Müəllif: Cahangir HÜSEYNOV
Bir neçə gün əvvəl «Twitter» «ciddi dəyişiklik edilmiş və ya saxtalaşdırılmış» foto, video və audio paylaşımlara xüsusi «manipulated tweet» («manipulyasiya tviti») işarəsi əlavə etməyə başlayıb. Bu «şərəfə nail olmuş» ilk «tvit» ABŞ prezidenti Donald Trampa məxsusdur. Onun paylaşdığı videoda sabiq vitse-prezident, bu ilin noyabrında keçiriləcək prezident seçkisində Demokratlar Partiyasının namizədi olmaq uğrunda mübarizə aparan Co Bayden deyir: «Bağışlayın, biz bu seçkidə qalib gələ bilmərik, biz yalnız Donald Trampı yenidən seçə bilərik». Bu, demokrat siyasətçinin koqnitiv xüsusiyyətinin olmadığına aşkar eyhamdır. Tramp onu ələ salaraq bildirir ki, Bayden «harada olduğunu, nə etdiyini bilmir». Prezidentin şəxsi vəkili Rudi Culiani isə onun «ağıl zəifliyindən» əziyyət çəkdiyini söyləyir.
İlk baxışdan, Baydenin videoda səsləndirdiyi fikir, həqiqətən, qəribədir. Lakin bir məqam var və onu «Twitter» özü də göstərir – süjet elə kəsilib ki, natiq səfeh təsiri bağışlasın. Həqiqətdə isə fikir başqa cürdür: «Biz Donald Trampı yalnız o halda yenidən seçə bilərik ki, daxildə mübahisələrlə, qarşılıqlı ittihamlar irəli sürməklə məşğul olaq».
Gözlənilməz qələbə
Fevralın 3-dən ABŞ-ın Demokratlar Partiyasında praymeriz (daxili seçki) keçirilir. Demokratlar seçkidə Trampa rəqib olacaq namizədi müəyyənləşdirməyə çalışır.
Demokratların praymerizdə iştirak edəcək namizədləri müəyyənləşdirməyə başladığı vaxtdan – ötən ilin əvvəlindən bu yana uzun müddət qələbəyə əsas iddialı partiyanın mərkəzçi, mötədil liberal qanadının nümayəndəsi Co Bayden sayılıb. Tramp da özünün ən ciddi rəqibi kimi Baydeni gördüyündən, bütün bu müddət ərzində onun imicini korlamaq üçün əlindən gələni edib. 2019-cu ilin yazında Ukrayna rəhbərliyi qarşısında «Burisma» özəl qaz hasilatı şirkətinə qarşı cinayət işinin qaldırılması tələbi belə, qoyulmuşdu. İddia olunur ki, şirkət əməkhaqqı adı ilə sabiq vitse-prezidentə rüşvət verib və bunu onun oğlu Xanter Bayden vasitəsilə edib.
Korrupsiya ittihamlarını təsdiq edəcək heç bir sübut tapılmasa da, «Burisma»ya qarşı cinayət işi açılmasa da, müxtəlif sorğular Baydenin reytinqini xeyli itirdiyini göstərir. Bundan başqa, 3 ştatda keçirilmiş ilk praymerizlərdəcə eks-vitse-spiker ciddi məğlubiyyətlə üzləşib. O, səsverməni Vermont ştatından senator Berni Sanders, kiçik Saut-Bend şəhərciyinin meri Pit Butticiç, Massaçusetsdən senator Elizabet Uorren və Minnesotadan senator Emi Klobuşarın ardından 5-ci bitirib.
Bütün sorğular qalibin Berni Sanders olacağını göstərirdi. Bütün göstəricilərə görə, onun demokratların namizədi olacağına şəkk yox idi. Martın 3-ü, eyni anda 14 ştatda praymerizin keçiriləcəyi «super çərşənbə axşamı» isə onun mövqeyini daha da möhkəmləndirməli idi.
Lakin ortaya heç kəsin gözləmədiyi mənzərə çıxıb. Müasir ABŞ-ın seçki tarixində hələ belə hal olmamışdı ki, Ayova, Nyu-Qempşir və Nevada ştatlarında məğlub olmuş namizəd cəmi bir gündə rəqiblərini darmadağın edərək, 14 ştatın 10-da qələbə çalsın və liderliyə yüksəlsin.
Amerikalı ekspertlər hesab edir ki, hadisələrin gedişi demokratların respublikaçıların 2016-cı ildə yol verdiyi səhvi təkrarlamadığını göstərir. O vaxt səsləri parçalayan namizədlərin geri çəkilməməsi sonda Tramp populizminin qalib gəlməsilə nəticələnmişdi. Demokratlar fərqli yol seçib. Onlar şəxsi iddialarından imtina edərək, Baydenin namizədliyi ətrafında birləşiblər. Üstəlik, bunu yalnız mərkəzçi blokun təmsilçiləri olan Emi Klobuşar, Pit Butticiç, milyarder, Nyu-Yorkun sabiq meri Maykl Blumberq (ona 500 milyon dollar xərcləməsi də kömək olmayıb), konqressmen Beto O’Rurk etməyiblər. Kaliforniyadan senator olan Kamala Harris də çoxlarını təəccübləndirib. Halbuki, onun solçu-liberal seçki platforması Berni Sandereslə Elizabet Uorrenin mövqeyinə daha yaxın idi. Kampaniyanın ilk mərhələlərində isə Harris Baydenin ən sərt tənqidçisi kimi çıxış edirdi.
Trampın qarşısı kəsilməlidir
Beləlikdə, inadkar Tulsi Qabbard nəzərə alınmazsa, artıq mübarizə iki namizəd arasında gedir – Co Beyden və Berni Sanders. Qabbardın hər ştatda 1%-dən də az səs topladığını nəzərə alsaq, onun qələbə şansının olmadığını söyləyə bilərik. Lakin istənilən halda, o, hələ ki, geri çəkilmir.
Əsas məqsədlərinin ölkəni yenidən birləşdirəcək namizəd seçmək olduğunu deyən demokratların istəyinə radikal solçu Sandersin yox, mərkəzçi Baydenin mövqeyi daha yaxındır. Rəyi soruşulanların 80%-i Baydenin Trampa qalib gələ biləcəyinə əmindir. Sandersin bu gücdə olduğunu düşünənlər yalnız 61%-dir.
Sandersin elektoratı əsasən yaşı 31-dək olan gənclərdir. Onları namizədin radikal islahatlar vədi cəlb edir. Baydeni isə yaşlı nəsil, afroamerikalılar və şəhərətrafı qəsəbələrin ali təhsilli sakinləri dəstəkləyir. Onlar ciddi dəyişikliklər tələb etmirlər. Bu təbəqə üçün Trampın qarşısının kəsilməsi kifayətdir.
O da məlum olub ki, Baydeni dəstəkləyənlərin əksəriyyəti müstəqillər, yaxud keçmişdə Con Makkeyn, Mitt Romni kimi namizədləri dəstəkləmiş mötədil respublikaçılardır. Onlar Donald Trampın yenidən prezident seçilməsini istəmir və mötədil demokrata səs vermək üçün qarşı cəbhəyə keçməyə belə, hazırdırlar. Bu seçicilər Miçiqan, Pensilvaniya, Arizona və ya Şimali Karolina kimi «tərəddüd edən» (partiyalardan heç birinin üstün olmadığı) 14 ştatda demokratlara dəstək verə bilər. Onlar öz güclərini martın 3-də Virciniya və Texasda göstəriblər. Bu ştatlarda seçici fəallığı 4 il əvvəllə müqayisədə müvafiq olaraq, 74 və 87% çox olub (praymerizdə yalnız qeydiyyatda olan demokrat deyil, istənilən şəxs iştirak edə bilər). Ümumilikdə, Ayovada demokrat seçicilərin sayı 2016-cı ildəkindən az olub. Hər zaman respublikaçı dairə sayılan Dallasda isə onların sayı kəskin artıb (38%). Onların böyük əksəriyyəti isə məhz C.Baydenə səs verib.
Sorğular göstərir ki, bu seçicilər Sandersin vəd etdiyi sosial inqilabı istəmir. Onların istəyi sadəcə, hazırkı xaosa son qoyacaq, ölkədəki parçalanmanı aradan qaldıracaq demokratdır. Məsələn, Miçiqan ştatının Sterlinq-Xayts şəhərinin 2016-cı ildə Trampa səs vermiş respublikaçı meri Maykl Teylor «The Chicago Tribune»a deyib: «Hiss edirəm ki, Bayden bütün demokratları birləşdirəcək, eyni zamanda, mənim kimi, daha 4 il Trampı görmək istəməyən mötədillərə və respublikaçılara xitab edə biləcək namizəddir».
Martın 10-da 6 şəhərdə keçirilmiş daha bir praymerizdə məğlub olan Sanders etiraf edib ki, Baydenə məhz onun Trampla rəqabət apardığı üçün uduzur. «İnsanlar mənə platformamı bəyəndiklərini, lakin Baydenə səs verəcəklərini söyləyirlər. Çünki hesab edirlər ki, Donald Trampa qalib gələ biləcək ən yaxşı namizəd Codur», - deyə o, etiraf edib: «Mənim bu iddialarla razı olmadığımı deməyim, yəqin ki, artıq olar. Lakin bu gün milyonlarla demokrat və müstəqil insan məhz bu fikirdədir».
Hər an partlaya biləcək bomba
ABŞ-da bəzi politoloqlar hesab edir ki, Berni Sanders demokratlar üçün «hər an partlaya biləcək bomba»dır. Onlar hesab edir ki Sanders praymerizdəki qələbəsilə də, məğlubiyyətilə də demokratların noyabrda Trampa qalib gəlmək şansını azaldır. Tarixən elə olub ki, namizədlər praymerizin gedişindəki bütün gərginliyə, emosiyaya rəğmən, sonda bir-birinin əlini sıxıb, məğlub tərəf partiyanın qalibin ətrafında səfərbər olması üçün hər şeyi edib. Mübarizə bitər-bitməz, məğlub artıq şəxsi maraqlar uğrunda deyil, partiyanın nailiyyəti üçün mübarizə aparmalı olduğunu dərk edib. Məsələn, 2008-ci ildə Barak Obamaya məğlub olmuş Hillari Klinton tərəfdarlarının seçkidə Obamaya qələbə qazandırması üçün əlindən gələni etmişdi. 2016-cı ildə isə Berni Sanders partiyanın birləşməsi, Klinton ətrafında səfərbər olması üçün heç bir addım atmamışdı. O zaman nəticə özünü çox gözlətməmişdi. «Newsweek»in məlumatına görə, 4 il əvvəl Sandersin seçicilərinin 12%-i Trampa, 10%-i digər namizədə (Klintona yox) səs verib, təxminən, 5%-i isə, ümumiyyətlə, səsverməyə qatılmayıb. O zaman «tərəddüddə olan» Viskonsi, Miçiqan və Pensilvaniya kimi ştatlarda Trampın qələbəsinə məhz bu seçicilər kömək etmşdi.
İndi də praymerizin qalibi Bayden olacaqsa, Sandersin bir çox tərəfdarı ona səs verməyəcək. Sorğular göstərir ki, Vermont senatoru seçkidə partiyanın namizədi olmayacaqsa, onun tərəfdarlarının, təxminən, 20%-i Trampa səs verməyi düşünür.
Praymerizin üçüncü iştirakçısı
Demokratların praymerizi iyunadək davam edəcək. Odur ki, prosesin gedişində hələ çox gözlənilməzliklər yaşana bilər. Görünən odur ki, Florida, Corciya kimi ştatlarda bu ayın sonu keçiriləcək praymerizdən sonra Sandersin durumu daha da pisləşəcək.
Bütün sadalananlara əlavə olaraq, koronavirus böhranı namizədləri seçicilərlə canlı görüşlərini təxirə salıb. Bu isə Sanders kimi populistlər üçün ölümə bərabərdir. İndi, namizədlər seçicilərlə yalnız televiziya və ya radio vasitəsilə ünsiyyət qurur. Amma burada da hər şey qaydasında deyil. Bu günlərdə ABŞ telekanalları demək olar ki, yalnız koronavirusdan danışır. Qalan xəbərlər ya bununla bağlıdır, ya da sadəcə, ekranların aşağı hissəsində titr formasında verilir. Bütün bunların fonunda «Edison Research» tərəfindən aparılmış sorğu göstərir ki, virusun sürətlə yayılması və hazırkı administrasiyanın onun öhdəsindən gələ bilməməsi də hər iki partiya üzvləri üçün Baydenin cəlbediciliyini bir qədər də artırıb.
Demokratlar Partiyasının iyulun 13-16-da keçiriləcək qurultayında prezidentliyə namizədin müəyyənləşməsi üçünr 1991 nümayəndənin səsi tələb olunur. Son proqnozlara görə, praymeriz mövsümünün sonuna Baydenin 1738, Sandersin 1363 nümayəndəsi olacaq. Başqa sözlə, aşkar favorit hələ də yoxdur. Demək, daxili mübahisələr və qarşılıqlı ittihamlar hələ davam edəcək.
MƏSLƏHƏT GÖR: