23 Noyabr 2024

Şənbə, 12:41

NEFT BAZARI ÜÇÜN «VAKSİN»

Neft bazarındakı mənfi durumu yalnız istehsalçı ölkələrin ümumi səyləri ilə düzəltmək mümkündür

Müəllif:

01.05.2020

Dünya neft bazarındakı "qiymət müharibəsi" münaqişənin bütün iştirakçıları üçün amansız bir zarafat etdi. Səudiyyə Ərəbistanının ən sonda Rusiyanı danışıqlar masasına qaytara bilməsi və OPEK+ formatında neft hasilatının azaldılması ilə bağlı yeni bir saziş bağlaması istisna olmaqla, nəhənglərin bu döyüşündən heç kim qalib çıxmadı. Gözlənildiyi kimi, saziş daha sərt şərtlər ilə və uzun müddətə bağlandı. Təəssüf ki, koronavirus pandemiyası və "zati-aliləri dünya güclülər"inin iddiaları sağlam fikrə qələbə çaldı. Buna görə də, bazar iştirakçılarının neft qiymətlərinin düşməsi ilə bağlı ən pis qorxuları amansız bir gerçəkliyə çevrildi, nəticədə OPEK+ anlaşmasının vəziyyətə təsirinə yalnız bir neçə aydan sonra ümid etmək olar.

 

Azaltmaq lazımdır

"Qara qızıl"a tələbatı kəskin azaltmış COVID-10 ilə yanaşı bir sıra iri neft istehsalçısı ölkələrin hasilatın artırılması üzrə təzadlı addımları son nəticədə bazarda ifrat neft artıqlığı yaratdı və bu da xammalın qiymətlərinin rekord dərəcədə aşağı düşməsinə səbəb oldu. O cümlədən Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ apreldə əvvəlki OPEK+ sazişinin pozulmasını səbəb göstərərək hasilatı yetərincə artırdılar. Nəticədə, bazarda təxminən 30 milyon barel /sutka səviyyəsində neft artıqlığı əmələ gəldi, indi bundan qurtulmaq üçün çox səy və vaxt tələb olunacaq. Bununla yanaşı, neft emalı zavodları koronavirus pandemiyası və bütün dünya üzrə ölkə hakimiyyətlərinin koronavirusun yayılmasını məhdudlaşdırmaq üçün tətbiq etdiyi məhdudiyyətlər ilə bağlı benzin və digər neft məhsullarına tələbatın olmaması səbəbindən neft almağa tələsmirlər.

Ancaq boş yerə deməyiblər ki, dar gün insanları xoş gündən daha yaxşı birləşdirir. Göründüyü kimi, neft bazarında kollapsın qarşısını almaq üçün aprelin 12-də bazar günü tələsik çağırılan telekonfransda 23 neft istehsalçısı ölkə hasilatı ümumi şəkildə məhdudlaşdırmağa razılıq verdi. Eyni zamanda, OPEK+dan kənarda olan bir sıra iri istehsalçılar, o cümlədən ABŞ, Kanada, Norveç və Braziliya da Alyansın səylərinə həmrəylik göstərəcəklərini bildirdilər və öhdəliklərini rəsmiləşdirməsələr də, könüllü şəkildə hasilatı azaltmağı vəd etdilər.  

Yeni anlaşmanın şərtlərinə görə, 2020-ci ilin may-iyun aylarında OPEK+ ölkələri kondensat istisna olmaqla neft hasilatını 9,7 milyon barel/gün, iyuldan 2020-ci ilin sonuna qədər – 7,7 milyon barel/gün, sonra 2022-ci ilin mayına qədər 5,7 milyon barel/gün azaltmağa razı olublar. Rusiya və Səudiyyə Ərəbistanı üçün may-iyun aylarında azalma 11 milyon barel olacaq.

Anlaşma 2022-ci il aprelin 30-dək qüvvədə olacaq, onun müddətinin uzadılmasına 2021-ci ilin dekabrında baxılacaq. Bazarın tarazlaşdırılması üçün lazım olan mümkün gələcək addımları müəyyən etmək üçün növbəti OPEK+ iclası 10 iyun tarixində vebinar formatda nəzərdə tutulub.

Rusiya energetika naziri Aleksandr Novak bildirib ki, OPEK+ sazişinin iştirakçılardan əlavə daha 10 ölkə neft bazarının tarazlaşdırılması səylərini dəstəkləməyə hazır olduqlarını açıqlayıblar.

"Beləliklə, ümumilikdə, anlaşmanın ilk aylarında istehsalçı ölkələr gündəlik neft hasilatını təxminən 15-20 milyon barel azalda bilərlər. Bu, koronavirus pandemiyası nəticəsində yaranmış tələb azalmasının nəticələrini aradan qaldırmağa, dünya bazarlarını sabitləşdirməyə, yanacaq doldurma anbarlarından və neft qiymətlərinin kəskin dəyişkənliyindən qaçınmağa imkan verəcək ", - deyə A.Novak əmin olduğunu bildirib.

Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman vurğulayıb ki, OPEK+ anlaşmasında iştirak etməyən digər ölkələrlə birlikdə may ayında ümumi azaltma aprel ayı ilə müqayisədə 19,5 milyon barel təşkil edəcək, bunun 12,5 milyon bareli OPEK+un payına düşəcək. Daha 7 milyon barelin isə digər istehsalçılar tərəfindən bazardan çıxarılması gözlənilir - qismən hasilatın azalması, qismən də saxlama anbarlarına neftin vurulması ilə ki, bu da tələbatın artmasına səbəb olacaq.  

ABŞ prezidenti Donald Tramp anlaşmanı hər üç ölkə (Rusiya, ABŞ və Səudiyyə Ərəbistanı) üçün əla adlandırıb, Rusiya prezidenti Vladimir Putinə və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Sauda təşəkkür edib.

Qeyd etmək lazımdır ki, ABŞ hazırkı OPEK+ anlaşmasının gerçəkləşdirilməsində müstəsna rol oynayıb, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında danışıqların başlamasına təşəbbüs göstərməklə yanaşı, həm də neft hasilatında böyük azalmaya hazır olmayan və az qala anlaşmanı pozmağa doğru gedən Meksikanın öhdəliklərinin də bir hissəsini öz üzərinə götürüb.

 

Qiymət antirekordu  

OPEK+ anlaşmasının bağlanmasından sonra neftin qiyməti tədricən aşağı enməyə başladı.Anlaşma əldə edildikdən bir gün sonra, aprelin 13-də, Londonun İCE Futures birjasında iyun ayı üçün6 Brent fyuçerslərinin qiyməti 31,99 dollar/barelə bərabər oldu.

Aprelin 20-də WTI (West Texas Intermediate) üçün may fyuçerslərinin qiyməti mənfi göstəricilərə qədər düşdü. Nyu-York Ticarət Birjasında (NYMEX) keçirilən əqdlərin nəticəsində WTI markalı neftin bir bareli mənfi 40,32 dollara qədər azaldı, çünki treyderlər neftin fiziki saxlanması üçün boş həcmlər olmadığına görə bu müqavilələri müddəti bitmədən satmağa çalışırdılar.

Dünyada neft istehsalı təqribən 100 milyon barel /gün təşkil edir, amma dünya əhalisinin 2/3-nin təcrid şəratində olduğu bir zamanda ona olan tələbat 70 milyon barel/ günə düşə bilər.

Dünyadakı neft anbarları artıq 65%-ə qədər dolub - bunu «Kayrros»un analitiki Entoni Xalf bildirir. Onun sözlərinə görə, həddindən artıq istehsal üzündən hər həftə 50 milyon barel neft anbarlara vurulur ki, bu hesabla iyun ayında dünyada neft saxlamaq üçün bütün boş yerlər tükənəcək.

«Kpler» analitika firmasının məlumatlarına görə isə, dənizlərdəki tankerlərdə olan neftin həcmi martın 1-dən 76% artaraq 153 milyon barelə çatıb. Bu, dünyada 1,5 gün ərzində çıxarılan neft həcminə uyğundur.

 

Gecikmiş qərar

Neft bazarındakı mövcud vəziyyətin təhlili istər-istəməz belə düşünməyə meyilləndirir ki, OPEK+ ölkələri hasilatın may ayından deyil, aprel ayından azaldılması ilə bağlı anlaşmalı idilər, bununla da bazarı “qara qızıl”a son dərəcə aşağı tələbat şəraitində əlavə neft həcmlərinin daxil olmasından sığortalaya bilərdilər.  

Belə görünür ki, anlaşma tərəfləri özləri də bu qərara gəliblər, çünki Küveyt, Əlcəzair və Nigeriya bazarda təklif və tələb arasındakı disbalansı azaltmaq üçün OPEK+ anlaşmasının qüvvəyə minməsindən daha əvvəl istehsalı azaltdıqlarını elan ediblər.

Bundan əlavə, bəzi OPEK+ ölkələri 22 aprel tarixində "neft bazarındakı mövcud dramatik vəziyyəti" müzakirə etmək üçün qeyri-rəsmi videokonfrans təşkil ediblər. İclasda OPEK üzvləri - Əlcəzair, Nigeriya, Venesuela, İraq və Anqola, habelə kartelə daxil olmayan Qazaxıstan və Azərbaycan iştirak edib. İclas iştirakçıları mayın 1-ini gözləmədən, neft hasilatının dərhal azaldılması məsələsini müzakirə ediblər, lakin konkret razılaşmalar barədə məlumat bildirilmir.

Öz növbəsində Beynəlxalq Energetika Agentliyi (BEA) də OPEK+ ölkələrini hasilatı "mümkün qədər tez" azaltmaqla yanaşı, həm də bu azalmaların dərinləşməsi barədə düşünməyə çağırdı.

“Biz sənaye üçün bu “qara aprel”də neft bazarlarında qeyri-adi sarsıntılar görməyə davam edirik. OPEK+ tərəfindən təklifin azaldılması möhtəşəm bir başlanğıcdır (bazarı tarazlaşdırmaq üçün – “R+”), lakin düşən tələbin miqyası üzündən bazarda tarazlığın dərhal bərpası üçün yetərli deyil”, - deyə BEA-nın rəhbəri Fatih Birol öz «Twitter» səhifəsində yazıb.

Bununla bağlı, BEA-nın OPEK+ üçün üç təklifi var. Birincisi, hasilatın azaldılması ilə bağlı bu yaxınlarda qərar qəbul etmiş ölkələr ən qısa müddətdə hərəkət etməli, həm də azaldılmanın daha da dərinləşdirilməsi barədə  düşünməlidirlər. İkincisi, ölkələrin maliyyə qurumları bazar göstəricilərinin titrəməsinin qarşısını almaq üçün tədbirlər görməlidirlər. Üçüncüsü, BEA strateji neft ehtiyatlarına malik ölkələrə bazardan barel artıqlığının çıxarılmasına kömək etməyi təklif edir.

Bütünlükdə, analitiklərin çoxu bazarı yaxın zamanda tarazlaşdırmaq üçün neft hasilatçısı ölkələrin bəyan etdikləri həcmləri yetərli saymırlar, çünki tələb və tələb arasındakı fərq çox böyük olaraq qalır. Onlar may ayı üçün tələbin azalmasını 25-30 milyon barel/gün səviyyəsində qiymətləndirirlər.

Bununla birlikdə, son OPEK+ anlaşmasının bağlanmasında çətinlikləri nəzərə alanda, onun iştirakçılarının neft hasilatında əlavə azaltmalara razı ola biləcəyinə inanmaq çətindir, yalnız Ər- Riyadın əvvəlki anlaşmalardakı kimi könüllü olaraq hasilatı razılaşdırılmış həcmlərdən çox azaltmağı seçməsi istisna olar.

 

Azərbaycan da «işin içindədir»

Yeni anlaşmada Azərbaycan üçün hansı rol nəzərdə tutulub? Ölkənin neft bazarının sabitləşməsi prosesində fəal iştirakı artıq çoxdan heç kimə təəccüblü gəlmir, mətbuat hər yeni sövdələşmədə Azərbaycanın yeni kvotasının necə olacağını maraqla izləyir. Yeni OPEK+ anlaşmasının şərtlərinə görə, ölkə gündəlik hasilatı 2018-ci ilin oktyabr səviyyəsini (718 min barel göstəricisini) baza götürərək 2020-ci ilin may-iyun aylarında 23%, 2020-ci ilin iyul-dekabr ayında 18%, 2021-ci ilin yanvarından 2022-ci ilin mayına qədər olan dövrdə 14% azaltmalıdır.

Beləliklə, may-iyun aylarında ölkə neft hasilatını 210 min barel azaltmalı olacaq. Ölkədə neft hasilatının böyük hissəsinin «Azəri», «Çıraq» və «Günəşli» (AÇG) yataqlarının payına düşdüyü nəzərə alınarsa, azaldılmanın müəyyən hissəsinin AÇG-nin, digər hissəsinin isə SOCAR-ın hesabına təmin olunacağını güman edə bilərik.

Beynəlxalq Valyuta Fondu gözləyir ki, 2020-ci ildə Azərbaycanda gündəlik neft hasilatının 0,67 milyon barel, 2021-ci ildə isə 0,65 milyon barel olacaq, 2019-cu ildə isə 0,71 milyon barel olub.

Azərbaycan üçün neftin qiyməti amili önəmlidir. 2020-ci il dövlət büdcəsində neftin qiyməti bir barel üçün 55 dollar səviyyəsində müəyyən edilib. Birinci rübün nəticələrinə görə, Azərbaycanın aşağı neft qiymətlərindən itkiləri qiymətləndirmək mümkün deyil, çünki Azərbaycan neftinin orta qiyməti bir barel üçün 59 dollar olub. Aydın mənzərə yalnız ikinci rübün nəticələrində görünəcək.  

Bununla belə, ölkə Prezidenti İlham Əliyev Azərbaycanın 2020-ci ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafının nəticələrini açıqlayaraq bu itkilərin həcminin 1 milyard dollara çata biləcəyini söyləyib.

"Əgər neftin qiyməti lazımi səviyyəyə qalxmasa, onda biz əlavə itkilərə məruz qalacağıq. Biz bunu bilməliyik ki, bu itkilər təqribən 700 milyon, bəlkə də 1 milyard dollar ətrafında ola bilər", - deyə İ.Əliyev bildirib.

«Fitjh» agntliyi proqnozlaşdırıb ki, aşağı neft qiymətlərinin davam etməsi şəraitində Azərbaycanın neft-qaz sektorunda istehsal və sərmayə qoyuluşu azalacaq. Bundan əlavə, neftin qiymətinin kəskin aşağı düşməsi Dövlət Neft Fonduna neftdən daxil olan fiskal gəlirləri önəmli dərəcədə azaldacaq.

Bir sözlə, Azərbaycanın OPEK+ sazişində iştirakı əvvəlcədən müəyyən edilmişdi, çünki ölkə hakimiyyətinin fikrincə, bu, qərarları neft bazarına və qiymətlərə müsbət təsir göstərən unikal əməkdaşlıq formatıdır.

“Bildirmək istəyirəm ki, Azərbaycan həmişə OPEK+ çərçivəsində çox fəal rol oynamışdır. Onu da xatırlatmaq istəyirəm ki, OPEK+ formatının ideyasını ilk dəfə Davos Ümumdünya İqtisadi Forumunun panel müzakirəsində mən vermişdim. Hətta bu gün OPEK-in baş katibi bunu qeyd edir. İndi artıq nəinki OPEK+ və neft hasil edən bütün ölkələr razılığa gəlib. Hesab edirəm ki, bu, çox nadir əməkdaşlıq formatıdır və bu format hər bir ölkənin üzərinə əlavə öhdəlik qoyur, o cümlədən Azərbaycanın. Bu razılaşmaya görə bizim neft hasilatımız bu il ixtisar ediləcək", - deyə İ.Əliyev vurğulayıb.

 

Proqnozlaşdırılan artım

Ekspertlərin əksəriyyəti gözləyirlər ki, karantin tədbirləri ləğv edildikdən və tələb bərpa edildikdən sonra OPEK+ anlaşmaları ortamüddətli perspektivdə neft qiymətlərinə dəstək verəcək və qiymətlərin 2021-ci ildə bir barel üçün 45-55 dollar arasında dəyişən orta səviyyəyə qayıdacağına ümid edirlər.

“Mayın 1-dən bəri istehsalın azalması irimiqyaslı və əvəzsiz olsa da, onlar, yəqin ki, qarşıdakı həftələrdə qiymətlərin kəskin enməsinin qarşısını almaq üçün müəyyən işlər görəcəklər. Özü də, onlar ilin qalan hissəsində tələb və təklif balansına, eləcə də neft qiymətlərinə önəmli dərəcədə müsbət təsir göstərməlidirlər", - deyə «Citibank»ın analitikləri vurğulayırlar. Bank həmçinin «Brent»in qiymətinin 2021-ci il üçün proqnozunu bir barel üzrə 38 dollardan 56 dollara qədər artırıb.

«Fitch» isə «Brent» markalı neftin orta qiymətinin 2020-ci ildə bir barel üçün 35 dollar, 2021-ci ildə - 45 dollar, 2022-ci ildə isə 53 dollar səviyyəsində olacağını proqnozlaşdırır.

«Goldman Sachs»da isə 2021-ci ildə «Brent» markalı neftin orta qiymətinin 52.5 dollar/barel olacağı proqnozlaşdırılır.

Şəksiz, koronavirus pandemiyası dünya iqtisadiyyatına ciddi ziyan vurub, onun bərpası aylarla deyil, illərlə davam edəcək. Buna baxmayaraq, "Biz birlikdə - güclüyük!" şüarının əsas dərsi mənimsənildi. Bu gün bu karantin şüarı, neft bazarındakı vəziyyət üçün hər zamankından daha aktualdır - vəziyyətdən çıxış yolu yalnız birgə səylərlə tapıla bilər.



MƏSLƏHƏT GÖR:

313