Müəllif: Nigar ABBASOVA
May ayı Avropada koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin tədbirlərinin tədricən yumşaldılması ilə yadda qaldı. Bu da hasilatın azaldılması üzrə yeni OPEK+ anlaşmasının fəaliyyətə başlaması ilə birlikdə qiymət artımına müsbət təsir göstərdi. Mayın 6-da etalon sortların qiyməti ilk dəfə olaraq üç həftə əvvəlki minimuma qədər yüksəldi, «Brent» markalı neftin barelinin qiyməti 31,7 dollara və WTI markalı neftin barelinin qiyməti isə 25,7 dollara çatdı.
Pozitiv əhval
"Getdikcə daha çox ölkə iqtisadi fəaliyyətini bərpa edir və neft bazarı özünə gəlməyə çalışır. Çünki qiymətlərin çökməsinə səbəb olan amillər, yəni tələbatın azalması və hasilatın aşağı salınmaması artıq yerini artan tələbata və azalan hasilata verməyə başlayır", - deyə «SIA Wealth Management»in baş bazar strateqi Kolin Tseşinski vurğulayır.
Neft qiymətlərini Çinin aylıq ifadədə neft idxalını artırması ilə bağlı məlumatlar da dəstəkləyib. Neft anbarlarının doldurulmasının ləngiməsi barədə məlumatlar da bazara dəstək verib.
Tələb və təklif arasındakı disbalans üzündən bazarda gərginliyin hələ də qalmasına baxmayaraq, analitiklər vəziyyətin gələcək inkişafı barədə müsbət əhvaldadırlar, baxmayaraq ki, neft bazarının iştirakçılarından da çox şey asılıdır. "Neft və neft məhsulları ehtiyatlarının artması bazar üçün bir risk olaraq qalsa da, həm təklif, həm də tələb baxımından əsas trendlər yaxşılaşmağa başlayıb", - deyə «Schneider Electric»in analitiki Robbi Freyzer bildirib.
"İndi biz OPEK+ xaricindəki neft hasilatında azalma tempinin artdığını görürük. Bazarda hələ də təklif artıqlığının olmasına baxmayaraq, vəziyyətin çox tez dəyişə biləcəyinə əminik”, - deyə DNB-nin analitiki Helqe Andre Martinsen bildirib.
«Morgan Stanley»in analitikləri hesab edirlər ki, təklif artıqlığının zirvəsi, yəqin ki, artıq geridə qalıb, amma buna baxmayaraq, yaxın bir neçə həftədə də təklif tələbi üstələməyə davam edəcək.
May ayında OPEK+ tərəfindən neft hasilatında gerçəkləşdirilmiş azalmanın real nəticələrini iyunun ilk ongünlüyündən öncə görmək mümkün deyil. May ayında neft qiymətləri ən müxtəlif amillərin təsiri altında dəyişə bilər. ABŞ və Çin arasındakı gərginlik, Amerika limanlarında çoxlu sayda yüklü tankerin olması və Amerika neft şirkətlərinin OPEK+ anlaşmasında iştirak etməməsi, Beynəlxalq Enerji Agentliyi və OPEK-in 2020-ci il üzrə dünya neft tələbatı ilə bağlı yeni mənfi proqnozları və s.
Sözdən işə
Bəllidir ki, OPEK+ ölkələrinin bazarın balanslaşdırılması üçün neft hasilatının azaldılması üzrə anlaşması mayın 1-dən qüvvəyə minib. Anlaşma OPEK üzvləri və karteldən kənar ölkələr tərəfindən neft hasilatının 2018-ci ilin oktyabr səviyyəsi ilə müqayisədə gündə, təxminən, 10 milyon azalmasını təmin edir, burada Rusiya və Səudiyyə Ərəbistanı istisnadır - onlar hasilatı 11 milyon barel/sutka səviyyəsindən azaltmağa başlayacaqlar.
OPEK prezidenti, Əlcəzairin Energetika naziri Mohamed Arkab elə anlaşmanın ilk günü OPEK+ ölkələrini neft hasilatının azaldılması ilə bağlı sazişə tam əməl etməyə çağırdı və Əlcəzairin anlaşmaya uyğun olaraq mayın 1-dən hasilatı azaltmağa hazır olduğunu təsdiqlədi. "Neft bazarının üzləşdiyi görünməmiş çətinliklər qarşısında, imza atan bütün ölkələrin hasilatı könüllü azaltmaq öhdəliklərinə tam əməl etmələri vacibdir", - deyə M.Arkab bildirib.
Səudiyyə Ərəbistanı öz tərəfindən mayın 7-də elan etdi ki, «Arab Light» markalı neftin qiymətlərini iyun ayından bütün bölgələrdən olan alıcılar üçün qaldıracaq və bununla da, öz bazar payını artırmaqda yox, neft bazarını daha çox dəstəkləməkdə maraqlı olduğunu nümayiş etdirdi. «Saudi Aramco» dövlət şirkətinin məlumatına görə, asiyalı müştərilər üçün "yüngül" neft bir barel üzrə 1,4 dollar bahalaşacaq. Avropanın şimal-qərbindən olan alıcılar üçünsə qiymətlər bir barelə görə 3,7 dollar artacaq.
OPEK+-un hasilatı azaltmasına ABŞ, Braziliya və Kanada tərəfindən, təxminən, 3,7 milyon barel əlavə ediləcəyi gözlənilir, çünki neft qiymətlərinin düşməsi fonunda bu ölkələrdə hasilat azalır. ABŞ-ın bir sıra şist nefti istehsalçıları – «Diamondback Energy Inc.», «Parsley Energy Inc.» və «Centennial Resource Development Inc.» artıq elan ediblər ki, neftin qiymətinin kəskin düşməsi üzündən hasilatı azaltmağa məcburdurlar.
Bununla yanaşı, ABŞ-ın əsas neft hasilatının neft tənzimləyicisi olan Texas Dəmir Yolu Komissiyası mayın 5-də keçirilmiş iclasında ştatın neft şirkətləri tərəfindən hasilatın məcburi mütənasib azalması qaydasını tətbiq etməməyə qərar verdi. Öncə belə bir azaltma təklif edən komissar Rayan Sitton Texas neft sənayesinin gələcəyi ilə bağlı narahatlığını dilə gətirdi. Onun fikrincə, bazar COVID-19 koronavirusunun yaratdığı böhrandan yalnız iki-üç il sonra qurtulacaq və hətta bundan sonra da neftə tələb böhrandan öncəki dövrdəkindən daha aşağı olacaq. R.Sitton hesab edir ki, nəticədə, Texas əvvəlki istehsal səviyyəsinə heç vaxt qayıda bilməyənlərin siyahısında olacaq.
Elə bu vaxt Norveçdən şad xəbər gəldi. Qərbi Avropanın ən böyük neft istehsalçısı neft hasilatını 2020-ci ilin iyunundan dekabrına qədər azaltmaq barədə qərar qəbul edib və bununla da, OPEK+ anlaşmalarına qoşulub. Norveç neft hasilatını azaltmaq qərarına gələn iri neft istehsalçılarından sonuncusudur.
Ölkənin neft naziri Tina Brunun sözlərinə görə, iyun ayında Norveçdə neft hasilatı gündəlik 250 min barel azaldılacaq, 2020-ci ilin ikinci yarısında isə azalma daha 134 min barellə dərinləşdiriləcək. Bundan başqa, Norveç neft hasilatı üzrə bəzi layihələrinin icrasını 2021-ci ilə kimi təxirə salacaq. Norveç üçün bu istehsal azaltması son 18 il üçün ilk olacaq.
Rusiya azaltmağa hazırlaşır
OPEK+ sazişinin liderlərindən biri olan Rusiyada kiçik şirkətlər və Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində həyata keçirilən bütün layihələr də daxil olmaqla, bütün rus şirkətləri neft hasilatının azaldılması prosesində iştirak edəcəklər. Rusiyanın Energetika naziri Aleksandr Novak may ayında digər ölkələrdə neft hasilatının 10 milyon barel azalacağını gözləyir. “Belə aşağı qiymətlər şəraitində iqtisadi konyunktur istənilən halda oralarda da istehsalın azalmasına səbəb olacaq. Əgər hasilatın 46%-ni təşkil edən ölkələr istehsalın 10 milyon barel/sutka azaldılmasını öhdəlik götürüblərsə, əminəm ki, neftin 53%-nin istehsalçıları da konyunktur və qiymət azalması hesabına bazar üsulu ilə 10 milyon barel/günə qədər azaltmalı olacaqlar”, - deyə RF Energetika Nazirliyinin rəhbəri bildirib. RF Energetika Nazirliyi bir sıra ölkələrdə karantinin zəifləməsi səbəbindən neftə tələbatın bərpa olunmasının əlamətlərini də görür.
Bununla yanaşı, Energetika nazirinin müavini Pavel Sorokin sanır ki, bir sıra ölkələrdə istehsalın 50%-dən çoxunun beynəlxalq şirkətlərin nəzarətində olması üzündən heç də ölkələrin hamısı neft hasilatını azaltmaq öhdəliyini 100% yerinə yetirə bilməyəcək. Onun fikrincə, neftin dünya bazarındakı artıqlığı 10 milyon barelə bərabərdir. Onun qiymətləndirməsinə görə, tələbin normal şəkildə bərpa olunması və təlatümlərin olmaması halında kommersiya ehtiyatlarının azalması 2020-ci ilin üçüncü rübündə başlaya bilər.
Yeri gəlmişkən, OPEK+ anlaşmaları sayəsində neftə tələb və təklifin balanslaşması üzrə bazar gözləntiləri, həmçinin karantin məhdudiyyətləri qaldırıldıqdan sonra tələbin bərpası Rusiyanın «Urals» qarışığının qiymətinə müsbət təsir göstərib və o, bir barel üçün 24-25 dollar aralığına qayıdıb.
Azərbaycan: kvotalar paylanıb
Sazişin qüvvəyə mindiyi ilk gündən Azərbaycan hakimiyyəti OPEK+ çərçivəsində neft hasilatını azaltmağa başladığını elan edib. Məlumdur ki, ölkə kondensat istisna olmaqla neft hasilatını 2018-ci ilin oktyabr göstəricisi ilə müqayisədə, yəni 718 min barel/sutka səviyyəsindən azaltmağı öhdəsinə götürüb. Bunu nəzərə alaraq, Azərbaycan neft hasilatını göstərilən rəqəmdən bu ilin may-iyun aylarında 23%, iyul-dekabr aylarında 18%, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinə qədər 14% azaltmalıdır.
Neft hasilatının azaldılması prosesinə SOCAR, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), qurudakı yataqları işlədən birgə müəssisələr və əməliyyat şirkətləri cəlb ediliblər. "Beləliklə, OPEK+ öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində Azərbaycanda neft hasilatı 2020-ci ilin may-dekabr aylarında 17,4 milyon barel azalaraq 141,8 milyon barelə düşəcək. 2021-ci ildə Azərbaycanda neft hasilatı 30,7 milyon ton və ya 226,3 milyon barel səviyyəsində proqnozlaşdırılır”, - deyə SOCAR-dan bildirilir.
Maraqlıdır ki, SOCAR neft hasilatını azaltmaqla bağlı öhdəliyi yerinə yetirmək üçün yüksək məsrəfli quru yataqlarında neft hasilatının dayandırılması imkanlarını nəzərdən keçirir.
“2020-ci ilin sonunadək SOCAR-ın «Azneft» İstehsalat Birliyi bir sıra neft və qaz yataqlarında hasilatı məhdudlaşdırmağı və avadanlıqları konservasiya etməyi planlaşdırır. Eyni zamanda, əsasən neft hasilatı baha başa gələn quru yataqlarının istismarının dayandırılması və daha rentabelli bir sıra dəniz yataqlarının istismarının davam etdirilməsi məsələsi araşdırılır", - deyə dövlət neft şirkətindən bildirilib.
Nə isə, hədəflər bəllidir, məsələlər qoyulub, onların həlli yolları müəyyənləşdirilib. Əgər son nəticədə OPEK+ ölkələri kollektiv azaltma yolu ilə neft bazarına ciddi dəstək verə bilərlərsə, deməli, bu qurbanlar boşuna getməyib.
“Dünya neft sənayesi tarixində neft hasilatının azaldılması üzrə şərtlər və həcm baxımından ən böyük anlaşmanın icrası başlanır. Azərbaycan ümid edir ki, bu öhdəliklərin yerinə yetirilməsi həm dövlətin, həm də SOCAR və ölkədə fəaliyyət göstərən digər neft şirkətlərinin gəlirlərini artacaq", - deyə Energetika naziri Pərviz Şahbazov bildirib.
Onun fikrincə, neft bazarının sabitləşdirilməsi üzrə milli və qlobal səviyyədə belə bir həmrəyliyin nəticəsi tədricən neftin qiymətinə təsir edəcəkdir. “2020-ci ilin ikinci rübündə neftə tələbatın 15-25 milyon barel/sutka, 2020-ci ildə isə 10,3 milyon barel/sutka azalacağı gözlənilir. Belə bir vəziyyətdə, OPEK+ ölkələrinin, o cümlədən Azərbaycanın da öz öhdəliklərini yerinə yetirməsi neft bazarına əsas dəstəyi verəcəkdir", - deyə Energetika Nazirliyinin rəhbəri bildirir.
Artıma ümid
Bununla yanaşı, dünyada koronavirusun yayılmasının hələ də yüksək templə davam etməsi və xəstəliyin ikinci dalğası riskləri fonunda neftin qiymətinin sürətlə artacağına ümid etməyə dəyməz.
"Hələ də ümid edirik ki, «Brent» qiymətləri ilin sonunadək bareli üçün 38-39 dollar ətrafında bərpa oluna bilər", - deyə «Commonwealth Bank of Australia»nın ekspertləri yazırlar. Bununla yanaşı, onlar qeyd edirlər ki, qiymətlərin ciddi şəkildə yaxşılaşması yalnız ilin ortalarında baş verə bilər, çünki yaxın perspektivdə neft ehtiyatlarının önəmli dərəcədə artması davam edəcək.
«Standard Chartered»in ekspertləri isə gözləyirlər ki, neft bazarında balans iyul ayında bərpa olunacaq, bundan sonra tələb ilin sonuna qədər təklifi üstələyəcək.
"İstehsalın azaldılması və tələbə münasibətdə nikbinliyin birləşməsi hazırda neft qiymətlərini dəstəkləyir", - deyə «CMC Markets Asia Pacific»in analitiki Maykl Makkarti bildirib. Buna baxmayaraq, onun sözlərinə görə, tələblə bağlı nikbinlik əsassız ola bilər və ehtiyatların artmaqda davam etməsi riski qalır.
"Qlobal neft tələbinin trayektoriyası yaxşılaşır və tələb iyunun əvvəlinə təklifi üstələyə bilər", - deyə “Goldman Sachs” şirkətinin xammal sektoru üzrə analitiki Ceffri Karri bildirib.
"Fundamental proqnoz yaxşılaşıb", - deyə Kopenhagendə «Saxo Bank A/S»in əmtəə bazarları strategiyası üzrə direktoru Ole Slot Hansen bildirib. "Bununla belə, dünya iqtisadiyyatı üzrə proqnozun pisləşməkdə davam etməsi riski nəzərə alınmaqla, bərpa haqqında danışmaq hələ tezdir", - deyə ekspert vurğulayıb.
«UBS» bankının proqnozuna görə, ilin ikinci yarısında neft təklifi nəzərəçarpacaq dərəcədə azalacaq və tələb isə artıq may ayından artmağa başlayacaq. "İkinci rübdə dünya üzrə neft təklifi artıqlığı, təqribən, 10 milyon barelə çata bilər, ancaq karantin məhdudiyyətləri qaldırıldığı üçün enerjidaşıyıcılara tələb may ayında artmağa başlamalıdır", - deyə bankın analitikləri yazır.
«UBS» ilin ikinci yarısı üçün OPEK+ çərçivəsində və kartel xaricində neft hasilatının düşməsi fonunda neft təkliflərinin nəzərəçarpacaq dərəcədə azalacağını gözləyir. Bankın ekspertləri gözləyirlər ki, üçüncü rübdə bazar balans vəziyyətinə gələcək və dördüncü rübdə, ümumiyyətlə, neft qıtlığı olacaq.
«UBS»in proqnozuna görə, «Brent» markalı neftin qiyməti bu ilin sonuna qədər 43 dollara, 2021-ci il iyunun sonuna qədər isə 55 dollara yüksələcək. Bankın WTI markalı neftin gələn ilin ortalarına olan proqnozu bir barel üçün 52 dollardır.
OPEK-in öz həcminə və müddətinə görə misli görünməmiş anlaşması yolun başlanğıc mərhələsindədir, onun həyata keçirilməsindən nə kimi real nəticələr əldə ediləcəyi isə zamanla müəyyənləşəcək. Vəziyyəti qiymətləndirmək üçün bir neçə həftə çox qısadır, ancaq karantinin götürülməsi və buna paralel olaraq kartel və tərəfdaşları tərəfindən neft hasilatının azaldılması üzrə fəaliyyətin bərpa edilməsi ilə yaxşı effekt verə biləcəyini başa düşmək üçün kifayətdir. Rusiya Energetika Nazirliyinin rəhbərinin sözlərinə görə, anlaşmanın iki illik müddətə olması onun iştirakçılarının bazarda vəziyyətin düzəldilməsi, tələb və təklif balansının bərpası üçün tədbirlər görmək niyyətlərinin ciddiliyini göstərir. Əsas odur ki, bu əldə olunan nəticələr kağız üzərində qalmasın, əks təqdirdə neft bazarının "reanimasiya şöbəsini" tərk etməsi üçün bir neçə ildən çox vaxt lazım gələcək.
MƏSLƏHƏT GÖR: