəçilərin bəzi rəyilə Azərbaycan Xarici İşlər Nazirliyi də razılaşmayıb. Bununla yanaşı, nazirliyin bəyanatında Azərbaycanın ATƏT DTİHB, AŞPA və ATƏT PA-dan olan beynəlxalq müşahidə missiyasının bəzi qeydlərini nəzərə alacağı bildirilir.
«Azərbaycan XİN-i ATƏT DTİHB, , ATƏT PA və AŞPA nümayəndələrindən ibarət müşahidə missiyasının ilkin qənaətləri barədə bəyanatı ilə tanış oldu. Bəyanatda çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğundan qeyd götürürük», - deyə «İnterfaks-Azərbaycan»ın məlumatına görə, nazirliyin açıqlamasında qeyd olunur.
Dünyanın hörməti
İstənilən halda, Azərbaycan seçicisi iradəsini ortaya qoyub və Azərbaycan parlamentinə növbədənkənar seçki baş tutmuş sayılıb. Bu münasibətlə ilk təbrik gözlənildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib. Daha sonra Rusiya prezidenti Vladimir Putin, Serbiyanın dövlət başçısı Aleksandr Vuçiç, Özbəkistan prezidenti Şavkat Mirziyoyev də Azərbaycana təbrik məktubu ünvanlayıblar.
Bakının digər xarici siyasi tərəfdaşları, o cümlədən Avropa İttifaqı Azərbaycan Milli Məclisinin yeni tərkibilə işləməyə hazır olduqlarını bəyan ediblər. «Avropa İttifaqı Azərbaycan təsisatları, həmçinin yeni parlament ilə əməkdaşlığın davam edəcəyinə ümid edir», - deyə «İnterfaks-Azərbaycan»ın məlumatına görə, Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin rəsmi nümayəndəsi bildirib.
Bu mənada, rusiyalı politoloq Sergey Markedonovun fikirləri maraqlıdır. «İstənilən postsovet ölkəsində xarici siyasi amillərin daxili proseslərə təsiri əhəmiyyətlidir. Lakin Azərbaycan istisnadır. İstər Rusiya, istər ABŞ və ya Avropa, istərsə də İran və Türkiyə həm ayrı-ayrılıqda, həm də birlikdə Azərbaycanın siyasi baxımdan sabit, dünyəvi hakimiyyətilə əməkdaşlığa maraq göstərir. Moskva üçün vacib olan odur ki, oradan «rəngli inqilab» küləkləri əsmir, radikal cihadçıların simasında ortaq düşmən isə iki ölkəni birləşdirir. Qərbə gəlincə, o, Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi qəbul edir», - deyə Markedonovun «Kommersant» qəzetində dərc olunmuş «Yenilənən Azərbaycan» başlıqlı məqaləsində vurğulanır.
Beləliklə, ölkənin yenilənməsi istiqamətində başlanğıcını 2018-ci ildə keçirilmiş növbədənkənar prezident seçkisindən götürmüş yolun daha bir hissəsini geridə qoyub. Qanunverici orqana yeni nəfəsin verilməsilə, aparılan islahatları daha intensiv və daha faydalı şəkildə davam etdirmək olar.
BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR MİLLİ MƏCLİSƏ SEÇKİ HAQDA
«Mən Avropa da daxil olmaqla, bir çox ölkədə seçki müşahidə etmişəm. Azərbaycanda seçki istər qanunvericilik, istərsə də texniki baxımdan çox yaxşı təşkil olunmuşdu. Hər hansı pozuntuya şahid olmadım. Müxalifət partiyalarının nümayəndələri belə, heç bir pozuntunun olmadığını deyirdilər. Bu, şəffaflıq göstəricisidir».
Yanuş Niedzvieçki, Demokratiya və İnsan Haqları üzrə Avropa Şurasının prezidenti
«Səsvermə tam demokratik şəraitdə keçib. Seçki məntəqəsinə gəlmiş insanlar səsvermənin gedişilə bağlı hər hansı narazılıq bildirmirdilər»
Vera Proxazkova, çexiyalı parlamentari
«Görürük ki, təşkilatçılıq işlərilə yaxşı hazırlıqlı mütəxəssislərdən ibarət böyük qrup məşğul olur. Kabinəyə daxil olmuş seçiciyə öz istəyinə uyğun seçim etməsinə heç nə mane olmur».
Jan-Lyuk Reytser, fransalı parlamentari, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti
«Hər şeyin bu qədər aşkar olması məni yaxşı mənada təəccübləndirdi. Müşahidəçilər də həddindən çoxdur. Bu, onu göstərir ki, hökumət şəffaflıq nümayiş etdirməyə çalışır. Göstərmək istəyir ki, onun gizlədəcəyi heç nə yoxdur».
Uli Xenkel, almaniyalı parlamentari
«Belə hala Rusiyanın seçki məntəqələrində belə, nadir halda rast gəlmişəm. Burada müxtəlif partiyaların təmsilçiləri, hətta vətəndaşlar özləri gedib qeydiyyatdan keçir».
Aleksey Juravlyov, Rusiya Dövlət Dumasının deputatı
«Hər şey əla təşkil olunub. Burada gördüklərimi Bolqarıstanda, Rusiya və ABŞ-da keçirilmiş seçkilərlə müqayisə edirəm. Təşkilatçılıq çox yüksək səviyyədədir. İnsanlar rahat şəkildə səs verir».
Rumen Qeçev, Bolqarıstan parlamentinin üzvü
«Bir çox seçki məntəqəsində olduq, seçicilərlə, istər müstəqil, istərsə də partiya təmsilçisi olan müşahidəçilərlə söhbətləşdik. Hər şey prosesin demokratik keçdiyini göstərir».
Romi de San Keran, Fransadan olan beynəlxalq müşahidəçi
«Biz artıq bir neçə seçki məntəqəsində olmuşuq. Onların hər birində səsvermənin gedişini izləməyimiz üçün şərait yaradılıb. Pozuntuya rast gəlməmişik. Hər şey qanunlara uyğun gedir»
Ulrix Singer, almaniyalı parlamentari
«Hələlik seçici fəallığı o qədər də yüksək deyil. 3 milyonluq şəhərdə yüksək fəallıq gözləmək çətindir. Digər yandan bu, yaxşı əlamətdir, demək, inzibati resurslardan istifadə, məcburi səsvermə yoxdur».
Valeri Fyodorov, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin baş direktoru
MƏSLƏHƏT GÖR: