Müəllif: Sənan NADİROĞLU
Ötən ilin sonundan etibarən dünyanı cənginə alan koronavirus (COVİD - 19) infeksiyasının yayılması bəzi ölkələri sərhədlərini bağlamağa məcbur edib. Artıq koronavirusun yayılmasının qarşısını almaq məqsədilə mötəbər idman yarışlarının təxirə salınması müzakirə edilir.
2022-ci ildə Qətərdə təşkil olunacaq Dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin mart və iyunda keçirilməsi nəzərdə tutulan oyunları təxirə salınıb. "Formula-1" üzrə Bəhreyn Qran-prisi, eləcə də Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması və ötürülməsi mərasimi azarkeşsiz keçirilməsi barədə qərar qəbul edilib. İtaliya A seriyası eləcə də Çempionlar və Avropa Liqasının bəzi oyunları da boş tribunalar qarşısında baş tutacaq. Üstəlik, UEFA və FİDE futbol, şahmat yarışları zamanı kapitanların və qrossmeysterlərin əllə məcburi görüşməsini ləğv edib.
Beynəlxalq Cüdo Federasiyası (IJF) Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları aprelin 30-dək təxirə salıb. Təşkilatın İcraiyyə Komitəsi bu qərarı koronavirusa görə qəbul edib. Rusiyanın Yekaterinburq şəhərindəki Böyük Dəbilqə, Gürcüstanın paytaxtı Tbilisi və Türkiyənin Antalya şəhərindəki Qran-prilər təxirə salınıb. IJF cüdo ailəsini qorumaq və dünyada ümumi təhlükəsizlik tədbirlərinə əməl etmək üçün bu addımı atdıqlarını bildirib. Koronavirusla bağlı vəziyyətin təhlükəli və kritik olduğunu vurğulayan qurum qarşıdakı günlərdə yarışlarla bağlı daha ətraflı məlumatın veriləcəyini diqqətə çatdırıb.
İnfeksiyaya yoluxmaya qarşı mübarizə Azərbaycan idmanı və idmançılarına da təsirsiz ötüşməyib. Jurnalımızın bu sayı çapa gedənədək məlum olan o idi ki, Azərbaycanda AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinin oyunları martın 27-dək təxirə salınıb. “Qəbələ”, “Qarabağ” və “Neftçi” klublarında futbol akademiyalarının işinə fasilə verilib, uşaqlar evə buraxılıb.
Cüdoçu və karateçilərimizin iştirak edəcəyi Mərakeşdəki yarışlar ləğv olunub.
Ciddi oyunçular olmadan şahmat
Dünya Kubokunun qalibi Teymur Rəcəbov şahmat üzrə İddiaçılar Turnirində iştirakdan imtina edib. Şahmatçının Yekaterinburqdakı turnirdən çıxarılması aydın səmada şok effekti verib. Azərbaycan şahmatsevərlərinin maraqla gözlədiyi mötəbər yarışda təmsilçimizin olmayacağı da koronavirusun Rusiyada yayılmasıyla bağlıdır.
Teymur Rəcəbov qərarını “R+”a açıqlamasında vəziyyəti belə izah edir: “Azərbaycan şahmat ailəsinə dəstəyə görə təşəkkür edirəm. Dünya Kubokunda qazandığım qələbə xalqımızın uğurudur. İddiaçılar Turnirində olmamağım məni çox təəssüfləndirir. Şahmat intellektual yarışdır, ona görə bütün fikrimiz oyunda olmalıdır. Koronavirusun Rusiyada yayılmasını nəzərə alaraq, Beynəlxalq Şahmat Federasiyasından yarışın başqa vaxta keçirilməsini xahiş etdim. Turnir zamanı tamaşaçılar, jurnalistlər, şahmatçılar 6-7 saat eyni məkanda olacaqlar. Üstəlik, iştirakçılar arasında iki şahmatçı Çini təmsil edir. Biri Çindən gəlir, digəri Yaponiyadan. FİDE rəhbərliyi mənimlə ultimatumla danışdı və yarışın deyilən vaxtda təşkil olunacağını bildirdi. Buna görə də İddiaçılar Turnirində iştirakım baş tutmadı”.
Ertələnən planlar
2020-ci il həm Azərbaycan, həm də dünya idmanı üçün əlamətdar yarışlarla zəngindir. Təkcə yaxın aylar ərzində Bakıda karate, gimnastika üzrə Avropa və dünya çempionatları, Formula 1 yarışı, futbol üzrə Avropa çempionatının 4 oyunu keçiriləcək. Üstəlik, Tokio Yay Olimpiya Oyunlarına hazırlaşan lisenziya qazanan idmançılarımız müxtəlif ölkələrdə təlim-məşq toplanışında iştirak edəcək. Bütün bu yarışların təşkili hansı şəraitdə baş tutacaq. Yerli təşkilat komitələri turnirlərin göstərilən tarixlərdə keçiriləcəyini bildirib. Yarışlarda xüsusi tibbi briqada çalışacaq, zallarda infeksiyaya yoluxmanın qarşısının alınması üçün preparatlar yerləşdiriləcək.
Martın 9-da gənclər və idman naziri Azad Rəhimov koronavirusla bağlı Azərbaycanda ciddi təhlükənin olmadığını söyləmişdi: “Ölkədə virusa qarşı ciddi mübarizə gedir. Biz eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqə saxlayırıq. İştirakımız vacib olmayan yarışlara yollanmırıq. İdmançılarımızla profilaktik tədbirlər keçirilir. Bütün beynəlxalq idman qurumları turnirlərin keçirildiyi şəhərlər barədə məlumatları çatdırır. Ölkəmizdə keçirilən yarışlarla bağlı təxirəsalınma olmayacaq. Buna səbəb yoxdur. Bütün yarışlar yüksək səviyyədə keçiriləcək”.
Lakin martın 13-də bütün kütləvi idman tədbirlərinin iyun ayının 1-dən sonraya keçirilməsi barədə qərar qəbul edildi.
Azərbaycan idmançılarının təlim-məşq toplanış keçirəcəyi şəhərlər, məkanlar ciddi nəzarətdən keçirilir. Eyni zamanda ölkəmizə gələn bütün əcnəbi idmançılar tibbi yoxlanışda olur. Bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, Azərbaycana gələn əcnəbi idmançılar iki dəfə yoxlanışdan keçir: “İlk növbədə, əcnəbi idmançı ölkəsində yoxlanılır. Sağlam olduğu halda ona arayış təqdim olunur. İkinci dəfə Bakıda hava limanında müayinə olunur. Onun hərarəti və vəziyyəti yoxlanılır. Adi şübhə olacağı halda dərhal karantinə alınır.
Tokio-2020-yə hazırlıq davam edir. Bütün federasiya, klub və cəmiyyətlərə idmançılarla profilaktik söhbət aparılması tövsiyə olunub. Təlim-məşq seçimi zamanı diqqətli olmalıyıq. Yaponiya rəsmi açıqlama verib ki, olimpiada əvvəlcədən deyildiyi tarixlərdə olacaq. Azarkeşsiz keçirilməsi təkzib olunub. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax olimpiadada azarkeşlərin olacağını bildirib.”
Romanı Bakı əvəzləyə bilər
İtaliyada koronavirusa yoluxanların sayının sürətlə artması Romanın futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcəyini sual altına alır. Artıq A seriyasının oyunları təxirə salınıb və aprelin 1-dək çempionat matçlarının keçirilməməsiylə bağlı qərar təsdiqlənib. İtalyan jurnalistlər indiki halda Romada kütləvi yarışların keçirilməsini təhlükəli hesab edir. Bəziləri isə futbol matçlarının da azarkeşsiz təşkil olunmasını təklif edib. Roma Avro-2020-nin 3 oyununu keçirə bilmədiyi halda həmin matçların təşkilatçılığı da UEFA tərəfindən Bakıya həvalə edilə bilər. Avropa futbol qurumu martın sonlarında yekun vəziyyət barədə qərar qəbul edəcək. Xatırladaq ki, tarixdə ilk dəfə futbol üzrə Avropa çempionatının oyunları 12 şəhərdə baş tutacaq. Bu oyunlardan dördü Bakıda keçiriləcək.
Koronavirusun idmana ağır zərbə vurması, bəzi ölkələrin milyonlarla dollar ziyana düşməsi artıq faktdır. Amma unutmayaq ki, idman yarışları virusun yayılmasına köməkçi rolunda çıxış edə bilər. İdmançıların məşq və yarışlar zamanı bir-biriylə təmasda olması indiki halda çox təhlükəlidir. Yaxın günlərdə daha bir neçə böyük turnirin təxirə salınacağı gözlənilir.
MƏSLƏHƏT GÖR: