24 Noyabr 2024

Bazar, 06:21

KƏPƏNƏK EFFEKTİ

Koronavirus pandemiyası insanların yol açacağı ekoloji fəsadların yanında yüngül məşq təsiri bağışlaya bilər

Müəllif:

15.05.2020

Yer üzündə yaşayan hər kəs ayrıca bir fərd olaraq onun üçün ən pis hadisələrin baş vermə ehtimalının kiçik olduğunu düşünərək risk edir. Hər kəs öz-özünə "bu mənim başıma gələ bilməz" mantrasını təkrarlayır. Bu, Yerin fırlanmasına, həyatın davam etməsinə imkan verən ümumi ahəng formasıdır. Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru Ceffri Saks bildirib: "Ən təxirəsalınmaz məsələ dayanıqlı inkişafa nail olmaqdır ki, bu, iqtisadi inkişafın, sosial ədalətin və ekoloji dayanıqlığın uzlaşması deməkdir… "Yer kürəsi onun resurslarını talan etməyimizin templərinə sadəcə tab gətirmir və artıq buna dözə bilmədiyini nümayiş etdirməyə başlayır».

 

Geriyə yol yoxdur?

Riyaziyyatda xaos nəzəriyyəsi adlı bir tədqiqat istiqaməti var və onda kəpənək effekti kimi tanınan bir fenomen mövcuddur. Məğzi ondan ibarətdir ki, mürəkkəb sistemdə kiçik və ilk baxışda əhəmiyyətsiz görünən bir hadisə sistemin digər hissələrdə mühüm hadisələrə səbəb ola bilər. İnsan fəaliyyətinin ekoloji sonucları elə pis ola bilər ki, bunun qarşısında koronavirus testləri zarafat kimi görsənər.  

Yer üzündəki insanların ümumi çəkisi bütün canlıların çəkisinin 0,01%-ni təşkil edir. Dünya İqtisadi Forumunun analitiklərinin təbii risklər haqqında konsaltinq və audit xidmətləri təklif edən beynəlxalq şirkətlər şəbəkəsi «PricewaterhouseCoopers»in (PwC) mütəxəssisləri ilə birlikdə hazırladıqları 2020-ci il hesabatında qeyd etdi ki, flora və faunanın yox olmasına görə məsuliyyət məhz insanın və onun fəaliyyətinin üzərinə düşür. Onlar son yarım əsrdə təbiətdə baş vermiş mənfi dəyişikliklərin 90%-ni beş kateqoriya üzrə qruplaşdırıblar – onların hamısı müəyyən dərəcədə iqtisadiyyat, siyasət, istehlak və insanların digər fəaliyyətləri ilə bağlıdır: torpaq və su ehtiyatlarından istifadədə dəyişikliklər; iqlim dəyişiklikləri; təbii ehtiyatların tükənməsi; çirklənmə; müəyyən bir ərazi və ya orqanizmlərin ekosistemi üçün "yad" olan, yəni insanların sayəsində ortaya çıxan və potensial olaraq zərərli olan invaziv növlərin yayılması.

Hesabat müəllifləri vurğulayırlar ki, növlərin nəslinin kəsilməsi riskləri açıq-aşkar görünür, lakin çox vaxt biz bütün miqyasın yalnız bir hissəsini görə bilirik, çünki ekoloji problemlər logistika və istehsal zəncirində daha dərin gizlənə bilər. Daha öncə ən inkişaf etmiş 36 ölkəni bir araya gətirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ekspertləri hesablamışlar ki, yalnız torpağın deqradasiyası hər il dünya iqtisadiyyatını 6 trilyon dollardan 11 trilyon dollara qədər zərər vurur. Mövcud iqtisadi modelin Yerin təbii ekosistemlərini məhv etməsi faktı daha fundamental önəm daşıyır. 21-ci əsrdə əsas qıtlıqlar şirin su, meşələr, otlaqlar, okean balıqçılıq zonaları, növlərin bioloji müxtəlifliyi və Yer atmosferinin durumu ilə bağlıdır. Dünyanın təbii məhdudlaşdırıcılarının olduğunu qəbul edirikmi və iqtisadiyyatımızı uyğun olaraq yenidən təşkil edəcəyikmi, yaxud geri dönüşün çox gec olduğu ortaya çıxana qədər irəli getməyimizin ekoloci nəticələrini əvvəlki kimi dərinləşdirməyə davam edəcəyikmi?

 

Sular quruyur

Əcdadlarımız hələ qədim Mesopotamiya dövründən bəri su çatışmazlığı ilə mübarizə aparsalar da, getdikcə genişlənən şirin su çatışmazlığı, bəlkə də, dünyanın yeni minillik ərəfəsində üzləşdiyi ən böyük resurs problemidir. Bunu həm qrunt sularının səviyyəsinin aşağı düşməsi, həm də sularını dənizə çatdıra bilməyən çayların quruması sübut edir. Keçən əsrin ortalarından bəri dünya üzrə su istehlakı üç dəfə artdığından, onun həddindən artıq çıxarılması bütün qitələrdə qrunt sularının səviyyəsinin aşağı düşməsinə səbəb olub. Su çatışmazlığı ilə bağlı mübarizədə ən çox təklif olunan vasitələrdən biri suya qiymət qoyulmasıdır, yəni suyun səmərəli istifadə olunduğundan əmin olmaq üçün istehlakçılardan yetərncə yüksək qiymət tutulmasıdır. Su tədqiqatçıları əksər hallarda bu sistemə keçməyin zəruriliyi ilə razılaşsalar da, yalnız çox az sayda hökumət suya qiymət qoyulmasında effektiv siyasəti qəbul edib. Suya görə haqq tutulması praktikada damcı suvarma qurğularının istifadəsini artırmağa imkan verir bu, xüsusən Asiyada geniş istifadə olunan ənənəvi suvarma üsulu, yəni islatma və ya şırım suvarma ilə müqayisədə məhsuldarlığı önəmli dərəcədə artırmağa imkan verir. Damcı suvarması - ilk dəfə İsraildə istifadə olunan bir texnologiyadır - taxıl əkinləri üçün qənaətcil olmasa da, yüksək qiymətli meyvə və tərəvəz bitkiləri üçün su istehlakını 70% azalda biliər.

 

Meşələr xəstələnir

Ağac onlarca sivilizasiya üçün böyük əhəmiyyət kəsb edib və meşələrdən səmərəli istifadə edilməməsi onların bir çoxunu sarsıdıb məhv edib. 20-ci əsrin ortalarından bəri taxtaya tələb iki dəfə, oduna tələb isə, demək olar ki, üç dəfə artıb və kağız istehsalında odundan istifadə isə təqribən altı dəfə artıb. Bundan əlavə, meşələr qırılır və təmizlənir, oraya əhalinin artması ilə əkinçilik üçün daha öncədən istifadə edilən ərazilərdə özünə yer tapa bilməyən əkinçilər yerləşdirilir, bu, həm də ticarət məqsədi ilə əkinçilik məhsullarını yetişdirmə üçün və həm də mal-qaranın otarılması üçün gerçəkləşdirilir. Tropik və subtropiklərdə artan demoqrafik təzyiq altında kənd təsərrüfatı məqsədləri ilə istifadə üçün daha çox meşə ərazisi qırılır. Bir çox regionlarda meşə ərazilərinin əkinçilik və heyvandarlıq üçün qırılması ilə taxta tədarükünün birləşməsi meşələri yanğınlara həssas hala gətirib. Sağlam bir tropik meşə yanmır. Lakin dünyanın iri tropik meşə massivləri artıq sağlam deyillər.

 

Torda balıq azalır

Balıqçılıq bir qida mənbəyi kimi kənd təsərrüfatından daha qədimdir. Ancaq, ilk dəfə məhz bizim müasirlərimiz okean balıqçılıq zonalarında davamlı və hətta yüksək ova nail olublar. Bu gün artıq dəniz bioloqları gələcəkdə okeanların davamlı balıq ovunu təmin edə biləcəklərinə şübhə ilə yanaşırlar, gələcəkdə tələbat son bir neçə ildə əldə edilmiş 95 milyon ton səviyyəsini çox aşacaq. Əgər bioloqlar haqlıdırlarsa, onda adambaşına dəniz məhsulları istehsalında 20-ci əsrin sonlarından başlayan azalma əhali artımı dayanana qədər davam edəcək. 1950-ci ilə qədər anadan olanların adambaşına dəniz məhsulları istehsalının iki dəfə artmasının şahidi olmaq şansı olub, son illərdə dünyaya gələnlər isə həyatları ərzində bu rəqəmlərin iki dəfə azalmasını müşahidə edə bilərlər. Yeni minilliyin əvvəli okean balıqçılığında dönüş nöqtəsi kimi yadda qalacaq: bolluqdan ən çox tələb olan balıq növlərinin qıt olduğu bir vəziyyətə keçiləcək, dəniz məhsullarının qiyməti yüksələcək və balıqçılıq zonalarına çıxış üstündə ölkələr arasında qarşıdurmalar çoxalacaq.

 

Heyvandarlıqdan gələn zərər

Örüş heyvandarlığı haqqında məlumatlar dəniz balıqçılığındakı məlumatlar qədər dəqiq olmasa da, dünyada otlaq sahələrinin əkin sahələrinin ərazisindən təxminən iki dəfə çox olduğu məlumdur. Üstəlik, dünyada istehlak olunan mal ətinin və qoyun ətinin istehsalının böyük hissəsi örüşlərin payına düşür. Təəssüf ki, burda da vəziyyə balıqçılıqdakı kimidir, resursların həddən artıq istismarı müşahidə olunur - belə vəziyyətdə örüşlərin normadan artıq otarılması istisna deyil, qayda halına gəlib. Gələcəkdə ət və südün sabit istehsalını təmin etmək, həmçinin heyvandar xalqların ənənəvi həyat tərzini təmin etmək onsuz da şəraiti xeyli pisləşmiş örüşlər üçün əlavə yük yaradacaq. Beləliklə, bizim daha bir əsas təminat sistemimiz insanın durmadan artan tələbatının təsiri altında məhv olacaq.

 

Biomüxtəliflik məhv olur

Bəlkə də, Yer kürəsinin hazırkı vəziyyətinin ən bariz göstəricisi planetdə bizimlə birlikdə yaşayan növlərin sayının azalmasıdır. Təkamül tarixinin böyük hissəsində bitki və heyvan növlərinin sayı getdikcə artıb və bu gün Yer üzündə son dərəcə zəngin bir həyat müxtəlifliyi müşahidə edilir. Ancaq indi biz 65 milyon il ərzində ilk dəfə bitki və heyvan həyatının böyük məhvinin ilk mərhələsindəyik. Heyvanlar aləminin vəziyyəti də eyni şəkildə narahatlığına səbəb olur. Yer üzündə yaşayan 9,6 min quş növünün üçdə ikisinin sayının azalması müşahidə olunur, 11%-i isə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu, əsasən yaşayış yerlərinin dəyişdirilməsi və ya məhv edilməsi, ovçular tərəfindən həddən artıq ovlanma və ekzotik növlərin nəzarətsiz introduksiyasından qaynaqlanır. Yer üzündə yaşayan 4,4 min məməli növü var və onlardan yalnız biriyik, onların 11%-i isə məhv olmaq təhlükəsi ilə üzləşib. Mövcud yanaşma davam edərsə, daha 14% də bu kateqoriyaya düşə bilər. Okeanlarda, şirin su göllərində və çaylarda yaşayan 24 min növ balıqdan üçdə biri artıq yox olmaq təhlükəsi ilə üz-üzədir.

 

Bio-işğal» və CO2 konsentrasiyası  

Son onilliklərdə baş verən qloballaşma yer üzündə həyat müxtəlifliyinin də azalmasına aparır. Sürətlə genişlənən ticarət və turizm milyon illərlə mövcud olan ekoloji maneələri qırar ki, bu da minlərlə bioloji növün - bitki, həşərat və digər canlı orqanizmlərin uzaq ərazilərə nüfuz etməsinə, çox vaxt isə yerli növləri tamamilə sıxışdırıb çıxarmasına və mühüm ekoloji proseslərin pozulmasına imkan verir. Bu yaxınlarda belə "bio-işğal" Cənubi Amerikada 1 milyondan çox əkin sahəsini tərk etməyə məcbur etdi və Şərqi Afrikada Viktoriya gölündəki balıqçılıq sahələrini viran qoydu. Yer atmosferinin yüklənməsi də artır. Çıxarılan yanacağın istifadəsinə əsaslanan qlobal iqtisadiyyatımızın genişlənməsi ilə atmosferə atılan karbon birləşmələri tullantıları təbii sistemlərin karbon qazını sintez etmək qabiliyyətini ötür. Aparıcı alimlərin fikrincə, CO2 və digər istixana qazlarının konsentrasiyası son əsr ərzində temperaturun yüksəlməsinə səbəb olub. Əgər dünya çıxarılan yanacaqlarının istifadəsinə diqqəti yönəltməyə davam edərsə, proqnoza görə, atmosferdəki CO2-nin konsentrasiyası 2050-ci ilin əvvəlində sənaye dövrünün başlamazdan əvvəl müşahidə olunan səviyyədən iki dəfə çox olar və bu, 2100-cü ildə Yerin orta səth istiliyinin 1-3,5°S artmasına səbəb olacaq. Bunun daha ağır iqlim fəsadları, o cümlədən daha çox fırtınalar və daşqınlar, həmçinin buzlaqların əriməsi və okeanlarda suyun səviyyəsinin yüksəlməsi ilə nəticələnəcəyi gözlənilir.

 

Dayanıqlı «eko-iqtisadiyyat»

İqtisadiyyat yalnız davamlılıq prinsiplərinə - kökləri ətraf mühit haqqında elmə gedən prinsiplərə tabe olduqda ekoloji cəhətdən dayanıqlı ola bilər. Davamlı iqtisadiyyatda balıq ovu vətəgə zonalarının təkrar istehsal potensialını aşmır, yeraltından çıxarılan suyun miqdarı yeraltı su ehtiyatlarının bərpasından çox olmur, torpaq eroziyası torpaq əmələ gəlməsinin təbii sürətini aşmır, kəsilən ağacların miqdarı yenilərinin əkilməsini aşmır, atmosferə karbon birləşmələrinin tullantısı isə karbon qazını təbii sintez qabiliyyəti keçmir. Davamlı iqtisadiyyat bitki və heyvan növlərini yeni növlərin əmələ gəlməsindən daha sürətlə məhv etmir.

Mövcud sənaye inkişafı modelinin uzunmüddətli perspektivdə həyat qabiliyyətli olmadığı aydın olduqda, sual yaranır: ekoloji cəhətdən dayanıqlı iqtisadiyyat necə görünə bilər? Dünyanın hazırda öz inkişafında üzləşdiyi fundamental məhdudiyyətlərdən və mövcud texnologiyaların bir hissəsindən xəbərdar olduğumuz üçün bu yeni iqtisadiyyatı, ümumiyyətlə, detalı olmasa da, ümumi cəhətlərlə təsvir edə bilərik. O, təbii ehtiyatların birdəfəlik istifadəsindən bərpa olunan enerji mənbələrindən istifadəyə və materialların davamlı istifadəsinə, sənaye tullantılarının emalına əsaslanan bir istifadəyə keçidi təmin edən yeni bir prinsipə əsaslanır.

Bu, günəş enerjisindən istifadə edən, insanların hərəkəti üçün əsasən velosiped və dəmir yollarından yararlanan, materialların təkrar istifadə edən və sənaye tullantılarını emal edən bir iqtisadiyyatdır. Enerji, su, torpaq və materiallardan bu gün biz etdiyimizdən daha səmərəli və effektiv istifadə ediləcək bir iqtisadiyyatdır.

 

Tərəqqiyə yenidən baxış…

Hesab olunur ki, informasiyalaşdırmaya əsaslanan iqtisadiyyatımız Yer kürəsinin qlobal ekosistemindən asılı olmayaraq inkişaf etməyə qadirdir. Gələcəyə baxışda əks olunan bu özündən razılıq ona gətirir ki, bu, təbiət dünyasından daimi asılılığımız ın və təbii fəlakətlərə olan həssaslığımızın nəzərə alınmamasına səbəb olur. Bu fikir eyni zamanda diqqətin iqtisadi göstəricilərə yönəldilməsinə, özü də, Yerin fiziki deqradasiyasını göstərən ekoloji göstəricilərin lazımi dərəcədə qiymətləndirməməsinə səbəb olur. Bu yanaşma təhlükəlidir, çünki iqtisadi tərəqqini davam etdirmək üçün zəruri olan iqtisadi yenidənqurmaya müdaxilə edə bilər.  

Ekoloji cəhətdən dayanıqlı bir iqtisadiyyat qurmalıyıqsa, ənənəvi iqtisadi tərəqqi göstəricilərinin çərçivəsindən kənara çıxmalıyıq. Əgər növbəti əsrdə hər bir evdə bir kompüterə sahib olacağıq və eyni zamanda Yer kürəsindəki bütün bitki və heyvan növlərinin yarısını məhv edəcəyiksə, çətin ki, bunu iqtisadi uğur adlandırmaq olar. Əgər biz qlobal iqtisadiyyatın həcmini yenidən dörd dəfə artırsaq, bir çoxumuz ov və yığımla məşğul olan atalarımızdan daha çox ac qalacaqsa, 21-ci əsrin uğurlu olduğunu söyləyə bilmərik.

Tərəqqi barədə yenidən düşünmək üzrə ilk addımlardan biri, həqiqətən planetin gələcək nəsillərə yararlı olmasına kömək edə biləcək ilk nəsil olduğumuz qəbul olunmalıdır. Biz bu qabiliyyəti şüurlu seçim yolu ilə əldə etməmişik, bu, qlobal iqtisadiyyatın onu dəstəkləyən ekosistemlərin imkanlarından kənara çıxan inkişafı nəticəsində baş verib. Əslində, biz Yerin təbii sistemlərini dəyişdirmək qabiliyyətinə yiyələnmişik, ancaq bunun üçün məsuliyyəti qəbul etməkdən imtina etmişik. Biz bu günün qayğıları ilə narahat olan bir dünyada yaşayırıq. Diqqətimizi gəlir və zərərlər haqqında rüblük hesabatlara yönəltmişik, elə davranırıq ki, sanki uşaqlarımız yoxdur. Qısacası, gələcək nəsillər qarşısında məsuliyyət hissimizi itirmişik.

Hər yerdə valideynlər uşaqlarına qayğı göstərirlər. Onlara daha yaxşı bir həyat təmin etməyə çalışaraq, təhsil və səhiyyə sahəsinə sərmayə qoyurlar. Ancaq əgər biz indi qlobal iqtisadi təkamüllə bağlı məsuliyyəti öz üzərimizə götürməsək, elə alına bilər ki, övladlarımızın gələcəyinə qısamüddətli sərmayələrimizin bir qiyməti olmayacaq, çünki onlara verəcəyimiz əsas miras ekoloji cəhətdən məhv edilmiş, iqtisadiyyatı çökmüş və sosial bağları pozulmuş bir dünya olacaq.

Biz nə etməli olduğumuzu bilirik. Biz yenidən qurulmuş bir iqtisadiyyatın nə olduğunu - iqtisadi və sosial tərəqqini təmin edəcək bir iqtisadiyyatın vacibliyini təsəvvür edə bilirik. Məsələ iqtisadiyyatın belə bir diyişikliyinə ictimai dəstəyi səfərbər etməkdir.



MƏSLƏHƏT GÖR:

413