25 Noyabr 2024

Bazar ertəsi, 13:22

DÜNYA KARANTİNDƏ

Bəşəriyyət həyəcan içində COVID-19 pandemiyasının sonunu gözləyir

Müəllif:

01.04.2020

Evlərdə uşaqlar öz aralarında «koronavirus» oynayır – o, şərdir, uşaqlar xeyir. Onlardan biri dezinfektoru təqlid edərək qışqırır: «Öl, koronavirus!». Digəri guya yarasadır - «vəssalam, mən öldüm!» deyir. Valideynlər başlarını tutaraq, real vaxt rejimində COVID-19 pandemiyasının necə yayıldığını izləyir, eyni vaxtda övladları ilə, gündəlik ev işlərilə məşğul olur.

Yaşı 65 civarında olan yaşlı nəsil qorxu və depressiya içərisindədir. Ən çətin durumda olan onlardır: keçmiş, bu gün, gələcək və bütün bunlar arasındakı rəqəmsal uçurum. Hər şey real həyatı əvəz edən qacetlərdəki kimidir - onlayn tədris, onlayn çatdırılma, onlayn kinoteatrlar, onlayn ekskursiya, onlayn muzey, onlayn incəsənət əsərləri sərcisi, onlayn gəzinti və s. Onlayn resursların sayı-hesabı yoxdur. Sadəcə, əvvəl bütün bunlar real həyatı müşayiət edirdisə, indi, rəqəmsal dünya reallığa çevrilib. Qlobalçılar illər uzunu dünyanı birləşdirməyə çalışırdısa, koronavirus onu cəmi bir neçə ayda param-parça edib. O, dünyanı yalnız evlərdə, mənzillərdə olanlara yox, ölkələr üzrə də bölüşdürüb və hər kəsi dərin böhrana salıb.

 

#Gözləmə rejimində

«Koronavirus» - indi bu qorxulu sözü hər evdə bilirlər, onu istər gənclər işlədir, istər yaşlılar. Bəziləri ona az qala Allaha inanırmış kimi inanır, küçəyə ən vacib anlarda çıxır və bu zaman qorunmaq üçün əlindən gələni edir. Digərləri hər xəbərdə siyasi elitanın qlobal qəsd izini axtarır, bütün doğrular və yanlışları ilə az da olsa, təmiz hava almaq üçün həyətə çıxır. Bəli, həyətə – parklar karantin üzündən bağlıdır.

Sosial şəbəkələr koronavirusla bağlı zarafatla doludur. Lakin vəziyyət artıq zarafatlıq deyil. Statistika başdan-başa xəstə və qurbanlardır.

Martın 30-na olan məlumata görə, dünyanın 203 ölkəsində koronavirusa yoluxmuş 724 mindən artıq insan qeydə alınıb, 34 min nəfər bu xəstəlikdən dünyasını dəyişib, 152 min nəfər isə sağalıb.

Yeri gəlmişkən, dünyaya infeksiyanın yayıldığı ölkə olan Çin artıq qürurla pandemiyanı aşdığını bəyan edib və sərhədlərini başqa ölkələrin üzünə bağlayıb.

Azərbaycanda qeyd olunan tarixə 273 yoluxma faktı qeydə alınmışdı. 26 nəfər sağalmış, 4 xəstə dünyasını dəyişmişdi. 243 insan xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirirdi. Həmin günə müxtəlif karantin zonalarına 4085 nəfər yerləşdirilmişdi. Yeni yoluxma hallarının üzə çıxarılması üçün, təxminən, 30 min nəfər testdən keçirilmişdi.

 

#Evdə otururuq

Bu gün dünyada olduğu kimi, Azərbaycanda da zəruri tədbirlər görülməkdədir. Vətəndaşların sağlamlığının qorunması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına ölkənin hər yanında ciddi nəzarət var. Bu işə polis əməkdaşları ilə yanaşı, DİN-in Daxili Qoşunlarının hərbçiləri də cəlb olunub. Ölkədə məktəblər və digər təhsil müəssisələri, iri ticarət mərkəzləri, idman zalları, gözəllik salonları və istehlakçılara yerində xidmət göstərən digər obyektlər bağlanıb. Yalnız supermarketlər və apteklər istisnadır. İctimai iaşə obyektləri, restoran, kafe və çayxanaların da müştərilərə yerində fəaliyyəti dayandırılıb. Bu obyektlərin sahiblərinə sifarişləri evə çatdırmaq icazəsi verilib. Onlayn satışa isə heç bir məhdudiyyət yoxdur. Sıxlığın qarşısının alınması üçün bütün bulvar, park və istirahət məkanları qapadılıb, insanların küçələrə çıxışına məhdudiyyət qoyulub. Bakı Metropoliteni səhər saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək işləyir. Bakının və Azərbaycanın digər şəhərlərinin küçələrində miqyaslı dezinfeksiya işləri aparılır. Radiolarda, telekanallarda, internetdə, ictimai nəqliyyatda insanlar gigiyena qaydalarına əməl etməyə, küçələrə yalnız maska və əlcək geyərək çıxmağa çağırılır. Ölkədə görülmüş tədbirlər, həm də vaxtında görülmüş bu tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də müsbət qiymətləndirilir.

 

#Mübarizə aparırıq

Bizə ağıl, güc və iradə verilib. Biz mübarizə aparırıq. Ölkədə Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr gündən-günə artır. Fond Prezident İlham Əliyev tərəfindən yaradılıb və dövlət başçısı dərhal Prezidentin Ehtiyat Fondundan oraya 20 milyon manat ayırıb. Bununla yanaşı, Prezident 1 illik əməkhaqqını da Fonda keçirib. Onun ardınca eyni addımı ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva da atıb. Dövlət başçısının bununla bağlı çağırışına onlarla şirkət və adi vətəndaşlar da qoşulub. Nəticədə, martın 30-na Fonda 90 milyon manatdan artıq vəsait toplanıb.

COVID-19 pandemiyası dünyanı yalnız tibbi böhranla üz-üzə qoymayıb. Karantin rejimindən real olaraq iqtisadiyyatın müxtəlif sahələri ziyan çəkir, bütün dünyada insanlar işsiz qalır. Məhz bu üzdən İlham Əliyevin ölkə iqtisadiyyatının sabitliyinin davamlılığının və xarici təsirlərə dayanıqlılığının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında sərəncamı ilə sahibkarlıq fəaliyyətilə məşğul olan zəif qruplara maliyyə yardımı göstəriləcək, vergi və digər güzəştlər ediləcək. Sərəncamda bu məqsədlə 2020-ci ilin dövlət büdcəsindən 1 milyard manatın ayrılması nəzərdə tutulur.

Bu, bizim sizinlə koronavirus pandemiyası ilə apardığımız mübarizədir. Bu, ötəri yox, real, sağlam yanaşmadır. Bir-birimizi qorumaqla, biz elə özümüzü qoruyuruq.

Vətəndaşları karantin qaydalarına əməl etməyə, son dərəcə məsuliyyətli davranmağa şəxsən Prezident İlham Əliyev də bir neçə dəfə çağırıb. Belə müraciətlərində o, söhbətin milli təhlükəsizlikdən getdiyini xüsusi vurğulayıb. Birinci xanım, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva isə bildirib ki, bəşəriyyət cəmi 1il əvvəl pandemiya erasının, bu vaxtadək təhlükəli sayılan, insanların həyatına son qoyan xəstəliklər dövrünün artıq arxada qaldığını düşünürdü. Hər kəs hesab edirdi ki, bioelmin, tibbin, əczaçılığın, texnologiyaların müasir inkişaf səviyyəsi, həmçinin bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi belə sürprizlərdən sığortalayıb. Həqiqət fərqli imiş: «Dünya qlobal çağırışla qarşı-qarşıya qalıb».

Azərbaycanın bu vəziyyətdən minimum zərərlə çıxması üçün Mehriban xanım əhalini karantin rejimi qaydalarına sərt şəkildə əməl etməyə çağırıb. «Bir çox tövsiyələr (Nazirlər Kabineti yanında Operativ Qərargahın – “R+”) situativ xarakter daşıyır və məlumat bazası genişləndikcə dəyişir. Aydın olan odur ki, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özünüzü və ətrafınızdakıları qorumağın əsas şərtləridir. Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun!», - deyə Azərbaycanın Birinci vitse-prezidenti bildirib.

Tibbi müəssisələrin infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, həmçinin xüsusi rejimli tibb müəssisələrinin yaradılması çərçivəsində prezident və birinci xanım Bakıda «Yeni klinika»nın açılış mərasiminə də qatılıblar. 575 çarpayılıq xəstəxanada müvəqqəti olaraq ağır koronavirus simptomlu xəstələr müalicə olunacaq.

 

#Yüksək diqqət  

Biz belə dünyada yaşamaq istəmirik. Demək, bütün bunların, nəhayət, başa çatması üçün qaydalara əməl etmək vacibdir. İnanılmaz olsa da, faktdır: yaxınlarınızı qorumanız üçün onlarla mümkün qədər az təmasda olmalısınız. Xüsusilə söhbət yaşlı nəslin nümayəndələrindən və immuniteti zəif şəxslərdən gedirsə, bu qayda daha çox keçərlidir. Yeni koronavirus ilk növbədə, məhz onlar üçün təhlükədir. Məhz bu fakt üzündən hazırda onların çoxu gərginlik içərisindədir. Nəticədə adi soyuqdəymə belə, bu insanlarda qorxuya səbəb olur.

Psixoloq Afaq Babayeva deyir ki, indiki şəraitdə insanların böyüklərilə mütəmadi olaraq videozənc vasitəsilə danışması lazımdır. Onları ürəkləndirmək, görməli olduqları tədbirlərdən danışmaq, zarafatlaşmaq, xoş mövzularda söhbətləşmək vacibdir. «Yaşlı nəsil bu dəstəyi hiss etməlidir. Bu halda onların özünütəcrid dövrünü keçirməsi daha asan olacaq», - deyə o, qeyd edib. Bununla yanaşı, mümkün olduğu qədər onlara onlayn resurslardan istifadəni öyrətmək yaxşı olardı: kitab oxumaq, əl işlərilə, kulinariya və s. məşğul olmaq.

Yaşlı və tənhalara kömək işinə dərhal «ASAN Xidmət», DOST və s. kimi sosial xidmətlər də qoşulub. Bütün müvafiq xidmətlərdə «qaynar xətt» açılıb.

 

#Biz, həqiqətən də, vahid dünyada yaşayırıq

Biz azərbaycanlıların çətinliklərə alışması asandır. Biz SSRİ-nin süqutunu görmüşük, yenidənqurma, total ərzaq çatışmazlığı yaşamışıq, ağır 90-cı illərdən keçmişik, Ermənistanla Qarabağ uğrunda müharibə aparmışıq. Yaşlı nəsil isə İkinci Dünya müharibəsi illərini belə, görüb. Az da olsa, sevindirici hal odur ki, pandemiyanın sözün əsl mənasında tüğyan etdiyi Avropa və ABŞ-dan fərqli olaraq, Azərbaycanda vəziyyət yaxşıdır, insanlar arasında təşviş demək olar ki, yoxdur. Supermarketlərimizdə piştaxtalar doludur, apteklər boş deyil, ərzaq çatışmazlığı yaşanmır. Doğrudur, spirt və maska çatışmazlığı var, lakin onlara tələbat bütün dünyada olduğu kimi, Azərbaycanda da dəfələrlə artıb. Üstəlik, istehsalçılar 24 saat çalışır. Əgər ötən illərdə Azərbaycanda ay ərzində 500-600 maska satılırdısa, hazırda bu qədər maska 3 günə bitir. 2018-2019-cu illərdə ölkədə təxminən 5-6 milyon maska satılıbsa, bu ilin yalnız son ayında bu rəqəm 3,5 milyon təşkil edib.

Azərbaycanda maskalardan effektiv istifadə olunması məqsədilə onunla ilk növbədə, həkimlər və xəstələr, polis əməkdaşları, Müdafiə Nazirliyi, Sərhəd və Gömrük xidmətləri təchiz olunur. Hər gün ölkəyə təxminən 150-200 min maska paylanır və satışa çıxarılır, 500 min maska idxal olunur və daha 1,5 milyon maska gətiriləcək. Bununla yanaşı, tələbatın yüksək olması səbəbilə apreldən etibarən ölkədə maska istehsalına da başlanılır. Onların hazırlanmasından istifadə olunan xammal isə gömrük rüsumundan azad olunur. İlkin mərhələdə gündə 90 min maskanın istehsalı planlaşdırılır. Sonradan gündəlik istehsal həcminin 200 minədək artırılması nəzərdə tutulub. Bu, 10 milyon əhalisi olan ölkəyə kifayət etməlidir.

Tibbi spirtə gəlincə, bu tələbatın ödənməsi üçün artıq 6 yeni istehsalçı işə başlayıb. Bu gün ölkədə 1,5 milyon litr 96 faizlik spirt var. Bu, mövcud tələbdən bir neçə dəfə artıqdır.

 

#Vahid dünyada

Dünya vahid orqanizmdir. COVID-19 dünyada hər şeyin bir-birinə nə qədər bağlı olduğunu hər kəsə nümayiş etdirir. İndi, pandemiyanı arxada qoymuş Çin xəstəliklə mübarizədə digər ölkələrə yardım təklif edir. Belə təklif Azərbaycana da ünvanlanıb. ÇXR-in dövlət müşaviri, xarici işlər naziri Van İ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova teleqram ünvanlayaraq, Bakıya epidemiya ilə mübarizədə Pekinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, bu dəfə ölkəsinin Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib. Nazir ölkəsinin imkan daxilində pandemiyanın aşılması, xəstəliyə nəzarət, həmçinin müalicə işində Azərbaycanla sıx əlaqə qurmağa hazır olduğunu bildirib. «İnanırıq ki, Azərbaycan tərəfi qısa müddətdə yoluxma təhlükəsini aradan qaldıracaq, Çinlə Azərbaycan arasında münasibətlər yeni və daha böyük inkişaf impulsu qazanacaq», - deyə teleqramda bildirilir.

Koronavirusla mübarizədə Azərbaycana ABŞ-dan da yardım gəlib. Halbuki, bu ölkənin özü kütləvi yoluxmadan əziyyət çəkir. ABŞ-ın Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyi (USAID) bu məqsədlə Bakıya 1,7 milyon dollar ayırıb. Vəsait laboratoriya sisteminin qurulmasına, yeni yoluxma hallarının üzə çıxarılması üçün fəallığın artırılmasına, həmçinin texniki mütəxəssislərə dəstəyin, riskli şəraitdə kommunikasiyaların effektivliyinin gücləndirilməsinə xərclənməlidir. Son 20 ildə ABŞ Azərbaycanın yalnız tibb sahəsində təxminən 41 milyon dollar ayırıb.

Aparılan işlərə Rusiya da öz dəstəyini göstərib. O, koronavirusun laborator diaqnozu üçün Azərbaycana 70 dəst test sistemi göndərib. Ümumiyyətlə, Moskva xəstəliyin diaqnostikasında tərəfdaş ölkələrə mümkün qədər çox yardım göstərməyə çalışır. Bu məqsədlə ölkənin İstehlakçıların Hüquqlarının və İnsan Rifahının Müdafiəsi üzrə Federal Xidməti 13 ölkəyə COVID-19 ilə bağlı 100 mindən artıq müayinənin aparılması üçün test sistemləri verib. Söhbət Avrasiya İqtisadi İttifaqı üzvlərilə yanaşı, MDB dövlətlərindən, İran, Monqolustan və Çindən də gedir.

Başqalarına yardım göstərilməsindən Azərbaycanın özü də kənar deyil. Bakı qonşu İrana koronavirusla mübarizə məqsədilə 5 milyon dollar yardım edib. Tehran Azərbaycana və digər dövlətlərə dəstəyə görə minnətdarlıq edib. O, Çin, Türkiyə, BƏƏ, Almaniya, Böyük Britaniya, Qətər və Rusiyadan da yardım alıb.

 

#Peyvənd

Hazırda tibbi baxımdan ön sıralarda olan bir çox ölkədə COVID-19 virusuna qarşı peyvəndin tapılması üçün elmi tədqiqatlar aparılır. Lakin görünən odur ki, bu, tezliklə mümkün olmayacaq. Dünyanın bütün aparıcı dövlətlərində tibb sisteminin əsasını sübut olunmuş tibb təşkil edir. Söhbət ondan gedir ki, hər hansı preparat və ya müalicə kursu bütün lazımi laborator tədqiqatlardan, kliniki testlərdən keçməli, uzun illər ərzində öz effektivliyini sübut etməlidir. Bazara yeni dərmanın buraxılması son dərəcə uzun və çətin prosesdir – illərlə davam edən tədqiqatlar, heyvanlar üzərində aparılan sınaqlar və s. Yeni preparatın insanlar üzərində sınanmasına yalnız bundan sonra icazə verilir, lakin bunun üçün də ilk mərhələdə könüllülər qrupundan istifadə olunur. Bundan sonra da preparatın nə qədər uyğun olduğunu, insan orqanizminə ziyan vermədiyini müəyyənləşdirmək üçün zamana ehtiyat olur.

COVID-19-a qarşı peyvənd istehsalına gəlincə, hazırda 50-dən artıq əczaçılıq şirkəti, tədqiqat qrupu onun axtarışı ilə məşğuldur. Təxminən, 20 şirkət isə dərmanın hazırlanması üzərində çalışır. Bu yaxınlarda ABŞ-da bu peyvənd ilk dəfə insan üzərində test edilib. Lakin onun bir anda nəticə verməsi də mümkün deyil. Peyvəndin hazırlanması üçün yalnız 1 şirkətə təxminən 1,5 il vaxt, təqribən 2 milyard dollar vəsait lazımdır. Onun istehsalı prosesi maksimum sürətləndirilərsə belə, buna ən azı 1 il vaxt gedəcək. Bu da yalnız sınağın uğurlu alınacağı halda mümkündür. Bəs əczaçılıq şirkətləri bütün dünyaya kifayət edəcək miqdarda peyvənd istehsal edə bilərmi? Bu sual da açıq qalır.

Beləliklə, bütün hesablamalar göstərir ki, koronavirus pandemiyasının qarşısını almaq mümkün deyil. Bunun üçün yalnız gözləmək lazımdır. Amma bir maraqlı fakt da var. Avstraliyada hər birimizin uşaqlıqda avtomatik qəbul etdiyimiz BSJ peyvəndini (o, SSRİ dövründən məcburi peyvənddir) 4 min nəfər üzərində test etməyə başlayıblar. Bu gün dünyanın koronavirusun qarşısını almağa yeganə ümidi bəlkə də bu peyvənddir. «Nyu-York Tayms» yazır ki, sınaq BSJ-nin işə yaradığını təsdiqləyərsə, postsovet ölkələrində yoluxma hallarının niyə nisbətən az olduğu aydınlaşacaq. Bu gün BSJ vərəmə qarşı yeganə əlçatan peyvənddir. O, nisbətən təhlükəsiz və ucuzdur, eyni zamanda yalnız bir dəfə vurulması kifayətdir. Çatışmazlıqlara baxmayaraq, əksər endemik ölkədə BSJ peyvəndinə həyatı qoruyan vasitə, vərəmlə standart mübarizədə vacib element kimi yanaşılır.

 

#Yay

Hələliksə, gözləmək lazımdır. Evdə oturmaq, yaxınlara maksimum diqqət göstərmək, yaşlılara köməklik göstərmək, gigiyena və qorunma qaydalarına riayət etmək. Gözləyəcəyik! Yaxşı olacağına ümidlə, yay tətilini gözləyəcəyik! Hər halda, turizm agentlikləri hələ də «qızmar» turist putyovkalarını geri qaytarmır. Bəşəriyyət bundan da ağır kataklizmlər, müharibələr, ağrı-acı yaşayıb. O, bunu da aşacaq!



MƏSLƏHƏT GÖR:

314