Müəllif: Nadir SƏNANOĞLU
İtaliya paytaxtı Romada təşkil edilən güləş üzrə Avropa çempionatı pəhləvanlarımızın Tokio Yay Olimpiya Oyunları ərəfəsində növbəti sınaq kimi qiymətləndirildi. Hərçənd qitə birinciliyində bəzi lider və titullu güləşçilər mübarizə aparmadı.
Lisensiyasız yüksək nəticələr
Romadakı Avropa çempionatında Azərbaycan güləş yığması 13 medal (2 qızıl, 2 gümüş, 9 bürünc) qazandı. Ölkəmiz medalların sayına görə Ukrayna ilə birgə 2-3-cü yerləri bölüşdü. Medalların əyarına görə isə 5-ci yeri tutdu. Həm yunan-Roma, həm də sərbəst güləş üzrə yığmamız 116 xalla komanda hesabında 2-ci oldu. Qadınlar isə 65 xalla 7-ci pillədə qərarlaşdı. Yunan-Roma güləşi üzrə yığmamız 6 medalla Avropa çempionatlarında ən yüksək göstəricisinə imza atdı. Yunan-Roma güləşi üzrə yığmamız həm də bu Avropa çempionatında komanda hesabında ikinci, medalların sayına və əyarına görə isə birinci oldu. Komandanın heyətində Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazandı. Sərbəst güləşdə Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal qazandı. Qadın güləşində isə Elis Manolova (65 kq) gümüş, Tatyana Omelçenko (62 kq) bürünc medal əldə etdi.
Bununla ölkəmiz müstəqillik qazandıqdan sonra qatıldığımız güləş üzrə Avropa çempionatlarında qazandığımız medalların sayı 149-a çatdı. Bunlardan 48-i qızıl, 33-ü gümüş və 68-i bürüncdür. Bu göstəriciyə əsasən Azərbaycan Avropada 8-ci yerdədir.
Tarix yazan yunan-Roma güləşi üzrə yığmamızın nəticəsi böyük uğurdur. Təəssüf ki, Avropa çempionatı olimpiadaya lisenziya xarakteri daşımır. Məhz bu səbəbdən bəzi titullu pəhləvanlar Romaya getmədi. Üstəlik, nəzərə almaq lazımdır ki, hazırda klassiklər arasında olimpiadaya lisenziya qazanan güləşçimiz yoxdur. Romada mükafat qazanan güləşçilər arasında 77 kq-da çıxış edən Sənan Süleymanovu qeyd etmək olar. Parlaq qələbələrlə ilk dəfə Avropa çempionluğuna qovuşan pəhləvanın çıxış etdiyi çəki olimpiada proqramına daxildir. Romada 55 kq-da bürünc medal qazanan Eldəniz Əzizli isə olimpiadaya yollanmaq üçün fərqli çəkidə - 60 kq-da özünü göstərməlidir.
Ümumilikdə, klassiklər qitə birinciliyində maksimum nəticə qazandı. Sənan Süleymanovla Rafiq Hüseynov bütün rəqiblərinə qalib gəlməklə çempionluq sevinci yaşadı. Süleymanov 77 kq-da beynəlxalq arenada da sözünü deyə biləcəyini göstərdi. Rafiq Hüseynov isə uzun fasilədən sonra ikinci dəfə qitə çempionu olmaqla iddiasını nümayiş etdirdi. Hüseynov olimpiada proqramına daxil olmayan çəkidə mübarizə apardığından Tokioya yollanmaqdan ötrü lisenziya yarışlarında mütləq çəkini dəyişməlidir. Onun 77 kq-da lisenziya qazanmağa namizəd olduğunu söyləmək olar. Romadakı mükafatçılardan İslam Abbasovun 87 kq-da lisenziya qazanmağa qadir olduğunu deməliyik. Bürünc medal qazanmasına rəğmən nümayiş etdirdiyi əzmkarlıq diqqətəlayiqdir.
Qadınlardan ibarət yığmanın problemləri
Avropa çempionatında qadın güləşindəki yarışlarda qazancımız 2 medal oldu. Üç gün davam edən mübarizədə ölkəmizin adından 8 idmançı mübarizə apardı. Elis Manolova (65 kq) finalda məğlub olaraq gümüş medalla kifayətləndi, Tatyana Omelçenko (62 kq) üçüncü yeri tutdu. Millimiz 65 xal toplayaraq, komanda hesabında 7-ci pillədə qərarlaşdı. Rusiya (190 xal) birinci, Ukrayna (155 xal) ikinci, Belarus (97 xal) isə üçüncü oldu.
Dünya güləşinin liderlərindən sayılan Mariya Stadnikin yoxluğunda qızıl medal qazanmamağımız ciddi düşünməyə əsas verir. Hər zaman qadın güləşində yalnız Stadnikin ciddi hədəflərə nail olduğu söylənilib. Bu mənada digərlərinin qitə birinciliyində qızıl medal qazana bilməməsi təəccüblü deyil. Qadın güləşin ən güclü "silah"ımızın adı Mariya Stadnikdir. Digər xanım güləşçilərimiz rəqabətə qoşula bilmir.
Ancaq irəli
Sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyini 5 medalla (1 gümüş, 4 bürünc) başa vurub. Bu, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən son Avropa çempionatı ilə müqayisədə çox aşağı göstəricidir. Çünki həmin vaxt yığmamız 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb. Səfərə lider güləşçilərin aparılmamasını nəzərə alsaq məsələ aydın olur. Millinin məşqçi heyəti əsas diqqəti Macarıstan və Bolqarıstanda keçiriləcək lisenziya turnirlərinə yönəltdiyindən Romaya liderlərsiz yollanıb.
Sərbəst güləş üzrə üçqat Avropa çempionu Cəbrayıl Həsənovun Romada bürünclə kifayətlənməsi səbəbsiz deyil. Zədə səbəbindən çempionata tam hazırlaşa bilməyən Həsənovun medalsız qalmaması uğurlu nəticə sayılmalıdır. Bununla belə, onun lisenziya qazanacağı halda belə Tokioda layiqincə çıxış edəcəyini söyləmək çətindir. Son illər müxtəlif zədələrdən əziyyət çəkən güləşçi ilin sonunda karyerasını başa vurmağı planlaşdırır.
Ümumilikdə, Avropa çempionatında güləşçilərimizin qazandığı 13 medalı uğurlu nəticə hesab etmək olar. Bununla yanaşı, olimpiadada əsas medal ümidimiz olan pəhləvanlar lisenziya məsələsini həll etməlidir. Hazırda güləş yığmamız cəmi 2 lisenziyanı rəsmiləşdirib. Mariya Stadniklə Şərif Şərifovun Tokio-2020-də iştirakı dəqiqdir.
Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan yığmaları artıq təlim-məşq toplanışına start verib. Məşqlər martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır. Yunan-Roma güləşi üzrə milli yarışın startına qədər toplanışı Bakıda keçəcək. Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində intensiv olaraq məşqlərini davam etdirəcək.
Sərbəst güləş üzrə milli isə Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışındadır. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında olimpiya çəkilərində yer alan bir neçə yığma üzvü hazırlıq prosesində iştirak edir. Bunlar Georgi Edişeraşvili, Əfqan Xaşalov (hər ikisi 57 kq), Hacı Əliyev, Turan Bayramov (hər ikisi 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 74 kq), Osman Nurməhəmmədov, Abubakr Abakarov (hər ikisi 86 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədovdur (125 kq).
MƏSLƏHƏT GÖR: