25 Noyabr 2024

Bazar ertəsi, 13:27

AVROPA DAHA YAXIN OLUR

Azərbaycan Prezidentinin İtaliya və Vatikana rəsmi səfəri münasibətlərin əbəs yerə strateji xarakter daşımadığını göstərdi

Müəllif:

01.03.2020

Azərbaycan-İtaliya münasibətləri Bakı ilə Avropa İttifaqı (Aİ) ölkəsi arasında iqtisadi-ticari əməkdaşlığa bariz nümunə sayıla bilər. Son bir neçə ildə bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri alması təsadüf deyil.

 

Qarşılıqlı maraqlar fonunda səfər

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il fevralın 19-22-də İtaliya Respublikası və Vatikanda rəsmi səfərdə olub. Səfər çərçivəsində o, İtaliyanın, həmçinin Müqəddəs Taxt-Tacın rəhbərliyilə görüşüb.

Səfərin yekunu kimi, ikitərəfli əməkdaşlığın siyasi-hüquqi bazasını gücləndirən 25-dən artıq sənəd imzalanıb. Əksər qiymətləndirmələrə görə, Azərbaycan Prezidentinin səfər proqramının əsasını iqtisadi gündəm təşkil edib. Bu isə təəccüblü deyil. İtaliyada keçirilən görüşlərin, aparılan danışıqların əhəmiyyətli hissəsi iqtisadi-ticari münasibətlərin şaxələndirilməsinə həsr olunmuşdu.

İtaliya Aİ-nin aparıcı dövlətlərindən biri, Böyük Britaniyanın birlikdən ayrılmasından sonra isə üçüncü böyük iqtisadiyyatıdır. Məhz bu üzdən, Azərbaycan-İtaliya münasibətlərinin xarakteri Bakının, ümumilikdə, Aİ ilə münasibətlərinin xarakterinə də öz təsirini göstərəcək. Məlum olduğu kimi, Azərbaycanla Aİ arasında sazişin imzalanması üzrə danışıqlar, demək olar ki, sona çatmaqdadır. «Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə»nin imzalanması ilə, İtaliya, ümumiyyətlə, Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi-ticari əməkdaşlığının lokomotivinə çevrilir.

Tərəflər bildirir ki, İtaliya Azərbaycan neftinin əsas alıcılarındandır. Trans-Adriatik qaz kəmərinin (TAP) istismara verilməsindən sonra isə o, Aİ ölkələri arasında həm də Azərbaycanın əsas qaz alıcısına çevriləcək. Bu fakt ikitərəfli əməkdaşlığın resurs bazasını təşkil edir. 2019-cu ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dolları keçib. Ümumilikdə, İtaliya ilə Cənubi Qafqaz ölkələri arasındakı ticarət dövriyyəsinin 92%-i Azərbaycanın payına düşür.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının yalnız neft və qazdan ibarət olmadığına dəfələrlə diqqət çəkib. Azərbaycan şaxələndirilmiş iqtisadiyyata malikdir və onun maşınqayırma, kimya, yüngül sənaye, ərzaq sənayesi və s. kimi sahələri də inkişaf edib. Bu üzdən, italiyalı investorların Azərbaycan iqtisadiyyatının bir çox sektoruna aid layihələrə marağı böyük ola bilər.

 

Yalnız neft və qazla deyil…

Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı xarici iqtisadi fəaliyyətdə də şaxələndirməni zəruri edir. Bununla yanaşı, Azərbaycan hökumətinin xarici investisiyaların cəlb olunmasına hesablanmış fəaliyyəti azərbaycanlı investorların xaricdəki perspektivli layihələrə investisiya yatırmaq marağı ilə də üst-üstə düşür.

Bu gün Azərbaycan Cənub-Şərqi Avropa regionu üçün vacib investorlardan birinə çevrilir. Məsələn, Makedoniya, Bolqarıstan, Rumıniya, Monteneqro, Serbiya kimi ölkələrdə Azərbaycan investisiyası nəzərə çarpır. Belə layihələrə Xorvatiyada da rast gəlmək mümkündür. Balkan yarımadası bazarına yerləşməkdə olan Azərbaycan investorları Appenin yarımadasında da müxtəlif layihələrə maraq göstərə bilər. Azərbaycan məsələni hər zaman konkret qoyub: investisiya sahəsində əməkdaşlıq ikitərəfli fəaliyyətə aparan yol olmalıdır – xarici investorların Azərbaycana gəlməsi, eyni zamanda azərbaycanlı investorlar üçün də imkanlar açır. Odur ki, ümumilikdə Azərbaycan-İtaliya əməkdaşlığı böyük perspektivlərə malikdir – burada nəqliyyat-kommunikasiya layihələri də var, turizm də.

Son illərdə Azərbaycan özünü effektiv nəqliyyat habı kimi də göstərir. İtaliya da regionda Azərbaycanın sayəsində yaradılmış nəqliyyat infrastrukturundan faydalana bilər. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiya bazarlarında təmsil olunmağı hədəfləyən İtaliya şirkətləri, istehsalçıları üçün sərfəlidir.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin İtaliyaya səfəri çərçivəsində Ələt (Azərbaycan) limanı ilə Trieste və Genuya (İtaliya) limanları arasında Çindən Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə İtaliyanın Aralıq dənizindəki limanlarına yük daşımalarının inkişaf etdirilməsini nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb. Bu, yalnız ikitərəfli deyil, həm də tranzit ticarətinin fəallaşması üçün şərait yaradacaq.

İkitərəfli iqtisadi əlaqələrin perspektivi haqda danışan İlham Əliyev deyib: «Biz İtaliyadan böyük investisiyaları alqışlayırıq və İtaliya iqtisadiyyatına investisiya yatırmağa hazırıq. Bu gün Azərbaycanın İtaliya şirkətlərində və daşınmaz əmlaklarında investisiyaları, təqribən, 1,5 milyard dollar təşkil edir və bizim inkişaf etmək üçün potensialımız mövcuddur». Bununla yanaşı, dövlət başçısı kosmik sənaye və turizm sahələrində əməkdaşlığın inkişafının vacibliyini də vurğulayıb. İtaliyadan Azərbaycana gələn insanların sayı artır. Bir çox başqa sektor da var. Başqa sözlə, sıx siyasi münasibətlər işgüzar dairələr üçün güclü təməl yaradır.

Deyilənlərə onu da əlavə etmək lazımdır ki, bu səfər ikitərəfli münasibətlərin tarixində daha bir səhifə açıb: tərəflər ilk dəfə olaraq, hərbi-texniki sahədə də əməkdaşlığı inkişaf etdirmək haqda razılığa gəlib. İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini nəzərə alsaq (bu, birgə bəyannamədə də öz əksini tapıb), bu, xüsusi əhəmiyyət daşıyır.

 

Vatikana tarixi səfər

Azərbaycan Prezidentinin Appenin yarımadasına səfərini tam qiymətləndirmək üçün onun Vatikan səfərinə də toxunmaq lazımdır. Bu səfər zamanı əsas müzakirə mövzusu humanitar sahədə əməkdaşlığın perspektivləri olub. Daha dəqiq desək, görüşlərdə hər iki tərəfin əhəmiyyətli rol oynadığı konfessiyalararası və sivilizasiyalararası dialoq məsələsi müzakirə edilib.

Səfərin əsas hadisəsi isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçı ilə mükafatlandırılmasıdır. Bu, şübhəsiz ki, Azərbaycanın, şəxsən birinci ledinin, Heydər Əliyev Fondunun prezidentinin Vatikan ərazisində son illər reallaşdırılan miqyaslı proqramlara görə qiymətləndirilməsidir.

Məlum olduğu kimi, hazırda Heydər Əliyev Fondu Vatikanda bir neçə layihə həyata keçirir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı «Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü» barelyefi və Vatikan Bazilikasındakı katakombalarda yerləşən «Tullius Zethus» məqbərəsi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilir. İşlər bu ilin mayında yekunlaşdırılacaq.

Bundan başqa, hazırda «Müqəddəs Komodiliya» katakombalarındakı mavzoleyin bərpası işləri də aparılır və onun da 2020-ci ildə yekunlaşdırılması nəzərdə tutulub. «Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası» layihəsi çərçivəsində son tamamlama işləri isə artıq yekunlaşıb.

Qeyd edək ki, Heydər Əliyev Fondu kardinal Ravazinin Müqəddəs Marçellino və Pietro katakombalarının bərpası çağırışına reaksiya vermiş yeganə qurumdur. Bu, şəxsən Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Vatikanda bunu unutmayıblar və etiraf edirlər ki, bəşəriyyət üçün vacib tarixi dəyəri olan Roma katakombalarına məhz Heydər Əliyev Fondunun dəstəyilə yeni nəfəs verilib. O vaxtdan Fondla Vatikanın mədəniyyət üzrə pontifik şurası arasında tərəfdaşlıq münasibətləri davamlı olaraq güclənir və inkişaf edir.

Vatikana səfər, şübhəsiz ki, Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinin Appenin yarımadasına geniş proqramlı səfərinin möhtəşəm yekunu olub. Bu səfərin nəticələri özünü birgə layihələrin reallaşdırılmasında, səfər zamanı irəli sürülmüş təşəbbüslərin həyata keçirilməsində hələ çox göstərəcək. Tərəflər əmindirlər ki, bütün bunlar yalnız Azərbaycan-İtaliya əməkdaşlığına, Bakı ilə Vatikan arasındakı münasibətlərə yeni impuls verməyəcək, həm də Aİ-nin ümumilikdə Xəzər və Qafqaz regionuna marağının artması üçün stimul olacaq.



MƏSLƏHƏT GÖR:

332