Müəllif: Almaz MAHMUD
Məlumatlısansa, demək silahlısan. Bəşəriyyəti yeni koronavirus infeksiyasının bürüdüyü bir vaxtda dünyada tələbatın artdığı yalnız maska və tibbi spirt deyil. Özünü və yaxınlarını gözəgörünməz düşməndən qorumağa çalışan insanlar vəziyyətlə bağlı dəqiq, operativ məlumat əldə etmək istəyir. Lakin sürətlə inkişaf etməkdə olan sosial şəbəkələr həqiqi və saxta informasiya arasında qızğın mübarizəyə yol açıb.
Bu vəziyyətdə kütləvi informasiya vasitələrinin üzərinə hansı məsuliyyətin düşdüyü, pandemiya dövründə dünya mətbuatının özünü necə apardığı haqda Avropa İnformasiya Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandru Yon GİBOİ ilə söhbətləşmişik.
- Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı vəziyyət rikslərlə bağlı xəbərdarlıq mərhələsindən bütün dünyanı bürümüş böhranla bağlı məlumatlandırma mərhələsinə keçib. Bu vəziyyətdə KİV-in rolu nədən ibarətdir?
- Hər böhranlı vəziyyətdə KİV hadisələrin tam ortasında, ictimaiyyətin diqqət mərkəzində yer alır. Bu, mətbuatın yaranmaqda olduğu dövrdə də belə olub. Halbuki o zaman hələ mass-media indiki anlamda mövcud deyildi, onun yalnız işartıları var idi.
Təbii ki, indiki şəraitdə KİV ictimaiyyətin məlumatlandırılmasında aparıcı rola malikdir. Pandemiyanın yayıldığı ilk həftələrdən yazılı mətbuatın tirajının, telekanalların auditoriyasının artdığını, saytların daha böyük kütlə tərəfindən izlənildiyini müşahidə edirik. Artıq bu proses bir qədər zəifləsə də, yenə də davam edir. Demək, redaksiyaların çiyinlərinə «adi» zamanlarda olduğundan daha böyük məsuliyyət düşür.
Bununla yanaşı, mövcud tələbatın, sadəcə, bir sıçrayış olduğu, yoxsa sabit olaraq bu cür davam edəcəyi bəlli deyil. Karantin dövründə insanların məlumata tələbatı daha çox olur, çünki onlar evdə daha çox qalır. Başqa sözlə, belə şəraitdə insanın televizora baxması, qəzet və ya jurnal oxuması, bir sözlə, informasiya alması üçün vaxtı daha çox olur. Bu vərdiş pandemiya bitdikdən sonra da qalacaqsa, ənənəvi KİV-ə yüksək tələbat davam edəcək.
- Avropa KİV-i ictimaiyyəti pandemiya ilə bağlı tam məlumatlandırmağa qadirdirmi?
- İnanıram ki, Avropa KİV-i qarşıdakı aylarda yarana biləcək bütün maddi çətinliklərə rəğmən, bu vəzifənin öhdəsindən gələcək. Jurnalistlər cəmiyyətdəki rollarını anlayırlar və mən öz işinə sadiq olan peşəkarlara indi daha çox rast gəlirəm. Onlar evdən işləməklə belə, öz auditoriyalarına son dərəcə dəyərli informasiyalar çatdırırlar. Bunu Avropa İnformasiya Agentlikləri Alyansına üzv olan informasiya agentliklərində çalışan həmkarlarımın timsalında görürəm.
- Fövqəladə vəziyyətlərdə saysız-hesabsız saxta xəbər də yayılır. Bu gün informasiya məkanında doğru xəbər çoxdur, yoxsa yalan?
- Biz yalan xəbərlə doğru informasiya arasında bitmək bilməyən mübarizənin şahidiyik. Təəssüf ki, bu döyüş uzun çəkəcək. Hazırkı pandemiya dövründə dezinformasiya yaymaq cəhdləri hər zamankından daha çoxdur. Bu, dəhşətli sosial fəsadlara yol aça bilər. Lakin yaşananlara nikbin tərəfdən baxsaq, düşünürəm ki, artıq cəmiyyət informasiya seçimini daha yaxşı bacarır.
Faktların müqayisəsi ilə məşğul olan peşəkar mütəxəssislər öz işlərinin öhdəsindən yaxşı gəlir və bu, bizə çox kömək edir. Bununla yanaşı, dezinformasiya kampaniyasından yalnız ictimaiyyət yox, özəl şirkətlər, dövlət və ümumilikdə dünya birliyi də əziyyət çəkir. Düşünürəm ki, dezinformasiya ilə mübarizə az və ya çox, hər birimizin vəzifəsidir. Mənbələri seçməkdə, saxtakarları ifşa etməkdə daha fəal olmaqla, bu işə hər birimiz öz töhfəmizi verə bilərik. Şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, informasiya agentlikləri bu mübarizədə böyük rol oynayır. Çünki bütün dünyada xəbərlərin toplanması və seçilməsində ilk nöqtə onlardır. Səmimi olaraq hesab edirəm ki, səhmdarlar (söhbət özəl informasiya agentliklərindən gedir) və ya dövlət (ictimai və ya dövlət informasiya agentlikləri) bu məsələdə informasiya agentliklərinə və jurnalistlərə dəstək verməlidir.
- Pandemiyanın KİV-də işıqlandırılması ilə bağlı hər hansı maraqlı araşdırma və ya təhlil varmı?
- Yeni araşdırmalar bütün dünyada davamlı olaraq dərc edilir. Lakin maraqlı araşdırmaçılar və ya KİV-in daimi auditoriyası diqqəti öz cəmiyyətlərində baş verənlərlə bağlı araşdırmalara yönəltməlidir. Məsələn, Jurnalistikanın Öyrənilməsi üzrə Röyter İnstitutu, «The Niemen Lab», «Columbia Journalism Report» hər zaman çox faydalı resurslar olublar və bu gün də belədirlər.
- Bəs, siz nə təklif edirsiniz?
- Düşünürəm ki, hazırkı pandemiya dövründə xəbərlərin yayılmasında maksimum sadəliyə nail olmalıyıq. İnsanlar isə rəsmi və etibarlı mənbələrə inanmalıdır. Məsələn, pandemiyanın təkamülü ilə bağlı ən vacib informasiya mənbəyi Ümumdünya Səhiyyə Təşkilatıdır. Bu mövzuda ən dəqiq tibbi tövsiyələri məhz o verir. Başqa ölkələrdən nümunə götürülməsinin ən doğru yol olduğunu düşünmürəm. Çünki hər ölkədə vəziyyət fərqlidir. Odur ki, bir ölkədə doğru olan başqa ölkədə işə yaramaya bilər. Bu üzdən də hesab edirəm ki, hər bir dövlət yeni virusla öz mübarizə yolunu tapmalıdır.
- Bəs, belə böhranlar zamanı jurnalistlər hansı yolu seçməlidir: İnsanların özlərini qorumağın vacibliyinə inandırmaq üçün pandemiya haqqında mümkün qədər çox məlumat yaymaq, yoxsa sosial gərginliyi azaldacaq informasiyalara üstünlük vermək?
- Hesab edirəm ki, jurnalistika belə seçim qarşısında qalmamalıdır. Nəzəri olaraq, jurnalistin həqiqət arxasınca getməsi ictimaiyyət üçün yeganə məqsədyönlü variantdır.
MƏSLƏHƏT GÖR: