23 Dekabr 2024

Bazar ertəsi, 12:02

ÜMİD 2022-YƏ QALIB

Azərbaycan idmanı karantindən necə çıxacaq?

Müəllif:

01.05.2020

Dünyada hökm sürən koronavirus pandemiyası idman aləminə də ciddi ziyan vurmaqdadır. Əksər ölkələrdə işlər dayanıb, pandemiya ilə mübarizə aparılır, turizmdən gəlirlər faktiki olaraq sıfra düşüb. Yaranmış vəziyyət bütün sahələrdə öz mənfi təsirini göstərməkdədir.

Böhran bütün sahələr kimi, idmana da zərbəsini vurub. Boks, güləş, taekvando, voleybol və futbolda əcnəbi idmançıların Azərbaycana dəvət olunması dayandırılacaq. Futbol üzrə milli komandanın gələcək baş məşqçisinin də yerli mütəxəssis olacağı gözlənilir, çünki hazırkı vəziyyətdə milli komandaya xaricdən bahalı məşqçinin gətirilməsi mənasız olacaq. Onsuz yığma komanda beynəlxalq turnirlərdə böyük hədəflər uğrunda yarışmağa hazır deyil. Belə vəziyyətdə milyonlar xərcləyib bahalı məşqçi gətirməyə ehtiyac yoxdur.

Azərbaycandan fərqli olaraq koronavirus pandemiyası dünya idmanına daha ağır zərbələr vurub. Dünyanın ən bahalı və baxımlı idman növlərindən sayılan Formula - 1 təşkilatçıları 300 milyon dollardan çox pul itirmək təhlükəsiylə üzləşib. İyul ayına qədər Formula 1-də yeni mövsüm start götürməsə ilin bütün yarışları ləğv olunmaq təhlükəsiylə üzləşəcək. Bilet sahiblərinin pulları geri qaytarılacaq.

Pandemiya dünya futbolunu böhran vəziyyətinə salıb. “Barselona”, “Real”, Pari Sen Jermen, “Seltik” və digər nüfuzlu klublar futbolçularının maaşını 30-50% azaltmaq barədə qərar qəbul edib. Portuqaliyanın "Portu" klubu isə daha çətin günlər keçirir. Avropaya bir çox futbolçu bəxş edən klub koronavirus pandemiyasının yaratdığı maliyyə problemlərinə görə iflas olmaq təhlükəsindədir. 250 milyon avro borcu olan klubun iyunun 30-dək 100 milyon avro ödəmə etməsə, iflas olmaq təhlükəsi ilə üz-üzə qalacağı bildirilib. Buna görə də klubun aparıcı futbolçularını yayda satacağı gözlənilir.

Koronavirus pandemiyası səbəbindən yaranan böhran "Barselona"nın maliyyələşməsinə də neqativ təsir edəcək. "El Pais"in məlumatına əsasən klub rəhbərliyinin fikrincə, iqtisadiyyatdakı tənəzzül Kataloniya təmsilçisinin 140 milyon avro itirməsinə səbəb olacaq.  Bildirilib ki, "Barselona"nın potensial problemləri klubun hüququ forması ilə bağlıdır. Kataloniya təmsilçisi ingilis və italyan klublarından fərqli olaraq, qeyri-kommersiya təşkilatıdır. Buna görə klub stadionun adını sponsorlara təklif edib.

Mövcud vəziyyət futbolçuların qiymətinin aşağı düşməsinə səbəb olacaq.  Artıq “Barselona”nın vitse-prezidenti Jordi Kardoner koronavirus pandemiyasının transferi bazarına təsir edəcəyini etiraf edib. Onun sözlərinə görə, “Barselona” da futbolçuları almağa yox, dəyişdirməyə hazırlaşır. Çünki mövsümün dayanması səbəbindən klub artıq 120-140 milyon avro itirib. Qeyd edək ki, hazırda Avropa klubları indi ikitərəfli deyil, üçtərəfli formada da futbolçuları dəyişmək variantı üzərində çalışırlar.

Səhmlərini beynəlxalq birjalara qoyan Avropa klubları koronavirus pandemiyasının səbəb olduğu böhranla əlaqədar problem yaşayırlar. Mart ayında "Yuventus"un səhmləri 21.6 faiz düşüb. Klubun oyunçularının maaşlarının azaldılmasına razılıq verməsi Turin təmsilçisinə mənfi təsiri qismən azaldıb. "Mançester Yunayted"in isə ay ərzində səhmləri 11.06 faiz düşüb. Eyni problemi Bundesliqa təmsilçisi Dortmund "Borussiya"sı da yaşayıb. Klubun səhmlərinin qiyməti 37.6 faiz azalıb.

İtaliya A seriyası və Fransa çempionatı iyunda da başlamayacağı təqdirdə turnirlərin yayımını reallaşdıracaq TV-lər ödədikləri maliyyəni geri tələb edəcək. TV rəsmiləri əvvəlcədən danışılan məbləğin müqabilində göstərilən oyun sayının az olmasını əsas səbəb kimi göstərib.

Futbol üzrə Avropa çempionatının 2021-ci ilə keçirilməsi UEFA-ya 300 milyon dollar ziyana başa gəlib. Çempionlar Liqası və Avropa Liqasının oyunlarının təxirə salınması da UEFA-nın bütün sponsor razılaşmalarına zərbə vurub. Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn ilə təxirə salınması Beynəlxalq Olimpiya Komitəsinə və Yaponiya hökumətinə dəyəri milyardlarla ölçülən maddi zərbə vurub.

18-27 iyun tarixlərində ABŞ-ın Oreqon ştatında keçirilməsi planlaşdırılan atletika üzrə Olimpiya Təsnifat Turniri bu il baş tutmayacaq. Bildirilib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması ilə bağlı sözügedən yarışın vaxtı dəyişdirilib. Turnir gələn ilin yayında təşkil olunacaq. Eyni zamanda Beynəlxalq Atletika Federasiyası ilin qalan yarışlarının da vaxtını dəyişmək barədə düşünür. Məhz bu səbəbdən təşkilat yeni sponsorlar axtarışındadır.

Dünyanın ən çox gəlir qazandıran UFC – qaydasız təkbətək döyüşlər təşkil edən təşkilat gələn ilin büdcəsinə yenidən baxılacağını deyib. UFC rəhbərliyi artıq əvvəlki illərdə olduğu kimi idmançılara böyük büdcəli yarışlar vəd edə bilməyəcəyini söyləyib. UFC, eyni zamanda 2021-ci ildə turnirlərin sayını azaldacağını vurğulayıb.

Bununla belə, marketoloqlar artıq idman təşkilatlarına böhrandan çıxış yolu üçün məsləhətlər hazırlayır. Pandemiya başa çatandan sonra kütləvi yarışların mümkün qədər tez başlaması tövsiyə olunmur. Çünki pandemiya dövründə qazancı azalan insanlar artıq bahalı yarışlara maraq göstərməyəcək. Onlar həmin yarışları TV-dən izləməyə üstünlük verəcək. Bu səbəbdən, mütəxəssislər futbol və digər yarışlara olan biletlərdə endirim təklif etməyi məsləhət görür.

İdmanın böhrandan çıxması üçün ən böyük yük sponsorlara və iş adamlarına düşəcək. Son aylarda qazancı aşağı düşən nüfuzlu şirkətlət ehtiyat fonddakı maliyyənin sayəsində idmana olan xərclərini azaltmamalıdır. Yalnız bu halda idmanın bəzi növlərini dirçəltmək mümkün olacaq. İspan iqtisadçıları gəlir gətirən idman növlərinin 2022-ci ildə əvvəlki qazancını qaytaracağını proqnozlaşdırıb.


MƏSLƏHƏT GÖR:

386