23 Noyabr 2024

Şənbə, 13:21

AVROPAYA FİNİŞ SIÇRAYIŞI

Cənub Qaz Dəhlizinin iştirakçıları onun genişləndirilməsi üçün addımları müzakirə edirlər

Müəllif:

15.03.2020

Cənub Qaz Dəhlizi (CQD) layihəsi öz məntiqi və uğurlu nəticəsinə yaxınlaşarkən, onun təşəbbüskarları və iştirakçıları onun imkanlarını genişləndirmək üçün yeni hədəflər müəyyən edirlər. CQD Məşvərət Şurasının (MŞ) Bakıda bu yaxınlarda keçirilən iclasında məhz bu, əsas tezislərdən biri oldu.

Görüşlərin bu formatda keçirilməsinin təşəbbüskarı olan Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, “biz bütün tərəfdaşlarımıza, ilk növbədə, Cənub Qaz Dəhlizinin üzvləri olan tərəfdaş ölkələrə - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya minnətdarıq. Hesab edirəm ki, qarşıdan gələn illərdə biz əməkdaşlığımızı gücləndirəcəyik və ola bilsin, bütün ölkələr arasında daha geniş əməkdaşlıq formatını yaradacağıq və hətta, ola bilsin, burada iştirak etməyən ölkələr gələn ilin fevral ayında bizə qoşulacaq."

 

Finişin bir addımlığında

CQD rəsmi olaraq 29 may 2018-ci il tarixdədə İlham Əliyev tərəfindən işə salınıb və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə «Şahdəniz» yatağının işlənməsinin «Mərhələ -2»sindən Türkiyəyə qaz nəqli üçün uğurla istifadə edilir. 2018-ci ildə göndərilən qaz həcmi 2 milyard kubmetr, 2019-cu ildə təqribən 4 milyard kubmetr olub, 2020-ci ildə isə 6 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bu, «Şahdəniz» layihəsinin «Mərhələ-1»indən Türkiyəyə göndərilən əlavə 6 milyard kubmetr qazdan əlavə həcmlərdir.

2019-cu ildə TANAP artıq Avropa sərhədinə çatdırıldı və indi bütün səylər TAP qaz boru kəmərinin tamamlanmasına yönəldilib, kəmərin 92%-i artıq inşa edilib. Bu qaz kəmərinin istismara verilməsi 2020-ci ilin dördüncü rübünə gözlənilir ki, bu da ildə Avropanın cənubuna 10 milyard kubmetr Azərbaycan qazı ötürməyə imkan verəcək.

“Keçmişdə yaranmış problemlər aradan qaldırıldı və ümumilikdə Cənub Qaz Dəhlizinin çəkilməsi layihəsi artıq başa çatmaq üzrədir. TAP-ın işə başlaması üçün konservativ zaman 2020-ci ilin sonları, bəlkə də daha erkən olacaq. Bütün TAP sistemi bir dəfəyə istifadəyə veriləcək. Bütün müştərilər səbirsizliklə qaz nəqlini gözləyirlər. Ümid edirəm ki, bundan sonra heç bir maneə olmayacaq", - deyə SOCAR-ın marketinq və investisiya üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov EURACTIV-ə müsahibəsində bildirib.

Beləliklə, Avropada CQD-nin istifadəyə verilməsi ilə İtaliya 25 il ərzində «Mərhələ 2»dən hər il 8 milyard kubmetr Azərbaycan qazı alacaq, Yunanıstan və Bolqarıstan - toplam 2 milyard kubmetr (hər biri 1 milyard kubmetr) əldə edəcəklər.

Yeri gəlmişkən, IHS şirkətinin qiymətləndirməsi görə, 2030-cu ildə İtaliyaya qaz nəqlində Azərbaycanın payı 12% təşkil edəcək. Bununla belə, əsas təchizatçılar kimi Rusiya (30%), Əlcəzair (23%), Liviya (12% ) qalacaq.

İtaliya tərəfi hesab edir ki, Azərbaycan qazının tədarükü yalnız İtaliya daxilində istehlakçı tələbatının ödənilməsi baxımından mühüm rol oynamaqla qalmayacaq, həm də Azərbaycanla qarşılıqlı ticarəti 2 milyard avro qədər artıracaq.

“Ötən il Azərbaycanla İtaliya arasında qarşılıqlı ticarət dövriyyəsi təxminən 6 milyard avro təşkil edib. CQD-nin istifadəyə verilməsi münasibətlərimizə ciddi təkan verəcək və qarşılıqlı ticarət dövriyyəsinə əlavə 2 milyard avro gətirəcək (ildə – “R +”) ",- deyə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio di Stefano bildirib.

Yəni layihənin yaxın gələcəkdə tamamlanacağı faktı artıq heç kimdə şübhə doğurmur, bəzi Avropa İttifaqı rəsmiləri sosial şəbəkələrdəki səhifələrində bunu qürurla paylaşırlar. “Münhen konfransı çərçivəsində mən Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla görüşdüm. Birlikdə Avropanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq üçün çox çalışdıq. Xəzər qazının Avropaya nəqli üzrə bizim səylərimiz finiş xəttinə çatır", - deyə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç öz "Twitter" hesabında yazıb.

Avropa Komissiyasının Enerji Məsələləri üzrə Baş Direktorluğunun baş direktorunun müavini Klaus-Diter Borxardt Məşvərət Şurasının Bakıda keçirilən iclasında çıxış edərək bildirib ki, Avropa İttifaqı Trans-Adriatik qaz kəmərinin tikintisinin vaxtında başa çatması ilə bağlı nikbin əhvaldadır.

“Biz TAP layihəsinin bu ilin sonuna qədər uğurla başa çatacağına inanırıq. Bu, həm qaz ixracatçısı kimi Azərbaycan üçün, həm tranzit ölkə kimi Gürcüstan üçün, həm tranzit ölkə və idxalçı olan Türkiyə üçün, həm də Avropadakı istehlakçılar üçün yaxşı xəbərdir. CQD layihəsi Avropa İttifaqı üçün həyati önəm daşıyır, çünki bu, bizim enerji təhlükəsizliyimizi gücləndirəcək və şaxələndirmə strategiyamızın bir hissəsidir, yeni bir qaynaqdır və ən önəmlisi Avropa bazarına yeni bir marşrutdur", - deyə Klaus-Diter Borxardt vurğulayıb.  

K. Borxardt həmçinin Aİ-nin CQD-dən yeni gözləntilərini də dilə gətirərək, dəhlizin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı, çünki "belə gözəl layihə yalnız ildə 10 milyard kubmetr qaz tədarükü üçün istifadə edilməklə qalmamalıdır."

 

Yeni hədəf

Qeyd etmək lazımdır ki, Avropa Komissiyasının nümayəndəsi Məşvərət Şurasının iclasına hərtərəfli hazırlaşmışdı və Cənub Qaz Dəhlizinin gələcəyindən danışarkən, qaz ixracı üçün yeni potensial istiqamətləri də sadaladı və mənbələrin mövcudluğunu da vurğuladı.

"Avropada CQD-nin 2 dəfə - 20 milyard kubmetrə qədər genişləndirilməsi imkanını nəzərdən keçirilir və bu artıq razılaşdırılmışdır. Bizim yeni istiqamətlərimiz var - bunlar ilk növbədə Qərbi Balkan ölkələri və Cənub-Şərqi Avropadır. Digər Avropa ölkələrində - Macarıstanda, Rumıniyada da maraq var, digərləri də olacaq. Beləliklə, istiqamət aydındır və imkanlar var. CQD-nin genişləndirilməsi üçün qaz mənbəyi kimi hazırda Azərbaycanda kəşfiyyat işləri aparılan yeni qaz yataqları nəzərdə tutulur",- deyə o vurğulayıb.

Həqiqətən, CQD -nin genişlənməsi ilə bağlı söhbətlər bir neçə ildir gedir, amma, görünür, indi layihə iştirakçıları konkret fəaliyyətə yönəliblər. Belə ki, SOCAR-ın məlumatına görə, 2019-cu ilin yayında Trans-Adriatik qaz boru kəmərinin genişləndirilmiş imkanlarına tələbatı müəyyənləşdirmək üçün marketinq araşdırmalarına başlanılıb. Bu tədqiqatların nəticələri əsasında TAP səhmdarları bu boru kəmərinin gələcək inkişafı üçün ssenari müəyyən etməlidirlər. Yeri gəlmişkən, «Reuters»in SOCAR-dakı məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, hazırda TAP-ın genişləndirilməsi üzrə iki variant nəzərdən keçirilir, lakin hələlik son seçim edilməyib. Bu məsələyə 2021-ci ildə aydınlıq gətirilə bilər. Agentlik qeyd edir ki, TAP-ın genişləndirilməsinin birinci variantında qaz kəmərinin gücünün gündə 48,8 milyon kubmetrə (ildə təxminən 17,8 milyard kubmetrə) qədər, ikinci variantda isə gündə 59.5 milyon kubmetrə qədər (ildə 21,7 milyard kubmetrə) artırılması nəzərdə tutulur.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, CQD-nin birinci mərhələsi ildə 16 milyard kubmetr qazın Türkiyə və Avropaya tədarükünü nəzərdə tutur. İkinci mərhələ çərçivəsində Cənubi Qafqaz boru kəməri və Trans-Anadolu qaz boru kəmərinin ötürmə gücü indiki 16 milyard kubmetrdən 30 milyard kubmetrə, TAP boru kəmərinin gücü isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırıla bilər.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, CQD-ni böyük xərclər olmadan 2 dəfə genişləndirmək üçün texniki imkanlar var və Aİ tərəfindən maraq göstərilməsi onun həyata keçirilməsinə əlavə stimul verir. Qeyd etmək lazımdır ki, CQD layihəsi, Köhnə Dünyanın enerji təhlükəsizliyini təmin edən yeni bir qaynaq olaraq ilk başlanğıcdan Avropa İttifaqı tərəfindən dəstəklənir, Avropa maliyyə qurumları da TAP və TANAP qaz kəmərləri üçün çoxsaylı kreditlər veriblər. Avropanın dəstəyi olmadan layihənin taleyini proqnozlaşdırmaq çətin deyil, çünki məhz Avropa Komissiyasının güzəştsiz mövqeyi hesabına Bolqarıstandan keçərək Rusiya qazını Aİ-yə çatdırmağı nəzərdə tutan "Cənub axını" qaz boru kəmərinin tikintisinə son qoyulub.

Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Enerci təhlükəsizliyi" mövzusunda dəyirmi masada çıxış edən İlham Əliyev bildirib ki, CQD layihəsinin ikinci mərhələsində üç Balkan ölkəsinin - Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya layihəyə qoşulacaq. “Texniki imkanlarımız onları qazla təmin etməyə imkan verir, bizim qaz ehtiyatlarımız da. Biz qaz hasilatını artırmışıq və təbii ki, Avropa Komissiyasının daha da böyük dəstəyinə ehtiyac olacaq. Əgər bu layihə Avropa Birliyinin ümumi maraqlarına cavab verən layihələrin sırasına daxil edilsə, onda onun icrası daha sürətlə gedəcək", - deyə prezident vurğulayıb.

Aİ-nin Xəzər bölgəsindən qaz nəqlinin artırılmasında maraqlı olduğunu dəfələrlə səsləndirməsini, CQD layihəsinin həyata keçirilməsinə ABŞ və Avropa ölkələri tərəfindən verilən dəstək nəzərə alınarsa, bu boru kəməri infrastrukturunun genişlənəcəyinə şübhə, demək olar ki, qalmır. Sual yalnız bu məsələnin maliyyə tərəfi ilə bağlıdır, amma belə görünür ki, o da həll ediləcək – bunun beynəlxalq maliyyə qurumları vasitəsi ilə olacağı istisna edilmir. Son nəticədə, bu, qaz ixracının ciddi şəkildə artırılmasını qarşısına məqsəd qoymuş Azərbaycanın maraqlarına tam cavab verir.

 

Tranzit üstünlükləri

Təbii qaza olan tələbatının təxminən 100%-ni idxal hesabına ödəyən Gürcüstan CQD-nin genişləndirilməsindən əldə edəcəyi gəlirləri hesablayıb. Ölkə hökumətin qiymətləndirməsinə görə, CQD-nin ötürmə gücünün artması ilə ölkənin tranzit haqqı şəklində alacağı qazın həcmi də artacaq.

«Gürcüstan, bizim əhalimiz, bundan ciddi gəlirlər əldə edəcək, çünki dövlətimizin tranzit funksiyası yerinə yetirməyə görə aldığı qaz kvotası artır. Nəticədə, bütün bunlar ölkəmizin, əhalimizin və müəssisələrimizin təbii qazla təchizatını yaxşılaşdıracaq", - deyə İqtisadiyyat Nazirliyinin rəhbəri Natiya Turnava bildirib.

Hazırda Gürcüstana CQD vasitəsilə tranzit əvəzinə pulsuz təxminən 300 milyon kubmetr qaz verilir. Hesablamalara görə, Gürcüstan 2020-ci ildə Cənub Qaz Dəhlizi layihəsindən tranzit payı olaraq əlavə 75 milyon kubmetr, 2021-ci ildə təqribən 125 milyon kubmetr və 2023-cü ilə qədər 1,15 milyard kubmetr qaz ala biləcək.

"TANAPın və bütünlükdə Cənub Qaz Dəhlizinin işlək vəziyyətə gətirilməsi, onun ötürücülük qabiliyyətinin artırılması üçün "Şahdəniz" konsorsiumu yalnız Gürcüstanda 2 milyard dollara qədər sərmayə qoyub. Bu çərçivədə 62 kilometrlik yeni boru kəməri, iki əlavə kompressor stansiyası, və təzyiqin tənzimlənməsi və ölçülməsi üçün yeni bir stansiya inşa edilib", - deyə «Gürcüstan Neft və Qaz Korporasiyası» (GOGC) SC-nin baş direktoru Georgi Baxtadze xatırladıb.

 

CQD üçün resurslar

Məlumdur ki, CQD üçün resurs bazası 1,2 trilyon kubmetr ehtiyatı olan və 2006-cı ilin dekabr ayından bəri istismar etdirilən «Şahdəniz» yatağıdır. 2019-cu ilin sonuna kimi yataqdan 117 milyard kubmetr qaz və 28 milyon ton kondensat çıxarılıb.

Bununla birlikdə, ixracın artırılması planlarını gerçəkləşdirmək üçün tək bir qaz yatağının olması yetərli deyil. Təhlilçilər sanırlar ki, CQD-nin genişləndirilmiş versiyası, Avropaya Azərbaycanla yanaşı türkmən, rus və ya digər istehsalçı ölkələrin qazının nəql edilməsi baxımından cəlbedici olacaq.

Azərbaycan hakimiyyəti də bunu başa düşür, buna görə də son illərdə ölkədə genişmiqyaslı kəşfiyyat işləri aparılır və bunun sayəsində yeni karbohidrogen xammalının yataqları açılır, özü də yenilərin içində qaz yataqları üstünlük təşkil edir.

“Bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Təxmini ehtiyatlar 3 trilyon kubmetr təşkil edir. Buna görə də Azərbaycan 100 ildən çox müddət ərzində karbohidrogen resurslarının etibarlı təchizatçısı ola bilər",- deyə İlham Əliyev vurğulayıb.

Yeni yataqlardan fəal qaz hasilatı prosesi yaxın gələcəkdə başlayacaq. Xüsusilə, SOCAR 2021-ci ildə «Total» ilə birlikdə ehtiyatları 300 milyard kubmetr qiymətləndirilən «Abşeron» yatağından qaz hasilatına başlayacaq. Azərbaycanın Dövlət Neft Şirkəti Norveçin «Equinor» şirkəti ilə birlikdə «Qarabağ» yatağında qiymətləndirmə qazma işləri aparır, başa çatması ilə burada stasionar dəniz dayağı quraşdırılacaq və 2021-ci ildə hasilata başlanacaq. Müqavilə sahəsinin çıxarıla bilən ehtiyatları 16 milyon ton neft və 28 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

SOCAR həmçinin "Ümid-Babək" yataqlar blokunun işlənməsi ilə fəal şəkildə məşğul olur. Hal-hazırda "Ümid" yatağından gündəlik 3 milyon kubmetr qaz hasil olunur, bu yatağın potensialı 200 milyard kubmetrdən çoxdur.

BP şirkət ilə «D 230» layihəsinin işlənməsi üzrə, eləcə də tezliklə ilk quyunun qazılacağı «Şəfəq-Asiman» qaz yatağında birgə işlər görülür.

Bununla yanaşı, SOCAR və BP "Azəri-Çıraq-Günəşli" yataqlar blokundakı dərin qaz yataqlarının inkişafı məqsədi ilə danışıqlar aparır.

"Bütün bunlar bizim beynəlxalq bazarlarda iştirakımızı genişləndirmək, çoxşaxəli karbohidrogen ixracını həyata keçirmək və bununla da xalqın rifahını yaxşılaşdırmaq üzrə strateji hədəflərimizin gerçəkləşdirilməsinə öz töhfəsini verəcək", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Beləliklə, CQD-nin tam işə salınmasına bir neçə ay qalır. İstənilən layihənin əsas nəticəsi qarşıya qoyulan məqsədlərə çatmaqdır. Uzun bir yol keçilib və Azərbaycan qazının Avropaya ixracı ideyasının reallığa çevrilməsi üçün son addımlar qalıb. Ancaq düşünürəm ki, bu son deyil və CQD layihəsinin maraqlı bir davamı olacaq, ehtimal ki, bu məsələ Bakıda keçiriləcək növbəti fevral iclasında müzakirə ediləcək.



MƏSLƏHƏT GÖR:

318