25 Noyabr 2024

Bazar ertəsi, 12:20

NƏTİCƏ GÖZLƏYƏRƏK

Koronavirus pandemiyası bəşəriyyətə hansı dəyişikliklər vəd edir

Müəllif:

01.05.2020

Bəşəriyyət yeni qlobal çağırışla qarşı-qarşıyadır: koronavirus pandemiyası milyardlarla insanın həyatını dəyişib və reallıq daha əvvəlki kimi olmayacaq. Çin ərazisində yayılmış yeni xəstəlik «COVID-19» adı aldıqdan bu yana beynəlxalq KİV-də və sosial şəbəkələrdə ən çox istifadə olunan söz məhz budur. İndi, bizi bir çox dəyişiklik gözləyir – ənənəvi dünya düzənindən tutmuş, şəxsi vərdişlərədək. Belə fikirlərə emosiyasız yanaşmaq çətin olsa da, vacibdir. İlk növbədə isə obyektiv şəkildə, nələrin baş verdiyini anlamaq lazımdır.

 

«COVID-19»: söz və rəqəmlər 

«COVID-19»un ən böyük təhlükəsi onun gözlənilmədən peyda olmasında, dəqiq simptomlarının, yayılma mexanizminin olmamasında, həmçinin ciddi ağırlaşma verməsindədir – o, ölümə və ya əlilliyə səbəb ola bilər. Lakin koronavirusun dünyanın ən təhlükəli xəstəliyi olduğu demək də, ən azı, bu gün şişirtmə olardı. Jurnalımız çapa hazırlanan zaman dünyada bu xəstəliyə yoluxmuş insanların sayı 3 milyondan bir qədər az idi. Onlardan 190 mindən çoxu dünyasını dəyişib. Bununla yanaşı, «Worldometer» xəbər verir ki, bu il dünyada müxtəlif infeksion xəstəliklərdən artıq 4 milyondan artıq insan ölüb, İİV infeksiyasına yoluxmuş şəxslərin sayı 47 milyona çatıb (onlardan ən azı 500 mini dünyasını dəyişib), xərçəngdən ölənlərin sayı 2,5 milyon, malyariyadan vəfat etmiş insanların sayı isə 300 mindən çoxdur. Bundan başqa, dünyada hər il vərəmdən 2 milyon, malyariyadan 1,3-3 milyon insan dünyasını dəyişir. Bütün bunların fonunda əlbəttə ki, koronavirus pandemiyasının bəşəriyyətin (yaxud onun bir hissəsinin) üzləşdiyi ən təhlükəli bəla adlandırılması qəribə olardı. Bu, ən azı hələlik belədir. Məsələyə yalnız ölənlər və əziyyət çəkənlərin sayı baxımından yanaşsaq, yalnız ötən əsrin iki dünya müharibəsini və onlarla lokal «soyuq» savaşları xatırlatmaq kifayətdir.

Əlbəttə ki, pandemiya üzündən sərhədlərin bağlanması, karantin rejiminin tətbiqi və s. tədbirlərin yaratdığı iqtisadi böhranın potensial qurbanlarından danışırıqsa, fərqli mənzərə yaranır. Məsələn, uzun onilliklər ərzində ilk dəfədir ki, dünyanın ikinci iqtisadiyyatı olan Çində ciddi geriləmə qeydə alınıb. ABŞ, Avropa İttifaqı, bir çox Asiya dövləti, Rusiya və s. də eyni vəziyyətdədir. Hər yanda işsizlik sürətlə artır. Artıq söhbət az qala, qlobal humanitar fəlakətdən gedir. Məsələn, BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli dünyanın bir neçə ay sonra Bibliya miqyasında aclıqla üz-üzə qala biləcəyini deyir. Deyilənə görə, dövlətlər son dərəcə ciddi tədbirlər görməzsə, bu il dünyada ac insanların sayı 2 dəfə artacaq.

Amma bu yerdə o da qeyd olunmalıdır ki, pandemiya iqtisadi böhranı yaratmayıb, sadəcə, sürətləndirib. Hər halda, belə böhrandan «COVID-19»dan əvvəl də danışılırdı, 2008-2009-cu illər isə bu mənada «əsas məşq» belə, sayıla bilər. İngiltərə Bakının sabiq rəhbəri Mervin Kinq hələ ötən ilin oktyabrında verdiyi açıqlamada dünyaya «maliyyə armageddonu» vəd edirdi. Müxtəlif səviyyəli başqa ekspertlər də borc öhdəliklərinin həddindən artıq böyüyəcəyi, aşağı və mənfi faiz dərəcələri, qloballaşmanın yaradacağı ziddiyyətlər, ticarət savaşları və s. kimi təşviş doğuran amillərdən çoxdan danışırdı.

Ötən ilin sentyabrında «Forbes» jurnalı da hadisələrin inkişaf variantlarının çox olmadığını yazırdı. «Ya kapitalizm modeli dəyişməli və yeni dəyərin müəyyənləşdirilməsi üçün yeni istehsalat texnologiyalarına keçilməlidir, ya da dünya iqtisadiyyatı ayrı-ayrı yarımtəcrid zonalarına bölünməlidir. Ya mövcud öhdəliklərə son qoyacaq dünya müharibəsi, ya da sosial böhranın yaradacağı və müasir sivilizasiyanın nemətlərini yenidən bölüşdürəcək dünya inqilabı», - deyə jurnal yazırdı. Gözlənilirdi ki, böhrana az qala hər şey səbəb ola bilər. Məsələn, hər hansı nəhəng bankın müflis olması. Deyilirdi ki, böhran məhz qloballaşma prosesləri sayəsində sürətlə yayılacaq. Başqa sözlə, heç kəsin səbəbin pandemiya olacağını gözləmirdi…

Bununla yanaşı, doğrudur, neft hasilatçısı olan dövlətlərin hasilatı azaltmaqla bağlı razılığa gələ bilməməsinin günahı pandemiyada deyil. Lakin «qara qızıl»ın sürətlə ucuzlaşmasında dünyanın böyük hissəsində karantin rejiminin elan olunmasının da rolu var.

Bundan başqa, demək olar ki, hər dövrdə mövcud olmuş ərzaq böhranına görə də koronavirusu günahlandırmaq olmaz. Bu gün dünyada 820 milyon insan aclıqdan əziyyət çəkir, 1,3 milyard nəfər tam qidalana bilmir, təxminən, 800 milyon nəfər isə təhlükəsiz içməli su çatışmazlığı yaşayır. Bu rəqəmlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu, Ümumdünya Ərzaq Proqramı və Ümumdünya Səhiyyə Təşkilatının hələ 2019-cu ildə açıqladıqları birgə məruzədə yer alıb. Görünür, əvvəllər bu rəqəmlər humanitar fəlakət və ya «Bibliya miqyasında» aclıq haqda danışılması üçün kifayət etmirmiş. Bu gün isə aclıq içərisində olan Afrikaya, Latın Amerikası və Asiyaya vəziyyətin kökündən dəyişdiyi Qərb dünyası da qoşula bilər – yalnız mental deyil, həm də faktiki səviyyədə.

 

Başlı başını saxlasın

Bütün bunların fonunda geosiyasətdə də bənzər apokalipsis yaşanmaqdadır. Böhran şəraitində dünyanın demək olar ki, bütün dövlətləri «başlı başını saxlasın» prinsipindən çıxış edir. Bu mənada Aİ-nin «parçalanmanın bir addımlığında», ABŞ-ın vətəndaş müharibəsinin astanasında olduğu, qloballaşmanın isə artıq tarixə qovuşduğu deyilir. Bunlar kifayət qədər ciddi bəyanatlar olsa da, əslində, heç də yeni fikirlər deyil. Hər halda, biz «başlı başını saxlasın» tamaşasını indiyədək dəfələrlə BMT Baş Assambleyasının və ya Təhlükəsizlik Şurasının toplantılarında görmüşük.

Konkret olaraq Avropaya gəlincə, o, nə qədər bölünmüş vəziyyətdə olduğunu hələ koronavirusun yayılmasından bir neçə il əvvəl – miqrasiya böhranı zamanı göstərib. Bundan başqa, bu ilin yanvarında Böyük Britaniyanın Aİ-dən uzaqlaşmasını nəzərdə tutan «Brexit» də, nəhayət, baş tutub.

Son illər Avropada millətçi əhvalın yüksəldiyi, populist siyasətçilərin populyarlaşdığı da sirr deyil. Odur ki, Aİ-nin koronavirus pandemiyasına reaksiyası heç kəsi təəccübləndirməyib. Üstəlik, bu, son deyil. Qarşıda Avropa ölkələri öz iqtisadiyyatlarını dirçəltmək üçün konkret əməllərə keçəcək və bu zaman, güman ki, bu bölünmə daha da güclənəcək.

ABŞ-da vətəndaş qarşıdurmasının güclənməsi də heç kəsi təəccübləndirməməlidir. Birləşmiş Ştatlar artıq 4 ildir iki hissəyə parçalanmış (Trampın tərəfdarları və əleyhdarları) halda yaşayır. Karantin şəraitində hər iki tərəfdə narazılığın daha da artması isə təbiidir – ölkədə bir anda milyonlarla insan işsiz qalıb və Amerikanın səhiyyə sisteminin problemləri üzə çıxıb. Halbuki. hər dəfə prezidentliyə namizədlər ağız dolusu bu sistemdən danışır. Reallıqda isə vəziyyət tam fərqlidir və səhiyyə sistemini heç bir prezident sahmana salmır.

Beləliklə, koronavirus pandemiyası bir sıra proseslərə sadəcə təkan olub. Məsələn, Tramp aprelin ortalarında ölkəsinin immiqrasiyanı 2 ay müddətinə dayandırdığını bəyan edib və bunu pandemiyanın mənfi iqtisadi nəticələrilə əsaslandırıb. Halbuki, Ağ Ev sahibinin miqrantlara münasibətini, hələ bir müddət əvvəl onun Meksika ilə sərhəddə divar tikmək istəyini yada salsaq, hər şey aydın olur.

 

Rəqəmsal konslager?

Həyatın bütün sahələrinin rəqəmsallaşmasının qaçılmazlığı haqda fikirlər də yeni deyil. Söhbət informasiya və telekommunikasiya texnologiyalarından daha geniş istifadədən, süni intellektdən, internetdən və s. gedir. Bu məsələni də gündəmə koronavirus pandemiyası gətirməyib, lakin bu prosesi də məhz o, sürətləndirib. Xüsusilə karantin dövründə əksər işlər, həmçinin tədris onlayn rejimə keçib. Bu prosesə qarşı getmək mümkündürmü və lazımdırmı? Əlbəttə ki, yox! Bütün yeniliklər kimi, o da insanlar tərəfindən qəbul edilməyə, hətta onlarda qorxu və qıcıq yarada bilər. Lakin nəticədə hər kəs yeni reallıqla ayaqlaşmalı olacaq, başqa yol yoxdur.

Maraqlıdır ki, rəqəmsallaşmanı fərdi mikroçiplərin tətbiqilə də əlaqələndirirlər ki, bu da demək olar, hər kəs tərəfindən mənfi qarşılanır. Bunu «rəqəmsal konslager» adlandıranlar belə, var. Mikroçiplərin tətbiqinə (nanopeyvənd, immun pasportu, rəqəmsal sertifikatlaşma) qarşı olanlar deyir ki, bu, insana total nəzarət imkanı yaradacaq. Məsələn, Rusiya KİV-i yazır ki, Dövlət Duması aprelin 17-də Vahid Federal İnformasiya Registrinin yaradılması haqqında qanun layihəsini qəbul edib. Bu, şər bir vətəndaş haqqında tam informasiyanın vahid mərkəzdə toplanmasını da nəzərdə tutur. Orada hər insanın adı, doğum yeri və tarixi, iş yeri, səhhətilə bağlı durum və s. qeyd olunacaq. Adi insana bu, əlbəttə ki, xoş təsir bağışlamır. Amma burada yenilik varmı? Birmənalı olaraq yox! Çiplər vasitəsilə insanın psixi durumuna, davranışına müdaxilə oluna biləcəyilə bağlı ehtimallar narahatlıq doğurursa, bunun total nəzarətə yol açacağı haqda düşüncələr həqiqətən gülməli sadəlövhlükdür. Çünki ölkə sərhədini keçmək istəyən şəxslərlə bağlı sadalanan məlumatlar istənilən sərhədçiyə, yaxud kredit götürmək istəyən vətəndaşın haqqında həmin bilgilər istənilən banka məlumdur.

Vətəndaşın harada, nə vaxt və necə təhsil aldığı, hərbi xidməti harada və necə keçdiyi, həkimlərə hansı xəstəliklər səbəbilə müraciət etdiyi də dövlət üçün sirr deyil. Fərdi hərəkət azadlığına gəlincə, bunun üçün də hansısa xüsusi çipə ehtiyac yoxdur. Əksəriyyətimizdə bu «çip» (həm də bir neçəsi) çoxdan var – «Google» vasitəsilə axtarış aparmaqda, özümüz özümüz haqda məlumatları könüllü şəkildə paylaşırıq (onların vasitəsilə fobiyalardan tutmuş, seksual oriyentasiyayadək hər şeyi öyrənmək mümkündür). Bundan başqa, elektron yazışmalar aparır, fotolarımızı «bulud server»lərdə saxlayır, müxtəlif proqramların atdığımız addımları saymasına, hərəkətimizi izləməsinə imkan yaradırıq, onlayn oyunlar oynayır, müxtəlif marafonlarda iştirak edir, milliyyətcə kim olduğumuzu «öyrənmək» üçün öz üzümüzü «skan» edirik, şərhlər yazır, paylaşımları bəyənirik və s. Beləliklə, evində bir kompüter və planşeti, 2 smartfonu olan, avtomobilində GPS naviqator susmayan insanın çip vasitəsilə izlənəcəyindən narahat olması yumşaq desək, gülməlidir.

 

Bill Geyts: qalsın, ya ölsün?

Bu mövzuya bu qədər mənfi diqqətin niyə məhz indi (vətəndaşların karantin rejimi ilə əlaqədar evdən çıxmaq üçün QR almalı olduğu, hər kəsin psixoloji gərginlik içərisində yaşadığı günlərdə) cəmləşdiyi isə başqa məsələdir və bu, heç də gülməli deyil. Belə bir atmosferdə konspiroloji versiyalar sadəcə, qanunauyğunluqdur. Lakin bir anda məlum olub ki, onların ən ciddisi Bill Geytsin adı ilə bağlıdır. Bununla yanaşı, məlumdur ki, milyarder nəinki heç nəyi gizlətməyib, əksinə, son zamanlar adının bütün «konspiroloqlar» tərəfindən gündəmə gətirilməsi üçün mümkün olan və olmayan hər şeyi edib. Hər kəs yazır ki, Geyts «övladı» «Microsoft»u xeyriyyə fondu (Bill və Melinda Geyts Fondu) yaratmaq və ÜST-ün maliyyələşdirilməsilə məşğul olmaq üçün tərk edib. Onu da yazırlar ki, o, Amerikanın TED qeyri-kommersiya fondunun hələ 2015-ci ildə keçirilən konfransında bəşəriyyətə xəbərdarlıq edibmiş. Deyilənə görə, Geyts həmin konfransda dünya üçün ən ciddi təhdidin nüvə müharibəsi yox, 10 milyonlarla insanın həyatına təhlükə yarada biləcək virus olduğunu deyibmiş. Bununla da, kifayətlənməyən Bill Geyts 2019-cu ilin oktyabrında Nyu-Yorkda mümkün koronavirus pandemiyası və onun faciəvi fəsadlarına həsr olunmuş «Event 201» adlı tədbir də keçirib.

Bundan başqa, müxtəlif mənbələr yazır ki, Bill Geyts hələ 3 il əvvəl ID2020 dövlət-özəl qurumu yaradıb. Hədəf 2030-cu ilədək dünyanın bütün insanlarını rəqəmsal ID ilə təmin etməkdir. Layihədə «Microsoft», «Accenture», «PricewaterhouseCoopers», «Cisco Systems» iştirak edir. Razılaşın ki, bütün qeyd olunanları nəzərə alsaq, Geytsdən şübhələnməmək olmur. Üstəlik, belə şübhəyə yalnız sıravi vətəndaşlar deyil, «Fox News» telekanalı və ya ABŞ-ın ədliyyə naziri Uilyam Barr belə, düşüb. Müasir dildə desək, Geytselə «populyarlaşıb» ki, koronavirusla bərabər “Facebook” və “YouTube”un topuna düşməyi bacarıb.

Geyts versiyasını daha sonra şəxsən ABŞ prezidenti Donald Tramp davam etdirib. Aprelin 14-də o, Geytsin sıx əməkdaşlıq etdiyi ÜST-ü tənqid atəşinə tutub. Ağ Ev sahibi hesab edir ki, ÜST koronavirus nəticəsində yaranmış böhranla mübaizədə tam qeyri-peşəkarlıq göstərib. ABŞ prezidenti hesab edir ki, qurum virusun Çində yayılma səviyyəsi haqda da dezinformasiya yayıb, oradakı xəstələrin sayını xeyli «azaldıb». Nəticədə 2019-cu ildə ÜST-ə təxminən 400 milyon dollar ayırmış Vaşinqton qurumun maliyyələşdirilməsini dayandırıb. KİV isə ÜST-ün tamamilə Çinin nəzarətində olduğunu yazmağa başlayıb. «BMT-nin vacib orqanı olan Ümumdünya Səhiyyə Təşkilatı əsas işilə məşğul olmaq əvəzinə, bəzən Çinin maraqlarına xidmət edib. Halbuki, onun işi dünyanı sağlamlıqla bağlı risklərdən qorumaqdır», - deyə Almaniyanın «Der Spiegel» jurnalı yazır.

Avropa İttifaqı, Almaniya hökuməti, həmçinin Rusiya və ÇinABŞ prezidentinin qərarını sərt tənqid edib, Trampa müxalifətdə olan Amerika mətbuatı isə onu «qurbanlıq qoyun axtarmaqda» günahlandırıb: «Donald Tramp ölkədə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tədbirləri çox ləngidib və indi, buna görə günahı kiminsə üzərinə qoymağa çalışır».

Beləliklə, prinsipcə hər şey yenə də Tramp siyasətinin məntiqinə, onun Pekin və beynəlxalq qurumlara münasibətinə uyğun gəlir. Odur ki, Amerika ilə Çinin bir-birinə virusun süni yolla yaradıldığına dair ittihamlar da təəccüblü deyil. Məlum olduğu kimi, o, Çinin Uhan şəhərindən – yeni soyulub təmizlənmiş nəhəng yarasa bazarının da, böyük virusologiya mərkəzinin də yer aldığı şəhərdən yayılmağa başlayıb.

Virusun süni yaradıldığına dair deyilənlər diskussiyaları tam fərqli məcraya yönəldir. Çünki bu halda söhbət artıq bakterioloji silahdan istifadədən gedir. Dünyanın siyasi icmalçıları hələ ki, bu versiyanı o qədər də geniş şərh etmir.

 

Feykopandemiya

Əlbəttə ki, virusun mənbəyilə bağlı diskussiyalar Geyts, bioloji silah və çip məsələsilə bitmir. Bəziləri iddia edir ki, virusu 5G şəbəkəsi yayıb, yaxud insanların bir-birilə durmadan müharibə aparmasından, savaşmasından bezmiş yadplanetlilər tərəfindən gətirilib. Bir versiyaya görə isə bu, Yerdə insanların azaldılmasına, eyni zamanda atmosferə çirkli tullantıların atılmasının məhdudlaşdırılmasına çalışan Qreta Tunberqin başçılıq etdiyi eko-terrorçuların işidir. Bu da son deyil. Bəziləri yazır ki, dünya elitası Yer əhalisinin «qızıl milyard»dək azaldılması planının icrasına başlayıb, digərləri iddia edir ki, günah peyvənd satışını düşünən əczaçılıq şirkətlərindədir. Bəzi ekspertlər isə deyir ki, əslində, koronavirusla sadəcə, dünya iqtisadiyyatındakı çöküşü «maskalayırlar».

Bu qədər saysız-hesabsız versiyanın yaranmasına isə əlbəttə ki, beynəlxalq KİV-də və sosial şəbəkələrdə yer alan saxta informasiyalar yol açır. Saxta xəbərlər o qədər çoxdur ki, artıq, həqiqətən də, indiyədək bəşəriyyətin rastlaşmadığı pandemiya təsəvvürü yaradır. Psixoloqlar deyir ki, yeni xəstəliyin yayılması kimi kataklizmlər insanların şüuraltına ciddi zərbə vurur. İndi isə buraya bir ciddi amil də əlavə olunur – bütün bunlar ilk dəfə onlayn rejimində baş verir. Odur ki, koronavirusun «meyvə»sini hələ virusun unudulmasından sonra belə, uzun müddət «yeyəcəyik». Bu, indiki şəraitdə əminliklə verilməsi mümkün olan azsaylı proqnozlardan biridir.

İnsanların ümumilikdə tibbə, səhiyyəyə, epidemiologiyaya, həmçinin gigiyenaya daha ciddi yanaşmağa başlayacağını da düşünmək olar. Əks halda, ən azı 5 ildən bir «korona»nın yeni növləri üzə çıxarsa, bəşəriyyət ömürlük karantin rejimində yaşamaq məcburiyyətində qala bilər. Bu üzdən bəzi ekspertlər artıq əmindir ki, bundan sonra həkimlər, alimlər, FHN əməkdaşları və hərbçilərə daha ciddi diqqət göstərilməli, onlar ən azı idmançılar və ya kino ulduzları qədər qazanmalıdır. Buna inanmaq çətin olsa da, necə deyərlər, yaşayarıq, görərik…

Ekologiyaya münasibətin də dəyişməməsi mümkün deyil. Çünki prinsipcə o qədər də ciddi sayılmayan çağırış dünyanı «dondurubsa», beynəlxalq iqtisadiyyatı «boğubsa», daha ciddi vəziyyət yaranarsa, məsələn, dəhşətli daşqınlar, quraqlıqlar və ya zəlzələlər silsiləsi baş verərsə, bəşəriyyət bunun öhdəsindən necə gələcək?

İndiki halda birmənalı söylənməsi çətin olan dövlətlərin siyasi quruluşunun, beynəlxalq təşkilatların səlahiyyətlərinə və funksiyalarına yanaşmasının necə dəyişəcəyi, yaxud ümumiyyətlə dəyişib-dəyişməyəcəyidir. Dünya anarxiyaya, feodalizmə, diktaturaya yuvarlanacaq, yoxsa əksinə, daha demokratik olacaq? Qloballaşma dövrü bitəcək və Fransa prezidenti Emmanuel Makronun proqnozlaşdırdığı kimi, «ağlasığmazlar əsri» başlayacaqmı? Bütün bunlar iqtisadi böhranın nələrə yol açacağı, hər bir dövlətin bu vəziyyətdən necə çıxacağı aydınlaşdıqdan sonra məlum olacaq. Hər şey yeni başlayır…



MƏSLƏHƏT GÖR:

325