Müəllif: Fidan NAMİQQIZI
Ənənəvi Antalya moda həftəsi bu il Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 pandemiyasını elan etməsindən əvvəl keçirilmiş son beynəlxalq tədbirlərdən oldu. Əvvəlki illərdə olduğu kimi bu dəfə də Azərbaycanı bu böyük moda bayramında Norveç doğumlu soydaşımız Şervin Nəcəfpur təmsil etdi.
Xatırladaq ki, ötən il tanınmış modelyer özünün İ’m a star (“Mən ulduzam”) adlı kolleksiyasını «I want to go back home to Karabakh» («Mən Qarabağa – evimizə qayıtmaq istəyirəm!») şüarı altında nümayiş etdirmişdi. Geyimlərin nümayişi zamanı podiumun arxasında quraşdırılmış böyük monitorda Azərbaycan şəhərlərinin, o cümlədən işğal altında olan rayonların adlarının yazılması böyük rezonansa səbəb olmuşdu. İş o yerə çatmışdı ki, ermənilərin çoxsaylı şikayətləri ucbatından dizaynerin sosial şəbəkələrdəki səhifələri bloklanmışdı. «Deməli, mesajım ünvanına çatdı», - deyə vətənpərvər dizayner o zaman bizimlə söhbətində bildirmişdi.
Bu il Şervin dünyaya başqa çağırış etdi. Lakin o da Azərbaycana və türk dünyasına həsr olunmuşdu. Bəs, bu dəfə dünya onun mesajını duydumu? Bu və digər suallarımızı Şervin Nəcəfpurun özünə ünvanladıq.
- Şervin xanım, builki Antalya Fashion Week-də nümayişiniz necə keçdi. Kolleksiyanız moda dünyasının peşəkarları tərəfindən necə qarşılandı?
- Nümayiş zamanı hələ pərdə arxasında olarkən zaldan gələn sürəkli alqışları eşidəndə, böyük qürur hissi keçirdim. Səhnəyə çıxanda qonaqların, moda dünyasının tanınmış simalarının ayaqda alqışlamalarını görəndə isə daha da ruhlandım. Məncə, hər bir sənət insanı üçün bu əvəzolunmaz bir hissdir və bir cümlə ilə deyə bilərəm ki, hər şey xəyal etdiyimdən də möhtəşəm keçdi. Dəfilə hər kəs tərəfindən çox bəyənildi.
Bilirsiniz ki, hazırda dünyada “Atiyə” adlı bir türk serialı dəbdədir. Orada hadisələr Göbəklitəpə adlanan bir qədim məbədin ətrafında cərəyan edir və artıq 1 ilə yaxındır ki, bu təpədəki qayaüstü rəsmlər hər kəsin diqqət mərkəzindədir. Bu mənim üçün böyük bir avantaj oldu, çünki geyimlərimin üzərindəki cizgilər kimsəyə qəribə gəlmədi və mən Qobustandakı qayaüstü rəsmlər vasitəsilə dünyaya öz mesajımı çatdıra bildim. İki ilə yaxındır ki, bu ideya üzərində işləyirdim və çox şadam ki, reaksiyalar çox müsbət oldu. Xüsusilə Norveç mətbuatının diqqəti məni sevindirdi.
- Yeri gəlmişkən, bu il mövzunuz yenidən Azərbaycan idi. "Land of our origin" (“Milli mirasımızın mənşəyi”) sloqanı altında təqdim etdiyiniz geyimləri Azərbaycan bayrağının rəngləri və Qobustan qayaüstü rəsmləri bəzəyirdi. Nə üçün məhz bu mövzuya müraciət etdiniz?
- Dünyadakı nüfuzlu moda brendləri hər zaman çalışırlar ki, öz milli miraslarından ilham alsınlar. Biz türklərin çox zəngin mədəniyyəti və tarixi var. Məncə, biz bununla fəxr etməliyik. Norveç doğumlu olsamda, Azərbaycan türküyəm - mənim valideynlərim əslən Güney Azərbaycanın Urmu bölgəsindəndir. Biz Norveç cəmiyyətinə inteqrasiya olunmuşuq, ancaq inteqrasiya assimilyasiya demək deyil. Harda yaşadığımızdan asılı olmayaraq milli-mənəvi dəyərlərimizi yaşatmağa davam etdirməliyik, bu bizim müqəddəs borcumuzdur. Ona görə hər zaman tarixi Vətənim qarşısında borcumu layiqli yerinə yetirməyə çalışıram.
Niyə məhz bayraq rəngləri? Onun əsas hekayəsini sizə danışmaq istəyirəm. Mən hər zaman Müstəqil Azərbaycan Respublikasına gələndə, azad dalğalanan bayrağımızı görəndə içimdə bir arzu baş qaldırır ki, bir gün bu üçrəngli bayrağımız bütün işğal altında olan topraqlarımızda dalğalansın.
Bir diaspora təşkilat sədri kimi də çalışıram ki, doğulduğum ölkə ilə ana və ata Vətənim arasında gözəl dostluq münasibətləri yaradım. Fikrimcə, bizim millətləri birləşdirən mədəniyyətlərimizdəki eyniliklərdir.
Ona görə bu il Tur Həyerdalhın Norveçi və Türk dünyasını birləşdirən nəzəriyyəsindən yola çıxaraq məhz Qobustanın qayaüstü rəsmlərini əks etdirməyə çalışdım geyimlərimdə.
- Bu ideyalar özünüzə məxsusdur, yoxsa kimlərinsə məsləhəti də var?
- İdeyaların müəllifi özüməm, yaradıcılıq və biznes gücümü birləşdirib özümə xas bir çizgini ortaya qoyuram. Əslində mən hər zaman bir necə addım əvvəlcədən düşünərək addım atıram. Hər incə detalı düşünüb hərəkət etməyi sevirəm. Doğrudur, bu hər zaman alınmır, lakin həmin an üçün imkanlarım daxilində ən mükəmməlini ortaya qoymağa çalışıram.
Əlbəttə, yaxınlarımdan və Antalya Fashion Weekin rəhbəri Eda xanımdan bəzi məsləhətlər də alıram. Lakin ideyalarımın tam konsepti vaxtından əvvəl açıqlamıram. Hər ehtimala qarşı. Həm də qoy sürpriz olsun.
- Növbəti sərgilər üçün artıq ideyalarınız varmı?
- Növbəti il üçün çox maraqlı bir ideyam var, ancaq hər şeyin təməli yenə də maddiyyatdır. Hal-hazırdakı koronavirus epidemiyası bizim sektora çox pis təsir edir. Ən azından aprelin 17-nə kimi Norveçdən heç bir ölkəyə səfər edə bilmərəm.
- Sizin moda ilə siyasəti uzlaşdıran layihələriniz təşkilatçıları narahat etmir ki? Axı, adətən, sənət aləmində siyasətdən qaçmağa çalışırlar...
Sevindiricidir ki, Eda xanım da çox vətənpərvər insandır. Bizim qızıl nöqtəmiz bizim Türk tarixinə və mədəniyyətinə olan sevgimizdir, bu bizi birləşdirir. Mənim fikrimcə, hər bir sənət insanın mütləq bir missiyası olmalıdır və bir mövzuya toxunmalıdır. Düzdür, bunun özünə görə çətinlikləri var, ancaq mən riskli addımlar atmağı sevirəm.
- Bilirik ki, Antalya moda həftəsində öz vəsaitiniz hesabına iştirak edirsiniz. Bəs, Avropa miqyaslı nümayişlərə qatılmaq niyyətiniz varmı? Varsa bunun üçün hansısa dəstəyə ehtiyac duyursunuzmu?
- Şəxsən ən böyük arzumdur ki, bütün qitələrdə moda sahəsində Azərbaycan adına böyük addımlar atım, lakin hər şeyin təməli maddiyyatdır. Moda hər kəsin həyatında olan bir şeydir və bizim çox bacarıqlı modelyerlərimiz var ki, dünya moda evlərindən heç də geri qalmırlar. Hal-hazırda bizim dünyaca fəxrlərimiz Fəxriyyə xanım Xələfova və Rüfət bəy İsmayıldır. Mənim fikrimcə, azərbaycanlı modelyerlər milli motivlərimizdən istifadə edərək kolleksiyalar hazırlamalı beynəlxalq moda həftələrində mütləq iştirak etməlidirlər.
- Siz həm də Norveçdəki Azərbaycan diasporasının fəalısınız. CAN təşkilatının təsisçilərindən birisiniz. Yarandığı vaxtdan bəri gənc təşkilatınız tərəfindən hansı işlər görülüb?
- Tamamilə könüllü bir təşkilat olduğumuz üçün, öz imkanlarımız daxilində addımlar atırıq. 2018-ci ildən bəri Norveçdə Azərbaycan üçün çoxlu dost qazanmışıq.
Biz Nobel Sülh mükafatı mərasiminə dəvət olunan Norveçdəki ilk Azərbaycan diaspora təşkilatı olduq və bu uğur təkcə mənim və ya CAN təşkilatının deyil, bizim hamımızın uğurumuzdur.
Ən çox məni sevindirən gördüyümüz işlərin Norveç mətbuatında işıqlandırılmasıdır. Bilirsiniz ki, Norveç mətbuatında Azərbaycanın adı yaxşı hallanmırdı, çox vaxt çirkincə qarayaxma siyasətinin qurbanı olurduq. Lakin biz dayanmadan mübarizəmizi apardıq və yaxşı nəticələr əldə etdik. Bu kiçik bir iş kimi görünsə də, cəmi 5 nəfərin çəkdiyi böyük zəhmətin nəticəsində mümkün oldu. Əl-ələ verib Norveç mətbuat orqanlarına durmadan şikayət və müraciətlər etdik və sonda istəyimizə nail olduq.
Əlbəttə, Azərbaycandan aidiyyəti qurumların dəstəyini alsaq, daha güclü bir lobbiyə sahib ola bilərdik. Lakin biz heç nəyə baxmadan dayanmaq niyyətində deyilik. Biz cənab Prezidentimizə və Birinci-vitse prezidentimizə sonsuz güvənimizə əsaslanaraq, CAN Azərbaycan deməyə davam edəcəyik.
MƏSLƏHƏT GÖR: